Məhkəmə qərarları › İş №2(103)-3565/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3565/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3565/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Bakı şəhəri 26 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: müqaviləyə düzəliş edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 26 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) "müqaviləyə texniki düzəliş edilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2024 saylı 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0,0243 ha torpaq sahəsində, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 182,59 kv.m, “A” tikilisinin 128,41 kv.m, “B” tikilisinin 54,18 kv.m olan bağ evi xx.xx.2015-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.

2. Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0,0243 ha torpaq sahəsində, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 182,59 m2 olan bağ evi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

3. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında, istifadəsində olan 0,0243 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini, ümumi sahəsi 182,59 kv/m olan bağ evini 80000 manat müqabilində tam olaraq Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı "müqaviləyə texniki düzəliş edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanılmış 4Ə-592 reyestr nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin 1-ci bəndinə düzəliş edilməsini və həmin bəndin “Satıcı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən, istifadəsində olan 0,0243 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin, ümumi sahəsi 182,59 kv/m olan bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər): –Satıcı İddiaçı (bir hissə, 54,14 kv.m-dən ibarət olan “B” tikilisi) – Alıcı Cavabdeh” şəklində oxunmasını, onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi üzərində mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində Cavabdeh ilə notariusda müqavilə bağlayaraq mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında yerləşən “B” tikilisini Cavabdeh satmışdır. Təxminən 1 ay bundan əvvəl özünə aid olan çıxarışı almaq istəyərkən, ümumiyyətlə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında mənə aid çıxarışın olmadığını bilmişdir. Bundan sonra o, vəkilə müraciət etmişdir. Vəkilin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də alqı-satqı müqaviləsi ilə bütün yaşayış sahələri satılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi, 54,14 kv.m-dən ibarət olan “B” tikilisi vardır. Onun vəkili notariusa sorğu vermişdir. Notariusdan verilən müqavilə ilə o, səhvən yaşayış sahəsinin hamısını xx.xx.2022-ci il tarixində Cavabdeh satmışdır. Cavabdeh də bunu özü etiraf edir. Həmçinin cavabdeh ona faktiki olaraq satdığı “B” tikilisində yaşayır. “A” tikilisi isə onun sərəncamındadır.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, İddiaçı anasıdır. O, Cavabdeh tanımır. Sadəcə olaraq onun oğlu İddiaçı evi satışa qoymuşdur. Evin satışa qoyulduğu müddətdə müştəri gəlmiş və 2000 manat beh vermişdir. Daha sonra onun yaxından tanıdığı makler ona zəng edərək evə xanım müştəri gəldiyini və həmin müştərinin yaxşı adam olduğunu bildirmişdir. O, həmin maklerin xətrinə evi beh verən adama satmaqdan imtina edib evi xanım müştəriyə satmaq qərarına gəlmişdir. O, evi 100000 manata satışa qoymuşdur. Sonra onun oğlu Kəmalə xanımı götürub evə gəlmiş və evi alan şəxsin həmin xanım olduğunu bildirmişdir. Onlar behi behin 2 qatını ödəmək şərti ilə qaytarmışlar. Kəmalə xanım söhbət zamanı tək qadın olduğunu bildirmiş, ona görə də o, evin qiymətində endirim etmişdir. Onlar aşağı hədd kimi 95000 manat təklif etdikləri evi sonda 80000 manata Kəmalə xanıma satmışlar. Razılıq yalnız “B” sahəsi ilə bağlı olmuşdur. O, alqı-satqı müqaviləsi bağlamağa getməmişdən öncə Kəmalə xanıma fikrini dəqiqləşdirməyi təklif etmişdir. O, 8 il həmin evdə yaşamış və evi 1 il kirayə vermişdir. O, evi satışa qoyduğum üçün evin bütün qazını, işığını, suyunu ayırmışdır. Kəmalə xanım onu 9-cu mikrorayonda yerləşən notariusa aparmışdır. O, notariusda da İlham adlı şəxsə həmin yerdə 2 mülkün olduğunu, onların mülklərin birini satdıqlarını bildirmişdir. Oğlu da orada evin birini satdıqlarını bildirmişdir. O, əvvəllər də bir neçə bələdiyyəyə məxsus sənədi olan evi notariusda alqı-satqı müqaviləsi ilə satmışdır. Amma bu ev çıxarışlı olduğuna görə həmin evin “A” və “B” sahələrindən ibarət olduğunu bilməmişdir. Kəmalə xanım hər dəfə ona digər evdə gözü olmadığını bildirmişdir. Amma sonradan evi bütövlükdə izolyasiya etdikdən sonra qalan sahəni adlarına keçirdəcəyini bildirmişdir. Onun bir çox əşyaları mübahisəli evdə qalmışdır. Hal-hazırda Kəmalə xanım “B” sahəsində yaşayır. “A” sahəsi onun oğlunundur. O, “A” sahəsini kirayəyə vermiş və buna görə kirayə pulu alır.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, İddiaçı qonşusudur. Nurəlinin orada 2 evi var. Həmin evlər bir-birinə bitişik evlərdir və aralarında hasar var. İddiaçı evin bir hissəsini çoxdan kirayə vermiş, evin digər hissəsini isə satmışdır. Evin satış qiyməti ilə maraqlanmadığına görə o, evin satış qiymətini bilmir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, İddiaçı qonşusudur. Nurəlinin orada 2 evi var. Evin bir hissəsində Nurəlinin ailəsi yaşayır. Nurəli evin digər hissəsini satmışdır. 2 evin arasında çəpər mövcuddur. O, evin satış qiyməti ilə maraqlanmadığına görə evin satış qiymətini bilrmir. O, evin satılması üçün daşınıqlarda iştirak etməmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə İddiaçı iddia tələbinin daşınmaz əmlakın alqı-satqı müqaviləsinə düzəliş edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, alqı-satqı müqaviləsinə düzəliş edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş heç bir əsas mövcud olmadığına və müqaviləyə düzəliş edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş halların olması sübuta yetirilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 421 və 422-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclasının protokolunda Cavabdeh məhkəməyə izahatında bildirmişdr ki, İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən “B” tikilisini almış, hazırda bu ünvanda yaşayır və “A” tikilişi isə iddiaçının özündədir. Eyni zamanda tikililər arasında hasar vardır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən də, alqı-satqı hissəsində İddiaçı tərəfindənona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən “B” tikilisini satmışdır. Hazırda da o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən “B” tikilisində yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən “A” tikilisi isə iddiaçının özünə məxsusdur və bu ünvanda da yaşayır. Lakin, məhkəmə qətnaməsinə əsasən, cavabdeh iddianı qəbul etmədiyini söyləmişdir. Cavabdehin məhkəmə prosesi zamanı iddianı təsdiq etməsinə baxmayaraq qətnamədə bunun əksini qeyd etmək qanunvericiliyin tələblərinə tam ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əsas sübutlardan biri məhkəmə iclasının protokoludur. Belə ki, məhkəmə iclasının protokolunda Cavabdeh izahatında qeyd edilmişdir ki, “iddianı qəbul etmirəm, lakin “A” tikilisi Nurəli kişiyə verilmişdir, mənə heç kimin yeri lazım deyildir”. Cavabdeh həqiqətən etiraf etmişdir ki, o, “B” tikilisini almışdır, “A” tikilisinə ehtiyacı yoxdur. Alğı-satqı zamanı notarius səhv etmişdir, notariusa bildirilmişdir ki, “B” tikilisi satılır, “A” tikilisindən söhbət gedə bilməz, qarşı tərəf də bunu etiraf edir. Daha sonra qarşı tərəf bildirir ki, evin damı su axıtdığına görə qərəzli olaraq bütün tikilinin ona məxsus olduğunu bildirir. Qarşı tərəfin problemi ondan ibarətdir ki, aldığı evin damı axırdı, iddiaçı damı düzəltsə idi, o, gedib notariusda müqavilənin düzgün formada tərtib olunması ilə bağlı müraciət edə bilərdi. Qarşı tərəf evin şiferinin tam şəkildə dəyişilməsini istəyir, lakin şiferin dəyişilməsi təqribi 20 min manat edir. Ev çox böyükdür, 3 tikili vardır. Çıxarışda 54 kv.m olmasına baxmayaraq realda daha çoxdur. İddiaçı yalnız evin şiferinin məhz su axan hissələrini təmir edə bilər. “A” tikilisi hazırda onlardadır. Cavabdeh özü də bunu etiraf edir. Ev iki hissədən ibarətdir. Evlərin təması yoxdur. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, tikilini 80 min manata almışdır. Birinci instansiya məhkəməsində vermiş olduğu izahatı yadında deyil. O, hər iki tikilini almışdır. O, hər iki tikilini almışdır, bir dəfə 80 min manatı notariusda vermişdir, daha sonra isə 50 min manat pulu əlbəəl vermişdir. Notarius müqaviləni rəsmiləşdirən zaman heç bir səhvə yol verməmişdir. Ev satılan zaman ona bildirmişdir ki, həm evin, həm də torpaq sahəsinin çıxarışı vardır, lakin hazırda üzə çıxır ki, torpağın çıxarışı yoxdur. Qarşı tərəf hasarın o biri tərəfini kirayə vermişdir, su puluna qədər o verir. O, evi alan zaman çıxarışa baxaraq almışdır. Orada 5 minlik iş yoxdur, daha çoxdur. Alğı-satqı həyata keçirilən gündən bugünə qədər tikililər arasında keçid açılmamışdır, qarşı tərəf onunla mübahisədədir. Sentyabr 28-də anası rəhmətə getmişdir, oktyabr ayının 7-də o, alğı-satqını etmişdir, o, heç özündə deyildi, elə hazırda da özündə deyil. O, alan zaman qaranlıq idi, iddiaçı ona bütün evi göstərdi, o, evi alan zaman çıxarışa baxmışdır. Özü indi o evdə yaşayır. O, evi internetdən tapmışdır, “instaqram” sosial şəbəkəsi vasitəsilə tapmışdır. Qarşı tərəf onu aldatmışdır, torpağın çıxarışı yoxdur, çıxarış almaq üçün müraciət edən zaman oradan elektrik xətləri keçdiyi üçün rəsmiləşdirmədilər. O, gözü ilə görüb almamış, çıxarışa baxaraq almışdır.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Mübahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.139-1.1 və 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiqedilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 25.140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

27. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 28.148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 29.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 30.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 31.157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 32.405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 33.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

35. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

36. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 37.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 38.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 39.646-cı maddısinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

40. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 43.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

45.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq norması düzgün tətbiq edilməmişdir. 46.İşin mübahisələndirilməyən hallarından göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

47. Belə ki, ünvan 1 ünvanında yerləşən 0,0243 ha torpaq sahəsi üzərindəki ümumi sahəsi 128,41 kv.m olan “A” və ümumi sahəsi 54,18 kv.m olan “B” tikililərindən ibarət bağ evi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, o, “A” və “B” tikililərdən ibarət ümumi sahəsi 182,59 kv.m olan 1282 saylı evi 80.000 manat müqabilində Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə satıcı tərəfindən “B” tikiliyə aid hissədə icra olunmuşdur.

48. Məhkəməyə müraciət edən İddiaçı fərdi yaşayış evinin yalnız ümumi sahəsi 54,14 kv.m olan “B” tikilisini Cavabdeh satmaq niyyətində olduğunu, buna baxmayaraq müqavilədə texniki səhvə yol verildiyini, bunun əsasında da hər iki tikilinin səhvən cavabdehin adına keçdiyini qeyd edərək, tərəf olduğu alqı-satqı müqaviləsinə düzəliş edilməsini, ümumi sahəsi 128,41 kv.m olan “A” tikilisinə onun mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir.

49. Birinci instansiya məhkəməsi iddiaçının bu tələbini müqavilənin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olduğunu, bunun üçün qanunvericiliklə nəzərdə tutulmuş heç bir əsas mövcud olmadığını və müqaviləyə düzəliş edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş halların olması sübuta yetirilmədiyini qeyd edərək iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

50. Kollegiya məhkəmənin gəldiyi qənaət ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

51. İddia ərizəsindən müəyyən edildiyi kimi iddiaçının düzəldilməsini xahiş etdiyi səhv, adi qrammatik səhvi olmayaraq, müqavilə tərəflərinin mənafelərinə toxunan, onun mahiyyətini və şərtlərini təhrif edən müqavilənin mətnindəki qeyri-dəqiqlikdir. Belə ki, alqısatqı müqaviləsinin mühüm şərtlərinə ilk öncə həmin müqavilənin predmeti barədə şərtlər aiddir. Sözügüdən bu şərt də o halda razılaşdırılmış hesab edilə bilər ki, tərəflərin bağladıqları müqaviləyə əsasən satılan predmetin mahiyyəti, keyfiyyəti, komplektliyi və s. müəyyən edilməsi mümkün olsun. Çünki satıcı məhz alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

52. Bu zaman vurğulanmalıdır ki, Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Belə olan halda bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (MM, 404.1 və 404.2-ci maddələr)

53. Məhkəmə kollegiyası eyn zamanda sübutemə yükünün tərəflərin arasında düzgün bölüşdürməsi baxımından qeyd etməyi zəruri sayır ki, müqavilənin etibarlılığı, bağlanmamış hesab edilməsi və s. ilə bağlı mübahisə yarandıqda, məhkəmə əksi sübuta yetirilməyənə qədər, müqavilənin bağlanmış və etibarlı olmasından çıxış edir və həmin müqavilənin bağlanmasında iştirak edən mülki hüquq münasibətləri iştirakçılarının ağlabatan və vicdanlı şəkildə davranmaları prezumpsiyasını nəzərə alır. Əgər müqavilə şərti bir neçə fərqli şərhə yol verirsə, məhkəmə, bir qayda olaraq, ilk öncə müqavilədəki söz və ifadələrin hərfi mənasına, həmin müqavilənin qüvvədə qalmasına imkan verən şərhə üstünlük verir.

54. Belə olan halda qeyd edilməlidir ki, hazırkı halda müqavilənin əslində nəzərdə tutulan şərtlə deyil, tərəflərin əvvəldən nəzərdə tutduqları şərtlə bağlandığını sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşür.

55. İş materiallarında olan sübutlardan ilkin olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının protokoluna nəzər salınmalıdır. Belə ki, həmin tarixdə keçirilən iclasda Cavabdeh izahat verərək bildirmişdir ki, “İddianı qəbul etmirəm, “A” tikilisini Nurəli kirayə verir. Mənə heç kimin yeri lazım deyil. Nurəli söz vermişdir ki, iyunda damını düzəldəcək. Lakin düzəltmədi. Yağış yağanda evin damından su damır. Mən ondan “B” tikilisini almışam və onun pulunu vermişəm. “A” tikilisi Nurəlinindir. Aramızda hasar var”.

56. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdeh apellyasiya icraatı qaydasında işə baxılan zaman verdiyi bu izahatı inkar etsə də, protokolla tanış olmaq, habelə onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim etmək hüququna malik olmasına baxmayaraq, özünə məxsus bu hüquqlardan istifadə etməmişdir.

57. Bundan başqa hər iki instansiyada işə baxılan zaman tərəflərin verdiyi izahatlardan, şahid ifadələrindən, əvvəllər iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 1282 saylı bağ evinin iki tikilidən ibarət olduğu, tikililəri ayıran hasarın hələ də mövcud olduğu, mübahisəli “A” tikilisinin iddiaçının sahibliyində olduğu, onun həmin sahədən kirayə verməklə istifadə etdiyi müəyyən edilmişdir. Apellyasiya icraatı qaydasında keçirilən məhkəmə iclaslarında cavabdeh aldığı tikilinin damının qüsurlu olduğundan, habelə iddiaçının tikili altındakı torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirməsinə baxmayaraq sahənin onun mülkiyyətində deyil, istifadəsində olduğundan narazılığını ifadə etmişdir.

58. Bundan başqa məhkəmə kollegiyası tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması və apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq düzgün qiymətləndirilməsinin təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli, AN-İ ******* seriyalı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən ümumi sahəsi 182,59 kv/m olan bağ evinin, həmçinin “A” və “B” tikilisinin (ayrı-ayrılıqda olmaqla) müqavilə bağlanan zaman mövcud olan bazar dəyərinin nə qədər təşkil etdiyini müəyyən etmək üçün mütəxəssis təşkilata müraciət edilmiş, "xxxx" MMC-nin verdiyi mütəxəssis rəyinə əsasən “A” tikilisinin müvafiq dövr üzrə bazar dəyərinin 107.400 manat, “B” tikilisinin isə 94.950 manat təşkil etdiyi müəyyən edilmişdir.

59. Sadalanan sübutlardan göründüyü kimi müqavilə bağlanan zaman tərəflərdən heç biri vacib əhəmiyyətli yanılmanın təsiri altında olmayıb, heç biri müqavilənin bağlanması məqsədilə aldadılmayıb. Əksinə işdə olan sübutlara əsasən belə qənaətə gəlmək olar ki, alqı-satqı müqaviləsi bağlanarkən tərəflərdən iddiaçının niyyəti məhz Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 1282 saylı bağ evinin ümumi sahəsi 54,18 kv.m olan “B” tikilisini satmaq, cavabdehin niyyəti isə məhz Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 1282 saylı bağ evinin ümumi sahəsi 54,18 kv.m olan “B” tikilisini almaqdan ibarət olmuşdur. Bu səbəbdən hazırkı halda müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur, hazırkı mübahisənin müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinə aid Mülki Məcəllənin normalarına əsasən həll edilməsi mümkün deyildir.

60. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədəki alqı-satqının predmeti olan tikiliyə aid şərtlərdə yol verilmiş səhvin düzəldilməsini xahiş edən iddiaçı mübahisənin həlli yolunu düzgün seçmişdir. Belə olan halda müqavilədə yol verilmiş səhv düzəldilməli, müqavilədəki düzəldilməli olan bənd “Satıcı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən, istifadəsində olan 0,0243 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin, ümumi sahəsi 182,59 kv/m olan bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər): –Satıcı İddiaçı bir hissəni - 54,14 kv.m-dən ibarət olan “B” tikilisini – Alıcı Cavabdeh” şəklində oxunmalıdır.

61. Əks nəticəyə gəlinməsi isə ehtiyatsızlıqdan baş vermiş davranışdan cavabdehin üstünlük əldə etməsinə yol açacaq, müqavilə şərtlərinin tərəflərin açıq-aydın nəzərdə tutmadığı şəkildə başa düşülməsinə səbəb olacaqdır. Halbuki Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.

62. İddianın “iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi üzərində mülkiyyət hüququnun bərpa edilməsi”nə dair tələbi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

63. İş materiallarından göründüyü kimi AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 128,41 kv.m olan “A” tikilisi Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitəsi olan mülkiyyət hüququnun tanınması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir.

64. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsində yol verilən səhv nəticəsində mübahisəli “B” tikilisi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alındığı üçün həmin əmlak üzərində iddiaçının tam mülkiyyət hüquqlarının bərpa edilməsi Mülki Məcəllənin 140, 141 və 149.2-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

65. Mülki Məcllənin 141.1-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

66. Yuxarıda qeyd edilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 128,41 kv.m olan “A” tikilisinin cavabdehin adına qeydə alınmasına əsas olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin müvafiq bəndinə düzəliş edildiyi üçün Mülki Məcllənin 141.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 128,41 kv.m olan “A” tikilisinə mülkiyyət hüququna dair qeydə də iddiaçının xeyrinə düzəliş edilməlidir.

67. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

68. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki,tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

71. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, iddia təmin edilərək, Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin 1-ci bəndinə düzəliş edilməli, həmin bənd “Satıcı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən, istifadəsində olan 0,0243 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin, ümumi sahəsi 182,59 kv/m olan bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər): –Satıcı İddiaçı (bir hissə, 54,14 kv.m-dən ibarət olan “B” tikilisi) – Alıcı Cavabdeh QİZİNA” kimi oxunmalı, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi üzərində mülkiyyət hüququ bərpa edilməlidir. Bu qətnamə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən ümumi sahəsi 128,41 kv.m olan bağ evinin “A” tikilisinə dair qeyddə İddiaçı xeyrinə düzəlişin aparılması üçün əsasdır.

72. Belə ki, MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

73. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 26 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) "müqaviləyə texniki düzəliş edilməsi və s." tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin 1-ci bəndinə düzəliş edilsin. Həmin bənd “Satıcı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən, istifadəsində olan 0,0243 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ümumi sahəsi 182,59 kv/m olan bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər): –Satıcı İddiaçı (bir hissə, 54,14 kv.m-dən ibarət olan “B” tikilisi) – Alıcı Cavabdeh QİZİNA” kimi oxunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi üzərində mülkiyyət hüququ bərpa edilsin. Bu qətnamə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən ümumi sahəsi 128,41 kv.m olan bağ evinin “A” tikilisinə dair qeyddə İddiaçı xeyrinə düzəlişin aparılması üçün əsasdır. İş üzrə keçirilmiş məhkəmə qiymətləndirməsinin tədqiqat dəyəri olan 500 manatın 250 manatı İddiaçı, 250 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, H\H AZ06AİİB400600C**********103, "xxxx" ASC Yasamal filialı, Kod 200037, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************; S.W.İ.F.T.: AİİBAZ2X) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar