Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3547/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6844/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı Nizami rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-6844/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı Nizami rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin ləğv edilməsi” dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Qərardaddan narazı qalan İddiaçı məhkəməyə şikayət ünvanlayaraq Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-6844/2020 saylı qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-6844/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. İddia ərizəsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 567/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası Nizami rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuş, həmin İcra şöbəsinin sifariş məktubu əsasında qiymətləndirmənin keçirilməsi “Cavabdeh" MMC-yə həvalə edilmiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Belə ki, icra məmurunun məhkəmənin icra vərəqəsinin icrası ilə bağlı vəzifəsini yerinə yetirmək üçün qanunun ona verdiyi səlahiyyətlərdən istifadə edərək əmlakın qiymətləndirilməsi barədə verdiyi sifariş məhkəmənin icra vərəqəsinin icrasını təmin etməyə yönəlmiş hakimiyyət tədbirinin məzmununa aid edilir. Belə olan halda, icra icraatı zamanı aparılmış qiymətləndirilmənin nəticəsindən icra vərəqəsi üzrə borclu və ya tələbkar narazıdırsa, bu narazılıq, həmin şəxslə qiymətləndirməni aparmış şəxs arasında deyil, onunla icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Kollegiya işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq, qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin məsələ ilə bağlı mövqeyi əsaslı olmuşdur. Belə ki, hazırkı mübahisə məhkəmənin icra vərəqəsinin icrası zamanı tələbkar və icra məmuru arasında yaranmış mübahisədir. Belə bir mübahisə meydana çıxdıqda isə qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Vəsatətləri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkəti və ya hərəkətsizliyi ilə bağlı mübahisə qaldıra bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6844/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6844/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3547/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3547/2021
12.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver