Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3541/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-456/2024 saylı, 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərtər Hərbi Məhkəməsinin 5 fevral 2018-ci il tarixli, 1(098)-69/2018 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəza çəkməsinin əvvəlinin 9 iyun 2017-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.
2. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM 331.3, 62-ci maddəsi ilə - 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cəza çəkmiş və cəzasını çəkib qurtarmışdır.
3. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X4 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 29 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tabeliyində olan bəzi hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulmaları faktları üzrə ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, həmin işin istintaqı zamanı ona fiziki və psixi zor tətbiq edilərək qanunsuz azadlıqdan məhrum edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə (əməl 331.3-cü maddədən 329.1-ci maddəyə tövsif edilmişdir) istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi kimi 15.000 (on beş min) manat, mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat, cəmi 65.000 (altmış beş min) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş, xx.xx.2014-cü il tarixdə həmin məktəbi bitirdikdən sonra ona leytenant hərbi rütbəsi verilmişdir. O, 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlimtədris mərkəzinin “Zabitlərin dinləyici kursu”nda iştirak etmiş, xx.xx.2015-ci il tarixdə xidmət etmək üçün Müdafiə Nazirliyinin Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinə göndərilmişdir. 6-cı bölüyün 2-ci tağım komandiri vəzifəsində işləyərkən, may ayının əvvəlindən məlum “Tərtər” hadisələri baş vermiş və onu da həmin hadisə ilə bağlı xx.xx.2017-ci il tarixdə saat 21 radələrində xidmət etdiyi hərbi hissənin komandiri polkovnik leytenant Vüsal Ələsgərov hərbi hissəyə çağırtdırmış və yanına gələndə onun şərəf və ləyaqətini təhqir edə-edə qarın nahiyyəsindən yumruqla vurmuş, sonra göstərişi əsasında hərbi hissənin 3-4 nəfər kəşfiyyatçısı onu təhqir edə-edə vəhşicəsinə döymüş, əl-qolunu bağlayıb hərbi hissənin otaqlarından birinə “atmışlar”. xx.xx.2017-ci il tarixdə onu hərbi hissənin çoxsaylı hərbi qulluqçuları ilə birlikdə, əlləri və gözləri bağlı halda Vətənə xəyanət cinayəti ilə bağlı sorğulanmaq üçün N saylı hərbi hissəyə aparmışlar. Həmin hərbi hissədə işgəncə verilə-verilə, o, hərbi əsir kimi 1 (bir) ay saxlanmış, son 15 (on beş) gündə, yəni 25 maydan 9 iyunadək ona dəhşətli formada işgəncələr (bədəninin müxtəlif nahiyələrinə elektrik enerjisi verməklə, suda boğmaqla, ayaq və əl barmaqlarından dırnaqlarını çıxartmaqla, taxta dəyənəklə, dəmir və ya plasitk boru ilə bədənimin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla, əl və ayaqla döyməklə və sair) verilmiş və ağır formada təhqir olunmuşdur. Bu kimi hallar hərbi prokurorluq əməkdaşlarının gözləri qarşısında, bəzən də onların iştirakı ilə baş verirdi. Qeyd olunan işgəncələrə dözə bilmədiyindən (həmin işgəncələrə dözmək mümkünsüz idi), o, sorğu-sual edən müstəntiqə onların ondan tələb etdikləri formada izahat və ya ifadə verməyə razı olduğunu bildirmişdir. Bundan sonra onu Tərtər hərbi prokurorluğunda ifadə vermək üçün aparmış, orada ifadə verdikdən sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 150.1-ci (seksual xarekterli zorakılıq hərəkətləri etmə (şəxsin köməksiz vəziyyətindən istifdə etməklə uşaqbazlıq və ya seksual xarekterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə cinayət işi başlanmış və Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanının 18 dekabr 2017-ci il tarixli qərarına əsasən, əməli Cinayət Məcəlləsinin 331.3-cü və 150.1-ci maddələrindən həmin Məcəllənin 331.3-cü maddəsinə tövsif edilmiş, Tərtər hərbi Məhkəməsinin 5 fevral 2018-ci il tarixli hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə hökmü ilə verilmiş cəzanı tam çəkdikdən sonra azadlığa buraxılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 29 iyun 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, onun əməlində cinayət tərkibi olmadığından, yəni bəraətverici əsaslarla xitam verilmişdir. O, N saylı hərbi hissəyə sorğulanmaq üçün məcburi surətdə aparılanadək, yəni xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edərkən vəzifə maaşı və digər təminatları (vəzifə maaşı dedikdə, rütbə maaşı və sair təminatlar: paltar pulu, yemək pulu, məxfiçilik, mənzil kirəyə haqqı və sair) nəzərə alınmaqla təxminən 1.500 (min beş yüz) manat olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissədə hərbi prokurorluq əməkdaşlarının və xidmət etdiyi hərbi hissə rəhbərliyinin qanunsuz hərəkətlərinə görə o, qanunsuz olaraq 1 (bir) ay saxlanmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 09 (doqquz) ay Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında cəza çəkmişdir. Azərbaycan Respublikası Hərbi prokurorluğunun (Tərtər hərbi prokurorluğu) və Tərtər hərbi məhkəməsinin birbaşa qanunsuz hərəkətləri nəticəsində 9 (doqquz) ay müddətinə qanunsuz olaraq onun azadlıq hüququ məhdudlaşdırılmış və bu səbəbdən o, həmin 9 ay müddətində 13.500 (on üç min beş yüz) manat əmək haqqından məhrum olmuşdur. Eyni zamanda, qeyd olunanlardan bəlli olur ki, o, iradəsindən aslı olmadan Müdafiə Nazirliyinin və Hərbi prokurorluğun əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissədə hərbi prokurorluq əməkdaşlarının və xidmət etdiyi hərbi hissə rəhbərliyinin qanunsuz hərəkətlərinə görə qanunsuz olaraq 1 (bir) ay saxlanmışdır. Normal halda, yəni qeyd edilən qanunsuz araşdırma aparılmadığı halda, o, həmin bir ayı xidmət etməli və əmək haqqı almalı idi. Belə olduğu halda, 10 (on) ay xidmətinə görə ona 1 (bir) ay müddətinə əmək məzuniyyəti haqqı ödənilməli idi ki, bu da 1 (bir) aylıq vəzifə maaşına (digər təminatlar nəzərə alınmaqla) 1500 bərabər tutulmalıdır. Göründüyü kimi, hərbi prokurorluq və məhkəmənin qanunsuz hərəkətləri nəticəsində, o, 10 (on) ay müddətinə cəmi, 15.000 (on beş min) manat əmək haqqı və digər gəlirləri almaqdan məhrum olmuşdur. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 29 iyun 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam veriməsi” barədə qərarından göründüyü kimi barəsində 07 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 150.1-ci (seksual xarekterli zorakılıq hərəkətləri etmə (şəxsin köməksiz vəziyyətindən istifdə etməklə uşaqbazlıq və ya seksual xarekterli digər zorakılıq hərəkətləri etmə)) maddələri ilə cinayət işi başlanmış və Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanının 18 dekabr 2017-ci il tarixli qərarına əsasən, əməli Cinayət Məcəlləsinin 331.3-cü və 150.1-ci maddələrindən həmin Məcəllənin 331.3-cü maddəsinə tövsif edilmişdir. Tərtər hərbi Məhkəməsinin 05 fevral 2018-ci il tarixli hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş arayışla təsdiq olunur. O, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 09 (doqquz) ay müddətinə cəza çəkmiş və məhkəmə hökmü ilə verilmiş cəzanı tam çəkdikdən sonra azadlığa buraxılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 29 iyun 2022ci il tarixli qərarından göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcələsinin 329.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına onun əməlində cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, bəraətverici əsaslarla xitam verilmişdir. Yəni barəsində olan cinayət işi qanunsuz olmuş və o, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdədək 09 (doqquz) ay müddətinə istintaq təcridxanasında qanunsuz saxlanılmış, bu müddət ərzində mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab onun azadlığının əlindən alınmasıdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı anlayış yoxdur. Hüquq-mühafizə orqanlarının təqsiri üzündən, o, azadlığını itirmiş, Azərbaycan dövlət olaraq normal ədalət mühakiməsi yaratmalı olduğu halda bunu etməmişdir. Təhqiqat və istintaq orqanının, prokurorluğun və məhkəmənin yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyət daşıyır. O, ömür boyu (ittiham olunanda 23 yaşı var idi) vicdanla yaşamış və fəaliyyət göstərmiş, ətrafda olanlar və onu tanıyanlar, qohumları, tabeçiliyində olmuş əsgərlər və s. onu vicdanlı, şərəfli bir zabit kimi tanımışdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarekterli hərəkətlər etmə-Azərbaycan əsgərinin köməksiz vəziyyətindən istifdə etməklə uşaqbazlıq etmə (qeyri-təbii üsulla əsgərlə cinsi əlaqədə olma)) maddəsi ilə cinayət işinin başlanması, cinayət işi üzrə istintaq aparılması cəmiyyətdə onun imicini məhv etmişdir. Belə ki, qeyd edilən maddə ilə barəsində cinayət işinin istintaqı aparıldığından onu istintaq təcridxanasında ən pis şəraiti olan 30 nəfərin yaşadığı otaqda (kamerada) yerləşdirdilər. Kamerada olan təqsirləndirilən şəxslərin hamısı ona qarşı çox pis münasibətdə olmaqla yanaşı, onu həmişə təhqir edir, onunla heç kim danışmır və heç kim çörək yemirdi. Əməli Cinayət Məcəlləsinin 331.3-cü və 150.1-ci maddələrindən həmin Məcəllənin 331.3-cü maddəsinə tövsif edilən günədək, yəni barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilən günədək (dekabr 2017-ci il tarixədək) onun yataq yeri tualetin yanı olmuş və həmin tarixədək həmin kameradakı tualetdə təmizlik işləri yalnız onun tərəfindən aparılmışdır. Onun əsgərə qarşı yuxarıda qeyd edilən hərəkətləri etməsi barədə məlumatlar, xidmət etdiyi hərbi hissədə, korpusda, onu tanıyan tələbə yoldaşları və müəllimləri, tanışları, qohumları, valideynlərinə və digər şəxslərə yayılmışdır. Qeyd edilən maddə ilə təqsirləndirildiyinə görə valideynlərinə mağazalar ərzaq satmaqdan belə imtina etmişlər. Nəzərə almaq lazımdır ki, o, 5 il hərbi məktəb oxumuş, ona leytenant hərbi rütbəsi verilmiş və təxminən 2 il tağım komandiri vəzifəsində xidmət etmiş, adları cəlb qərarında, həbs qətimkan tədbirinin seçilməsi, ittiham aktında, hökmdə və sair aktlarda göstərilən şəxslərin qanunsuz və məsuliyyətsiz qərarları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilmişdir. Həmin şəxslərin qanunsuz qərarları və sair olmadığı halda, o, hazırda kapitan hərbi rütbəsində və həmin hərbi rütbəyə uyğun hərbi vəzifədə olmalı idi. Gələcəkdə general hərbi rütbəsində olmağı istisna deyil. Keçirdiyi mənəvi sarsıntıları heç bir pulla ölçmək mümkün deyil. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Ona vurulan mənəvi sarsıntıları 50.000 (əlli min) manat həcmində dəyərləndirir.
6. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Lakin iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Nazirliyin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır. Bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 148-ci maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-456/2024 saylı 11 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 9.162 (doqquz min bir yüz altmış iki) manat və mənəvi zərərin əvəzi kimi 13.500 (on üç min beş yüz) manat olmaqla, cəmi 22.662 (iyirmi iki min altı yüz altmış iki) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Bununla yanaşı, iddiaçıya hansı məbləğdə maddi və mənəvi ziyan dəyməsi işin mübahisəli halını təşkil etmişdir. Belə ki, iddiaçı azadlıqdan qanunsuz olaraq məhrum edildiyi müddət ərzində ona 9.546,4 manat məbləğində maddi ziyan dəydiyini bildirir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında müəyyən edilir ki, iddiaçı pul təminatı ilə xx.xx.2017-ci il tarixədək təmin olunmuş, xx.xx.2017-ci il tarixdən ona heç bir ödəniş olunmamışdır. Beləliklə, iddiaçının qanunsuz azadlıqdan məhrum edildiyi dövrdə o, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək cəmi 9.162 manat maaşdan məhrum olmuşdur (8 ay 9 günlük əmək haqqı, yəni 8.835,20 manat ≈ [8 ay x 1.104,40 manat] + 326,80 manat [9 gün x (1104,40 / 30,4)]). İddiaçının tələb etdiyi istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası isə məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyan kimi qiymətləndirilməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, maddi ziyan real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır, iddiaçı tərəfindən tələb edilən istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası isə bu əlamətlərə uyğun gəlmir.
9. İddianın “mənəvi ziyan” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu da işin mübahisəsiz halıdır ki, iddiaçının ali təhsilli zabit kimi (yubiley medalı ilə təltif olunmuş leytenant rütbəsində olan tağım komandiri) qanunsuz olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilməsi, ona fiziki və psixi zor tətbiq edilməsi, Vətənə xəyanət cinayətini törətməkdə ittiham olunması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 50.000 manat deyil, 13.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-456/2024 saylı qətnaməsini qismən, mənəvi zərərlə bağlı hissədə ləğv eildərək həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Konstitusiyanın qeyd olunan normasını pozmuş, ona vurulmuş mənəvi zərərin tam yox, qismən ödənilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, qanunvericilik zərərin əvəzinin tam həcmdə ödənilməsini tələb edir. Ona verilmiş dəhşətli işgəncələrin, imicinə vurulan bərpa olunmaz zədənin əvəzini 13.500 manatla kompensasiya etmək nə dərəcədə ədalətli və ağlabatan görünür? Məhkəmə onun hərbi hissədə işgəncə verilə-verilə hərbi əsir kimi 1 (bir) ay saxlanılması, son 15 (on beş) gündə, yəni 25 maydan 9 iyunadək dəhşətli formada işgəncələrə (bədəninin müxtəlif nahiyələrinə elektrik enerjisi verməklə, suda boğmaqla, ayaq və əl barmaqlarından dırnaqlarını çıxartmaqla, taxta dəyənəklə, dəmir və ya plasitk boru ilə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla, əl və ayaqla döyməklə və sair) və ağır formada təhqirlərə məruz qalmağı kimi faktiki hallara əhəmiyyət verməmişdir. İşin hallarından göründüyü kimi o, ağır fiziki vəpsixoloji təzyiqlərə məruz qalmış, imici korlanmış, ağır mənəvi sarsıntı keçirmişdir. Bütün bunların müqabilində ona mənəvi zərərə görə 13.500 manatın müəyyən olunması işin hallarına uyğun olmamaqla yanaşı, ədalətsiz yanaşmadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 6 may 2019-cu il tarixində polkovnik Vüsal tərəfindən hansıkı barəsində hökm çıxmışdır, onun tərəfindən N saylı hərbi hissədə insanlara əzab verilmişdir. Belə ki, iddiaçı təhsil almışdır, zabitdir, leytenantdır, lakin onun barəsində olmayan işgəncələr verilmişdir. 05 may 2017-ci il tarixində iddiaçı tutulmamışdan bir gün qabaq istintaq qrupu yaradılmışdır, həmin qurumların gözü qabağında iddiaçıya işgəncələr verilmişdir, sonda iddiaçı məcbur qalaraq ittihamı etiraf etmişdir. İddiaçının ailəsinə çörək verən yox idi, onun ailəsi yaşadığı yeri tərk etmişdir. Qeyd edilənlərə əsasən mənəvi zərər hissəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin mənəvi zərərlə bağlı hissədə ləğv eildərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 23.1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
24.57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 25.58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
26.1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 27.5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 28.6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 29.7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 30.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 31.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 35.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 36.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. İşin mübahisələndirilməyən hallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin 5 fevral 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə və cəzasını tam şəkildə çəkmiş olsa da, onun Azərbaycan Respublikası CM-nin 331.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin araşdırılması zamanı CPM-nin 303.1, 303.3.3, 303.3.6, 303.3.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Tərtər Rayon Məhkəməsinin 5 fevral 2018-ci il tarixli hökmü və 9 yanvar 2018-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır.
40. Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İbtidai istintaq zamanı İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
41. Qeyd edilən məhkəmə aktlarından İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixinədək, yəni 9 (doqquz) ay qanunsuz olaraq həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(006)-456/2024 saylı, 11 mart 2024-cü il tarixli qətnamə ilə mənəvi zərər olaraq tutulmuş məbləğdən narazı olduğunu bildirir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir.
43. Qeyd edilənləri nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə də razılaşır, mənəvi zərərin iddia tələbində göstərilən məbləğini çox olmaqla real qiymətləndirmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 11.500 manat məbləğində təmin olunmasını isə məhkəmə ədalətli və ağlabatan hesab edir.
44. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması, keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət etmiş olur və heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği ağlabatan deyildir.
45. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-456/2024 saylı 11 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova