Məhkəmə qərarları › İş №2(103)-351/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-351/2023

07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-351/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İlham qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-351/2023 (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması) Bakı şəhəri 07 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı direktoru X3, iddiaçının nümayəndə-vəkili Vəkil1, Cavabdeh və cavabdehin nümayəndə-vəkili Vəkil3 Əliyeviçin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkəti cəlb edilməklə) “mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehin anbar binasından və əmlak kompleksindən çıxarılması və əmlak kompleksinə daxil olmasının cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-108/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77L ünvanında yerləşən, sahəsi 4449 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında, 0.4504 ha dövlət mülkiyyətində olan torpaq sahəsi isə istifadə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılmasına dair aşağıdakı tələbləri irəli sürmüşdür

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra–iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin iddiaçı Şirkətə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən çıxarılması, cavabdehin həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən əmlak kompleksi Şirkətin xüsusi mülkiyyətidir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997ci il tarixli, 808 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 2062-73-cü məhəllədə ərzaq məmulatları istehsalı məqsədi ilə İddiaçı Müəssisəsinə torpaq sahəsi təhkim olunmuşdur. Torpaq sahəsi ilə birlikdə 4 ədəd “Kislovodsk” modulu olan əmlak kompleksi də Şirkətə verilmişdir. Əmlak kompleksinə daxil olan 4 ədəd “Kislovodsk” modulundan əlavə müəssisənin istifadəsində olan torpaq sahəsində müəssisə tərəfindən qeyri-yaşayış sahəsinin əlavəsi olan bir ədəd bina inşa edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 64 saylı sərəncamı ilə, X5 prospekti, 77 “L” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə Şirkətin adına sənədləşdirilməsinə icazə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı (İş № 2-1(82)-3541/2017) ilə Şirkətin yeni inşa edilmiş anbar binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Daşınmaz əmlakın dövlət reyestrdən “Çıxarışın” verilməsi və “Texniki pasportun” tərtib edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı (İş № 2-1(103)- 914/2018) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmamışdır. Məhkəmə aktları qanuni qüvvəyə minmişdır. Göründüyü kimi anbar binası da Şirkətin mülkiyyətidir. Cavabdeh isə heç bir hüququ olmadan Şirkətə məxsus olan anbar binasına daxil olmuş və həmin binadan çıxmır. Bu hal isə Şirkətə əmlakı üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaradır, iddiaçının mülkiyyət üzərində istifadə, sahiblik və sərəncam vermək hüququnu pozur.

5. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə keçirilərək müəyyən edilmişdir ki, ərazidə modul tipli beş ədəd anbar mövcuddur. Modullar əlifba sırasına uyğun olaraq “A”, “B”, “C”, “D” və “E” hərfləri ilə işarələnmişlər. Sonuncu modul iddiaçı Şirkətin nümayəndəsinin bildirdiyinə görə "xxxx" Şirkətinə satılmışdır. Hazırkı iş üzrə mübahisəli qeyriyaşayış sahəsi iki mərtəbədən ibarət olmaqla modullardan birinə bitişikdir. Qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq var. İkinci mərtəbədə isə "xxxx" şirkətinin ofisi olub. Aşağı mərtəbədə yerləşən birinci otağın girişində aqlay sexi fəaliyyət göstərir. İddiaçı şirkətin nümayəndəsi bildirmişdir ki, ikinci otaq yeməkxana kimi fəaliyyət göstərib. Cavabdeh isə bildirmışdir ki, hazırkı yeməkxananın yerləşdiyi otağı onun qardaşı tikib və ora onun yaşayış yeri olmuşdur. Cavabdeh eyni zamanda bildirmişdir ki, yeməkxana kimi fəaliyyət göstərən ikinci otaq daha əvvəl onun qardaşı orada işləyən zaman kabinet kimi istifadə olunmuşdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-108/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, mübahisəli əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən cavabdehin çıxarılması, cavabdehə həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsi, iş üzrə aparılmış ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcini təşkil edən 54 manat məbləğində pulun cavabdehdən tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət etmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və iddiaçı Şirkətə məxsus ərazidə olan anbarlardan birinə bitişikdir. Bu baxımdan cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsası yoxdur.

8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157, 165-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Torpaq Məcəlləsinin 56 və 66-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Şirkət belə bir iddia tələbi ilə əvvəllərdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardad ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiada göstərilən əsaslar və faktlar iddiaçı Şirkətin iddia tələbində göstərildiyi kimi deyil, əslində Şirkətin iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Nərimanov rayonu, X5 küçəsi 2062 ünvanında 2007-ci il tarixlərdə cavabdeh öz vəsaiti hesabına təxminən 300 kv.m. sahədən ibarət qeyriyaşayış obyekti inşa etdirmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpaqlarıdır. İddiaçı Şirkətin də modulları və anbar kimi inşa etdirdiyi tikililər dövlət torpaqları olmaqla yuxarıda qeyd etdiyi kimi Dövlət Neft Şirkətinin icarəsində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur və torpaq sahəsi istifadədə olan dövlətə məxsus torpaq sahəsidir. Bunu hətta iddiaçının məhkəməyə iddia ərizəsinə əlavə etməklə təqdim etdiyi ******* seriya, RX nömrəli, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla” da sübuta yetir. Həmin ərazidən neft kəməri keçir, cavabdehin inşa etdirdiyi tikili isə kəmərdən təxminən 50 metr aralıda və iddiaçı Şirkətin modullarına, anbar binasına və əmlak kompleksinə aidiyyəti olmayan qeyri-yaşayış sahəsidir. Cavabdehin 2007-ci ildə inşa etdirdiyi tikili özbaşına qanunsuz tikili sayılmaqla iddiaçı Şirkətin əmlaklarına aidiyyəti olmayan və Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpağında yerləşən tikilidir. Cavabdehin həmin ərazidən çıxarılmasını, əmlakların sökülməsini və yaxud da oranın boşaldılmasını yalnız Dövlət Neft Şirkəti və ya Dövlət Əmlak Komitəsi və ya Nərimanov Rayon İcra Hakimiyyəti tələb edə bilər. Cavabdehin inşa etdirdiyi tikili iddiaçı Şirkətə heç bir aidiyyəti olmamaqla Şirkətin hüquqlarını hər hansı bir formada pozmur. İddiaçının bu kimi iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7268/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, rayon məhkəməsi tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı şirkətə məxsus olan modullardan birinə bitişikdir. Qeyriyaşayış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq var. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla da müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsində inşa olunub. Beləliklə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və iddiaçı Şirkətə məxsus ərazidə olan anbarlardan birinə bitişikdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsası yoxdur.

13. Hazırki iddianı irəli sürməyə iddiaçı Şirkətin subyektiv hüququ var. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışla” müəyyən olunur ki, tikililərin yerləşdiyi torpaq sahəsi istifadə hüququ əsasında iddiaçı Şirkətin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157, 164, 165-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Torpaq Məcəlləsinin 66, 67, və 68-ci maddələrinə istinad etmişdir.

ç) Kassasiya instansiya məhkəməsində icraat

15. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1984/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7268/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

17. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Apellyasiya məhkəməsi iddianın qanuni əsasları kimi Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157.2-ci, 157.8-ci, sahibliyin müdafiəsi barədə 164-165-ci maddələrinə və digər normativ hüquqi aktlara istinad etmişdir. Bununla belə məhkəmə iddia tələblərinin söykəndiyi faktiki hallarla istinad etdiyi maddi hüquq normalarının dispozisiya şərtləri arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, bu istiqamətdə bir hüquqi dəyərləndirmə aparmamışdır. Kollegiya əvvəlcə onu vurğulayır ki, MM-in 157.2-ci maddəsində nəzərdə tutulan iddia əşyanın özgənin qanunsuz sahibliyindən geri alınması (vindikasiya) tələbidir. Mülkiyyətin müdafiəsini təmin edən bu norma əsasında iddianın haqlı sayılması üçün iddiaçı mübahisəli əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, cavabdehin əşyaya sahibliyinin qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, daşınar əşyalara sahiblik onlar üzərində faktiki hakimiyyətə malik olma ilə açıqlansa da, daşınmaz əşyalara sahiblik daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə müəyyən edilir. Hazırkı işdə apellyasiya məhkəməsi iddiaçının mübahisəli tikililərin mülkiyyətçisi olduğunu, habelə cavabdehin həmin əmlaka dövlət reyestrində aparılmış qeydə əsasən qanunsuz sahiblik etdiyini aşkar etməmiş, ümumiyyətlə bu normanın dispozisiya şərtlərini işin halları üzrə təhlil etməmişdir. Bundan əlavə, qətnamədə hansı səbəbdən Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad olunduğu, bu normanın iddianın təmin edilməsi üçün işin hansı faktiki halına uyğun gəldiyi aydın deyil. Kollegiya bildirir ki, həmin maddədə hər sahiblik halı deyil, məhdud əşya hüquqlarından (servitut, tikintiyə vərəsəlik hüququ və s.) irəli gələn sahiblik, tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Yəni, ancaq məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Hazırkı işdə isə iddiaçının mübahisəli daşınmaz əşya üzərində məhdud əşya hüquqlarına malik olması məhkəmələr tərəfindən aşkar edilməmiş və əsaslandırılmamışdır. Nəhayət, apellyasiya məhkəməsi istinad etdiyi digər normalar – Mülki Məcəllənin sahibliyin müdafiəsinə dair 164 və 165-ci maddələri üzrə mübahisəli əşya üzrəində iddiaçının daha əvvəl sahibliyinin mövcud olması, bu vəziyyətin nə vaxtdan və hansı şəkildə cavabdeh tərəfindən pozulmsı, əgər belə bir pozuntu olmuşsa cavabdehin sahibliyinin hansı səbəbdən qanunsuz sayılması, habelə sahibliyin müdafiəsinə dair qanunda nəzərdə tutulmuş müddətlərin keçib-keçməməsini və digər mühüm halları ümumiyyətlə təhlil etməmişdir. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsində mübahisəyə dair tərəflərin mövqeyi göstərilmiş, sonra iş materiallarında olan sənədlər və digər sübutlar sadalanmış, davamında maddi və prosessual hüquq normaları qeyd olunmuş, daha sonra mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı şirkətə məxsus modullardan birinə bitişik olduğu vurğulanmaqla, cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsasının olmadığı nəticəsinə gəlinmişdir. Bundan başqa, iddiaçının 4449 kv.m əmlak kompleksinə xüsusi mülkiyyət hüquqununa dair dövlət reyestrindən verilmiş çıxarışa istinad olunmaqla onun bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğu qeyd edilmişdir. Halbuki, sadəcə qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı və ya əsassız olması barədə qənaəti əks etdirən, bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Kollegiya bildirir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün iddiaçının cavabdehi mübahisəli sahədən çıxarmaq və cavabdehin oraya girişini qadağan etmək tələblərinin hansı hüquqa əsaslandığı aydınlaşdırılmalı və buna müvafiq olaraq iddianın qanuni əsası tapılmaqla həmin normanın şərtləri üzrə əsaslandırma aparılmalıdır. İşdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77L ünvanında yerləşən 0.4504 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin torpaq sahəsində yerləşən 4449 kv.m əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınsa da, mübahisəli tikililərin həmin qeyri-yaşayış sahəsinin tərkibinə daxil olması müəyyən edilməmişdir. Cavabdeh də sahiblik etdiyi tikililərin iddiaçının deyil, dövlətin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirir. İşdə olan, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77L ünvanında yerləşən 17044,0 kv.m. torpaq sahəsinə dair "xxxx" İnvestment MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 162 nömrəli icarə müqaviləsi xx.xx.2016-cı il tarixdən ləğv edilmişdir. Bundan əlavə, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh yaşadığı tikili də daxil olmaqla Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X4” və Dövlət Proqramına uyğun olaraq Bakı Metropoliteninin İİ mövcud (Yaşıl) xəttinin davamı olaraq inşası nəzərdə tutulmuş “Y- 02” stansiyasının tikintisinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisəli tikililərin iddiaçının hüquqları ilə əhatə olunan əmlaka daxil olub-olmamsını mötəbər sübutlarla aydınlaşdırmamış, işdəki sübutlara və göstərilən mübahisəli xüsusatlara lazımi hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu hallar yuxarıda qeyd edilən prosessual hüquq normalarının (§ 26-30) pozulmasına, nəticə etibarilə maddi hüquq normalarının (§ 19-25) düzgün tətbiq olunmamsına dəlalət edir. Kollegiya bildirir ki, mübahisənin düzgün həlli üçün iddiaçının istifadəsində olan 0.4504 ha torpaq sahəsində öz mülkiyyətindəki 4449 kv.m əmlak kompleksi yerləşdiyi halda, cavabdehin sahiblik etdiyi tikililərin neçə kvadratmetr sahədən ibarət olması və həmin həcmdə tikililərin iddiaçının isdtifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi, ümumiyyətlə cavabdehin həmin tikililərə sahibliyinin nə vaxtdan davam etməsi, həmin sahibliyin, habelə iddiaçının bu tikililərə dair tələblərinin hansı hüquqi əsas(lar)a söykənməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı ilə, çəkişmə prinsipinə riayət olunmaqla tam və hərtərəfli araşdırılmalı, yuxarıda qeyd olunan mübahisəli hallara aydınlıq gətirilməli, bunun üçün zəruri olduqda aidiyyəti dövlət orqanlarının mütəxəssisləri cəlb edilməklə və ekspertiza keçirilməklə müvafiq rəylərin alınması təmin olunmalı və toplanmış sübutlara qanunvericiliyə uyğun qaydada qiymət verilməklə mübahisə əsaslandırılmış şəkildə həll edilməlidir...”

d) Proses iştirakçılarının izahatı

18. Təkrar apellyasiya baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər.

19. İş üzrə iddiaçı şirkətin nümayəndəsi (direktoru) və onun nümayəndə-vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər və eyni zamanda qeyd etmişlər ki, qanuni istifadədə olan torpaq sahəsinə əsasən icarə haqqı ödənilməli olmadığından buna görə də icarə müqaviləsi xx.xx.2016-cı ildə ləğv edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

23. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

25. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, iş materiallarına RX seriyalı, 05770769 nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77L ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1073 nömrəli vərəqində qeydiyyata alınmışdır.

36. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77L ünvanında yerləşən sahəsi 4449 kv.m olan əmlak komleksi xüsusi mülkiyyət hüququ əsasında, 0.4504 ha dövlət mülkiyyətində olan torpaq sahəsi isə istifadə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

37. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 808 saylı, xx.xx.1997-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı Şəhər İcra Hamikiyyətinin xx.xx.1994-cü il tarixli, 1403 saylı sərəncamı ilə Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 2062-73-cü məhəllədə “Günay” İMS müəssisəsinə ayrılmış torpaq sahəsinin bir hissəsi ərzaq məmulat istehsalı məqsədi ilə İddiaçı müəssisəsinə təhkim olunmuşdur.

38. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-202/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən iddiaçı SOCAR-ın “Neft Kəmərləri” idarəsinin cavabdeh İddiaçınə qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-362/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 202/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2- 1(102)-1863/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-362/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 64 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77 L ünvanında yerləşən qeyriyaşayış sahəsinin əlavəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır.

42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77 L ünvanında yerləşən qeyriyaşayış sahəsinə baxış keçirilmiş və baxış keçirilən zaman ərazidə İddiaçınə verilmiş texniki pasporta əlavə olunan ərazinin Baş planında qeyd olunmayan tikintialtı və faydalı sahələri təqribən 275,0 və 550,0 kv.m təşkil edən birinci mərtəbəsindən iaşə obyekti (kafe), ikinci mərtəbəsindən isə ofis kimi istifadə olunan bir ədəd iki mərtəbəli qeyri-yaşayış binası aşkar olunmuşdur. Qeyd edilən yaşayış binasına dair istifadəçilər tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamış və şikayətçi Cavabdeh binanın onun tərəfindən şəxsi vəsaiti hesabına inşa edildiyini bildirmişdir.

43. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayorıu, X5 prospekti, 2062-73-cü məhəllə, 77L ünvarında yerləşən əmlak kompleksi xx.xx.2004-cü il tarixli 002088 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2014-cü il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. Lakin sözügedən ünvan 3 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4Ə01/228 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Okuklu Yılmazın (ümumi sahəsi 953.7kv.m olan "Kislovodsk modulu" Liter A hissəsi) adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. İddiaçı yerdə qalan hissəsi (B, C, D və E literləri) yeni ünvan alaraq Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 2062-73-cü məhəllə, 77L ünvanında yerləşən əmlak kompleksi kimi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2- 1(102)-1863/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, torpaq sahəsinin şirkətin qanuni istifadə hüququnu və tikintiyə icazəni təsdiq edən sənədlər şirkətə məxsus əmlak kompleksinin qeydiyyatı (xx.xx.2015) barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li, xx.xx.2015-ci il tarixli çıxarış və xx.xx.2015-ci il tarixdə tərtib olunmuş texniki pasport, habelə Bakı şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması barədə xx.xx.1997-ci il tarixli 64 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli məktubu; əlavə tikililərin (anbar-istehsalat korpusları və yardımçı sahələrə) memarlıqplanlaşdırma bölməsi lisenziyası olan memar tərəfindən hazırlanmış və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihəsi; tikintiyə icazə sənədləri - Bakı şəhər Nərimanov rayon İcra Həmiyyətinin xx.xx.2017-ci il tarixli İddiaçı» Şirkətinə məxsus qeyriyaşayış sahəsinin əlavəsinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında» sərəncamı və Bakı Şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməklə iddiaçıya verilmiş xx.xx.2017-ci il tarixli "tikinti obyektinin istismarına icazə".

45. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş texniki pasportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77 L ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı adına **********36-123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə pasport tərtib olunub.

46. Apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq obyektiv həqiqətin müəyyən olunması məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/6792 nömrəli 16 dekabr 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən istifadə olunan mübahisəli tikilinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçı "xxxx" Şirkətinə ayrılmış (Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X5 prospekti, 77L) torpaq sahəsinin ayrıc aktında qeyd olunan hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Eyni zamanda Cavabdeh istifadəsində olan mübahisəli tikilinin **********36-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışa əsasən "xxxx" Şirkətinə məxsus ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin (texniki pasportunda qeyd olunan “F” literli iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən hissəsi) bir hissəsi olduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarış sənədində qeyd olunan "xxxx" Şirkətinə istifadə hüququ ilə verilmiş 0,4504 ha torpaq sahəsinin həmin şirkətin mülkiyyətinə verilmiş ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin tikintisi altında yerləşən torpaq sahəsi olduğu müəyyən edilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 322 nömrəli sərəncamında qeyd olunan Nərimanov rayonunun ərazisində Z.Bünyadov prospekti, 2096-cı məhəllədə və Z.Bünyadov prospekti, 2092-ci məhəllədə yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti istifadəsinə verilmiş torpaq sahələrinə dair ayrıc aktı həmin sərəncama əlavə edilmədiyindən Cavabdeh istifadəsində olan mübahisəli tikilinin həmin sərəncamda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

48. Beləliklə, işdə olan sənədlərlə və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən istifadə olunan mübahisəli tikilinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçı "xxxx" Şirkətinə ayrılmış torpaq sahəsinin ayrıc aktında qeyd olunan hüdudları daxilində yerləşir.

49. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan mübahisəli tikilinin xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışa əsasən "xxxx" Şirkətinə məxsus ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin (texniki pasportunda qeyd olunan “F” literli iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən hissəsi) bir hissəsidir.

50. Bundan başqa müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışda qeyd olunan "xxxx" Şirkətinə istifadə hüququ ilə verilmiş 0,4504 ha torpaq sahəsinin həmin şirkətin mülkiyyətinə verilmiş ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin tikintisi altında yerləşən torpaq sahəsidir.

51. Məhkəmə kollegiyası mübahisəli torpağın Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 322 nömrəli sərəncamında qeyd olunan Nərimanov rayonunun ərazisində Z.Bünyadov prospekti, 2096-cı məhəllədə və Z.Bünyadov prospekti, 2092-ci məhəllədə yerləşən "xxxx" QSC-nin müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi işin halları ilə müəyyən edilməmişdir. Digər tərəfdən sərəncamın mahiyyətindən də göründüyü kimi həmin sərəncamla torpaq sahəsinin verilməsi müvəqqəti olmuş və yuxarıda qeyd olunanlar və iş üzrə aparılmış eskpertiza tədqiqatı ilə əksi müəyyən olunmuşdur (bənd 46).

52. Qeyd olunanlardan kollegiya belə qənaətə gəlir ki, iddiaçı həmin əmlak kompleksi kimi müəssisədən mülkiyyət hüquqlarının həyata keçirilməsində o cümlədən torpaq sahəsindən istifadəsində maneə ilə üzləşmişdir. İddiaçı həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.

53. Digər tərəfdən, həm birinci instansiya məhəkəməsi, həm də hər iki apellyasiya icraatı zamanı cavabdehin iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilidən istifadə etməsinin qanuni əsasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

54. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

56. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

57. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

58. Beləliklə, yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

59. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-108/2021 saylı iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ**********0000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənillsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar