Məhkəmə qərarları › İş №2(103)-3542/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3542/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3542/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. Ər-arvad olan iddiaçılar cavabdehə qarşı birgə iddia ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onlardan aldığı pul vəsaitinin geri qaytarılması məqsədi ilə 14.000 manat, həmin pul məbləğini özündə qanunsuz saxladığına görə illik 7 % məbləğində pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldıqları hüquqi yardıma görə vəkilə çəkdikləri xərcin əvəzi olaraq 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədikləri dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pulun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 arvadı olan İddiaçı2 Salyan rayonunda yerləşən 7 saylı orta məktəbdə müəllimə işləyir. İş üzrə Cavabdeh 2022-ci ildə həmin məktəbdə qrand layihələrinin həyata keçirmiş və həmin vaxt İddiaçı2 cavabdeh ilə tanış olmuşdur. Bakı şəhərində yaşayan İddiaçı2 üçün işə - Salyana getmək çətin olduğunu bilmiş cavabdeh İddiaçı2 təklif etmişdir ki, onu, yaşadığı ünvanına yaxın olan məktəblərdən birinə işə düzəltsin. Cavabdeh bildirmişdir ki, onun bir tanışı - Tacəddin adlı şəxs bu məsələdə onlara gömək edə bilər, lakin bunun üçün həmin adama 20.000 manat pul verilməlidir. Bu məsələni öz aralarında müzakirə etmiş iddiaçılar cavabdehin təklifi ilə razılaşmış və 20.000 manatı cavabdehə vermişlər. Bundan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu səbəbdən də iddiaçılar verdikləri pulun qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh bildirmişdir ki, o, iddiaçılardan aldığı pulu işi düzəltməli olan Tacəddin adlı şəxsə vermişdir. Daha sonra, yəni aralarında dəfələrlə olan söhbətlərin nəticəsi olaraq cavabdeh onlara 2023-cü ilin oktyabr ayında 5.000 manat, 2023-cü ilin dekabr ayında isə 1.000 manat qaytarmış, qalan 14.000 manatı isə bugünə kimi qaytarmamışdır. b) cavabdehin məhkəmə baxışında iştirakı barədə məlumat

3. İş üzrə cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Rayon Məhkəməsi mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 14.000 manat məbləğində pul vəsaitinin, həmin vəsaitinin qanunsuz saxlanılmasına görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün illik 5 faiz hesabı ilə məbləğin, hüquqi yardıma görə vəkilə çəkdikləri xərcin əvəzi olaraq 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar xx.xx.2023-cü il tarixdə 20.000 manat pulun cavabdehə verməsini təsdiq edən sübutlar təqdim etdiklərindən və 6.000 manatın geri aldıqlarını iddia ərizəsində etiraf etdiklərindən iddia tələbi 14.000 manat hissədə əsaslıdır. Həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faiz pulun iddiaçılara verilməsi də qanunidir, çünki cavabdeh həmin məbləği özündə qanunsuz saxlamışdır. İşin hallarında müəyyən edilir ki, cavabdeh pul məbləğini xx.xx.2023-cü il tarixdən başlayaraq özündə qanunsuz saxlayır, baxmayaraq ki, iddiaçılar pulun qaytarılmasını cavabdehdən tələb etmişlər. Həmçinin müəyyən edilir ki, iddiaçılar pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişlər. Buna görə də, 14.000 manat məbləğində pul vəsaitinin qanunsuz saxlanılmasına görə illik 5 faiz hesabı ilə məbləğdə pul məhz xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün cavabdehdən tutularaq iddiaçılara verilməlidir. Bundan başqa müəyyən edilir ki, hazırkı işlə bağlı hüquqi yardıma görə iddiaçılar vəkillə onların arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Hüquqi yardımın göstərilməsi” barədə müqaviləyə əsasən 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 132 manat dövlət rüsumu ödəmişlər. Buna görə həmin xərclərin əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilən məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işinin icraatı başlanılmış və istintaq aparılır. Rayon Məhkəməsi nəzərə almamışdır ki, cinayət işi üzrə istintaq bitməyə qədər hazırkı işə baxıla bilməzdir, çünki istintaqın nəticəsi ilə müəyyən ediləcək ki, həmin pul başqa şəxsdədir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

8. İddiaçı1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

9. İş üzrə digər İddiaçı2 və cavabdeh (apellyator) Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmişlər.

10. İddiaçı2 bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

11. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 ərizə ilə Məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işinin istintaqının davam etməsini Məhkəmənin diqqətinə çatdıraraq, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Göstərilənləri nəzərə almış Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərinə əsaslanaraq işə, apellyasiya baxışı iclasında gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddiaçılar bildirirlər ki, İddiaçı2 iş yerinin dəyişdirilməsi məqsədi ilə onlar tərəfindən cavabdehə 2022-ci ildə 20.000 manat pul vermişlər. Məsələnin həll olunmadığını görüb xx.xx.2023-cü il tarixdən etibarən pulun qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh bildirmişdir ki, o, aldığı pulu işi düzəltməli olan Tacəddin adlı şəxsə vermişdir. Daha sonra, yəni aralarında dəfələrlə olan söhbətlərin nəticəsi olaraq cavabdeh onlara 2023-cü ilin oktyabr ayında 5.000 manat, 2023-cü ilin dekabr ayında isə 1.000 manat qaytarmış, qalan 14.000 manatı isə bugünə kimi qaytarmamışdır.

15. Cavabdeh iddia tələbinə dair mövqeyini nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiya məhkəməsinə şifahi və ya yazılı qaydada bildirməmişdir. O, apellyasiya şikayətində iddia ərizəsində qeyd edilən məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işinin istintaqının aparılmasına istinad edir və bildirir ki, cinayət işi üzrə istintaq bitməyə qədər hazırkı işə baxıla bilməz, çünki istintaqın nəticəsi ilə müəyyən ediləcək ki, həmin pul başqa şəxsdədir.

16. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 254 və 255-ci maddəsində mülki iş üzrə icraatın dayandırmasının əsasları müəyyən edilmişdir. İstintaq orqanı tərəfindən cinayət işi üzrə istintaqın aparılmasına görə mülki işin icraatının dayandırılması həmin maddələrdə nəzərdə tutulmamışdır.

17. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxıb, iş üzrə yekun qərar qəbul etməkdə haqlı olmuşdur.

18. Daha sonra Məhkəmə bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin Polis İdarəsinin İstintaq Şöbəsinin icraatda olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi ifadədən qeyd edilmişdir ki, 0, 2017-ci ildə “VİP ACDEMY” təhsil mərkəzini yaradıb, rəsmi dövlət qeydiyyatından keçirərək təsisçi kimi fəaliyyət göstərir. Təhsil mərkəzinin hüququ ünvanı ünvan 1an) İddiaçı2 onun istifadən olan mobil telefonuna zəng vuraraq özünü təqdim etmiş, Salyan rayonda 7 saylı orta məktəbdə müəllimə olduğunu, Bakı şəhərinə Xətai rayonunda yerləşən məktəbə iş yerini dəyişdirmək istədiyini bildirmişdir. O, İddiaçı2 bildirmişdir ki, onun bu kimi səlahiyyəti yoxudur. İddiaçı2 isə bildirmişdir ki, tanışı X2 bu işdə ona köməklik edə bilər, lakin həmin şəxslə əlaqə saxlaya bilmir. İddiaçı2 ondan xahiş etdi ki, o, Tacəddin ilə əlaqə saxlayıb, bu məsələnin həlində ona yardımçı olmasını xahiş etsin. Bundan sonra o, Tacəddinlə əlaqə saxlamış və İddiaçı2 xahişini Tacəddinə çatdırmış, Tacəddin isə demişdir ki, məsələni həll edə bilər, lakin bunun üçün 14.000 manat xərc çıxacaq. O, İddiaçı2 ilə əlaqə saxlamış və Tacəddinin sözlərini ona demişdir. Bir neçə gündən sonra İddiaçı2 əri Nəsimi ilə birlikdə onun iş yerinə gəlmişlər. O, Ləman və İddiaçı1ların yanında Tacəddinlə telefon vasitəsi ilə əlaqə saxlamış, Tacəddin onların yanında telefonda bir daha demişdir ki, Ləmanın iş yerinin dəyişdirilməsi üçün 14.000 manat pul lazımdır. Telefon danışığında sonra elə həmin günü yəni xx.xx.2023-cü il tarixdə Ləman və Nəsimi Binəqədi rayonu, Azadlıq metrosunun, Tennis Akademiyasının yaxınlığında yerləş “VİP Academy”nin “Azadlıq” ofisinə gəlmiş və 14.000 manat pulu ona verib getmişlər. Bundan sonra Tacəddin ofisə gələrək, 14.000 manat pulu alıb getmişdir. Bu məsələdən sonra Ləman və Nəsimi bir başa Tacəddin ilə əlaqə saxlayırdılar. 2023-cü ilin oktyabr ayında isə Ləman və Nəsimi ona zəng vurub Tacəddinin onlara verdiyi sözə əməl eləmədiyini, işlərini yoluna qoymadığını bildirmişlər. Bundan sonra o, Tacəddin ilə dəfələrlə telefonla danışmış, Tacəddin də hər dəfə demişdir ki, yaxın günlərdə məsələ öz həllini tapacaq. Lakin məsələ öz həllini tapmamışdır.

19. Sumqayıt Şəhər prokurorluğunun xx.xx.2023-cü iş tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə hazırkı iş üzrə İddiaçı1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

20. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və Rayon Məhkəməsi tərəfindən dinlənilmiş audio diskdəki səs yazılarından bəlli olur ki, İddiaçı2 ilə cavabdeh arasında olan danışıq zamanı, cavabdeh bildirir ki, aldığı 20.000 manat məbləğində puldan 13.000 manatı işi düzəldən adama vermiş, 7.000 manat isə onda qalmışdır. 7.000 manatı geri qaytaracaq.

21. Apellyasiya şikayətindən görünür ki, cavabdeh iddiaçılar tərəfindən təqdim olunmuş sübutlara etiraz etməmişdir.

22. Göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçılardan 20.000 manat məbləğində pulu almışdır. Pulun alınmasının hüququ əsası yoxdur. Cavabdeh həmin məbləğdə pulu iddiaçılardan alandan sonra pul məbləğinin tam və ya hansısa hissəsini başqa şəxsə (şəxslərə) veribsə də, bunun da hüququ əsası olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh həmin məbləği başqa şəxsə verdiyi bilirsə də, bu hal mövcud olmuş olsa belə həmin şəxs ilə iddiaçılar arasında hər hansı bir hüquq münasibəti yaranmışdır. Cavabdehin istintaq orqanına verdiyi ifadə əks olunmuş məlumatdan da görünür ki, iddiaçıların verdiyi pul iddiaçılara qaytarılmamışdır. Lakin iddiaçılar etiraf edirlər ki, cavabdeh həmin puldan 6.000 manatı onlara qaytarmış, qaytarılmayan məbləğ isə 14.000 manat təşkil edir.

23. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.2.). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

24. Bu maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh 14.000 manatı iddiaçılara qaytarmalıdır. İşə baxmış Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməklə faktlar nöqteyi-nəzərindən iş üzrə düzgün nəticəyə gəlmişdir.

25. Bundan başqa Məhkəmə bildirir ki, cavabdeh iddiaçılara məxsus 14.000 manat məbləğində pulu xx.xx.2023-cü il (pulu aldığı) tarixdən xx.xx.2024-cü il (iddia ərizəsinin Rayon Məhkəməsinə daxil olduğu) tarixədək əsassız olaraq qaytarmamaqla iddiaçılara zərər vurmuşdur ki, həmin zərərin əvəzini də ödəməlidir və iddiaçılar həmin pul məbləğini özündə qanunsuz saxlayan cavabdehdən illik faizlə pulun tutulmasını tələb etməkdə, Rayon Məhkəməsi isə bu qənaətə gəlməkdə haqlı olmuşlar.

26. Lakin Məhkəmə hesab edir ki, iddiaçılar, cavabdehdən onların xeyrinə tutulmalı olan illik faizin miqdarını 7 faiz həcmə müəyyən etməkdə haqsız olmuşlar. Rayon Məhkəməsi cavabdehdən iddiaçıların xeyrinə tutulmalı olan illik faizin miqdarını 7 deyil, 5 faiz həcmə müəyyən etməkdə haqlı olmuşdur.

27. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsini tələb edə bilər.

28. Daha sonra Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pul cavabdehdən iddiaçıların xeyrinə tutulsun.

29. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsini bu nəticəsi də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar, hazırkı işlər bağlı hüquqi yardıma almaq üçün vəkillə xx.xx.2024-cü il tarixdə “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlamış və hüquqi yardıma görə müqavilənin şərtinə əsasən 320 manat məbləğində ödəniş etmişlər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün isə iddiaçılar 132 manat dövlət rüsumu ödəmişlər.

30. Məhkəmə bildirir ki, MPM-in “Məhkəmə xərcləri” adlı Vİİİ Fəslinin tələblərinə görə bu xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aiddir (maddə 115.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119). h) apellyasiya baxışının nəticəsi

31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

34. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar