Məhkəmə qərarları › İş №2(103)-3566/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3566/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3566/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2020 saylı 30 mart 2020-ci il tarixli əlavə qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Şahbuz oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Şahbuz oğlundan və Cavabdeh2 müştərək qaydada “Vaz 21723” markalı ** FK *** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 16850 manat, ödənilmiş dövlət rüsumu üçün 30 manat və mənəvi ziyana görə isə 5000 manat, cəmi 21880 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 12.000 (on iki min) manat və ödənilmiş 30 manat dövlət rüsumu əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsinin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2020 saylı 30 mart 2020-ci il tarixli əlavə qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəla, onun birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarından məlumatı olmamış, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona bildiriş göndərilməmişdir. Əgər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olsa idi, məhkəmə iclaslarında iştirak edər, iddiaya qarşı etirazlarımı irəli sürərdi, bununla da məhkəmə ədalətli qətnamə çıxarardı. “Vaz 2173” markalı ** FK *** qeydiyyat nişanlı avtomobili istifadə üçün məhdud yararlı vəziyyətdə olmuşdur. Məhkəmə “xxxx” MMC-nin 26.02.2020-ci il tarixli qiymətləndirmə ilə bağlı mütəxəssis rəyinə istinad etməklə sözügedən avtomaşının real bazar qiymətinin 12 000 manat təşkil etdiyini qeyd etmişdir. Lakin avtomaşının qiyməti şişirdilmişdir. Çünki, avtomaşın istifadəyə yararsız olduğundan onun dəyəri göstərilən məbləğdən qat-qat aşağı olmalı idi. Üstəlik, həmin avtomaşının Kasko sığortası olub. Azərbaycan Respublikası Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı sığorta şirkəti müstəqil ekspertin qiymətləndirməsini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin istinad etdiyi akt (“xxxx” MMC-nin 26.02.2020-ci il tarixli qiymətləndirmə ilə bağlı mütəxəssis rəyi) əsaslandırılmayıb, avtomobilə dəymiş ziyanın xarakteri dəqiq olaraq göstərilməyib. Bundan başqa, avtomobilin hadisədən sonrakı görüntülərini əks etdirən foto-video çəkiliş yoxdur. Məhkəmə yalnız 1 sənədə - zərərin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsaslanaraq zərərin məbləğini müəyyənləşdirib. Bundan başqa, zərərin məbləğinin müəyyən edilməsində onun iştirakı təmin edilməyib. Beləliklə, iddiaçı ondan tələb etdiyi zərər məbləğini əsaslandırmalıdır. Bundan başqa, İ instansiya məhkəməsində icraat zamanı avtomobilin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli olduğu halda, belə ekspertiza keçirilməmişdir. Çünki mütəxəssis rəyi ekspert rəyini əvəz edə bilməz. Mülki Prosesual Məcəllənin 61-ci maddəsi ekspertləri prosesin digər iştirakçıları kimi nəzərdə tutmuş və həmin Məcəllənin 63.1-ci maddəsində xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxsin ekspert qismində çıxış etməsini nəzərdə tutmuşdur. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya və cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “VAZ 2173” minik markalı ** FK *** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. “VAZ 2173” minik markalı ** FK *** qeydiyyat nişanlı avtomaşını 14600 manata aldığını, hər ayın 19-u heç bir problem gətirmədən bir bəhanə olmadan ödəyəcəyinə və əgər ödəyə bilməsə avtomaşına qaytaracağına və verdiyi pulu istəməyəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra, iddiaçı tərəfindən Cavabdeh2 avtomaşını idarə etmək üçün etibarnamə verilmişdir. Cavabdeh2 10 iyun 2019-cu il tarixdə saat 05:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayon Ələt qəsəbəsi ərazisindən keçən 61.8-ci kilometrliyində idarə etdiyi VAZ 2173 minik markalı ** FK *** qeydiyyat nişanlı avtomaşınla Qazax şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına quraşdırılmış təhlükəsizlik kamerasına və avtobus dayanacağına vurmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə yol nəqliyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Buna görə də iddiaçı Cavabdeh2 barəsində iddia irəli sürməyə haqlıdır. Lakin Cavabdeh1 Şahbuz oğlunun hadisə ilə heç bir bağlılığı olmadığından avtomaşının Cavabdeh2 verilməsi barədə tərəflərin özlərinin razılğı olduğundan və eyni zamada iddiaçı tərəfində Cavabdeh2 etibarnamə verildiyindən ona qarşı olan hissədə iddia əsassızdır. Eyni zamanda məhkəmə “Vaz 2173” markalı ** FK *** qeydiyyat nişanlı boz metallik rəngli, Xetçbek avtomobilə vurulmuş ziyana görə 16850 manat ziyanla bağlı onu qeyd edir ki, avtomaşına göstərilən məbləğdə ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanın məbləği 12000 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 Məhəmməd oğlundan maddi ziyana görə 12000 manat məbləğində pul tutlmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillərin bəzi hissəsi əsaslı olduğundan, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək iddia tələbinin təmin edilən dəymiş maddi zərərin əvəzi hissəsində - 12000 manatdan 11000 manatadək azaldılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh2 apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır, mübahisələndirilməyən hissədə isə yoxlanılmır. Hazırki iş üzrə, iddia tələbinin təmin edilən hissəsinin faktiki əsası (faktiki hallar), tələbin təmin edilən hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, zərərin miqdarı istisna olmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə sifarişli poçt göndərişi ilə məhkəmə bildiriş göndərilmiş və həmin bildirişlər geri qaytarılmamışdır. Demək onun məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olmuş, lakin məhkəmə iclaslarında bilərəkdən iştirak etməmişdir. Buna görə də, onun məhkəmə iclaslarında iştirak etməməsi hüququnun pozulması kimi qiymətləndirilə bilməz. İkincisi, hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmuşdur. Çünki, iddiaçı Cavabdeh2 maddi zərərə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya zərər vurması müəyyən edilmişdir. Belə ki, bu hal iş materialları ilə tam təsdiq olunur. Avtomobilin könüllü sığorta müqaviləsi əsasında sığortalanmasına dair də işdə hər hansı bir sübut mövcud deyildir. Üçüncüsü, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 05 may 2021-ci il tarixli 9/1945 saylı rəyi ilə müəyyən edildi ki, iş materiallarında olan “xxxx” MMC-nin 26.02.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 10 iyun 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnmiş 2013-cü il buraxılışlı “VAZ 21723” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobil yararsız müəyyən edilir. Nəzəri hesablama yolu ilə “xxxx” MMC-nin 26.02.2020-ci il tarixli mütəxəssis rəyinə, internet (sayt: Az turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, yararsız vəziyyətdə olan 2013-cü il buraxılışlı “VAZ 21723” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə hazırki orta bazar qiyməti təxminən 11000,0 manat müəyyən olunur. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin verdiyi mütəxəsis rəyini mötəbər hesab edərək həmin rəydəki məlumatları və məbləği əsas götürüb iddianı qismən təmin etmişdir. Cavadeh isə mütəxəssis rəyinin özünü mübahisələndirirdi. Lakin ekspertiza yalnız həmin qüsur aktına əsasən keçirilməmişdir. Mülki işin materialları bütövlükdə ekspertin sərəncamında olmuşdur. Apellyasiya şikayətində göstərilən məlumatları da ekspert görməyə bilməzdi və görməyə borclu idi və buna görə də haqqında sual qoyulmayan halları müəyyən edərdisə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlı idi. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bu rəy məhkəmə üçün məcburi deyildir. Məhkəmə onunla razılaşmaya bilər. Lakin məhkəmənin də həmin rəylə razılaşmaması üçün əsas olmalıdır. Çünki, bu rəy xüsusi biliyə malik olan şəxs tərəfindən tərtib edilmişdir. Əsaslılığı məhkəmədə şübhə yaratmır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi dəymiş zərərin əvəzinin məbləği hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 11000 (on bir min) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar