Məhkəmə qərarları › İş №2(103)-3555/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3555/2025

11.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3555/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-518/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-518/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin xx.xx.2024-cü il tarixdə vəkili Vəkil2 “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsi, iş üzrə cavabdeh olan şəxsə, yəni ona rəsmi qaydada təqdim edilməsi hesab edilə bilməz. İşə əlavə edilmiş vəkil orderindən görünür ki, təqdim edilmiş order üzrə tapşırılan hüquqi yardımın göstərilməsi yalnız Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan məhkəmə mübahisəsi üzrə iştirak üçün nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, o, apellyasiya şikayətinin verilməsi və ya apellyasiya instansiya məhkəməsində həmin vəkillə müqavilə bağlayıb iştirak etmək və ya münasibətlərinin davam etmək fikrində olub-olması müəyyənləşdirilməmişdir. Məhkəmədən qətnamənin nə vaxt ala biləcəyini soruşduqda, məhkəmə tərəfindən ona qətnamə hazır olduqdan sonra ünvanınına göndəriləcəyi və ya məhkəməyə gəlməklə qətnamənin surətini rəsmi qaydada ala biləcəyi ona izah olunmuşdur. Əvvəlcə poçt xidməti ilə əlaqə saxlamış və rabitə xidmətindən onun ünvanına heç bir məktubun daxil olmadığı bildirilmişdir. Məhkəmənin qətnaməsinin ünvanına göndərilmədiyini (gəlmədiyini) müyyən etdikdən sonra məhkəməyə gəlmiş və ərizəsinə əsasən qətnamə ona rəsmi qaydada təqdim edilmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq apellyasiya şikayətini geri qaytarmaqla, yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirildiyi tarix cavabdehin özünə münasibətdə müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin müdafiəçinin “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. İşdən göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətini ona qaytararkən yalnız qətnamənin müdafiəçinin “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə istinad etmiş, həmin qətnaməni tərəfin xx.xx.2025-ci tarixdə aldığını təsdiqləsə də, buraxılmış müddətin üzrlü hesab edilib bərpa olunması barədə vəsatətin verilmədiyini əsas götürərək şikayəti geri qaytarmışdır. Məhkəmə nəzərə almamışdır ki, işdə iştirak edən vəkillə yenidən müqavilə bağlayaraq, apellyasiya şikayətini tərtib etdirmək və vəkillə birlikdə apellyasiya instansiya məhkəməsində iştirak etmək məcburiyyətində deyil. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, həmin qətnamənin ona rəsmi şəkildə çatmadığına görə verilməsini xahiş etmiş və bu qətnaməni xx.xx.2025-ci il tarixdə almışdır. Mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün də müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Göründüyü kimi, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-518/2025 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)- 518/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin məhkəmə sənədinin rəsmi qaydada verilməsi qaydalarını müəyyən edən 135.5-ci maddəsində sənədin rəsmi qaydada verilmiş hesab edilməsinin 4 halı, yəni sənədin 1) ünvan sahibinin özünə verilməsi; 2) ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilməsi; 3) “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə; yaxud 4) kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə verilməsi nəzərdə tutulmuşdur. Müddətin axımı da məhz məhkəmə aktının rəsmi təqdim edildiyi (alındığı) andan hesablanır və bu qaydada aparılmış hesablama üzrə şikayət vermə müddətinin ötürülməsi artıq həmin müddətin bərpa edilməsi üçün prosessual hərəkətlərin yerinə yetirilməsini şərtləndirir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025ci il tarixdə cavabdehin deyil, onun vəkili Vəkil2 “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin qeyd edilən iş üzrə bu şəxsə cavabdeh tərəfindən onun adından hər hansı hərəkəti etməyə səlahiyyət verən etibarnamə verilməmişdir. Başqa sözlə, Vəkil2 cavabdehin nümayəndəsi olmamış, yalnız vəkil kimi onu təmsil etmişdir. Bu səbəbdən qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi həmin sənədin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada cavabdehə çatdırılması kimi qəbul edilə bilməz. Cavabdeh məhkəmə aktını poçt qəbzinə imza etməklə rəsmi olaraq xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Belə olan halda, ona münasibətdə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə (04 may bazar gününə təsadüf etdiyindən) bitməli idi. Cavabdeh isə apellyasiya şikayətini (həmin vəkil vasitəsi ilə deyil, şəxsən özü) “Elektron” məhkəmə informasiya sistemində elektron kabinet yaratmaqla xx.xx.2025-ci il tarixdə həmin kabineti vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Nəticə etibarı ilə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qeyd edilən əsasla geri qaytarıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin keçməsi əsası ilə apellyasiya şikayətini qaytarmaqda haqlı olmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-518/2025 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-518/2025 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmiş hesab edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar