Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3519/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 MKM-in nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(002)-656/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Bakı şəhər MKD Qaradağ rayon MKTB-yə və Bakı şəhəri Cavabdeh3nə qarşı “istifadə hüququna yaradılan maneənin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətdən istifadə etmək hüququnun pozulmasının qarşısının alınması, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 81 kv.m olan mənzilinin əvvəlki vəziyyətə qaytarılmasına sərəncam verilməsi, bunun mümkün olmadığı halda 100.000 manat məbləğində maddi zərərin, 200.000 manat məbləğində mənəvi zərərin və qətnamənin icra edildiyi tarixədək gündəlik 300 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətdən istifadə etmək hüququnun pozulmasının qarşısının alınması, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 81 kv.m olan mənzilinin əvvəlki vəziyyətə qaytarılmasına sərəncam verilməsi, həmin ünvana dair cavabdehlərlə aralarında bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi, bunun mümkün olmadığı halda 100.000 manat maddi zərərin, 200.000 manat mənəvi zərərin və qətnamənin icra edildiyi tarixədək aylıq 300 manat məbləğində dəymiş zərərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonunun baş planına uyğun olaraq qamış və taxta binaların sökülməsi ilə əlaqədar 2016-cı il tarixdə qızı, onun iki uşağı, əri və oğlu ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 81 kv.m olan mənzilindən əvəzinin Lökbatan qəsəbəsi 2-ci döngə Dadaş Bünyadzadə küçəsində yeni inşa olunacaq binalardan verilməsi vədi ilə çıxarılmışdır. Lakin həmin bina hazır olduqda ona 49 kv.m ümumi sahəsi olan iki otaqlı ev təklif edilir. Həmin təkliflə razı deyil. Onlar köçürüləndə ailəsinin böyük olması, yeganə dolanışıq yerinin həmin mənzil olması, torpağın əvəzinin verilməməsi və s. hallar nəzərə alınmışdır. Bu gün isə vəzifəli şəxslər verdikləri sözdən yayınaraq onu bu qədər ailə ilə iki otaqlı mənzilə köçürmək istəyirlər. Buna görə də, məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Onlar razılaşmadan öncə də, o, bildirmişdir ki, evindən imtina etmək niyyəti yoxdur. Bunun mümkün olması üçün o, evinin və evinin altında yerləşən torpaq sahəsinin bazar dəyərinə bərabər olan pul kompensasiyasının ödənilməsini tələb edəcək. Qonşular da oxşar vəziyyətlə üzləşmiş və çoxları Bakı şəhəri Cavabdeh3 təzyiqinə məruz qalaraq təslim olmuşlar. Onlar evlərini tərk etmiş və onlara təqdim edilmiş yaşayış orderlərini qəbul etmişlər. Bir müddət sonra hakimiyyət orqanları onların evlərinin sökülməsinə başlamışlar. Qonşuluqda aparılan irimiqyaslı söküntü işləri ilə yanaşı (onun evinə bitişik və yanaşı olan divarların və hasarların sökülməsi daxil olmaqla) elektrikin verilməsinin dayandırılması və evinin ətrafında zibilliyin yığılması, onun və ailə üzvlərinin bu evdə qalmasını qeyri-mümkün etmişdir və onlar evi tərk etməyə məcbur olmuşlar. Bir çox əşyaları evin içində qalmaqla, ev bir neçə gün ərzində sökülmüşdür. Onun evinin alınması Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəllənin maddi hüquq normalarına uyğun olmamışdır. Qanuna müvafiq qaydada qəbul edilmiş evinin alınmasına dair qərar olmadığından, onun və ailə üzvlərinin mənzil hüququndan de-fakto məhrum edilməsi qanunsuz idi. Xüsusilə, cavabdehlərin evin alınmasına dair qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi, Nazirlər Kabineti tərəfindən evin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir, belə olan halda mənzil hüququndan özbaşına məhrum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(002)-656/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2016-cı il tarixli, 8 saylı, müvafiq olaraq, 01.08.2018-ci il tarixli, 226 saylı, 19.03.2019-cu il tarixli 598 saylı, 29.11.2019-cu il tarixli 868 saylı, 17.12.2019-cu il tarixli, 482 saylı qərarlarına uyğun olaraq Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə (Bakı şəhəri, Qaradağ rayonunun baş planına uyğun olaraq qamış və taxta binaların sökülməsi) qərarlarının icrası ilə əlaqədar 2016-cı il tarixdə iddiaçının özü, qızı, qızının əri, iki azyaşlı nəvəsi, oğlu və gəlini birlikdə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81 kvm.olan mənzilindən (təhdid etməklə) əvəzinin Lökbatan qəsəbəsi, 2-ci döngə, Dadaş Bünyadzadə küçəsində yeni inşa olunacaq binalardan verilməsi vədi ilə çıxarılmışdır. Lakin həmin bina hazır olduqda ona cəmi 49 kvm.ümumi sahəsi olan iki otaqlı ev təklif edilmişdir. İddiaçı həmin təkliflə razı olmadığından, köçürülərkən ailəsinin böyük olmasını, yeganə dolanışıq yerinin həmin mənzil olmasını, torpağın əvəzinin verilməməsini və s.halların nəzərə alınacağına verilən vədi hər üç cavabdehin nəzərinə çatdırmış, dəfələrlə şikayət ərizələri ilə cavabdehlərə və eləcə də, nəzarət funksiyası daşıyan, səlahiyyətli orqanlara müraciətlər etmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh şəxslər verdikləri sözdən yayınaraq, iddiaçının 81 kvm. sahəsi olan mənzilinin əvəzinə kifayət qədər böyük olan bir ailəni iki otaqlı, cəmi 49 kvm.ibarət sahəsi olan mənzilə köçürmək niyyətində olmuşdular. Mübahisə qeyd edilən səbəblə başlamış, məhkəmə müstəvisinə keçmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaçı ilə aralarında heç bir hüquqi qüvvəyə malik olmayan, yəni bütün səhifələr lazımi qaydada imzalanmayan, təhdidlə bağlanılmış və tərəflərdən birinin (iddiaçının) maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlanılmış, onu ağır vəziyyətə salan (81 kvm. sahəsi olan mənzilin əvəzinə 49 kvm.mənzil verilməsi) müqavilə təqdim etmişdir. Halbuki, iddiaçı belə bir müqavilənin bağlanmasından məlumatsız olmasını qeyd etmişdir. Bütün bu səbəblərə görə məhkəmə araşdırması zamanı sözügedən müqavilənin də etibarsızlığı mübahisələndirilmişdir. Lakin qeyd edildiyi kimi, məhkəmə təqdim edilən heç bir sübutu qiymətləndirməmiş, işin hüquqi əsaslarına nəzər yetirməmiş, ədalətsiz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MKM-in nümayəndəsi X11 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, sifarişçi Qaradağ RİH, zəmanət verən Cavabdeh1 MKM, binaların balans saxlayıcısı Bakı şəhəri MKTD Qaradağ rayon MKTB, zəmanət alan İddiaçı arasında 14 iyul 2016-cı il tarixli 17 saylı zəmanət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Qaradağ rayonunun Baş planına uyğun olaraq qamış və taxta binaların sökülməsi ilə əlaqədar, Lökbatan qəsəbəsi 2-ci döngə Dadaş Bünyadzadə küçəsində, söküntü işləri ilə əlaqədar həmin ünvanda yaşayan sakinlərin köçürülməsi üçün əraziyə yaxın yerdə müasir yaşayış binasının inşa edilməsi, həmin ünvandan köçürülən sakinlərin əvvəlki mənzillərinin müqabilində yeni mənzillərlə təmin olunması, vətəndaş İddiaçı ünvan 1-un ona məxsus ümumi sahəsi 56,0 kv.m, yaşayış sahəsi 25,0 ev.m olan yaşayış yeri əvəzinə Cavabdeh3 başçısının 02 fevral 2016-cı il tarixli 9 saylı sərəncamı əsasında Lökbatan qəsəbəsi 2-ci döngə Dadaş Bünyadzadə küçəsi ünvanda inşa olunacaq yeni yaşayış binasında ümumi sahəsi 49,0 kv.m olan 2 otaqlı tam təmirli yeni mənzillə təmin olunması, binanın tikintisi aparılan müddətdə köçürülən sakinlərin müvəqqəti kirayə haqlarının yeni mənzillərlə təmin olunacağı günə qədər Cavabdeh1 KMK tərəfindən ödənilməsinin təmin edilməsi bu müqavilənin əsas predmeti hesab olunur. Müqavilə bağlanmamışdan əvvəl müqavilə şərtləri cavabdeh və onun ailə üzvlərinə bildirilmiş, onlar bu şərtlərlə tanış olandan sonra, müvafiq qaydada razılıq ərizələri verilməklə, müqavilə imzalanmışdır. Müqavilə üzrə kirayə haqları ödənilmişdir. İddiaçı ümumi sahəsi 56,0 kv.m olan yaşayış yeri əvəzinə Cavabdeh3 başçısının 02 fevral 2016-cı il tarixli 9 saylı sərəncamı əsasında Lökbatan qəsəbəsi 2-ci döngə Dadaş Bünyadzadə küçəsi ünvanda inşa olunan yeni yaşayış binasında ümumi sahəsi 49,0 kv.m olan 2 otaqlı tam təmirli yeni mənzillə təmin olunmasına baxmayaraq, iddiaçı əsassız olaraq 81 kv.m yaşayış sahəsindən bəhs edir ki, bu tamamilə əsassızdır. Digər yaşayan şəxslər də müqavilə bağlamış, onlar da mənzillə təmin olunmuşlar. Əsassız mübahisə edən isə yalnız iddiaçıdır ki, onun iddia tələbi heç bir sübuta əsaslanmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Bakı şəhər MKD Qaradağ rayon MKTB və Bakı şəhəri Cavabdeh3 nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər (sifarişçi Qaradağ RİH, zəmanət verən Cavabdeh1 MKM, binaların balans saxlayıcısı Bakı şəhəri MKTD Qaradağ rayon MKTB, zəmanət alan İddiaçı) arasında 14 iyul 2016-cı il tarixli 17 saylı zəmanət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri Qaradağ rayonunun Baş planına uyğun olaraq qamış və taxta binaların sökülməsi ilə əlaqədar, Lökbatan qəsəbəsi 2-ci döngə Dadaş Bünyadzadə küçəsində, söküntü işləri ilə əlaqədar həmin ünvanda yaşayan sakinlərin köçürülməsi üçün əraziyə yaxın yerdə müasir yaşayış binasının inşa edilməsi, həmin ünvandan köçürülən sakinlərin əvvəlki mənzillərinin müqabilində yeni mənzillərlə təmin olunması; 1.2-ci bəndinə əsasən vətəndaş İddiaçı ünvan 1-un ona məxsus ümumi sahəsi 56,0 kv.m, yaşayış sahəsi 25,0 kv.m olan yaşayış yeri əvəzinə Cavabdeh3 başçısının 02 fevral 2016-cı il tarixli 9 saylı sərəncamı əsasında Lökbatan qəsəbəsi 2-ci döngə Dadaş Bünyadzadə küçəsi ünvanda inşa olunacaq yeni yaşayış binasında ümumi sahəsi 49,0 kv.m olan 2 otaqlı tam təmirli yeni mənzillə təmin olunması; 1.3-cü bəndinə əsasən binanın tikintisi aparılan müddətdə köçürülən sakinlərin müvəqqəti kirayə haqlarının yeni mənzillərlə təmin olunacağı günə qədər Cavabdeh1 KMK tərəfindən ödənilməsinin təmin edilməsi bu müqavilənin əsas predmeti hesab olunur. 2.2.3-cü bəndinə əsasən köçürülən sakinlər yeni mənzillərlə təmin olunana qədər onlara hər ay üçün 250 AZN olmaqla, nəzərdə tutulan üç aylıq kirayə haqlarını əvvəlcədən ödənilməsini təmin etmək; 2.2.4-cü bəndinən əsasən yeni yaşayış binalarının inşa edilərək tikintisinin 18 ay müddətində başa çatdırılmasını təmin etmək; 2.3.5-cü bəndinə əsasən “Zəmanətalan” ailə üzvləri ilə birgə faktiki yaşadığı mənzildən yeni tam təmirli mənzilə köçürülməsi barədə müqaviləyə əlavə olunmuş forma üzrə razılıqlarını və kirayə haqlarını alması barədə öz imzaları ilə təsdiq edirlər. Kollegiya qeyd edir ki, müqavilə bağlanmamışdan öncə müqavilə şərtləri iddiaçıya və ailə üzvlərinə bildirilmiş, onlar bu şərtlərlə tanış olduqdan sonra müvafiq razılıq ərizələri verməklə müqaviləni imzalamışlar. Belə ki, iş materiallarında olan İddiaçı və onun 4 nəfər ailə üzvləri (Aysel Bəşirova, Ələskər Bəşirov, Asiman Hüseynzadə və Gülxarə Məmmədova) tərəfindən imzalanmış razılıq ərizəsinin surətindən görünür ki, qəza vəziyyətində olan Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 10-dan tam təmirli yeni mənzilə 14 iyul 2016-cı il tarixli, 17 saylı zəmanət müqaviləsinin 2.3.5-ci bəndinə əsasən razılıq verirlər. Onlar ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə heç bir mülki iddiaları və tələbləri yoxdur. X15 rayonu, Şərəfə kəndində yerləşən yaşayış sahəsinə heç bir mülki iddia və tələbi yoxdur. Müqavilə şərtlərinə uyğun olaraq yeni mənzillə təmin olunduqdan sonra qeydiyyatda olduqları ünvandan çıxarılacaqlarına zəmanət verirlər. İş materiallarından X12, X3, X6, X13 və İddiaçı tərəfindən Bakı şəhəri Cavabdeh3nə ünvanlanmış, notariat qaydada təsdiq edilmiş 16 iyul 2016-cı il tarixli ərizənin surətindən görünür ki, onlar 5 nəfər ailə üzvləri ilə birgə qəza vəziyyətində olan Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 10dan tam təmirli yeni mənzilə 14 iyul 2016-cı il tarixli, 17 saylı zəmanət müqaviləsinin 2.3.5-ci bəndinə əsasən köçürməyə razılıq verirlər. Onlar ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə heç bir iddia və tələbləri yoxdur. X1 rayonu, Şərəfə kəndində yerləşən yaşayış sahəsinə heç bir mülki iddia və tələbi yoxdur. Müqavilənin şərtlərinə uyğun olaraq yeni mənzillə təmin olunduqdan sonra qeydiyyatda olduqları ünvandan çıxacaqlarına zəmanət verirlər. Həmçinin, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinin cavabdehlər tərəfindən pozulmasına dair hallar yoxdur. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər müqavilə bağlanarkən Mülki Məcəllənin maddi hüquq normalarını və digər aidiyyəti qanunların tələblərini pozmamışlar. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli vəya coxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya daha zoxtərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir.(Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 404.1-ci maddəsinə əsasən muqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə muqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, butovlukdə muqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə muqayisəsini nəzərə alır. MM-nin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cumlədən muqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı munasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-nin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin numayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə duşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərcəkən tərəfindən mubahisələndirilə bilər. MM-nin 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Kollegiya iddiaçınn bütün səhifələr lazımi qaydada imzalanmayan, təhdidlə bağlanılmış və tərəflərdən birinin (iddiaçının) maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlanılmış, onu ağır vəziyyətə salan (81 kvm. sahəsi olan mənzilin əvəzinə 49 kvm.mənzil verilməsi) müqavilə təqdim olunması, belə bir müqavilənin bağlanmasından məlumatsız olması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, işin tədqiq olunan faktiki hallarından gürünür ki, tərəflər arasında mubahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. İddiaçı onun yaşayış sahəsinin 81 kv.m olduğu halda, 49 kv.m yaşayış sahəsi ilə təmin olunması, müqavilənin bütün vərəqlərinin imzalanmaması, müqavilənin həmin vərəqlərinin dəyişdirilməsini qeyd etsə də, onun qeyd etdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, müqavilənin iddiaçının özü tərəfindən imzalanmış vərəqində olan 5.2-ci bəndində qeyd olunur ki, bu müqavilə eyni hüquqi qüvvəyə malik olan 4 nüsxədə tərtib edilərək, hər bir tərəfə müqavilənin 1 nüsxəsi təqdim olunur. Göründüyü kimi, 14.07.2016-cı ildə bağlanmış müqavilənin bir nüsxəsi iddiaçıda olduğu halda, onun tərəfindən müqavilənin surəti məhkəməyə təqdim edilməməsi, onun dəlilinin bir daha əsassız olmasını göstərir. Digər tərəfdən, hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçının yalnız mənzil üzərində hüququ olmuş, mənzilin olduğu binanın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ mövcud olmamışdır. Bakı şəhəri Cavabdeh3 başçısının müavini Nadir Muradovun iddiaçıya ünvanladığı 20 avqust 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının Cavabdeh1 MKM tərəfindən əlavə bir otaqlı mənzillə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya və rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinə baxılmışdır. Bildirilmişdir ki, iddiaçı mənzilinin müqabilində müqavilə əsasında 49 m2 olan 2 otaqlı yeni yaşayış yeri ilə təmin olunmuşdur. İstifadəsində olan torpaq sahəsinin heç bir rəsmi sənədi olmadığından iddiaçının qaldırdığı məsələnin müsbət həlli imkan xaricindədir. İddiaçıya məxsus torpağın çıxarışını rayon icra hakimiyyətinə təqdim etdikdən sonra ərizəsində qaldırdığı məsələyə yenidən baxılacaqdır. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə hüququ olmasına dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi mülkiyyətdən istifadə etmək hüququnun pozulmasının qarşısının alınması, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 81 kv.m olan mənzilinin əvvəlki vəziyyətə qaytarılmasına sərəncam verilməsi, həmin ünvana dair cavabdehlərlə aralarında bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi, bunun mümkün olmadığı halda 100.000 manat maddi zərərin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən onun mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi ona dəymiş mənəvi ziyana görə 200000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində də əsassız olduğundan təmin edilə bilməz. Kollegiya qeyd edir ki, 14 iyul 2016-cı il tarixli müqavilənin 2.2.3 və 2.2.4-cü bəndlərinə əsasən tərəflər mənzil təhvil verilənə kimi kirayə haqqının 250 AZN ollması ilə bağlı razılığa gəlmiş, həmin şərtlər yerinə yetirildiyindən, iddiaçının qətnamənin icra edildiyi tarixədək aylıq 300 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddia əsassız olmaqla təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə gostərilən dəlillər əsasən formal mulahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Bu baxımdan da, kollegiya hesa edir ki, iddia əsassızdır və təmin edilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsaən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(002)- 656/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3519/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3519/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver