Məhkəmə qərarları › İş №2(103)-3501/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3501/2021

26.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3501/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1639/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh xxxx ASC-yə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1639/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, aşağıda göstərilmiş sənədlərın: 1) 2020-ci il üzrə SC-nin reyestrinin və Nizamnaməsinin; 2) 2019-cu və 2020-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının; 3) 2015-2019-cu illər üzrə Maliyyə balansları və onların Əlavələrinin; idarəetmə hesabatının; 4) 2015-2019-cu illər üzrə Mənfəət vergisinin bəyannamələrinin və onların Əlavələrinin, Əmlak vergisinin bəyannamələrinin və onların Əlavələrinin və ya sadələşdirilmiş verginin bəyannamələrinin, həmçinin Torpaq vergisinin bəyannamələrinin; 5) 2016-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının; 6) 2014-2020-ci illər üzrə müəssisənin aktivlərinin və öhdəliklərinin inventarizasiyası və ehtiyatlarının və mal-materiallarının inventarizasiyası aktlarının; 7) 2015-2019-cu illər üzrə müəssisənin əsas vəsaitlərinin ləğv aktlarının; 8) 2015-2019-cu illər üzrə «xxxx» ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokolları və müşahidə şurasının üzvləri haqqında məlumatın; 9) «xxxx» ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş «xxxx» ASC-nin yerləşdiyi sahənin plan cizgisi, texniki pasportu və «xxxx» ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının; əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktının, müəssisənin 2003 və 2004-cü illər üzrə balansının və onun əlavələrinin; 10) 2015-2019-cu illər üzrə «xxxx» ASCnin debitor və kreditor borcları haqqında hesabatları; 11) 2016-2019-cu illər üzrə «xxxx» ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr və icarə müqavilələri, həmçinin aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlarının; 12) İdarəetmə hesabatı, İdarəetmə orqanları və vəzifəli şəxslər haqqında, onların əsas və əlavə iş yerləri haqqında məlumatlarının - surətlərinin İddiaçı təqdim edilməsi və bunun “xxxx” ASC-nin rəhbərliyinə həvalə edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi, ödənilmiş 10.40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayətində qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsiylə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Vəkil şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1639/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı X2 cavabdeh xxxx ASCyə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 5-ci bəndindən görünür ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələrində baxılır. İş materiallarından görünür ki, İddiaçı X2 iddia ərizəsi ilə 14.07.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, hazırki mülki iş kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərlə bağlı olmuşdur. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini pozaraq, iddia ərizəsini icraata qəbul etmiş hazırki işin aidiyyətinin ümumi məhkəmələrə aid olmadığı halda işə mahiyyəti üzrə baxmaqla nəticə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1639/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı X1 cavabdeh xxxx ASC-yə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1639/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X1 cavabdeh xxxx ASC-yə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar