Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3527/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutularaq ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X4 Cavabdeh iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 360 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı, “Audi A4” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində Bakı şəhəri, A.Abbaszadə küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “X13” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “X13” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 360 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı X10 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 1523/22 nömrəli məktubla Cavabdeh qarşı 360 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmamışdır.
3. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş etirazda qeyd olunur ki, xx.xx.2019-cu il tarixində saat 11:00 radələrində "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi dövlət qeydiyyat nişanlı 99-PB180 olan, AUDİ A4 markalı minik avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisəni törətdikdən bir az sonra Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X3 ondan avtomobilin və özünün sənədlərini tələb etdi. O da bütün sənədləri polis kapitanı X1 verdi. Lakin həmin vaxt polis kapitanı X3 ona “Etibarnamən lazım deyil” dedikdən sonra etibarnaməni qaytardı. xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilən zaman polis kapitanı X3 ona protokolun İXM-nin hansı maddəsinə əsasən tərtib edilməsi haqqında məlumat verməmişdir. Lakin polis kapitanı X3 protokolu tərtib edərkən İXM-nin 332.1 və 327.2-ci maddələri əsasında tərtib etmişdir. Həmçinin protokolun bir nüsxəsini fiziki olaraq qəbul etməmişdir, yəni poçtla qeydiyyatda olduğu ünvana göndərilməmişdir. Protokolun mövcudluğunu şəxsi mobil telefonuna quraşdırdığı SMSRADAR proqramı vasitəsilə bilmiş, həmin protokolda yalnız İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə məbləği qeyd edilmişdir və həmin gün içində cərimə məbləğini tam ödəmişdir. Qoşmada yolnəqliyyat hadisəsi baş verən gün yanında olan və "xxxx" MMC tərəfindən xx.xx.2019 tarixində verilmiş etibarnaməni və xx.xx.2019 tarixli 046-63744 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ı təqdim edir. Arayışın 1.5-ci bəndində “Sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur, yoxsa olmamışdır” sualına arayışı tərtib edən şəxs, yəni Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X3 tərəfindən “Olmuşdur” cavabı qeyd edilmişdir
4. Səbail Rayon Məhkəməsinin 2(009)-374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” adlanır və həmin maddənin 332.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi halına görə cərimə nəzərdə tutulmuşdur. Burdan da açıq-aydın görünür ki, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə edən şəxs idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarəedən şəxs olaraq başa düşülür. Bunlara baxmayaraq məkhəmə, cavabdehi “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində nəzərdə tutulduğu mənada nəqliyyat vasitəsini “idarə etməyə hüququ olmayan şəxs” hesab etməmiş, bununla da qanunu səhv təfsir etmişdir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Z.Əlizadə apellyasiya şikayətini müdafiə edərək və təmin edilməsini xahiş edərək bildirdi ki, Məhkəmə tərəfindən “İcbari sığortalar haqqında” AR Qanunun düzgün tövsif edilməyib, belə ki, bu qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır, Məhkəmə idarəetmə hüququnu sürücülük vəsiqəsinin olması ilə eyniləşdirmişdir. X7 Məcəlləsinin 332.1-ci maddəsi nəzərdə tutulmuş nəqliyyat vasitəsinin idarə etməyə hüququ olmayan şəxs dedikdə özündə avtomobilin etibarnamə olmadan idarə edilməsi də ehtiva edilir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək və təmin edilməməsini xahiş edərək bildirdi ki, hadisə baş verəndə onun maşını idarə etmək üçün etibarnaməsi olub, o həmin vaxt da polisə etibarnaməni vermək istəyəndə polis kapitanı bildirib ki, etibarnamə lazım deyil və cavabdehə geri qaytarıb, onun hadisə ilə bağlı protokollardan və sair xəbəri olmayıb, telefona quraşdırdığı proqram vasitəsilə cərimədən məlumatı olub və məbləği ödəyib, lakin protokolun hansı maddələr əsasında tərtib edilməsindən xəbəri olmayıb, sığorta şirkətinə də etibarnaməni təqdim edib, şirkət isə qəbul etmək istəmir. Sübutların tədqiqi:
8. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
9. 17.12.2019-cu il tarixli 001284 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin X15 Azərbaycan QSC-nin 28 May filialında olan hesabından X2 "xxxx" ASCnin Binəqədi rayon filialında olan hesabına 360 manat məbləğində ödəniş həyata keçirilmişdir.
10. 11.12.2019-cu il tarixli CM1663/19 saylı işə dair sığorta aktından görünür ki, zərərçəkən Əsədov Kamran hesablanan zərər və sığorta ödənişinin məbləği və üsulu ilə tam razıdır, "xxxx" ASC-nin aktda qeyd olunan hadisə və zərərə dair ona heç bir borcu və öhdəliyi qalmır, "xxxx" ASC-yə heç bir şikayət və iddiası yoxdur. Təqsirkardan zərərin əvəzini tələb etmək hüququnun ona verilən sığorta ödənişi məbləğində "xxxx" ASC-yə keçməsinə etiraz etmir.
11. 1521/19 nömrəli Qiymətləndirmə aktından görünür ki, baş vermiş hadisə ilə bağlı çəkilməli olan xərclərin məbləği 360 manat təşkil edir.
12. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC və sığortalı X5 arasında xx.xx.2019-cu il tarixində PQA********** nömrəli 1 il müddətinə 99PB180 dövlət qeydiyyat nişanlı “AUDİ A4” markalı minik nəqliyyat vasitəsinin sığorta edilməsinə dair müqavilə bağlanmışdır. Sığorta haqqı 75 AZN, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 AZN, bir hadisə üzrə 50.000 AZN müəyyən edilmişdir.
13. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11:00-da A.Abbaszadə küçəsində toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsində təqsirli olan şəxs kimi Cavabdeh, zərərçəkən kimi X8 çıxış edir. Zərər əmlaka (avtomobilə) vurulmuşdur.
14. 2963223 nömrəli xx.xx.2019-cu il tarixli İnzibati Xəta haqqında Protokoldan görünür ki, xx.xx.2019-cu il tarixində saat 11:00-da “AUDİ A4 Minik” markalı, 99PB180 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İXM-nin 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir.
15. Nəqliyyat vasitələrinin zədələnməsi barədə 024950 nömrəli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11:00-da Toyota markalı ** BG *** qeydiyyat nişanlı və Audi markalı ** PB *** qeydiyyat nişanlı nəqliyyat vasitələri arasında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Toyota markalı nəqliyyat vasitəsi qabaq sol hissədən əzinti almışdır. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
20. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
21. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
24. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu Maddə 37.1 Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir.
42. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə görə məsuliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsinmülki, inzibat və cinayət məsuliyyətinin labüdlüyünün təmin edilməsindən ibarətdir.
43. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 21 maddədən ibarət xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332ci maddəsində etibarnamə olmadan avtomobilin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, izibati xəta haqqında qanunvericildik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Qanunvericinin bu mövqeyi olduqca məntiqli və anlaşılandır.
44. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də «Hərəkət təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı əlehinə olan cinayətlər» adlı xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur.
45. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə, 263-1.1.) nəzərdə tutulmuşdur.
46. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də icbari sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur.
47. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının bu dəlili, yəni hadisə vaxtı avtomobili idarə edən cavabdehin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmaması iddia tələbinin keçərli olmasına əsas verə bilməz. Çünki işin mübahisəsiz olan faktiki hallarından da göründüyü kimi yol nəqliyyat hadisəsi baş verən vaxt avtomobili sürücülük hüququ olan cavabdeh idarə etmişdir.
48. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
49. Kollegiya bildirir ki, qeyd edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, hazırkı hala münasibətdə məhz sürücülük hüququ olmayan şəxs tərəfindən avtomobilin idarə edilməsi nəzərdə tutulur, etibarnamənin olmamasının isə yuxarıda da qeyd olunduğu kimi tərəflər arasındakı sığorta münasibətlərinə təsiri yoxdur.
50. Beləliklə, şərh edilənlərə əsasən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmadığından iddia tələbi təmin edilə bilməz. Nəticə:
51. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov