Məhkəmə qərarları › İş №2(103)-3539/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3539/2022

11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3539/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(006)-254/2022 saylı qətnaməsindən Cavabdeh2 ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC ilə X5 arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsinin restrukturizasiya olunması və bundan sonra cavabdeh Ləğv prosesində olan "xxxx" ASC ilə arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.CL.050914.00005/C saylı Zaminlik müqaviləsinə xitam verilməsi, bu barədə məlumatların Ləğv prosesində olan "xxxx" ASC-nin əməliyyat sistemində qeydə alınması və “Azərbaycan kredit bürosu" MMCyə təqdim edilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan “AG Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC ilə arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsinin restrukturizasiya olunması və bundan sonra həmin kredit müqaviləsinə xitam verilməsi, bu barədə məlumatların Ləğv prosesində olan "xxxx" ASC-nin əməliyyat sistemində qeydə alınması və “Azərbaycan kredit bürosu" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan “AG Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə arasında bağlanılmış 05.09.2014-cü il tarixli, 126.CL.050914.00005/C saylı “zaminlik müqaviləsi"nə əsasən, sonuncu Ləğv prosesində olan "xxxx" ASC ilə tanışı X5 arasında bağlanılmış 05.09.2014cü il tarixli, 126.LN.2102.050914.00005 saylı “Kredit müqaviləsi"nə əsasən bankdan götürülmüş kredit üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan “AG Bank" ASC tərəfindən X3 illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə bank tərəfindən 10000 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsindən sonra 2021-ci ilin fevral-mart aylarınadək ona həmin öhdəliyin lazımi qaydada icra olunmaması ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi, şifahi və ya yazılı məlumat verilməmişdir. 2021-ci ilin fevral-mart aylarında ona kredit öhdəliyinin Turab Bayramov tərəfindən lazımınca icra olunmadığı telefon vasitəsilə bildirilərək, ondan həmin müqavilə üzrə zamin olduğu üçün borcun ödənilməsi tələb edilmişdir. Kredit ödənişinin hansı səbəbdən icra olunmadığını öyrənmək məqsədilə Turab Bayramovla əlaqə saxlanılsa da, o həmin kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən dövlət tərəfindən kompensasiya ödənişinin ödənildiyini bildirmişdir. Məhkəməyə təqdim etdiyi kompensasiya məbləğinin sorğulanması barədə çıxarışdan görünür ki, X2 Ləğv prosesində olan "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə 01 mart 2019-cu il tarixinə əsas borcu 3803,74 manat olmuş, fərmana əsasən borcun azaldılmasına yönəldilmiş məbləğ 335,67 manat təşkil etmiş, həmin ödənişdən sonra qalıq borcu 3468,07 manat olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, Ləğv prosesində olan "xxxx" ASC ilə bağlanılmış həmin kredit müqaviləsi restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir. Tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə yazılı qaydada müraciətlər olunaraq, həmin kredit müqaviləsinin restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunsa da, onlar heç bir əsaslı səbəb olmadan qeyd olunan müraciətlərə guya həmin məlumatlar bank sirrini təşkil etdiyi üçün cavab verilməkdən imtina edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankına da bu barədə müraciət olunaraq cavabdehlərin müraciətlərini əsassız olaraq cavablandırmadıqlarını bildirmişdir. Mərkəzi Bank tərəfindən cavabdehlərə həmin müraciətlərin 7 iş günü ərzində cavablandırılması bildirilsə də, bu da nəticəsiz qalmışdır. Daha sonra pandemiya səbəbindən Əmanətlərin Sığortalanması Fondunun rəsmi elektron poçt ünvanına da eyni məzmunlu müraciətlər ünvanlasa da müsbət nəticəsi olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasını belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 05.09.2014-cü il tarixli, 126.CL.050914.00005/c saylı “zaminlik müqaviləsi"nə əsasən, sonuncu Ləğv prosesində olan “AG Bank" ASC ilə üçüncü şəxs arasında bağlanılmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı “Kredit müqaviləsi"nə əsasən bankdan götürülmüş kredit üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan “AG Bank" ASC tərəfindən ona illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsindən bir müddət sonra maddi vəziyyəti pisləşdiyi üçün həmin öhdəliyi lazımi qaydada icra edə bilməmişdir. Məhkəməyə təqdim etdiyi kompensasiya məbləğinin sorğulanması barədə çıxarışdan görünür ki, üçüncü şəxsin Ləğv prosesində olan “AG Bank" ASC qarşısında kredit müqaviləsi üzrə 01 mart 2019-cu il tarixinə əsas borcu 3803,74 manat olmuş, fərmana əsasən borcun azaldılmasına yönəldilmiş məbləğ 335.67 manat təşkil etmiş, həmin ödənişdən sonra qalıq borcu 3468,07 manat olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, Ləğv prosesində olan “AG Bank" ASC ilə bağlanılmış həmin kredit müqaviləsi restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir. İddiaçı tərəfindən Ləğv prosesində olan “AG Bank" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə yazılı qaydada müraciətlər olunaraq, həmin kredit müqaviləsinin restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunsa da onlar heç bir əsaslı səbəb olmadan qeyd olunan müraciətlərə guya həmin məlumatlar bank sirrini təşkil etdiyi üçün cavab verilməkdən imtina edilmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Lakin fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin halhazırki günədək tam restrukturizasiya olunmadığı müəyyən olunmuşdur. Mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması, ümumiyyətlə kredit müqaviləsinin lazımınca icra olunmaması barədə ona heç bir məlumat verilməməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki fərmana əsasən restrukturizasiya olunan kredit müqaviləsi üzrə bütün faiz və cərimə borcları silinməlidir. Əgər Ləğv prosesində olan “AG Bank’' ASC üçüncü şəxsin kredit müqaviləsi üzrə öhdəliyin müəyyən hissəsini, yəni dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləği qəbul edib borcundan silmişdirsə bu o deməkdir ki, fərmana əsasən dövlətin tətbiq etdiyi güzəştdən yararlanmış, lakin özü vətəndaşa münasibətdə tətbiq etməli olduğu güzəşti etməkdən yayınmışdır. Bu isə hüquqlardan sui-istifadə deməkdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli 2(006)- 254/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia tələbi qismən təmin edilmiş, Ləğv prosesində olan "xxxx" ASC ilə X5 arasında bağlanmış 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsinin restrukturizasiya olunması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 ASC tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin qismən ləğv edilməsi və kredit müqaviləsinin restrukturizasiya olunması hissəsində qətnamənin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşdüyündən cavabdeh tərəfindən restrukturizasiya prosesi üçüncü şəxsə münasibətdə həyata keçirilməlidir. Bununla bağlı müvafiq Fərmana əsasən, problemli kreditlər üzrə faiz və cərimə borcu həmin kredit müqaviləsi restrukturizasiya edilən zaman müvafiq hissədə silinir. Beləliklə, yalnız restrukturizasiya olunan kreditlərdə faiz və cərimə silinməlidir. Cavabdehin kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşsə də, o, 31 dekabr 2019-cu il tarixə qədər Banka yaxınlaşmamış və bununla bağlı Banka heç bir müraciət etməmişdir. Halbuki, üçüncü şəxs X4 bununla bağlı Bank tərəfindən 27.11.2019-cu il tarixdə Zərdab rayonu Salahlı kəndinə NRM/351 nömrəli bildiriş göndərilmişdir. Cavabdehin krediti restrukturizasiya edilmədiyi üçün həmin kreditə görə dövlət tərəfindən Banka hər hansı vəsait ödənilməmişdir. İkincisi, Fərmandan da göründüyü kimi, restrukturizasiya edilməsi nəzərdə tutulan problemli kreditlər üzrə faiz və cərimə borcunun silinməsi məcburi xarakter daşımır və bu məsələ Banklara tövsiyə edilmişdir. Tövsiyə xarakterli məsələlərdə istər fiziki, istər hüquqi şəxslər qərar qəbul etməkdə sərbəstdirlər. "xxxx" ASC-nin Nərimanov filialının 27.11.2019-cu il tarixli NRM/351 nömrəli Bildirişindən görünür ki, Bank tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmana əsasən, 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 nömrəli kredit müqaviləsinin əsas məbləğinin restrukturizasiya olunması məqsədi ilə X3 12 ay güzəşt müddəti olmaqla 5 il müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla Azərbaycan Manatı məbləğində yeni kredit ayrılması təklif olunmuş və kredit restrukturizasiya olunduğu təqdirdə hesablanmış faizlərin bağışlanması bildirilmişdir. Xahiş olunmuşdur ki, qeyd olunan şərtlərdən faydalanmaq üçün Koroğlu Rəhimov küçəsi 3 A ünvanında yerləşən "xxxx" ASCnin “Nərimanov” filialına müraciət edilsin. Yəni, Bank vaxtında kredit müqaviləsinin əsas məbləğinin restrukturizasiya olunması məqsədi ilə bildiriş göndərmiş, lakin üçüncü şəxs T.Bayramov, öz iddia ərizəsində dəfələrlə yazılı müraciətlər etməsini qeyd etsə də, restrukturizasiya ilə bağlı hər hansı bir rəsmi ərizə ilə banka müraciət etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh ASC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırda qətnamə yalnız cavabdeh ASC-nin mübahisələndirdiyi iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsindən görünür ki, müqavilə Cavabdeh2 ASC ilə X5 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 ASC tərəfindən X3 18 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. 05.09.2014-cü il tarixli 126.CL.050914.00005/C saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə Cavabdeh2 ASC, X5 və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən İddiaçı 05.09.2014-cü il tarixli 126.LN.2102.050914.00005 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən X2 10.000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zərdab Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli 2(035)-338/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər X3, İddiaçı və X7 qarşı borc tələbinə dair iddiasının təmin edilməsi, 05.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada əsas borca görə 3803,74 manat, faizə görə 897,09 manat, cəriməyə görə 605,29 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5336,12 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi qət edilmişdir. 22.02.2021-ci il tarixli Problemli kreditlərin kompensasiyası barədə məlumatdan müəyyən olunur ki, X2 01.03.2019-cu il tarixinə Cavabdeh2 ASC-yə əsas kredit borcu 3803,74 manat, borcun azaldılmasına yönəldilən məbləğ 335,67 manat, qalıq borcunun və restrukturizasiya olunması təklif olunan məbləğ 3468,07 manat olmuşdur. Birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddiasını kredit müqaviləsinin restrukturizasiya olunması hissəsində əsaslı hesab edərək, qismən təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh ASC həmin hissəni mübahisələndirmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin Qaydanın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 7.10-cu bəndinə əsasən restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən aşağıdakılar təmin olunur: 7.10.1. ən azı aşağıdakı məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması): 1. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitələri; 2. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat. 7.10.2. Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh tərəfindən bu proses keçirilməmiş, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsir dairəsinə düşdüyündən cavabdeh tərəfindən restrukturizasiya prosesi üçüncü şəxsə münasibətdə həyata keçirilməlidir. Cavabdeh ASC apelyasiya şikayətində göstərmişdir ki, Bank tərəfindən 27.11.2019cu il tarixdə Zərdab rayonu Salahlı kəndinə NRM/351 nömrəli bildiriş göndərilmişdir. Lakin iş materiallarında həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən hər hansı sübut yoxdur, nə də ki, belə bir sübut cavabdeh ASC tərəfindən təqdim edilməmişdir. Qaydaların 7.10-cu bəndinə əsasən isə bildirişin alınmasını təsdiq edən formada çatdırılması təmin edilməlidir. Göründüyü kimi cavabdeh ASC-nin apelyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqla, əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apelyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-254/2022 saylı iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar