Məhkəmə qərarları › İş №2(103)-3562/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3562/2023

23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3562/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı ilkin, Cavabdeh4 İddiaçı Mənzil Tikinti Kooperativinə və Cavabdeh5nə qarşı qarşılıqlı, Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, işə məhkəmə qaydasında baxılmasının yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “çıxarışların ləğv edilməsi” barədə ilkin, Cavabdeh4 İddiaçı Mənzil Tikinti Kooperativinə və Cavabdeh5nə qarşı “maddi zərərin ödənilməsi” barədə qarşılıqlı və Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh5 X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 (İddiaçı MMC-nın üçüncü şəxs qismində cəlb edildiyi) qarşı iddia tələbləri təmin edilmiş, Cavabdeh5 Başçısının xx.xx.2017-ci il tarixli 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın sökülməsinə, həmin binanın 5 saylı mənzilinin sahibi Cavabdeh1, 10 saylı mənzilin sahibi X9, 13 saylı mənzilin sahibi Cavabdeh3, 15 saylı mənzilin sahibi Cavabdeh4 və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçilik aradan qaldırılması, Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanda yerləşən mənzil 5-də yaşayan Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,7 kv.m. olan mənzildən ümumi sahəsi 105 kv.m olan Koroğlu Rəhimov küçəsi 92 saylı evin 7 saylı mənzilinə, Azadlıq prospekti 80 mənzil 10-da yaşayan Həmid Efendiyevin ailə üzvləri ilə birlikdə yaşadığı (ümumi sahəsi 85,5 kv.m olan mənzildən ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 1l b saylı mənzilinə, Azadlıq prospekti 80 mənzil 13-də yaşayan Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,9 kv.m olan mənzildən ümumi sahəsi 112 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 188 saylı mənzilinə, Azadlıq prospekti 80 mənzil 15-də yaşayan Cavabdeh4 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi 156 kv.m olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə “Fədək" MMC-nin vəsaiti hesabına köçürülməsi və Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək onların kirayə haqqının “Fədək" MMC tərəfindən ödənilməsi qət olunmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və maraqlarına toxunuları şəxslər X1, X3 və X6 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi “Azadlıq prosekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilmiş, Cavabdeh1 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı 156 nömrəli mənzilin; Cavabdeh2 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.m.olan 4 otaqlı 58 nömrəli mənzilin; Cavabdeh4 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeri yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.m. olan 4 otaqlı 61 nömrəli mənzilin; Cavabdeh3 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.m. olan 4 otaqlı 159 nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı binanın 5 saylı mənzilinin sahibi Cavabdeh1, 10 saylı mənzilinin sahibi X8, 13 saylı mənzilinin sahibi Cavabdeh3, 15 saylı mənzilinin sahibi X7 məxsus daşınmaz əmlakın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2021-ci ilin may ayından 2023-cu ilin yanvar ayınadək 16 000 manat vurulmuş maddi ziyanın və 5000 manat mənəvi ziyanın, cəmi 21 000 manatın MTK-dan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Hamid Əfəndiyev qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Azadlıq prospekti, ev 80, mənzil 10 xüsusi mülkiyyəti olmaqla uzun illərdir həmin mənzildə yaşamış, mənzil cavabdeh tərəfindən sökülərək məhv edilənədək yaşayış üçün tam yararlı olmuşdur. Mənzil Bakı şəhərinin ən əlverişli ərazisində və birinci mərtəbədə olmaqla yanaşı “Koroğlu” parkının kənarında yerləşmişdir. Cavabdeh5 Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarını əsas tutaraq mənzilinin yerləşdiyi Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki torpaq sahəsinin 49 illik icarə əsasında İddiaçı MMC-nin icarəsinə verilməsi və həmin ərazidə yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında xx.xx.2017-ci il tarixli 172 nömrəli Sərəncam vermişdir. Cavabdeh təxminən 2018-ci ilin əvvəllərindən başlayaraq mənzilinin də yerləşdiyi yaşayış binasının yuxarı mərtəbəsində yerləşən mənzilləri ağır texnikadan istifadə edərək mənzilini qəsdən yararsız hala salmaq məqsədi ilə dam örtüyünü sökmüş, bu yolla onun şərtləri ilə razılaşmağa məcbur etmişdir və dəfələrlə onunla əlverişsiz müqavilə bağlamağı təklif etmişdir. Nəhayət 2020-ci ilin dekabr ayının 15-də mənzili tamamilə yararsız hala salınmışdır. Dəfələrlə mənzildəki əşyalarını götürmək üçün mənzilə daxil olmaq istədikdə Cavabdeh5 və İddiaçı MMC-nin nümayəndələri imkan verməmişlər. Mənzilinin sökülməsinə baxmayaraq bu vaxtadək nə yaşayış yeri ilə təmin edilmiş, nə də ona kirayə haqqı ödənilməmişdir. İşin hallarından məlumdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan cavabdeh mənzilin qapısını sındıraraq içəri daxil olmuş, daha sonra isə mənzili tamamilə sökərək məhv etmişdir. Bu halı təsdiq edən mübahisəsiz sübut Cavabdeh5 mənzildən köçürmə ilə bağlı məhkəmədə iddia qaldırması və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan işə apellyasiya instansiya məhkəməsində baxılan zamanı mənzilin sökülərək məhv edilməsidir (Nəsimi rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(006)-1385/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə şikayəti təmin edilərək iddia tələbli rədd edilib. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılıb. Bakı Apellasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mənzildən köçürülmə hissəsində qüvvədə saxlanılıb, daha sonra kassasiya şikayəti verilib və yekun məhkəmə qərarı xx.xx.2021-ci il tarixli Ali Məhkəmənin qərarı). Cavabdehə qarşı irəli sürülən maddi ziyan ona ödənilməli kirayə haqqı ilə bağlıdır. Ona və ailə üzvlərinə bu vaxtadək hər hansı kirayə haqqı ödənilməmiş və ya hər hansı formada yaşayış yeri ilə təmin edilməmişdir. İddia tələbinin 2 əsası mövcuddur. 1. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı. Birinci əsas qanuni qüvvəyə minmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsidir və qətnaməyə əsasən: «...Azadlıq prospekti 80 mənzil 10-da yaşayan Efendiyev Həmid ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m. olan mənzildən ümumi sahəsi 98 kv.m. olan Şamil Əzizbəyov küçəsi, 154 saylı evin 11b saylı mənzilinə;. İddiaçı MMC-nin vəsaiti hesabına köçürülmələri və cavabdehlər Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının İddiaçı MMC tərəfindən ödənilməsi qət edilmişdir. Bu vaxta qədər cavabdeh qeyd edilən qətnaməni icra etməmişdir və o, öz hesabına yaşayış yerini təmin etmişdir. 2. Cavabdehin dövlət orqanı qarşısında götürdüyü öhdəlik. İkini əsas Cavabdeh5 ilə İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli müqavilənin 2.1,2.2,2.3,2.4,2.5 və 2.7-ci bəndləridir. «2.Şirkətin öhdəlikləri: 2.1. Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilə imzalandıqdan sonra 2 ay müddətində tam razılıq əldə edərək zəruri müqavilələr imzalamaq; 2.2. Sakinlərin köçürülməsi üçün onlarla razılaşdırılmış kompensasiyalar ödəmək;2.3. yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək». Göründüyü kimi, cavabdeh ona həm qanuni qüvvəyə minmiş məhkəmə qərarına və həmçinin dövlət qarşısında götürdüyü öhdəliyə əsasən kirayə haqqı ödəməklə onu mənzil tikilərək təhvil verilən anadək yaşayış yeri ilə təmin etməlidir. Kirayə haqqının bir qismi ilə bağlı o artıq məhkəmədə iddia qaldırmışdır. Belə ki, Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)- 3176/2021 saylı mülki iş üzrə 2018-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək ödənilməli olan kirayə haqqı ilə bağlı iddia tələbi irəli sürüb və həmin tələb üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırki iddia tələbində isə 2021-ci ilin may ayından başlayaraq hazırki dövrədək olan müddətə cavabdeh tərəfindən ödənməli olan kirayə haqqını tələb edir. Cavabdeh sakinlərin bəzilərinə aylıq 500 manat, bəzilərinə isə 800 manat kirayə haqqı ödəyir..

6. Cavabdeh4 da İddiaçı Mənzil Tikinti Kooperativinə və Cavabdeh5nə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdehlərin ona qarşı hərəkətlərinin mülkiyyət, pis rəftara məruz qalmama, mənzil hüquqlarını pozan qanunsuz hərəkətlər hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyana görə xeyrinə 750 000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılamsını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “2021-ci ilin may ayından 2023-cu ilin yanvar ayınadək kirayə haqqının ödənilməməsi ilə bağlı 16 000 manat vurulmuş maddi ziyanın MTK-dan tutulub ona ödənilməsi” tələbi üzrə mülki işin icraatına xitam verilməsi, Cavabdeh2 tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 116,60 (bir yüz on altı manat, altmış qəpik) manat dövlət rüsumunun dövlət büdcəsindən tutulub Cavabdeh2 qaytarılması qərara alınmış, Hamid Əfəndiyevə müvafiq məsələ ilə bağlı icra şöbəsinə müraciət etmək hüququ izah edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Hamid Əfəndiyevin irəli sürdüyü iddia tələbi ilə bağlı eyni tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(006)-1385/2019 saylı qətnaməsi mövcuddur (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi nəzərə alınmaqla). Həmin qətnamələrdən görünür ki, Cavabdeh2 tələbinə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, həmin qətnamələr üzrə İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 və Cavabdeh4 arasında məhkəmə mübahisələri olmuş və məhkəmə mübahisələri nəticəsində yekun olaraq Cavabdeh2 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.m.olan 4 otaqlı, 58 nömrəli mənzil, Cavabdeh4 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeri yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.m. olan 4 otaqlı, 61 nömrəli mənzil verilməklə onların Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, kirayə haqqının İddiaçı MMC tərəfindən ödənilməsi qət edilmişdir. Buradan müəyyən edilir ki, “kirayə haqqının verilməsi” məsələsinə hüquqi qiymət verilmiş, hazırki qarşılıqlı Cavabdeh2 isə yaranmış mübahisə ilə bağlı yalnız icra icraatı çərçivəsində öz mübahisəsini irəli sürmək hüququna malik olmuşdur. Həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aiddir. Cavabdeh2 hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

10. X5 nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv olunmasını və Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “2021-ci ilin may ayından 2023-cu ilin yanvar ayınadək kirayə haqqının ödənilməməsi ilə bağlı 16 000 manat vurulmuş maddi ziyanın MTK-dan tutulub ona ödənilməsi” tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini məhkəmənin prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə Hamid Əfəndiyevin tələbkar olmadığını, İddiaçı MTK-nın həmin iş üzrə cavabdeh kimi iştirak etmədiyini, ən əsası isə Hamid Əfəndiyevin həmin qətnamənin icrasını tələb etmək hüququnun olmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

11. Məhkəmənin 28 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

14. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

15. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki işin icraatına xitam verilir.

16. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

21. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPMnin 261.0.1-ci və 261.0.2-ci maddələrinin tətbiqi ilə bağlıdır.

22. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddələri əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

23. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, Hamid Əfəndiyevin iddia tələbi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

24. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

25. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

26. İşdən göründüyü kimi Hamid Əfəndiyevin iddia tələbi üzrə tərəflər, irəli sürülmüş iddianın predmeti və əsasları, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin aid olduğu işin tərəfləri, predmeti və əsasları ilə eynilik təşkil etmir.

27. Xüsusilə qeyd olunmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin aid olduğu işdə Hamid Əfəndiyev müvafiq iddia tələbini irəli sürməmiş və onun tələbi üzrə qətnamə çıxarılmamışdır.

28. Belə olan halda, Hamid Əfəndiyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin aid olduğu iş üzrə qətnamənin icrasını tələb edə bilməz və məhkəmənin “Cavabdeh2 hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etməlidir” qənaəti nə prosessual, nə də icra haqqında qanunvericiliyin tələblərinə uyğun deyildir.

29. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, Hamid Əfəndiyevin müvafiq iddia tələbinə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-173/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş, Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar