Məhkəmə qərarları › İş №2(103)-3561/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3561/2024

27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3561/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" Kiçik müəssisəsi tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1122/2024 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1122/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh "xxxx" kiçik müəssisəsinin ərizəsi təmin edilməmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" Kiçik müəssisəsi həmin qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə “Arabaçı" Kiçik Müəssisəsinin hüquqi ünvanı və qanuni təmsilçisinin faktiki ünvanına çatdırılmamışdır. İş materiallarında bunu təsdiq edəcək heç bir sübut yoxdur. Qətnamə qəbul edilən zaman mülki prosessual normalar pozulmuşdur. Cavabdeh qismində “Arabaçı" Kiçik Müəssisəsi işə cəlb olunmuşdur. Lakin “Arabaçı" Kiçik Müəssisəsinin qeyd olunan işlə əlaqədar hər hansı məlumatı və əlaqəsi yoxdur. Odur ki, “Arabaçı" Kiçik Müəssisəsi 2(003)-1122/2023 nömrəli mülki iş üzrə əsl olmayan tərəfdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Qeyd olunan xüsusat məhkəmə baxışı zamanı araşdırılmalı və əsl olmayan tərəf əsl tərəflə əvəz olunmalı olduğu halda, əvəz olunmamış, iş üzrə əsassız qətnamə qəbul edilmişdir. “Arabaçı" Kiçik Müəssisəsinin işlə bağlı hər hansı məlumatı olmadığı üçün həmin qətnamədən apellyasiya şikayəti verməmiş, müddəti ötürmüşdür. Belə ki, “Arabaçı" Kiçik Müəssisəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində və Bakı şəhəri Xəzər Rayon Məhkəməsində eyniməzmunlu bir neçə iddianın mövcud olmasının nəticəsində barəsində məhkəmədə belə bir mübahisənin olduğundan məlumatı olmuş, qətnamə ona xx.xx.2024cü il tarixində təqdim edilmişdir. O da müddəti ötürmədən xx.xx.2024-cü il tarixində qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi "xxxx" kiçik müəssisəsinin məhkəməyə məlum olan üç ünvanına göndərilmişdir. Belə ki, məhkəmə tərəfindən "xxxx" kiçik müəssisəsinin ünvan 1 ünvanına (rəsmi qeydiyyatda olduğu ünvana) göndərilmiş sözügedən qətnamə xx.xx.2023-cü il tarixində, ünvan 2 ünvanına göndərilmiş sözügedən qətnamə xx.xx.2023cü il tarixində “Məmmədov” soyadlı şəxs tərəfindən, ünvan 3 ünvanına göndərilmiş sözügedən qətnamə isə xx.xx.2023-cü il tarixində yenə də “Məmmədov” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixli rəsmi müraciəti əsasında qətnamə xx.xx.2024-cü ildə ona təqdim edilmiş və o, xx.xx.2024-cü ildə sözügedən qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Cavabdehin müddətin bərpası barədə ərizəsinin əsas dəlili qətnamənin mövcudluğundan məlumatsız olmasıdır. Halbuki işdən görünür ki, qətnamə "xxxx" kiçik müəssisəsinin məlum üç ünvanına göndərilmiş və həmin ünvanlarda da qəbul edlmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində yazışmaların aparılmasının istənildiyi ünvan kimi ünvan 4ci instansiya məhkəməsi həmin ünvana da qətnamənin surətini göndərmişdir. Cavabdehin səlahiyyətli nümayəndıəsinin qətnaməni sonradan alması apellyasiya şikayəti vermə müddətini yeniləmir. Qeyd edilən əsas isə müddətin cavabdeh tərəfindən üzrlü səbəbdən buraxıldığını hesab etməyə əsas deyil. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar