Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3500/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4062/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh ona olan 37.000 (otuz yeddi min) manat əsas borcun, 55.500 (əlli beş min beş yüz) manat vurduğu mənəvi zərərin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 92.030 (doxsan iki min otuz) manatın alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2007- 2008-ci illərdə sürücü kimi fəaliyyət göstərdiyi ərəfələrdə Cavabdeh ilə tanış olmuşdur. Sonradan bu tanışlıq dostluğa çevrilmişdir. Daha sonra o, sürücülklə vidalaşıb tikinti materillarının topdan və ya pərakəndə satışı ilə məşğul olmağa başlamışdır. Bu zaman Cavabdeh da ona qoşulmuş, birlikdə çalışmışlar. Aralarındakı dostluq hətta ailəvi get-gələ səbəb olmuşdur. Ailə üzvləri də bir-birlərini yaxından tanımağa başlamışdır. Hətta cavabdeh onu şəhərdə və rayonda yaşayan qardaşları ilə də tanış etmişdir. Cavabdehin qardaşları ilə də səmimi münasibətdə olmuş, xüsusilə də Taleh adlı qardaşı ilə, çox yaxın olmuşdur. Aralarında inam, etibar yarandığı üçün borc pul verərkən nə notarial qaydada, nədə əlyazma formasında qəbz yazmamışdır. Cavabdeh özünü ona o qədər yaxın və doğma hesab etmişdir ki, bəzən onun qaynanası Rübabə Cavadovadan, bəzən də o evdə olmadığı halda evlərinə getmiş oğlu Fəqan Məcidovdan borc pul almış və dediyi vaxtda da qaytarmışdır. Bununla da cavabdeh etibar, inam qazana bilmişdir. Lakin son zamanlar cavabdehin tez-tez yoxa çıxması, başqa şəxslər tərəfindən axtarılması, özünü qəribə aparması onda şübhələr oyadıb narahatlıq yaratsa da bununla bağlı cavabdehdən soruşanda “narahat olma, hər şey qaydasındadır” deyə onu arxayın salmışdır, nigarançılığına son qoyulmşdur. Amma cavabdehin onun etibarından sui- istifadə edib pullarını ələ keçirib mənimsəyə bilməsinə inanmamışdır. Cavabdeh 2016-cı ilin yayında əvvəlcə iddiaçının qayınanası Rübabə Cavadovadan 2.500 (iki min beş yüz) ABŞ dolları, daha sonra oğlundan 11.000 (on bir min) ABŞ dolları borc adı ilə almış, lap axırda isə İddiaçı 10000 (on min) ABŞ dolları almış və 3.000 (üç min) manat onun əvəzinə ödədiyi üçün həmin məbləği borc kimi qaytaracağını bildirdiyindən ümumi borcuna əlavə etmişdir. Cavabdeh dediyi vaxtda borc adı ilə aldığı pulları qaytara bilmədiyindən onlardan qaçıb gizlənməyə, telefon zənglərinə cavab verməməyə başlamışdır. Cavabdehi bütün ümümi dostları vasitəsilə axtarıb tapmağa nail ola bilmədiyindən, telefon əlaqəsi yaradıb ürək sözlərini deyə bilmədiyindən məcbur qalıb cavabdehin Taleh adlı qardaşı ilə görüşüb söhbət edə bilmişdir. Taleh də öz növbəsində kömək edəcəyinə dair söz vermişdir. Ertəsi gün Cavabdeh ilə görüşəndə onunla çox kobud formada danışan cavabdeh, onu təhqir etməkdən çəkinmir, ona əl qaldırmaq üçün dartınır, yüksək vəzifəli şəxslər adından ona hədə qorxu gələrək, təhdid etmişdir. Bu zaman cavabdehə ona qalan 42.000 (qırx iki min ) manatdan çox borcunu nə vaxt qaytaracağını soruşanda “pulum olanda qaytaracağam” cavabını verib sağollaşmadan, hörmətsiz tərzdə çıxıb getmişdir. Sonradan vaxtilə onunla dost, ailəvi yaxın olan cavabdehdən pulunu almaq üçün bütün sivil vasitələrdən istifadə etməyinə baxmayaraq 42.000 (qırx iki min) manat pulu əldə edə bilməmişdir. Bu zaman məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etməyə başlamışdır. Ölkədə fəaliyyət göstərən bütün hüquq-mühafizə orqanlarına, əlaqədar təşkilatlara 70-ə yaxın şikayət ərizələri, teleqramlar ünvanlamışdır. Nəticədə bütün şikayət ərizələri, teleqramları araşdırılmaqdan ötrü DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir və baş müstəntiq Fəxri Babayevin icraatına verilmişdir. Baş müstəntiq Fəxri Babayev tərəfindən aparılan araşdırma zamanı şikayət ərizələrində göstərdikləri ilə yanaşı cavabdehin ona olan borcu da tam olaraq öz təsdiqini tapandan sonra, cavabdeh öz növbəsində səmimi olaraq etiraf etdi ki, qardaşı Talehin də təşrif buyurduğu baş müstəntiqin iş otağında ona olan 42.000 (qırx iki min) manat borcundan 5.000 (beş min) manat pul qaytardı və qalan 37.000 (otuz yeddi min) manat borcunu isə iki-üç ay müddətində qaytaracağına dair öhdəlik götürdü. Təbii ki, cavabdeh tərəfindən ona qaytarılan 5000 (beş min) manat pul rəsmi qaydada, protokollaşdırıldıqdan sonra ona verildi. Bu dəfə də xislətinə sadiq qalan Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmədi, həm onun, həm də Fəxri Babayevin telefon zənglərinə cavab verməməklə, görüşməkdən boyun qaçırmaqla ona olan borcunu qaytarmamağını sərgiləmiş olmuşdur. Hətta o, cavabdehin öhdəlik götürərkən yanında olan qardaşı Talehdən də bununla bağlı kömək istəsə də heç bir nəticə olmamışdır. Baş müstəntiq Fəxri Babayevə müraciət edəndə isə, məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Cavabdeh yuxarıda qeyd olunanlara baxmayaraq bu günə kimi ondan borc adı ilə aldığı pulu qaytarmamış və qaytarmaq fikrində də olmamışdır. Yuxarıda göstərilənlərdən əlavə olaraq Cavabdeh artıq 3-iİdir ki, onun 37.000 (otuz yeddi min) manat pulunu özündə saxlayıb şəxsi məqsədləri üçün istifadə edərək gəlir əldə etmiş, ona xeyli miqdarda zərər vurmuşdur. Belə ki, həmən vəsaitdən hər ay ən azı 1.500 (min beş yüz) manat gəlir əldə edə bilərdi. Bundan əlavə bu 3 ildən çox müddət ərzində yol, telefon, iddia ərizəsinin tərtibatı, çap edilməsi, iki hüquqi nümayəndəyə etibarnamə vermək və digər xərcləri 1.500 (min beş yüz) manat, dövlət rüsumu 30 (otuz) manat olmuşdur. Beləliklə, bu günə qədər Cavabdeh ona əsas vəsaitdən əlavə olaraq vurduğu zərər 55.500 (əlli beş min beş yüz) manat təşkil edir. Təəssüf ki, keçən müddət ərzində Cavabdeh borc adıyla ondan aldığı puldan hər-hansısa məbləğ ödəməmiş və bu hərəkətləri ilə ona xeyli-miqdarda zərər vurmuşdur. Ona görə cavabdeh tərəfindən ona vurulan maddi və mənəvi ziyan ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4062/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiası ilə əlaqədar keçirilən məhkəmə iclasında o cavabdehin onun etibarından sui istifadə edərək əmlakını mənimsəməsi ilə əlaqədarDİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini və müraciəti əsasında bu idarədə müvafiq araşdırmanın aparıldığını və lazımi sübutların toplandığını bildirmişdi. Eyni zamanda həmin araşdırma sənədlərinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən alınması üçün müvafiq sorğunun verilməsi barədə vəsatət də vermişdi. Məhkəmə tərəfindən vəsatəti təmin edilmiş və həmin idarəyə onun cavabdeh barəsində verdiyi şikayət ərizəsi ilə əlaqədar aparılmış araşdırma zamanı toplanmış sənədlərin məhkəməyə təqdim edilməsi tapşırılmışdır. Lakin bir neçə dəfə məhkəmə iclası keçirilsə də, həmin idarə tərəfindən məhkəmənin sorğusuna cavab verilməmiş və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Çox qəribədir ki, bununla əlaqədar məhkəmə tərəfindən heç bir qanuni tədbir görülməmiş və onun iddianın daha ədalətli və obyektiv baxılması üçün sübut rolunu oynayan lazımi sənədlər məhkəməyə təqdim edilmədən məhkəmə baxışı davam etdirilmiş və onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Onun iddia ərizəsi ilə əlaqədar ən aşağısı 4-5 məhkəmə iclası keçirilmiş, lakin cavabdeh bunların heç birinə gəlməmişdir. Bu faktın özü də bir daha təsdiq edir ki, cavabdeh ona qarşı etdiyi hərəkətin düzgün olmadığını və onunla üzləşmək istəmədiyi üçün məhkəməyə gəlməmişdir. Məhkəmə tərəfindən cavabdehin vəkil və nümayəndəsinə cavabdehin özünün də məhkəmə iclasında iştirakının təmin edilməsinin vacib olduğunu bildirsə də, qarşı tərəf buna biganə yanaşmış və yenə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı tərəf tələb edilən pul məbləğinin Cavabdeh tərəfindən İddiaçı borc olaraq alınmasının vaxtını iddia ərizəsində qeyd etdiyi kimi məhkəmə iclasında da 2016-cı ilin yay aylarında olduğunu qeyd etmişdir. Cavabdeh ilə İddiaçı arasında heç bir müqavilə və ya tərəflər arasında hər-hansısa öhdəliyin olması ilə bağlı yazılı formada tərtib olunmuş razılıq mövcud olmamışdır. İddiaçı Cavabdeh borc kimi tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının hazırki iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş mövcud sənədlər üzrə məhkəmədə araşdırılma aparılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Çünki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, göstərdiyi bu halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. Bu barədə onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçının vəsatəti təmin edilərək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu verilmiş və alınmış araşdırma materiallarından da görünür ki, cavabdeh həmin İdarədə aparılmış araşdırma zamanı verdiyi izahatında iddiaçıya hər hansı bir məbləğdə borcu olmadığını bildirmiş, başqa sözlə borcunu etiraf etməmişdir. Bundan başqa, işdən o da məlum olur ki, tərəflər aralarında yaranmış mülki münasibətlərin detallarını aydın, dəqiq və konkret müəyyən etməmiş, o cümlədən bu münasibətlər hansısa yazılı sənədlərdə də təsbit olunmamışdır. Bu cür hallarda əlbətdə ki, məhkəmənin iddianı rədd etməkdən başqa çıxış yolu qalmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4062/2019 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə , mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3500/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3500/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver