Məhkəmə qərarları › İş №2(103)-3494/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3494/2022

05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3494/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" QSC-nin Cavabdeh qarşı “evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : "xxxx" QSC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh, X1, X4 və X3 müştərək qaydada cəmi 94 092,65 manatın tutulmasının, Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılmasının, satışdan əldə olunmuş vəsaitdən 94 092.65 manatın bankın xeyrinə ödənilməsinin, iddianın qalan hissələrdə rədd olunmasının qət edildiyini, Bakı Apellyasiya Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətinin qismən təmin edildiyini, Qaradağ Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirildiyini və Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 130 000 manat müəyyən olunduğunu, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icraya yönəldildiyini və əmlakın açıq hərracda satılması üçün hərrac keçirildiyini, hərraclar baş tutmadığından əmlakın banka təklif edildiyini, bank tərəfindən əmlakın əldə olunduğunu, həmin əmlak üzərində bankın mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini, bundan sonra cavabdehə dəfələrlə evin boşaldılaraq təhvil verilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq bunun heç bir nəticəsinin olmadığını bildirmiş, buna görə də Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsındə yerləşən 35a saylı fərdi yaşayış evindən məcburi çıxarılması, bütün əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətini, hərracın ondan xəbərsiz keçirildiyi, evinin bank tərəfindən dəyərindən aşağı qiymətlə və qanunsuz yollarla əldə edildiyi, evində məcburi köçkünlərin yaşadıqlarının nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehini nümayəndəsi (vəkili) Nümayəndə2 ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. İşin halları, cavabdehin nümayəndəsinin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası bankın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh, X1, X4 və X3 müştərək qaydada əsas borc üzrə 84 596,64 manat, faiz borcu üzrə 9446,01 manat, cərimə borcu üzrə 20 manat, ödənilmiş dövlət rüsumu üzrə 30 manat olmaqla cəmi 94 092,65 manatın İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılması, torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, torpaq sahəsi və fərdi yaşayış evinin satışından götürülmüş məbləğ bankın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh, X1, X4 və X3 müştərək qaydada tutulması, torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş məbləğ bankın tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh qaytarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək həmin qətnamə dəyişdirilmiş və Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 130 000 (bir yüz otuz min) manat müəyyənləşdirilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin 16.03.2020-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmiş və sözügedən ev hərraca çıxarılmış, hərraclar baş tutmadığından iddiaçı banka təklif edilmiş, 30.12.2020-ci il tarixdə bankın mülkiyyətinə keçirilmiş, mənzilin boşaldılması barədə bankın müraciətinin təmin edilməsindən isə Qaradağ rayon İcra şöbəsi tərəfindən “əmlakın boşaldılması məhkəmə qərarında göstərilmədiyi” əsas göstərilməklə imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Adı çəkilən Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bunlardan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburu tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun 28 dekabr 2018-ci il tarixli 1439- VQD saylı Qanunla dəyişiklik edilmiş 59.4-cü maddəsinə görə də, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir. Məhz bu səbəblə kollegiya hesab edir ki, həmin evdə yaşayan cavabdehin orada mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı bank öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi onun iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Evinin bank tərəfindən dəyərindən aşağı qiymətlə əldə edildiyi barədə apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin arqumentin hazırkı iş baxımından hər hansı əhəmiyyəti mövcud deyildir və cavabdeh hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edirrsə, bununla bağlı müvafiq iddia irəli sürmək hüququna sahibdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-264/2022 saylı iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar