Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3497/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-983/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ilə “İnşaat Konstruksiyaları" MMC arasında bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 80D ünvanında yerləşən ümumi sahəsi 1684.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısını ehtiva edən xx.xx.2019-cu il tarixli müqavilənin və həmin müqavilənin hüquqi nəticəsi hesab edilən Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı Notariat Kontorunda Bağlanan və 4ə-843 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin, ona cizgi-plana uyğun olaraq verilməsi nəzərdə tutulan 69 kv.m hissədə etibarsız hesab edilməsi; ********** nömrəli, xx.xx.2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 verilən mülkiyyət çıxarışının, ona cizgi-plana uyğun olaraq verilməsi nəzərdə tutulan 69 kv.m hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılan zaman cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclasında ərizə təqdim edərək mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşdiyi üçün mülki işə müstəsna aidiyyət qaydalarına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-983/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinin predmeti daşınmaz əmlakla bağlı olsa da, tələb iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə əlaqədardır. Yəni iddia tələbləri mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliklərin icrasının təmin edilməsinə yönəldmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və iş materiallarından da görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Xətai rayonunun ərazisində yerləşir. Bu səbəbdən də hazırkı iddia müstəsna aidiyyəti təsiri altına düşür. Məhkəmə qərardadından da göründüyü kimi məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-983/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuş, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı bir sıra mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna və ya müqavilə aidiyyəti və s.) nəzərdə tutulmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından müəyyən edilir ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə aid mübahisələrə yalnız mülkiyyət hüququnun tanınması, başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə olduğu zaman müstəsna aidiyyət qaydaları şamil olunur, yəni iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, məhz həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Kollegiya hazırki münasibətlərin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə müraciət etdiyi tələblər Cavabdeh3 ilə “İnşaat Konstruksiyaları" MMC, daha sonra isə Cavabdeh3 ilə Cavabdeh1 arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilələrin və bu müqavilələrdən irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi ilə bağlıdır. Beləliklə də iddiaçının məhkəməyə müraciət etməklə əldə etməyə çalışdığı nəticə ilk öncə, müqavilələrin qanunvericilikdə müəyyən edilmiş qaydaların pozulmaqla bağlanmasının təsbit edilməsindən ibarətdir. Odur ki, məhkəmə kollegiyası müvafiq qanunvericilik normalarını iş materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki mübahisənin mahiyyəti işə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılmasını istisna edir. Qeyd edilməlidir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhz ona görə mübahisəyə müvafiq ərazi aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsivəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-983/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3497/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3497/2024
21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver