Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3534/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ona dəymiş mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmdən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən cinayət işinə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün dəyişdirilmsəni, iddiaçının əməlinin Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsi, iddiaçının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə iddiaçıya Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsini qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işə apellyasiya qaydasında yenidən baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçının barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsini və iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli hökmü ilə iddiaçıya əməldə cinayət tərkibi olmadığına görə CM-nin 206.3.2 və 240.2.1-ci maddələri ilə bəraət verilmiş və iddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməsini qərara almışdır. İddiaçının barəsində istintaq dövründə qaçaqmalçılıq və narkotik vasitələrin satışı ilə bağlı ittiham edilib qanunsuz olaraq 503 gün, yəni 17 ay müddətinə həbs qətimkan tədbiri, 161 gün, yəni 6 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və 291 gün, yəni 10 ay müddətinə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri (xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinədək) seçilməklə ağır və aşağılayıcı cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Dövlət orqanlarının etdiyi səhv nəticəsində iddiaçının qanunsuz olaraq tutulması özünə və ailəsinə çox böyük maddi və mənəvi zərər vurmuşdur. Qanunsuz istintaq və ittiham hökmü nəticəsində nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər aşağıdakılardan ibarətdir: - qanunsuz olaraq qətimkan tədbirlərinə məruz qalmaqla daimi mənəvi iztirab çəkməsi; - ailəsinin mənəvi məhrumiyyətlərlə üzləşməsi, narkotik alverçisi damğası ilə yaşamaq məcburiyyətində qalması; - iddiaçının şəxsiyyətinə və mənliyinə zərbə vurulması, nəticədə dostları və qohumlarının ona qarşı münasibətlərinin soyunası, həyatın hər sferasında bu damğanı hiss etməsi; - özünə uyğun iş tapa bilməməsi; - hər dəfə özünün və ailəsinin məhkəməyə gedib-gəlməsindən sonra özünə gələ bilməməsi; - "xxxx" MMC-də yük avtomobili sürücü işini itirməsi və hələ də işsiz olması. - səhhətində problemlərin yaranması: - nişanının pozulması.
3. İşə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilməsini qərara almışdır b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
4. İş üzrə cavabdeh Nazirlik iddia tələbinə etiraz verərək bildirmişdir ki, “Maliyyə Nazirliyi haqqında Əsasnamədə” Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən Aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində öz orqanları vasitəsilə iştirak edir. Qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər orqanları da nəzərdə tutulur. Eyni zamanda, Nazirlik dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyil. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirilir. Nazirlik tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı üçün iddia tələbi Nazirliyə qarşı təmin edilə bilməz. İddiaçının mənəvi zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır.
5. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Komitə iddiaya dair etiraz münasibət bildirməmiş və işin baxılmasına nümayəndəsinin iştirakını təmin etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 20.000 manat məbləğində pul vəsaitinin cavabdeh Nazirlik vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə məhkum olunması, ona mənəvi iztirab yaradan hallardır. Belə ki, işin faktiki hallarından aydın olur ki, iddiaçı barəsində 10 aya yaxın müddət ərzində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, habelə barəsində ittiham hökmü çıxarıldığı andan etibarən həbs qətimkan tədbiri və məhkəmə araşdırmaları dövründə isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Nəticə etibarilə isə şəxsin əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. Bütövlükdə aparılan araşdırma dövrü üçün şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət alması onun həmin dövr üçün məhrumiyyətlərinin qarşılanması, yəni kompensasiya tələbi hüququnu yaratmışdır. Odur ki, iddia qismən təmin edilməli və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün iddiaçının barəsində tətbiq edilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinə görə 2.000 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün “həbs” qətimkan tədbirinə görə 16.000 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixinədək olan dövr üçün şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinə görə 2.000 manat məbləğində pul dövlət büdcəsindən iddiaçının xeyrinə cavabdeh Nazirliyin vasitəsi ilə tutulmalıdır. d) apellyasiya şikayətləri barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış bu apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş faktları əsasında səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
10. Cavabdeh Nazirlik də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.
11. Nazirliyin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə, mübahisələndirilən hissədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Nazirliyi cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Rayon Məhkəməsi tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 20.000 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamışdır. Mənəvi ziyan zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi nəzərə alınmaqla dəyərləndirilməlidir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
13. Cavabdeh Nazirlik və iş üzrə üçüncü şəxs olan Komitə işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə ilk növbədə cavabdeh Nazirliyin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirir ki, həmin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.
15. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
16. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
17. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
18. Məhkəmə iddiaçının apellyasiya şikayəti ilə bağlı bildirir ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, son nəticədə bəraət almış iddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 291 gün ərzində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin təsiri altında olmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 503 gün ərzində həbsdə saxlanılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 161 gün ev dustağı olmuşdur.
19. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, hazırki iş üzrə iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində qeyd edilən qətimkan tədbirləri tətbiq edilmişdir, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
20. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.
21. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).
22. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
23. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
25. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
27. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannaməyə” istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
29. Göstərilənlərə əsasən, Məhkəmə qeyd edir ki, mənəvi ziyanın hesablanmasının qanunvericilikdə müəyyən edilmiş meyarı olmasa da, oxşar mübahisələrlə bağlı kassasiya instansiyası məhkəməsi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin artıq formalaşmış müəyyən mövqeyi vardır ki, həbsdə olmanın 1 aylıq müddəti üçün 1.000 manat, ev dustaqlığı qətimkan tədbirinin 1 aylıq müddəti üçün 500 manat, digər qətimkan tədbirləri, o cümlədən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin 1 aylıq müddəti üçün isə 250 manat miqdarında mənəvi ziyan müəyyən edildiyi müşahidə edilir.
30. Məhkəmə də bu formalaşmış mövqedən çıxış edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır, vurulmuş mənəvi ziyanın əvəzi olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün iddiaçının barəsində tətbiq edilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinə görə 2.500 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün “həbs” qətimkan tədbirinə görə 16.000 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinə görə 2.500 manat, ümumilikdə 21.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
31. Amma işə baxmış Rayon Məhkəməsi “başqa yerə getməmək haqqında iltizam” və “ev dustaqlığı” qətimkan tədbirlərinə aid Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsini nəzərə almamışdır. g) apellyasiya baxışının nəticəsi
32. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, dəymiş mənəvi ziyanın əvəzi olaraq “başqa yerə getməmək haqqında iltizam” və “ev dustaqlığı” qətimkan tədbirlərinə aid iddiaçının xeyrinə tutulmalı olan vəsaitin miqdarının müəyyən edilməsi hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. İddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır. Cavabdeh Nazirliyin apellyasiya şikayəti isə əsassızdır.
33. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli qətnamə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulmalı olan vəsaitə aid hissədə ləğv edilsin və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı, onun barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin təsiri altında olmasına görə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.500 (iki min beş yüz) manat, “ev dustaqlığı” qətimkan tədbirləri təsiri altında olmasına görə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.500 (iki min beş yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutulsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 02 aprel 2024cü il tarixli qətnaməsinin qalan hissəsi, yəni İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, İddiaçı, onun barəsindən seçilmiş “həbs” qətimkan tədbirinin təsiri altında olmasına görə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 16.000 (on altı min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, hər iki qətnamə ilə dövlət büdcəsindən İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği ümumilikdə 21.000 (iyirmi bir min) manat təşkil edir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.