Məhkəmə qərarları › İş №2(103)-3542/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3542/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3542/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Sarıyevin sədrliyi ilə, X14 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(004)-505/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 985 manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus “Tofaş Şahin” markalı, **-MX- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 13.07.2018-ci il tarixdə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh1 01.10.2018-ci il tarixdə idarə etdiyi “Tofaş Şahin” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Toyota Corolla” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh X12 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi haqqında tərtib olunmuş 04.10.2018-ci il tarixli protokol və inzibati tənbeh vermə qərarına əsasən X12 avtonəqliyyat vasitəsini etibaramə olmadan idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzubati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. "xxxx" ASC tərəfındən tərtib olunmuş 11.10.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Toyota Corolla” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 985 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 17.10.2018-ci il tarixli sığorta aktına əsasən əsasən dəymiş ziyana görə 985 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Beləliklə, “Tofaş Şahin” markalı, **- MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfındən ödənilmiş 985 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq tutulmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(004)-505/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 985 (doqquz yüz səksən beş) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun qanunsuz və əsassız olduğu üçün qətnamənin ona aid hissədə ləğv edilməsini, Cavabdeh2 aid hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, mülkiyyətində olan “Tofaş Şahin” markalı, **- MX-*** dövlət qeydiyyat nişanlı avtomobili X2. Lakin həmin şəxs avtomobili öz adına rəsmiləşdirmək üçün ödənilməli olan dövlət rüsumlarını ödəməyə hazırda imkanının olmadığını və ona etibarnamə verməyini və həmin etibarnamə əsasında avtomobili öz adına rəsmiləşdirəcəyini bildirdi. Bundan sonra onlar 18.09.2018-ci il tarixdə 6 saylı notariat kontoruna getmiş və o, X9 avtomobillə əlaqədar nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİ No 481408 saylı etibarnamə vermiş və həmin etibarnamə reyestrdə 7E-43933 nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Daha sonra ona məhkəmədən “Paşa sığortanın” subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə bağlı qətnamə göndərildi. Həmin qətnaməni oxuyarkən ona məlum oldu ki, məhkəmə iş materiallarına əlavə edilmiş 04.10.2018-ci il tarixli ƏN-İVNo660460 saylı etibarnaməyə istinad edərək guya onun mülkiyyətimdə olan “Tofaş Şahin” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh1 etibar etdiyini və etibarnamənin 04.10.2018-ci il tarixdə saat 13:56-da Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu Ə.İmanov tərəfindən təsdiqlənərək reyestrdə 7E45888 nömrə ilə qeyd olunaraq informasiya sisteminə daxil edildiyi qənatinə gəlmişdir. Həmçinin yanlış olaraq ona məxsus “Tofaş Şahin” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək sığorta hadisəsini törətdiyini bildirərək "xxxx" ASC-nin qeyd edilən icbari sığorta ödənişi məbləğini ondan tələb edməkdə haqlı olduğunu qeyd edərək iddianı ona qarşı təmin etmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində onun tərəfimdən etibarnamənin 04.10.2018-ci il tarixdə saat 13:56 da verildiyini və sığorta hadisəsinin 04.10.2018-ci il tarixdə saat 13:30-da beş verməsi qətnaətinə gələrək iddianı təmin etsə də, onun avtomobili qanuni əsaslarla idarə etmək və s. səlahiyyətləri icra etmək üçün 18.09.2018-ci il tarixdə saat 17:27-də X10 etibarnamə verdiyini nəzərə almamış, həmçinin iş materiallarına əlavə edilmiş 04.10.2018-ci il tarixli ƏN-İVNo 660460 saylı etibarnamədə imza edən şəxsin o, olmadığına diqqət yetirməyərək düzgün nəticəyə gəlməmişdir. Göründüyü kimi Mülki Məcəllənin 1108.2-ci maddəsində təsbit olunmuşdur ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi məsuliyyət həm mənbə sahibinin, həm də mənbədən istifadə edənin (hazırkı halda avtomobilin sürücüsünün) üzərinə o halda qoyula bilər ki, yüksək təhlükə mənbəyi hüquqa zidd hərəkətlər nəticəsində sahiblikdən çıxmış olsun və qanuni sahib mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olsun. Lakin hazırkı işdə bu şərtlər mövcud deyildir. Çünki o, yüksək təhlükə mənbəyi olan “Tofaş Şahin” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla yəni haqqında ƏN-Vİ No 481408 saylı etibarnamə əsasında vermiş avtomobil qanuni əsaslarla X4 istifadəsində olduğundan, həmin mənbənin vurduğu zərərə görə X13 özü məsuliyyət daşımalıdır, bu zaman qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin mülkiyyətçisi olan onun üzərinə həmin maddi zərərə görə məsuliyyət qoyula bilməz. Həmçinin Apellyasiya Məhkəməsinin nəzərinə çatdırır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirlində Polis Baş Serjantı işlədiyindən işdən çıxmağı mümkün olmamış və həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş edərək, iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı "xxxx" ASC-yə və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, Cavabdeh2 qətnaməni özünə aid hissədə mübahisələndirmişdir. Belə ki, iş materiallarında olan 04.10.2018-ci il tarixli inzibati xəta haqqında protokolun və qərarın surətlərindən görünür ki, 04.10.2018-ci tarixdə, saat 13:30-da X12 idarə etdiyi “Tofaş Şahin” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Toyota Corolla” markalı, **-UT- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq ona maddi zərər vurmuşdur. X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) təqsirli bilinərək cərimə olunmuşdur. İş materiallarında olan 17.10.2017-ci il tarixli sığorta aktından və 15.10.2018-ci il tarixli plastik kartların təhvil-təslim aktından görünür ki, "xxxx" Sığorta Şirkəti tərəfindən “Toyota Corolla” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 985 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 04.10.2018-ci il tarixli, ƏN-İV № 660460 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Tofaş Şahin” markalı, 10- MX-344 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi X5 etibar etmişdir. Etibarnamə 04.10.2018-ci tarixdə, saat 13:56-da Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu Ə.İmanov tərəfindən təsdiqlənərək reyestrdə 7E-45888 nömrə ilə qeyd olunaraq informasiya sisteminə daxil edilmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, X3 04.10.2018-ci tarixdə, saat 13:30-da etibarnamə olmadan idarə etdiyi və “PAŞA Sığorta" ASC-də 13.07.2018-ci il tarixdə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış Cavabdeh2 məxsus olan “Tofaş Şahin” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədərək, “Toyota Corolla” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurması, iddiaçı tərəfindən avtomobilə dəymiş ziyana görə 985 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini tələb etmək hüququnun ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsini müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 936.1, 936.2, 1097.1, 1108.1, “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.3, 25.2, “Sığorta haqqında” Qanunun 37.1, “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası Qaydaları”nın 12-ci bəndinə istinad edərək, ididanı tam olaraq təmin etmişdir. Kollegiya qətnamənin mübahisələndirilən hissə ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinə əlavə edilmiş notariat qaydada təsdiq olunmuş 18.09.2018-ci il tarixli, ƏN-Vİ № 481408 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Tofaş Şahin” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və.s hüquqların həyata keçirilməsini X11 etibar etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Qeyd olunanlara əsasən kollegiya iddianı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 aid hissədə əsassız hesab edərək, qeyd edir ki, avtomobil cavabdeh olan mülkiyyətçi tərəfindən qanuni əsaslarla X1 verildiyindən və bu iş materiallarında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Belə ki, MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(004)- 505/2020 saylı qətnaməsi mübahisələndirilən-Cavabdeh2 aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar