Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3504/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Ümid Əliyevin və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma tələbinə dair” 2(003)-202/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların azyaşlı uşaqları X1, X2 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində 226.5 m2 qeyri-yaşayış sahəsi üzərində İddiaçınin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və 1628 m2 torpaq sahəsinə dair İddiaçı-nin texniki pasportu vardır. İddiaçı-yə məxsus sahənin təxminən 700 m2 hissəsi Cavabdeh1 və ailə üzvləri tərəfindən uzun müddətdir ki, zəbt olunmuşdur və qanunsuz olaraq özbaşına istifadə edilir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin “C” literli tikinti sahəsi, hovuzu və 700 m2 torpaq sahəsi zəbt edilərək hasarlanmışdır. Həmçinin qonşu sahə ilə arada olan hasar uçurulmuşdur. Dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş, sahənin boşaldılması və hasarın sökülməsi tələb edilmişdir. Lakin cavabdehlər tərəfindən bu tələb təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsində və torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunmuş hasarın və tikililərin cavabdehlərin hesabına sökülməsi, sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi qət edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş araşdırılmadan qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdehlərin həmin yaşayış sahəsindən başqa qalacaq yerləri yoxdur. Apellyasiya baxışı zamanı cavabdeh D.Səmədova şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, onların yaşayış üçün başqa yerləri yoxdur. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 əvvəlki məhkəmə iclasında iştirak etmiş, apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 30 ildən çoxdur həmin sahədə yaşayır, kommunal xərcləri də ödəyir. İddiaçı müəssisə onlardan sonra sahəyə gəlib, onlar iddiaçının torpaq sahəsini zəbt etməmişlər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçıya məxsus torpağın sahəsi 16 sotdur, sahənin 6 sotdan çox hissəsini cavabdehlər zəbt etmişlər, dəfələrlə onlara çıxmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, buna məhəl qoymamışlar. Apellyasiya baxışı zamanı iddiaçının vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş halları aşağıdakılardan ibarətdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən 226.5 kv.m. qeyri-yaşayış sahəsi üzərində "xxxx" ASC-nin hüquqları 19.12.2007-ci il tarixdə 3 nömrəli reyestr kitabında, 000645 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Həmin şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində olan 226.5 kv.m. qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin ümumi sahəsi 1628 m2 təşkil edir. İş materiallarına "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair Cavabdeh1 01.07.2012-ci il tarixli hesabat cədvəli verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.01.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı, mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, texniki pasportda qeyd edilən A tikilisinin bir hissəsi natamam (damı və qapısı yoxdur) vəziyyətdədir və bir hissəsinin üzərində isə 32 m2 olan əlavə tikili inşa edilmişdir. Həmçinin, həmin hissədə 26.7 m2 talvar quraşdırılmışdır. Bundan başqa C tikilisi əsas hissədən daş hasarla təcrid edilmiş və həmin ərazidə əlavə tikililər inşa edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 avqust 2020-ci il tarixli, 32402 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən veirlmiş şəhadətnaməyə əsasən İddiaçı-yə məxsus olan 226.5 kv.m. qeyri-yaşayış sahəsinin: sahəsi 67 m2 olan C tikilisi, sahəsi 15 m2 olan (İİ işarəsi ilə göstərilən) hovuz, eləcə də İddiaçı-nin istifadəsində olan torpaq sahəsinin 662 m2 hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.10.2021-ci il tarixli, 10/2637 saylı məhkəmə tikinti-texniki ekspertizası rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən İddiaçı-yə məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən 2,6x11,5 m və 2,0x4,0 m ölçüdə taxtadan toyuq hini, mişar daşından 1,6x2,0 m ölçüdə ayaqyolu, 1,8 m hündürlüyündə 41,0 m uzunluğunda hasar inşa edilmişdir, eyni zamanda texniki pasportun baş planında göstərilən faktiki ölçüləri 67 m2 olan C tikilisi və 15 m2 olan İİ saylı tikili cavabdehin istifadəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasarın və tikililərin cavabdehlərin hesabına sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi barədə hüquqi nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyetrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlaka mülkiyyə hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi fərdi yaşayış evinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın iddiaçıya məxsus olan ərazinin qonşu sahəsi ilə arasında uçurulmuş hasarın bərpa edilməsinin təmin edilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07.10.2021-ci il tarixli, 10/2637 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən İddiaçı-yə məxsus olduğu ərazinin qonşu sahə ilə arasında uçurdulmuş hasar olmamışdır. Beləliklə də, iş materiallarında iddianın həmin hissədə əsaslı olması barədə hər hansı sübut mövcud olmadığından, ekspert rəyində həmin hasarın olmadığı qeyd edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən hər bir tərəf öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmalıdır. İddia tələbini əsaslandıran halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə “iddia tələbinin iddiaçıya məxsus olan ərazinin qonşu sahəsi ilə arasında uçurulmuş hasarın bərpa edilməsinin təmin edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(003)- 202/2020 saylı qətnaməsi “iddia tələbinin iddiaçıya məxsus olan ərazinin qonşu sahəsi ilə arasında uçurulmuş hasarın bərpa edilməsinin təmin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3504/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3504/2021
30.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver