Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3539/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və sair”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1729/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarışın və bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir)
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abid X1 ilə biznes fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda o, həm də mühasibatlıq işlərinə nəzarət edirdi. Biznesi gücləndirmək məqsədi ilə onlara pul lazım idi. X5 dostu iş üzrə Cavabdeh pul ala biləcəyini bildirmişdir. Hər ikisinin razılığı ilə onlar Cavabdeh hər ay alınan məbləğin 1,1 faizini ödəmək şərtilə 340000 ABŞ dollar borc pul almışdır. Pulun qaytarılmadığı halda təminat kimi iddiaçı özünə mülkiyyət hüququ ilə məxsus olan Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, mənzil 379 ünvanda yerləşən sahəsi 160,10 kv/m olan mənzili 02 mart 2018-ci il tarixdə 53 saylı Dövlət Notariat Kontorunda ******* nömrəli əmlakın alqı-satqı müqaviləsinə əsasən formal olaraq iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Qarşılıqlı razılaşmaya görə pul ödənildikdən sonra mənzil rəsmi olaraq iddiaçıya qaytarılmalı idi. Bu minvalla hər ay 340000 ABŞ dollarının 1,1 faizinə görə manat məzənnəsi ilə hər ay 6153 manat olmaqla, 62 ay ərzində 381.486 manat, ABŞ dolları ilə 224.403 dollar pul ödənilmişdir. Alınan pulun təminatı kimi formal olaraq alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının evinin real bazar qiyməti 650000-700000 manat, yəni 382000-411000 ABŞ dollar təşkil edirdi. Mənzilin real bazar qiymətindən aşağı satılmasına razılaşmasına səbəb isə pul ödənildikdən sonra mənzilin geri qaytarılacağına inam idi. Bir daha mənzilin formal olaraq Cavabdeh adına rəsmiləşdirilməsinin sübutu kimi mənzil xx.xx.2018-ci ildə alqı-satqı edilsə də, qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına xx.xx.2022-ci ildə alınmışdır. Mənzili xx.xx.2018-ci il tarixdə satılsa da, iddiaçı ailəsi ilə indiyə qədər həmin mənzildə yaşayır. Yəni onlar arasında da mənzilin boşaldılması barədə hər hansı bir şərt olmamış və kirayə haqq ödənilməmişdir. Cavabdeh mübahisəli mənzilə mülkiyyət hüququnu alqı-satqı müqaviləsi bağlandıqdan sonra qeydiyyata almamışdır. Yəni cavabdeh mənzilə sahiblik, istifadə və mülkiyyət hüququnun əldə edilməsində maraqlı olmamışdır. Cavabdeh verilən pulu kredit müqaviləsi bağlamaq niyyətində olmamış, formal olaraq mənzilin alqı-satqısını rəsmiləşdirilməsi əsasında razılıq verilmişdir. Bu isə yalan əqddir. Tərəflər arasında alqısatqı müqaviləsi formal olaraq tərəflərin nəzərdə tutduğu iradə ifadəsinin əks etdirməməklə əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd bağlandığı andan etibarsızdır və hər hansı bir hüquqi nəticə yaratmır. Cavabdeh iddiaçının düşdüyü ağır vəziyyətdən suiistifadə edərək, hər ay 2500 manat olmaqla mənzil kirayə müqaviləsi bağlanmışdır. Hansı ki, həmin ərazidə mənzillər şəraitindən asılı olaraq ***-**** manat arasında dəyişir. Bundan əlavə əgər tərəflər arasındakı mənzilin alqı-satqı müqaviləsi əhəmiyyətsizdirsə, ondan irəli gələn bütün müqavilələr də əhəmiyyətsiz olmaqla etibarsızdır. Belə olan halda iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsi də, hər hansı bir hüquqi nəticə yaratmadan da etibarsızdır.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-1729/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 saylı mənzilə dair Bakı şəhəri 53 saylı Notariat notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 4Ə-2020 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında 02 mart 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********55-05301-093159, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 379 üzərində Cavabdeh adına aparılmış qeyd və onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması, 02 mart 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənilmiş 340000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi və iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürməklə iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, iddia müddətinin ötürülməsinə və buna görə də iddinın rədd edilməli olmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia müddəti isə cavabdehin sözügedən məsələ ilə bağlı polisə, məhkəməyə müraciət etdiyi andan yox, iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən yaranmışdır. Bundan başqa, iddiaçı əqdin etibarsızlığı ilə bağlı iddia qaldırsa da, bunun əsası kimi məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən yalnız birinci baxış iclası yekunlaşdıqdan sonra cinayət işinin rədd edilməsi barədə qərar təqdim edilmiş və həmin qərarda da əqdin etibarsızlığı sübut edən heç bir məlumat öz əksini tapmır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, rayon məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və tərəflər arasında olan münasibətləri doğru qiymətlədirə, müvafiq olaraq da onlara düzgün hüquqi qiymət verə bilməmişdir. Belə ki, rayon məhkəməsi tərəflər arasındakı alqı-satqı müqaviləsi ilə, onların arasında olan və cinayət təqibi orqanı tərəfindən araşdırma predmeti təşkil edən, iddiaçı tərəfindən cavabdeh və digər şəxslərə məxsus pul vəsaitlərinin əla keçirilməsi faktları ilə bağlı olan məsələləri qarışdırmış, həmin məsələlərin və həmin münasibətlərdəki pul vəsaitlərinin hazırda mübahisələndirilən mənzilin alqı-satısına görə ödənilən vəsaitlə əlaqəli olmamasına, bunun təsdiqi kimi, iddiaçının satdığı mənzilə dair sonradan həmin mənzilin qanuni mülkiyyətçisi olan cavabdehlə, həm də notariat qaydasında mənzil kirayə müqaviləsi bağlaması kimi olduqca mühüm əhəmiyyətli halları nəzərə almamış, nəticədə də iş üzrə səhv qənaətə gəlmişdir. İddiaçı həmin ərəfədə biznesinin inkişafı üçün çoxlu pula ehtiyacı olmuş, bu məqsədlə cavabdeh və başqa səxslərdən böyük məmləğlərdə pullar almış, eyni zamanda da həmin ehtiyacını qarşılamaq üçün mülkiyyətində olan mənzilini cavabdehə satmış, həmin alqı-satqı tam qanuni olmuş və mənzilin müqavilədə müəyyən edilmiş qiyməti də iddiaçıya tam ödənilmişdir, bunu heç kim mübahisələndirmir də. İddiaçı tərəfin mübahisəni barışıqla həllinə dair təklifinə gəldikdə isə cavabdehin vəkil bildirdi ki, iddiaçının təklifi qəbul edilən deyil, çünki iddiaçı hazırda mübahisələndirilən mənzilin cavabdehdə qalmasını və bunun müqabilində də cavabdehin ona qarşı olan pul tələblərindən imtinasıni istəyir. Bu isə mümkün görünmür, çünki iddiaçı özü bundan öncə də dəfələrlə borclu olduğu pul vəsaitindən müəyyən məbləğin güzəşt edilməsini, qalan vəsaitin isə ödənilməsinə razı olduğunu bildirmiş, sonra isə yayınmışdır.
6. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında bildirdi ki, o, tikinti materallarının biznesi ilə məşğul olmuş, Türkiyədən çoxlu miqdarda malların gətirilməsini təşkil etmiş, bu əsasla bir sıra tanışlarından sələmə pul almış, bu zəmində də cavabdehdən 340.000 ABŞ dolları borc istəmiş, cavabdehdən bundan başqa da faizə pullar almış, cavabdeh ondan 340.000 ABŞ dollarına təminat istəmiş, belə olan halda razılaşmışlar ki, mənzilinin cavabdehin adına alqı-satqı etsin, həmin vaxt mənzilin müqavilədə razılaşdırilmiş məbləği cavabdeh tərəfindən tam olaraq ona ödənilmiş, belə razılaşmışlar ki, o həmin vəsaiti qaytardıqda cavabdeh mənzili yenidən ona qaytaracaq, əgər qaytara bilməsə, mənzil cavabdehdə qalacaq, sonradan işləri çətinləşmiş, cavabdehdən aldığı həmin vəsaitin faizlərini versə də, əsas pulu qaytara bilməmiş, bu gün də imkansızlığından həmin pulu qaytarmadığını təsdiq edir, mübahisənin barışıqla həll etmək istəyir, bu barədə qarşı tərəflə dəfələrlə müzakirələri olmuş, o barışıq üçün özünə məxsus bağ evini və ya hazırda mübahisələndirilən mənzili təklif edir, lakin cavabdeh ondan əlavə pul tələb edir, hazırda o mübahisələndirilən mənzilin cavabdehə qalmasına razıdır, bir şərtlə ki, cavabdeh ona qarşı pul tələblərindən imtina etsin, barışıq olmayacağı halda şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bununla belə, iddiaçı mənzilə dair alqı-satqı müqaviləsi bağladıqdan sonra cavabdeh ilə həmin mənzilə dair 22 iyul 2023-cü il tarixli, həm də notariat qaydasında kirayə müqaviləsi bağlamasının səbəblərinə dair bildirdi ki, həmin müqaviləni məcburiyyətdən bağlamışdır, lakin həmin məcburiyyətin nədən ibarət olduğunu inandırıcı və ağlabatan şəkildə izah edə bilmədi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək bildirdi ki, həqqətən də iddiaçı mübahisəni barışıqla həll etmək istəyir, tərəflər arasında buna dair çoxlu danışıqlar olmuş, özünün də bu məsələdən məlumatı var, lakin cavabdeh tərəf mənzildən əlavə pul tələb edir, bu səbədən də razılıq əldə olunmur, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
8. İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli 02 mart 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi /*160.1 kv/m olan mənzili 590000 manat qiymətinə alıcıya satmış, həmin məbləğin 232400 manat hissəsi satıcının banka olan borcunun silinməsi üçün "xxxx" ASC-yə ödənilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, 379 saylı mənzil üzərində tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
10. Cavabdeh ilə kirayəçi İddiaçı arasında bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160.1 kv/m olan mənzili kirayəçiyə aylıq 2500 manat məbləğinə xx.xx.2024-cü il tarixinədək kirayəyə vermişdir.
11. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş X2 ərizəsi əsasında 07 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 07 oktyabr 2023-cü il tarixdə Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X7 tərəfindən vətəndaş X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının ədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərardan görünür ki, X5 şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müraciət edərək bildirmişdir ki, bir neçə dəfə ondan borca pul alıb qaytaran və bununla etibarını qazanmış İddiaçı onun uşaqlıq dostu Cavabdeh 2018-ci ildə 1 ci-dəfə 340000 ABŞ dolları, 2-ci dəfə 25000 ABŞ dolları, 3-cü dəfə 20000 ABŞ dolları, 4-cü dəfə 45000 ABŞ dolları, beləliklə ümumilikdə 430000 ABŞ dolları almışdır. Abid aldığı 430000 ABŞ dolları məbləğində pulun müqabilində 4570 ABŞ dolları bir müddət vermiş, sonradan isə həmin məbləği də verməmişdir. Hazırda Abid, onun Cavid adlı dostundan aldığı 220000 ABŞ dolları, digər dostu Cavabdeh aldığı 430000 ABŞ dolları məbləğində pulları qaytarmamışdır. Pulları qaytarmasını Abiddən tələb etsə də, Abid onu hədələyərək, pulları müxtəlif bəhanələr ilə qaytarmamışdır.
12. Həmin qərarda göstərilmişdir ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, uşaqlıq dostu olan X5 vasitəsilə İddiaçı tanımışdır. Abid mütəmadi olaraq ondan borca pul almış və dediyi vaxta pulları qaytarmaqla onun etibarını qazanmışdır. Abid, Ramilin vasitəsilə ona Türkiyə Respublikasından santexnika malların biznesi ilə məşğul olmasını, onun investor kimi həmin biznesə kapital yatıracağı halda onun pulları ilə Azərbaycana mal gətizdirib, malların satışını həyata keçirməklə əldə etdiyi gəlirdən 30 faiz aylıq gəlir ona verəcəyini bildirmişdir. 2018-ci ilin mart ayında Ramil Məhərrəmovun iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül bazarı deyilən yerdə Abidin ofisində əlbəəl özünə 340000 ( üç yüz qırx min ) ABŞ dolları, bundan sonra ikinci dəfə həmin ünvanda 25000 ABŞ dolları, üçüncü dəfə yenə eyni ünvanda eyni məqsədlə 20000 ( iyirmi min ) ABŞ dolları, dördüncü dəfə isə 45000 ABŞ dolları, beləliklə ümumilikdə 430000 (dörd yüz otuz min ) ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulları 1 il ərzində vermişdir. Abid ayda ona təxminən 4000 ABŞ dolları vermiş və guya onun aylıq şərikli qazancı olduğunu, istədiyi vaxt verdiyi pulları geri alacağını da demişdir. Abiddən dəfələrlə pulunu tələb etməsinə baxmayaraq, qaytarmamışdır. Ramilin digər dostu Caviddən də 220000 ABŞ dollarını eyni üsulla aldığını və ona da qaytarmadığını eşitmişdir. Abid pulları alan zaman onlara pulu santexnika malları biznesinin dövriyyəsinə buraxacağını, dövriyyədən qazanılan qazancın 30 faizi dövriyyəyə yatırılan kapitalını dövriyyədən çıxara biləcəyini demişdir.
13. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Ramil Məhərrəmov ilə 20 ilə yaxındır ki, dostluq münasibətləri vardı. Təxminən 2003 2004-cü illərdə onun yanına gəlib-gedən Ramil ona köməklik göstərməyə başlamış, qeyri rəsmi işləyərək malın alqı-satqısı mühasibatlığını həyata keçirməyə başlamış, qeyri-rəsmi işləyərək malın alqı-satqısı mühasibatlığını həyata keçirməyə başlamış və beləliklə iş birlikləri yaranmışdır. Maliyyə sıxıntısı olduğu zaman Ramil Məhərrəmov ona “mən səyyar büdcə olaraq bankdan, qohumlarımdan pul götürüb sənə yardım edə bilərəm” demişdir. Ramil birinci dəfə ona qohumundan 180000 manat borc götürüb, başqa şəxsə borc vermişdir. 2015-ci ildə dollar 1 manat 5 qəpiyə qalxanda 180000 manat borcu 78 qəpik dollar məzənnəsi ilə həmin borc 229500 dollar dəyərində yazılmışdır. Ona 9500 ABŞ dolları məbləğində pulu nağd şəkildə ödətdirərək 220000 ABŞ dolları aylıq 1.1 faiz sələm olmaqla 2420 ABŞ dolları aylıq faiz ödəmişdir. Pul ehtiyac olduğu zaman 20000 ABŞ dolları bir götürüb yenə ehtiyac olanda 25000 və yenə ehtiyac olanda 45000 ABŞ dolları borc götürmüş, pulların hər bir hissəsinə 1.5 faiz aylıq sələmə faiz ödəmişdir. Təkrar pul lazım olduğu zaman təxminən 2017 2018-ci illərdə ünvan 3 ünvanda yerləşən yaşayış binasının 379 saylı mənzilini alqı-satqı edərək 340000 ABŞ dolları qiymətləndirərək ona həmin məbləğdə pul ödəmişlər, bu pula görə aylıq 3613 ABŞ dolları 6150 manat məbləğində pul ödəmişdir. Həmin pulları ödəyə bilmədikdə ona hədə qorxu gələrək evdən çıxmayacağı təqdirdə ona pis olacağını deyib, ona vaxt verib, 6 aya evi boşaltmağı tələb etmişlər, ya da 2500 manat aylıq icarə haqqı ilə kirayə qaldığını özündə əks etdirən müqavilə bağlatdırmışlar. Həmin vaxtdan 2 ay keçmiş, 2500 manatdan 5000 manatı ödəmədiyi üçün Nərimanov rayon polis idarəsinə şikayət etmişdir. Əslində Fuada 430000 ABŞ dolları borcu qalmış, 18000 manat puldan xəbəri yoxdur, 340000 ABŞ dolları əvəzində yaşadığı evini əlindən almışlar. Cavidə isə borcu yoxdur. Cavabdeh, Ramin, Cavid ilə görüşə Seyid adlı tanışı ilə getmiş, borc məsələsi orada aydınlaşdırılmış, Hicran Seyidov sual verərək puldan nə qədər keçə bilərsiniz soruşduqda, onlar heç bir məbləğə güzəşt etməyəcəklərini bildirmişlər. Hicran heç kimə hədə qorxu gəlməmişdir.
14. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 29 fevral 2024 cü il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edlməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.
15. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 “cinayət işinin icraatına xitam verilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərarından məlum olur ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayər təqibinə və Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir.
16. “Buta” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 260 nömrəli Qiymətləndirmə aktından görünür ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 nömrəli mənzilin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmiş, həmin mənzilin mart 2018-ci il tarixdə bazar qiyməti 680000 manat, fevral 2024-cü il tarixdə 635000 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
17. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.... 351.2. Əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edəsə, bunula o, mübahisə etmək hüququnu itirir.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 304.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları:
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
19. Hazırkı halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 02 mart 2018ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, 379 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmçinin müqavilənin 4 cü maddəsinə görə mənzilin satış qiyməti 590000 manat kimi və həmin məbləğin 232400 manat hissəsinin satıcının banka olan borcunun silinməsi üçün "xxxx" QSC-yə ödənilməsi qeyd edilmişdir. Həmin mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
22. Birinci instansiya məhkəməsi isə iddia tələbini mübahisələndirilən hissədə təmin edərkən belə qəanətə gəlmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanılmış yalan əqd olmaqla, iddiaçının cavabdeh qarşısında olan borc öhdəliklərinin icrasını təmin etmək məqsədi daşıdığından, həm də görünüş üçün bağlanmış uydurma əqd olmaqla əhəmiyyətsiz olduğu üçün etibarsız hesab edilməlidir.
23. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşmaq olmaz. Əvvala ona görə ki, həmin qətnaməsində rayon məhkəməsinin mövqeyi ziddiyyətli olmuşdur. Belə ki, rayon məhkəməsi mübahisələndirilən əqdə münasibətdə MM-in 340.1 və 340.2-ci maddələrinə istinad etmişdir və mübahisələndirilən əqdin həm görünüş üçün bağlanan uydurma əqd, həm də başqa əqdi pərdələyən yalan əqd olduğunu qeyd etmişdir. Bununla belə, qətnamənin əsaslandırıcı hissəsində (bax: qətnamə 11- ci vərəqin ikinci abzası, iş/v. 130) qəti olaraq həmin əqdin uydurma, yəni görünüş üçün bağlandığı qənaətinə gəlmişdir. Rayon məhkəməsi nəzərə almamışdır ki, görünüş üçün bağlanan uydurma əqdlə, başqa əqdi pərdələyən yalan əqd tam fərqli əqdlər omaqla, onlar fərqli münasibətləri tənzimləyir və eyni əqdə münasibətdə həm onun görünüş üçün bağlanan uydurma, həm də yalan əqd olması mümkünsüzdür.
24. Belə ki, MM-in 340.1-ci maddəsində uydurma əqdin anlayışı verilmişdiruydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Başqa sözlə desək, bu mövcud olmayan əqddir və bu halda tərəflər üçün hər hansı hüquq və vəzifələr müəyyən olunmur və yaranmır. MM-in 340.2-ci maddəsində isə yalan əqdin anlayışı verilmişdir- yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqdir və yalan əqddə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq edilir. Başqa sözlə desək, uydurma əqddən fərqli olaraq yalan əqddə tərəflər arasında hüquq və vəzifələri müəyyən edən – yaradan münasibətlər yaranır, yəni tərəflər arzu etdikləri məsələyə dair razılığa gəlir, buna müvafiq olaraq da onların həmin əqddən irəli gələn hüquq və vəzifələri yaranır, lakin tərəflər bu və ya başqa səbəbdən həmin əqddə dair deyil,başqa bir əqddə dair müqavilə (razılaşma) imzalayırlar. Demək ki, uydurma əqdən fərqli olaraq yalan əqddə tərəflər arasında hüquq münasibətləri mövcud olur, tərəflər həqiqi iradə ifadəsi olaraq hansısa məsələyə dair razılığa gəlir, buna müvafiq olaraq da onların qarşılıqlı hüquq və vəzifələri yaranır, lakin onlar razılığa gəldikləri əqdi müxtəlif səbəblərdən başqa bir əqdlə pərdələyirlər. MM-in istinad olunan 340.2-ci maddəsinin tələbinə əsasən yalan əqd əhəmiyyətsiz olsa da, bu halda tərəflərin həqiqətdə nəzərdə tutduqları əqddə aid qaydalar tətbiq edilməlidir.
25. Hazırkı işin faktiki halları baxımından yanaşıldıqda aşkar müəyyən olunur ki, MM-in 340.1-ci maddəsinə təsbit olunmuş hal- yəni mübahisələndirilən əqdin uydurma olması istisna olunur.
26. Rayon məhkəməsinin qətnaməsində istinad etdiyi ikici halla bağlı, yəni mübahisələndirilən əqdin yalan əqd olmasına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd ediləsini zəruri hesab edir. Hazırkı işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əqd başqa əqdi pərdələyən əqddir. Belə ki, tərəflər arasında uzun müddət davam etmiş borc pul münasibətlərinin olması, iddiaçı tərəfin bildirdikləri, satılmış mənzildə hal-hazıradək də iddiaçının ailəsi ilə birlikdə yaşaması, mənzilin qiymətinin real bazar qiymətindən aşağı göstərilməsi, cavabdehin və digər şəxslərin cinayət təqibi orqanında aparılan araşdırmalar zamanı verdikləri izahatlar belə qənatə gəlməyə əsas verir ki, iddiaçının mübahisələndirdiyi mənzilin alqı-satqı müqaviləsi yalan əqd olmaqla, əslində tərəflərin həqiqətdə nəzərdə tutduqları iddiaçının cavabdehdən aldığı 340.000 ABŞ dolları məbləğində borcun təminatı kimi ipoteka müqaviləsini pərdələmişdir. Habelə müəyyən olunmuşdur ki, həmin alqı-satqı müqaviləsi üzrə mənzilin müqavilədə razılaşdırılmış qiyməti cavabdeh tərəfindən iddiaçıya tam olaraq ödənilmiş, həmin məbləğin bir hissəsi iddiaçının banka olan borcunun ödənilməsinə yönəldilmiş, mənzilin qiyməti real bazar qiymətinə yaxın olmuş, eləcə də həmin əqd bağlanarkən daşınmaz əşyalara dair qanunvericilkidə nəzərdə tutulmuş bütün formal prosedurlara (səlahiyyətli şəxslərin razılıqarı və s.) əməl edilmişdir. İddiaç tərəf qeyd olunan halları (yalnız mənzilin bazar qiymətinə aid hissə istisna olmaqla) nəinki mübahisələndirmir, əksinə, təsdiq etmişdir.
27. Bunula yanaşı, aparılmış araşdırmalarla mübahisəsiz qaydada həm də müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan xeyli müddət sonra, 22 iyul 2023-cü il tarixdə tərəflər arasında həmin mənzilə dair notariat qaydasında təsdiqlənmiş mənzil kirayə müqaviləsi bağlanılmış, kirayə müqaviləsində mənzilin mülkiyyətçi Cavabdeh həmin mənzili iddiaçıya kirayəyə verdiyi təsbit edilmişdir.
28. Göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqaviləsinin formal olaraq tərəflərin nəzərdə tutduğu iradə ifadəsinin əks etdirməməklə əhəmiyyətsiz əqd olduğunu bildirən iddiaçı, qeyd olunan müqavilənin bağlanmasından sonra həmin mənzilə dair mənzilin mülkiyyətçisi olan cavabdehlə notariat qaydasında təsdiqlənmiş mənzil kirayə müqavilə bağlamışdır.
29. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsindən sonra həmin mənzilə dair cavabdehlə kirayə müqaviləsi bağlamaqla 02 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsini təsdiq etmiş və bununla da alqı-satqı müqaviləsi ilə razı olduğunu bəyan etmiş və cavabdehi mənzilin mülkiyyətçisi olmasını təsdiq (qəbul) etmişdir.
30. MM-in 351.2-ci maddəsinin tələbində nəzərdə tutlmuşdur ki, əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinin tələbinə görə isə əgər əqd onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edəsə, bunula o, mübahisə etmək hüququnu itirir. Belə olan halda bəlli olunur ki, rayon məhkəməsi hazırkı işin faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə də mübahisələndirə hissəyə münasibətdə düzgün olmayan qətnamə qəbul etmişdir.
31. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, qətnamənin mübahisələndirilən hissəsində iddianın təmin olunması barədə səhv qənaətə gəlmişdir.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
33. Həmçinin, hazırkı mülki mübahisə üzrə müəyyən olunur ki, tərəflər, eləcə də rayon məhkəməsi tərəfindən iddiaçı ilə cavabdehin və üçüncü şəxslərin aralarında olan borc pul mübahisəsi ilə bağlı cinayət təqibi orqan tərəfindən aparılmış icraatla əlaqədar qəbul olunmuş müxtəlif qəralara istinad olunmuşdur. Məhkəmə kollegiyası, prosessual qənaət prinsipi, eləcə də həmin xüsusatların hazırkı mübahisənin həlli üçün əhəmiyyətinin olmaması baxımından, tərəflər arasında hazırkı mübahisəyə səbəb olmuş mənzilin alqı-satqısi ilə bağlı verilmiş və mübahisəsiz olmuş 340.000 ABŞ dolları məbləğində pul vəsaitinindən başqa, həm tərəflər, həm də üçüncü şəxslər arasında ixtilafa səbəb olan və cinayət təqibi orqanının həmin qərarlarındakı xüsusatlara dair münasibət bildirilməsinə lüzum görmür.
34. Mülki Prosessual Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Nəticə:
35. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
36. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.
37. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-1729/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 saylı mənzilə dair Bakı şəhəri 53 saylı Notariat notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 4Ə-2020 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında 02 mart 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və sair” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.