Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3530/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-1969/2025 saylı qərardadından iddiaçı X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007) 1969/2025 saylı qərardadı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi, iddiaçı X5 icra icraatı qaydasında şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Bununla yanaşı qərardadda yanlışlığa yol verilmiş və yol verilən yanlışlıq məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə aradan qaldırılmış, qərardadın əsaslandırıcı hissəsində “iddiaçı X1 cavabdeh X6 qarşı “sabit pul məbləğində ödənilən aliment məbləğinin indeksasiyası” tələbi” sözləri “iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbi” sözləri kimi yazılması və oxunması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, X13 barəsində xüsusi qərardadla Məhkəmə Hüquq Şurasına müraciət edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə növbəti dəfə cinayətkar saxtalıq, qərəz edərək icra məmurunun icraata başlamaq haqqında şikayətini iddia ərizəsi kimi qəbul etmişdir. Halbuki, bu şikayətdə o, şikayət verən şəxsdir, icra məmuru X4 xx.xx.2025-ci il tarixli icraata başlamaq qərarında Ədliyyə Nazirliyinin VÖEN-nini göstərib. Ona görə də elektron sistemdə maraqlı şəxs Ədliyyə Nazirlyi avtomatik qeyd edilib. Hakim isə tərəflərin statusunu görməzliyə vurub, iddiaçı cavabdeh kimi göstərib və onu iddia ərizəsi verməkdə günahlandırıb. Elektron sistemdə "iddia ərizəsi" formallığı onun günahı deyildir. Məhkəmə ərizənin başlığının "icraata başlamaq haqqlnda qərardan şikayət" olduğuna, şikayətin mahiyyətinə baxmayıb, qərəzlə işə məhkəmədə baxılmalı olmaması qərarına gəlib. Bəs harada baxılmalıdır? Bu savadsız hakimə qərəzinə görə etiraz etmiş, ona da baxılmamışdır. Məhkəmə ümumiyyətlə, şikayətin mahiyyətinə yox, formalizmə baxıb. Qərardadını da başqa qərardaddan köçürüb. Qərardadda məhkəmə qeyd edib ki, iddiaçı X1 cavabdeh X6 qarşı "sabit pul məbləğində ödənilən aliment məbləğinin indeksasiyası" tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddiaçıya icra icraatı qaydasında icraata başlamaq haqqında qərardan şikayət ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göründüyü kimi, hakimə etirazı əsaslıdır, bu hakim qərəzdən, ədalətsizlikdən başqa ona münasibətdə heç bir qayda tanımır. O, elə icraata başlamaq haqqında qərardan şikayət vermişdir və bu onun hüququdur, məhkəmənin bunu yolverilməz sayması savadsızlığından, qərəzindən qaynaqlanır. X1 iddiası ilə onun qərardan şikayətini hansı vicdansızlıqla qarışdırıb? MPM-in 266-cı maddəsinin tələbi də pozulub, xx.xx.2025-ci il tarixli qərardad ən geci 5 günə verilməli olduğu halda 7 günə-30.04.25-ci ildə kabinetdə yerləşdirilib. Göstərilənlər qərardadın ləğv edilməsinə əsasdır və hakimin barəsində xüsusi qərardad çıxarılmasına haqq verir. Qərardadın ləğv edilməsini, icraata başlamaq haqqında qərardan şikayətinə baxılmasını tələb edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, ərizəçi tərəfindən məhkəmə tərkibinə etiraz daxil olmuşdur. Etiraz baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində özünü şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyini maraqlı şəxs kimi qeyd etməsinə, icra məmurunun qərarını mübahisələndirməsinə baxmayaraq qeyd olunan ərizəni (şikayəti) iddia icraatı qaydasında vermişdir. Halbuki, bu cür işlərə məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, məhkəmə qətnamələrinin icra qaydasında ərizə və ya şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.5-ci bəndinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Bundan əlavə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun qəbul etdiyi qərarı mübahisələndirməsinə baxmayaraq qarşı tərəf kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyini qoymuşdur. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçının hazırki tələbi məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası ilə əlaqədar olaraq icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra sənədinin məhkəməyə geri qaytarılmasından ibarətdir. Həmin məsələ isə yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını (“Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Belə ki, məhkəmə və ya məhkəmənin dəftərxanası tərəfindən elektron qaydada verilən ərizələrin indeksinin dəyişdirilməsi və ya ona hər hansı kənar təsir qaydası müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi barədə gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-1969/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3530/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3530/2025
02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver