Məhkəmə qərarları › İş №2(103)-3500/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3500/2023

19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3500/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iddianın icraata qəbulundan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi) daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2023-ci il tarixli, 2(001)-2836/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair Cavabdeh QSC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2023-ci il tarixli, 2(001)- 2836/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatln düzgün aparılmadığını mübahisələndirir və həmin qeydin ləğv edilməsini xahiş edir, lakin bu qəbildən olan işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, qeyd olunan qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir... Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır.

4. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını, iddia ərizəsinin icraata qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən əsassız olaraq iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Hazırkı halda məhkəmənin qəbul etdiyi qərardadla “məhkəməyə çatımlılıq” hüququ pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: "xxxx" QSC) “fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2023cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamış və ümumi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etməli olduğu qeyd edilmişdir. Lakin, irəli sürdüyü tələbdəki “ünvan 2 ünvanında Cavabdeh QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktı” QSC tərəfindən mübahisələndirildiyindən, həmin tələbə xüsusi icraat qaydasında baxılması qeyri-mümkündür. Buna görə də hazırkı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir.

6. Bakı şəhəri Binəqəddi Rayon Məhkəməsinin 19 aprel 2023-ci il tarixli, 2(001)- 2836/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. İddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı: - 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə iddia ərizəsinin icraata qəbulundan imtina etməkdə haqlı olmuşdur.

11. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərardakı hüquqi mövqeyə əsasən isə bu qəbildən işlərə baxılarkən, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə həmin qeydin hansı əsasla aparıldığı (mülki-hüquqi əqd yoxsa inzibati akt) müəyyən edilməli, buna uyğun olaraq mübahisənin məhkəmə aidiyyəti aydınlaşdırılmalıdır. Hazırkı situasiyada isə tərəfin qeydiyyatı mübahisələndirməsinin əsası kimi daşınmaz əmlakın müəyyən olunmadığı göstərilmişdir.

13. İddiaçı şikayətində onu qeyd etmişdir ki, daşınmaz əmlakın məhv olması faktının müəyyən edilməsi tələbi ilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, lakin, irəli sürdüyü tələbdəki “ünvan 2 ünvanında Cavabdeh QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktı” QSC tərəfindən mübahisələndirildiyindən, həmin tələbə xüsusi icraat qaydasında baxılmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir.

14. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hüquq haqqında mübahisə yaranması tərəfə yenidən ümumi formada, iddia icraatı qaydasında məhkəməyə müraciət etməyə əsas verir. Lakin, bu zaman iddia tələbi haqqında mübahisə yaranmış hüquqla bağlı olmalı, mülki məhkəmə icraatında qaydasında baxılmalı olmayan digər tələbləri ehtiva etməməlidir. İddiaçı hazırkı tələbi ilə yalnız qeydiyyat üçün əsas olmuş sənədləri deyil, yalnız qeydiyyatın özünü mübahisələndirir.

15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2023-ci il tarixli, 2(001)- 2836/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2023-ci il tarixli, 2(001)- 2836/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar