Məhkəmə qərarları › İş №2(103)-3538/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3538/2022

18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3538/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı X1 nümayəndəsi X2 və vəkili X5 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(006)-251/2022 saylı qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı “miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları Əzimova (Levina) Nina Nikolayevnadan miras qalmış Bakı şəhəri Əbilov küçəsindəki 76 saylı miras əmlakdan onun 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, anası Əzimova (Levina) Nina Nikolayevna 10 fevral 2009-cu il tarixdə vəfat etmişdir. Anası Ninanın vəfatından sonra xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Əbilov küçəsindəki 76 saylı ev miras əmlak kimi qalmışdır. Mərhum anasının ondan başqa daha iki birinci növbəli vərəsələri vardır. Bunlar bacısı Cavabdeh1 və Cavabdeh2dur. Analarının vəfatından əvvəl və sonra da bacısı Cavabdeh1 analarından miras qalmış evdə yaşamış və bu gün də orada qeydiyyatda olmaqla yaşayır. O isə anaları vəfat etməzdən əvvəl və sonra da analarından miras qalmış evlə mütəmadi əlaqə saxlamış, bacısı kimi o da miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bacısından fərqli olaraq sadəcə o, analarından miras qalmış evdən ailə qurduqdan bir müddət sonra qeydiyyatdan çıxmışdır. Bacısı ilə ikisi miras əmlakı faktiki qəbul etdiklərinə görə mirasdan pay ayrılması barədə hər hansı fikirləri olmamışdır. Ona görə də, o, miras əmlakdan ona düşən payın verilməsini 13 saylı Notariat Kontorundan ərizə ilə xahiş etmiş, lakin cavabdeh ərizəsinə cavab verməmişdir. Hazırda belə qənaətə gəlmişlər ki, obyektiv səbəblərdən miras əmlakdan payın bölüşdürülməsi zəruridir. Lakin cavabdehlərdən biri Azərbaycan Respublikasında yaşamadığına görə miras əmlaka payın qarşılıqlı razılaşma ilə müəyyən edilməsi mümkün deyildir. Qeyd etdiyi kimi, o, bu gün orada yaşamasa da, anaları vəfat edəndən sonra daimi olaraq miras qalmış evə gedib-gələrək əlaqə saxlamışdır. Anasının yas mərasimini o və həyat yoldaşı vermiş, qəbrüstü daşı onlar qoydurmuşlar, bütün xərcləri onlar birlikdə çəkmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(006)-251/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam olaraq təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə Mülki Məcəllənin 1243-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, o, anası vəfat edəndən sonra miras əmlaka gedib-gəlmiş, mütəmadi olaraq əlaqə saxlamışdır. O, mirası faktiki olaraq qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndəsi X2 və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 noyabr 2021-ci il tarixli **********81 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu İbrahim Əbilov küçəsi 76 ünvanda yerləşən yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılmasına dair məlumatların təqdim edilməsi barədə sorğuya Xidmətdə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən Bakı şəhəri Nəsimi rayonu İbrahim Əbilov küçəsi 76 ünvanda yerləşən mənzilin şəxsi hesab vərəqi Bakı şəhəri Nəsimi rayon X11 İcraiyyə Komitəsinin 1982-ci il tarixli protokolu ilə mənzilin sahibi Baba Əzimov vəfat etdiyi üçün X4 adına dəyişdirilmişdir. Sözügedən mənzil Bakı şəhər İcra Hakimiyyəti başçısının Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 nömrəli mənzil istismar sahəsinin 08.09.1997-ci il tarixli mənzilin kommunal-məişət vəziyyəti barədə (2 №-li forma) arayışına və qeydiyyatda olan şəxslərin - o cümlədən Cavabdeh2 və X7 razılıq ərizələrinə, Əzimova (Useynova) Tamilla Nadir qızının və X3 qeydiyyatdan çıxması barədə arayışlara əsasən 12.12.1997-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 fevral 2020-ci il tarixli 05/U-01-13 saylı məktubunda görünür ki, X1 ərizəsi araşdırılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu İbrahim Əbilov küçəsi 76 saylı ünvanda yerləşən yaşayış sahəsi X4 mülkiyyətində olmuşdur. N.Əzimova 10.02.2009-cu ildə ölmüş və ondan miras qalmış əmlaka dair 17.12.2005-ci tarixdən həmin ünvanda qeydiyyatda olan qızı Cavabdeh1 ərizəsi əsasında 18.04.2016-cı il tarixdə mərhumun adına vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bununla belə, X1 mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyinə dair ərizəsini, yaxud əmlaka sahiblik və ya idarə etməyə faktiki başlamağı ilə bağlı müvafiq sənədləri əldə etmək mümkün olmamışdır. Eyni zamanda mirası qəbul etmiş digər vərəsə Cavabdeh2 notariat ofisinə müraciət etməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1243-cü və 1246-cı maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər o halda vərəsə ola bilərlər ki, onlar mirasın açıldığı yer üzrə notariat orqanına mirasın qəbulu üçün qanunla müəyyən edilmiş altı ay müddətdə ərizə versinlər, habelə əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Lakin vərəsə susduqda, yəni qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul və ondan imtina etmədikdə, Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə həmin vərəsənin payı qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir. Həmin Məcəllənin 1248.1-ci maddəsində göstərildiyi kimi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən, sübutlar tələb etmək yolu ilə miras qoyanın ölum faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Göstərilənlərə əsasən ərizəçiyə izah edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəməyə müraciət etmək hüququ vardır. Göründüyü kimi, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının anası Əzimova (Levina) Nina Nikolayevna 10 fevral 2009-cu il tarixdə vəfat etmiş, miras əmlakda iddiaçının bacısı Cavabdeh1 qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri Əbilov küçəsindəki 76 saylı miras əmlakın mülkiyyətçisi mərhum Əzimova (Levina) Nina Nikolayevnadır. İddiaçı mirası faktiki qəbul edərək, sahiblik etdiyi üçün miras əmlakdan payının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. MM-nin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qanunvericiliyin qeyd olunan tələbinə əsasən, iddiaçı miras qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu (10 fevral 2009-cu il) andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Bu hallar işin faktiki halları ilə də öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Kollegiya hesab edir ki, iddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən, həmin hüququ itirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(006)- 251/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar