Məhkəmə qərarları › İş №2(103)-3507/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3507/2024

24.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3507/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X1rşı “reyestr çıxarışının etibarsız hesab edilməsi və s. barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 948/2024 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, mülki iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, hazırkı mübahisə inzibati mübahisə olduğuna görə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Qərardadda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş baxılması üçün Səbail RM-nə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, Səbail rayonu, Nizami küçəsi, 50 nömrəli binanın çardağında yerləşən 102 kv.m çardaq hissəsinə dair reyestr çıxarışı və çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, həmin çardaq hissəsi Cavabdeh1 və digərləri tərəfindən boşaldılsın. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-cil il tarixli 4 №li qərarının 17-ci bəndinin 1-ci abzasındə qeyd olunub ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Həmin bəndin 2-ci abzasında isə qeyd olunub: “Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır”. Hazırkı işdə qeydiyyatın aparılmasına əsas olan mülki-hüquqi əqd mübahisələndirilib. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməsi üçün Mülki Prossesual Məcəllənin 261.0.1-ci maddəsində müəyyən edilmiş əsas yoxdur, yəni işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-948/2024 nömrəli qərardadı ləğv edilsin və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar