Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3540/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(010)-226/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 4000 manat, dəymiş mənəvi zərərə görə əvəzi olaraq 2000 manat və ödənilmiş dövlət rüsumunun 30 manat olmaqla, cəmi 6030 (altı min otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddətdir iddiaçının evinin üst mərtəbəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, ev 28, mənzil 79-də yaşayan Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində, yaşadığı həmin binanın 77 saylı mənzili olduqca bərbad hala salınmışdır. Belə ki, Suraxanı MKTBnin 62 saylı MKİS tərəfindən tərtib edilmiş akta əsasən onun yaşadığı mənziliə su axıdılması faktı təsdiq edilmişdir. Bunun nəticəsində mənzilinin divarları, tavanı çox pis vəziyyətə düşmüşdür. Dəfələrlə cavabdehə belə hərəkətlərinə son qoymasını tələb etsə də heç bir müsbət dəyişiklik olmamışdır. Mənzilinin təmir edilməsinə və həmin məişət avadanlıqlarının təmir edilməsinə hal-hazırda ən azı 4000 manat məbləğində pul lazımdır. Maddi zərərdən başqa cavabdehin qanunsuz hərəkəti ucbatından o və ailə üzvləri mənəvi zərər çəkmişlər. Suraxanı rayonu 33-cü Polis Bölməsinə şikayət etsə də, heç bir müsbət nəticə əldə edilməmiş, cavabdeh öz yaramaz əməlinə israrlı olaraq davam etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(010)- 226/2022 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 2888 (iki min səkkiz yüz səksən səkkiz) manat məbləğində maddi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərcinin (ekspertiza xərci) cavabdehə aid edilməsi qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ekspertiza rəyinin əsassız olması, zərərin məbləğinin düzgün hesablanmaması, reallığı əks etdirməməsi, əvvəllər şəxsi təşəbbüsü ilə iddiaçının mənzilinə dəymiş zərərin qarşılanması ilə bağlı dəfələrlə müraciət etsə də, iddiaçının buna razı olmaması, fantastik tələblər irəli sürməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin qonşu olması, yəni iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, ev 28, 77 saylı mənzilin mülkiyyətçisi olmaqla orada yaşaması, cavabdehin isə iddiaçıya məxsus mənzilin bir mərtəbə üst mənzilinin, yəni 79 saylı mənzilin mülkiyyətçisi olamaqla orada yaşaması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işdə olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 62 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı şikayəti əsasında onun yaşadığı mənzilə baxış keçirilmiş və üst mərtəbədə yerləşən 79 saylı mənzildən onun yaşadığı mənzilə su axması aşkar olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 17 yanvar 2022-ci il tarixli 10/6929 saylı rəyindən görünür ki, iddiaçıya məxsus 77 saylı mənzilin binanın 7-ci mərtəbəsində, cavabdehə məxsus 79 saylı mənzilin isə binanın 8-ci mərtəbəsində yerləşir, 77 saylı mənzilin dəhliz və mətbəx tikilisində qüsurlar əmələ gəlmiş, həmin qüsurların su sızmaya aiddir. 77 mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 79 saylı mənzildən su axıdılığı və nəticədə 77 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunur və 77 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərnə uyğun olaraq 2888,0 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, Cavabdeh sahibliyində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, ev 28, mənzil 79-dan həmin binada yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus 77 saylı mənzilə su axması halı baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axması nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Birinci instansiya məhkəməsi maddi zərərin məbləğini müəyyən edərkən işdə olan sübutlara, həmçinin ekspertiza rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq yoxlanılan hissədə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırki işin hallarından isə qeyd edilən halların mövcudluğu müəyyən olunmuşdur. Eyni zamanda cavabdehin özü də su axıdılma faktını inkar etməmişdir. Belə olan halda isə cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərəri ödəmək öhdəliyi yaranmışdır. İşdə olan sübutlarla (akt, ekspertiza rəyi və s.) iddiaçıya aid yaşayış sahəsinə su axıdılması nəticəsində mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulması aşkar edilmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdə olan ekspertiza rəyindən görünür ki, cavabdehin təqsiri üzündən susızma nəticəsində, iddiaçıya məxsus mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2888 manat məbləğində müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını göstərsə də, rəyin əsassızlığı ilə bağlı dəlillərini əsaslandıra bilməmiş, mülahizələrini ümumi sözlərlə ifadə etmiş, həmçinin ziyanın məbləğinin daha az olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ekspertiza rəyindən isə görünür ki, ekspert iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsində ziyan dəymiş hissələri ətraflı göstərmiş, çəkilən şəxslərin smetasını (divar və tavandan boyanın, şpaklyovka və divar kağızının qaşınması, divar və tavana şpaklyovkanın çəkilməsi, hamarlanması, boyanma, divar kağızının vurulması, döşəmədə yarasız laminat təbəqənin sökülməsi və yenisinin vurulması, əlavə xərclər və s.) hesablamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdehin izahatı da apellyasiya şikayətinin əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (2888 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(010)-226/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(010)-226/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3540/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3540/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver