Məhkəmə qərarları › İş №2(103)-3532/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3532/2024

06.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3532/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh və İddiaçı arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 9500 ABŞ dolları (16 150 manat) borc verməyi, borc alan krediti xx.xx.2019-cu il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, kreditin faizsiz verilməsi razılaşdırılmışdır.

2. Cavabdeh və İddiaçı arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 5500 ABŞ dolları (9350 manat) borc verməyi, borc alan krediti xx.xx.2019-cu il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, kreditin faizsiz verilməsi razılaşdırılmışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 15 000 (on beş min) ABŞ dolları məbləğində pul vəsiatinin tutulub İddiaçı verilməsi qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin olunaraq Cavabdeh məxsus ünvan 2 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) üzərinə həbs qoyulması qərara alınmışdır.

6. "xxxx" MMC tərəfindən sözügedən qaraj 18 000 manat məbləğində qiymətləndirilmiş, "xxxx" MMC tərəfindən keçirilən hərracla əmlak İddiaçı satılmışdır.

7. Xətai rayon icra şöbəsi tərərfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 2 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsinin (qaraj) üzərindən məhdudiyyətin götürülməsinə, həmin əmlakın tələbkar İddiaçı adına rəsmiləşdirilməsinə etiraz edilmir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Texniki Pasporta əsasən, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 6 saylı evin yanında yerləşən qarajın hüquq subyekti İddiaçıdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 6 saylı evin yanında yerləşən qarajın boşaldılması və cavabdehin oradan çıxarılması, qarajın ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı işin faktiki hallarına istinadla iddia tələbini belə əsaslandırmışdır, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 6 saylı evin yanında yerləşən qaraj ona məxsus olsa da, cavabdeh oranı boşaltmır, əmlakından istifadə etməsinə imkan vermir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehi may ayının axırına kimi gözləyək, əgər pulunu qaytararsa qarajı ona qaytaracaq, əks halda qarajı satacaqdır.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, sözügedən qaraj 2004-cü ildən onun mülkiyyətindədir, lakin onun deyil, sadəcə onun adına alınmışdır. Vəli adlı tanışınındır və onun istifadəsindədir. İddiaçının puluna ehtiyacı yoxdur və pulu da aldıqdan sonra Nisbət Fərəhova adlı xanıma vermişdir. Hal-hazırda həmin şəxslə bağlı Binəqədi rayon İstintaq İdarəsinə ərizə yazmışdır, o, axtarışdadır, Türkiyədədir. Həmin şəxsdə 15 000 dollar iddiaçının, 450 000 dollar özünün pulu vardır. İddiaçı onu may ayına kimi gözləsə həmin şəxsdən pulu alıb ona qaytaracaqdır.

13. Birinci instansiya məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qarajın mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehin isə iddiaçıya məxsus daşınmaz əmlakdan istifadəyə maneənin yaradılması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə olan təqdirdə iddia tələbi təmin edilməlidir.

15. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 139-1.1-ci, 139-1.1.2-ci, 152-ci, 157-ci, 178.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinad etmişdir.

16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazının məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına uyğun gəlməyən qərar çıxardığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

18. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı iddiaçı ilə razılaşma əldə etmək istədiyini, mübahisəsi gedən qarajın əvəzində iddiaçıya torpaq sahəsi təklif etdiyini, buna görə ona vaxt verilməsini xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu, işə baxılmasını istədiyini, qətnamə çıxarıldıqdan sonra da cavabdehlə razılaşma əldə edə biləcəyini, qətnamənin buna maneçilik törətmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;

22. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 22,23).

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

36. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 6 saylı evin yanında yerləşən qaraj iddiaçının mülkiyyətindədir.

37. Mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin (apellyatorların) iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

38. Cavabdehin mübahisəsi gedən əmlak üzərində hər hansı hüququ yoxdur və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan əmlakda mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-625/2024 saylı iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar