Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3530/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qafqaz Holdinq MMC-yə qarşı “öhdəliyin qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(006)-1962/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Qafqaz Holdinq MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin törəmə müəssisəsi olan “X1” MMC-nin qanuni təmsilçisi kimi İddiaçı adının cəmiyyətin təsis sənədlərindən çıxarılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(006)-1962/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 15.03.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər (32.5). Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (269.3). Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsində 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən aidiyyət haqqında qərardaddan şikayət verildikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 403-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər (403.1.1). Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır (403.1.2). Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur (403.1.3). Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər (403.1.4). İcraata qəbul edilmiş şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar (403.1.5). Göründüyü kimi, hazırki iş üzrə məhkəmə tərəfindən ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyi üçün geri qaytarılmışdır, iddiaçı həmin qərardaddan şikayət vermiş, məhkəmə isə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, həmin qərardaddan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yox, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, hazırki aiddiyyətlə bağlı məhkəmənin qərardadından verilmiş şikayətə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən apellyasiya məhkəməsi tərəfindən deyil, kassasiya instansiya məhkəməsi tərəfindən baxılmalı olduğundan, şikayət qeyri-mümkün hesab edilərək, kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün (MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə) mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3, 402 və 403-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(006)- 1962/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3530/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3530/2022
25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver