Məhkəmə qərarları › İş №2(103)-3500/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3500/2022

08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3500/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-605/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 12273 manat pul, 5000 manat mənəvi zərər, 510 manat hüquqi yardımın göstərilməsi xərci və 142 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə "xxxx" Şirkəti Ləhiş qəsəbəsində turizmlə bağlı tikinti işləri ilə məşğul olmaq məqsədilə çoxlu bağ sahələri almışdır. İddiaçı da hüquqşünas kimi həmin ərazidəki bağ sahələrinin alqı-satqısı işləri ilə bağlı sənədləşmə və təşkilati məsələlərin həllində onlara köməklik etmişdir. 2012-ci ilin sonlarında cavabdeh iddiaçıya zəng vuraraq həmin ərazidə Bağlar İdarəsi tərəfindən müqavilə əsasında ona verilmiş 6456 saylı bağ sahəsinin olduğunu və həmin bağ sahəsini Şirkətə satmaq istədiyini bildirmişdir. İddiaçı isə cavabında ona bildirmişdir ki, əgər onun bağ sahəsi Şirkətinin satın almaq istədiyi sahəyə düşərsə yəqin ki, onlar həmin sahəni almaq istəyərlər. Bu məsələ ilə bağlı "xxxx" Şirkəti ilə maraqlanacaq. Təxminən iki həftə sonra cavabdeh iddiaçıya zəng edəndə o, bildirdirmişdir ki, onun dediyi məsələ ilə maraqlanmışdır. Lakin onun bağ sahəsi Şirkətinin almaq istədiyi ərazidən kənarda yerləşir. Cavabdeh bu məsələ ilə bağlı onunla görüşmək istədiyini bildirmiş, onlar “İçəri Şəhər” metrostansiyasının qarşısında görüşmüşlər. Cavabdeh ona oğlunun Belarusiyada ali məktəbdə oxuduğu üçün ona pul lazım olduğunu, buna görə də həmin bağ sahəsini satmağın onun üçün çox vacib olduğunu bildirmiş və iddiaçıdan əgər kimsə həmin bağ sahəsini satın almaq istəsə ona bu barədə məlumat verməyini xahiş etmişdir. İddiaçı isə bu məsələ ilə bağlı imkan daxilində ona kömək edəcəyinə söz vermişdir. Təxminən bir ay keçdikdən sonra tanıdığı Nəcəfov Allahverdi söhbət zamanı ona bağ sahəsi almaq istədiyini bildirmişdir. İddiaçı da ona cavabdehin bağ sahəsini satmaq istəməsi barədə məlumat vermiş, Nəcəfov Allahverdi isə həmin bağ sahəsini almaq niyyətini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə həmin bağ sahəsini almaq istəyən olması barədə məlumat vermiş, cavabdeh də həmin bağ sahəsini Nəcəfov Allahverdiyə satmağa razılığını bildirmişdir. Qeyd edilən məqsədlə onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşməyi razılaşmışlar. Onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşəndə Nəcəfov Allahverdi iddiaçıya zəng vuraraq gələ bilməyəcəyini bildirmiş və iddiaçıdan lazım olan sənədləşdirmə işlərini aparmaq üçün ona köməklik etməyini xahiş etmişdir. Cavabdeh görüşə qohumu olduğunu bildirdiyi təxminən özü yaşda olan bir kişi ilə gəlmişdi. Cavabdeh bağın müqaviləsinin əslini və notariat kontorunda cavabdeh X1 həmin bağ sahəsi üzərində sərəncam verə bilməsi üçün müddəti 31 yanvar 2033-cü ilə qədər olan etibarnamə də vermişdir. İddiaçı isə ona 3600 manat məbləğində pul vermişdir. Cavabdeh həmin torpaq sahəsini Nəcəfov Allahverdiyə satmasını və buna görə 3000 manat məbləğində pulu aldığını əks etdirən qəbzi iddiaçıya vermişdir. Həmin vaxt qeyd edilən bağ sahəsinin cizgi planı olmadığından cavabdeh bağ sahəsinin yerini ona göstərə bilməyəcəyini dedi. X6 həmin bağ sahəsinə gedərkən kəndin adamları həmin sahədə tikinti işlərinin aparılmasına mane olduqlarına görə o, iddiaçıdan xahiş etmişdir ki, cavabdehdən onun pulunu geri alsın, o isə cavabdehin sənədlərini geri qaytarsın. Lakin iddiaçı cavabdehə bu barədə telefon vasitəsi ilə məlumat verəndə cavabdeh aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, bacısı Zülfiyyə ilə birlikdə cavabdehin evinə gedib bu məsələni bir daha ona bildirəndə cavabdeh həmin bağ sahəsinə ehtiyaclarının olmadığını və qaynatasının bağ sahəsindən istifadə etdiklərini bildirmişdir. Bundan sonra o, cavabdehin qeyd edilən bağ sahəsini geri almaq və ona ödənilmiş pulu geri qaytarmaq fikrinin olmadığını anlamışdır. Nəcəfov Allahverdi həmin bağ sahəsini satmaqda israrlı olduğu üçün iddiaçı, ona 6000 manat məbləğində pul ödəyərək həmin bağ sahəsini ondan satın almışdır. Nəcəfov Allahverdi həmin bağ sahəsinin sənədlərinin əslini iddiaçıya vermiş və cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında bütün səlahiyyətləri ona ötürmüşdür. Bundan sonra o, həmin sahənin yerinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin xidmətin əməkdaşları ilə qeyd edilən bağ sahəsinin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat sərhədlərini müəyyən etmişlər. Bundan sonra o, həmin sahəyə mişar daşı, qum və sement gətizdirərək həmin bağ sahəsini hasara aldırmağa başlamışdır. Bağ sahəsinə bünövrə də tökməklə 1,2 metr hündürlüyndə mişar daşı ilə hasar çəkdirmişdir. Bütün bu işlərin icra edilməsi üçün hissəhissə olmaqla ümumilikdə o, 17000 manat məbləğində pul xərcləmişdir. Bundan sonra isə həmin bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-ə müraciət etmişdir. 29 iyul 2021-ci il tarixdə DƏDRX-dan həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını almışdır. Həmin çıxarış ilkin olduğu üçün cavabdehin adına çıxmışdır. Lakin qeyd edilən bağ sahəsinin sənədləşdirilməsini gizli şəkildə nəzarətdə saxlayan cavabdeh iddiaçının həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını aldığını bilən kimi 31 iyul 2021-ci il tarixdə notariusa gedərək ona verilmiş etibarnaməni ləğv etdirmiş və onun aldığı çıxarışı itirdiyini əsas göstərərək yeni çıxarış almaq üçün müraciət etmişdir. Yeni çıxarış aldıqdan sonra isə qeyd edilən bağ sahəsini bağışlama ilə oğlu X4 adına keçirmişdir. O isə bu barədə yalnız 08 avqust 2021-ci il tarixində qeyd edilən bağ sahəsi üzərində cərəncam vermək üçün notariat kontoruna gedərkən məlumat almışdır. Bundan sonra o, cavabdehə müraciət edərək nə üçün belə bir hərəkət etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh onunla danışmaqdan imtina etmişdir. O dəfələrlə və müxtəlif vasitələrlə yaranmış problemin həll edilməsi ilə bağlı cavabdehlə danışmaq istəsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh nəinki satdığı bağ sahəsini ona qaytarmamış heç vurduğu zərəri də ödəməmişdir. Bu isə iddiaçının hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-605/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq qeyd edtmişdir ki, məhkəmə iddia müddəti ilə bağlı səhvə yol vermişdir. Belə ki, məhkəmə iddia müddətinin başlanğıcını cavabdehin ona verdiyi etibarnaməni ləğv etdiyi xx.xx.2019-cu il tarixindən götürmüşüdür. Halbuki, iddia müddətinin başlanğıcı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ona təqdim edildiyi xx.xx.2021-ci il tarixindən başlayır. Çünki xx.xx.2021-ci il tarixinə qədər o, cavabdehdən qeyd edilən torpaq sahəsinin geri verilməsini tələb etmiş və tələbinin hüquq mühafizə orqanları tərəfindən təmin ediləcəyinə inanmışdır. Həmin vaxt cavabdehin əsassız varlanmasından söhbət belə gedə bilməzdi. Polisin yarıtmaz fəaliyyətinin nəticəsində cavabdeh cinayət məsuliyyətindən yayındıqdan sonra o, artıq qeyd edilən torpaq sahəsinə olan hüquqlarını heç bir şəkildə bərpa edə bilməyəcəyini başa düşmüşdür. Bundan sonra o, qeyd edilən torpaq sahəsinə çəkdiyi xərclər haqqında düşünməyə başlamış və anlamışdır ki, cavabdeh öz qeyri-qanuni hərəkətləri ilə onun hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə isə qeyd edilən halları nəzərə almadığı üçün iddia müddətini səhf tətbiq etmişdir. Apellyasiya baxışında iddiaçı və onun nümayəndəsi-vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi-vəkili şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Lakin o (üçüncü şəxs Allahverdi Nəcəfov), məhkəməyə teleqram göndərərək heç bir şikayət və tələbin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1); maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (386). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. İşin halları ondan ibarətdir ki, mübahisə predmeti olan ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin satılması və sair hüquqlarla əlaqədar Cavabdeh X1 etibarnamə vermişdir. Cavabdeh 2013-cü ildə mübahisəli torpaq sahəsini etibarnamə əsasında 3000 manata Nəcəfov Allahverdiyə satılmasına dair ərizə yazmış, Nəcəfov Allahverdi isə 2017ci ildə 2013-cü il tarixli etibarnamə əsasında 6000 manata iddiaçıya faktiki satmışdır. Bundan sonra cavabdehin adına 2019-cu ildə həmin torpaq sahəsinə dair çıxarış alınmış və cavabdeh onun tərəfindən verilmiş etibarnaməni ləğv etdirmiş və torpaq sahəsini oğluna bağışlamışdır. Hazırda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 12273 manat maddi ziyan, 5000 manat məbləğində mənəvi zərər, 510 manat hüquqi yardım üçün xərclənmiş pul və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edir, iddianın əsassız olduğunu bildirir, həmçinin, iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak (torpaq sahəsi) 2013-cü ildə hər hansı bir şəxsin adına qeydə alınmamışdır. Həmin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından, cavabdeh əmlakı satmaq və ya həmin əmlakın alğı-satqısı ilə bağlı müqavilənin tərəfi olmaq səlahiyyətinə malik olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın əldə olunması və ya satılması barədə müxtəlif şəxslər arasında şifahi razılaşmanın əldə olunması və bu niyyətlə pul alınmasının nə qanuni, nə də müqavilə əsası vardır. Tərəflər arasında ümumi xarakterli etibarnamə verilməsi də mövcud münasibəti qanunauyğun alğı-satqı kimi qiymətləndirməyə əsas vermir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, hazırki tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı məhkəmə iclasında, o cümlədən, iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdeh tərəfindən verilmiş etibarnamənin ləğv edilməsi barədə 2019-cu ilin avqust ayında xəbər tutmuşdur. Lakin buna baxmayaraq iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə iki ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Cavabdeh ilə üçüncü şəxs Allahverdi Nəcəfov və sonuncu ilə İddiaçı arasında rəsmi olaraq alqı-satqı müqaviləsi bağlanmasa da, faktiki alqı-satqı müqavilələri bağlanmışdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış faktiki alqı-satqı müqavilələri qanunla nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı üçün etibarsız əqdlərdir. Ona görə də, Kollegiya birinci instansiya məhkəməsinin tələbin hüquqi əsaslandırılması ilə razılaşmır və hesab edir ki, iddiaçının tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi qaydalarına (restutisiya) uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməli idi. Düzdür, əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma baş verir, lakin Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma ilə əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma fərqli hüquqi nəticələr doğurur və hüquqi tənzimləmə mexanizmləri də fərqlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: «Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər… …Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.» Göründüyü kimi, Konstitusiya Məhkəməsi əsassız varlanmanın baş verməsi halından asılı olaraq onun hüquqi tənzimlənmə qaydasını müəyyən etmişdir. Yəni, şəxsin əsassız varlanması əhəmiyyətsiz əqd əsasında baş verdikdə ona qarşı tələb Mülki Məcəllənin 337.5-ci maddəsinə, digər səbəblərdən baş verdikdə isə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə əsasən təmin edilə bilər, birinci halda iddia müddəti 1 il, digər hallarda isə 2 ildir. Lakin hazırki mübahisə üzrə ən əhəmiyyətlisi odur ki, iş üzrə iddiaçı tələbini “müqavilə” tərəfi olmuş (yəni faktiki olaraq torpaq sahəsini aldığı şəxs Allahverdi Nəcəfov) şəxsə deyil, ümumiyyətlə müqavilə münasibətlərində olmayan şəxsə qarşı irəli sürmüşdür. Və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qeyd olunan qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddiaçı həmin tələb üzrə subyektiv hüquq sahibi deyildir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçını hazırki apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Kollegiya qeyd edir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni tələb etdiyi pul vəsaitinin üçüncü şəxs Allahverdi Nəcəfova verdiyini bildirdiyindən və şərtləri də məhz onunla razılaşdırdığından, cavabdehdən həmin pulu, o cümlədən tələbin digər hissələrini (dəymiş maddi və mənəvi ziyan, hüquqi yardımın göstərilməsi xərci və s.) öz xeyrinə tələb etmək üçün subyektiv hüququ yoxdur. Başqa sözlə, 2013-cü ildə Cavabdeh Allahverdi Nəcəfova faktiki satdığı torpaq sahəsinə və sonuncunun 2017-ci ildə hazırki iş üzrə İddiaçı faktiki satdığı torpağa və dəymiş ziyana görə hazırda İddiaçı Cavabdeh qarşı tələb irəli sürməkdə haqlı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-605/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar