Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3569/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xəzər rayon prokurorunun müavini Zaur Ağakişiyevin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin icraatına xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməklə, onun iş üzrə mülki iddiaçı kimi tanınaraq Cavabdeh2 qarşı iddiasının təmin olunması məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.
2. Qeyd olunan qərardaddan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh2 göstərmişdir ki, İddiaçı tanışı Cavabdeh1 vasitəsi ilə 2019-cu ildən tanımış, münasibətiləri yaxşı olmuş, ədavətləri olmamışdır. 2019-cu ildə Nahiddən 10000 manat borc istəyərkən, sonuncu İddiaçı həmin məbləğdə pulu alıb ona vermişdir. Bundan bir müddət sonra onlar üçü birlikdə Abbasın Abşeron rayonu Güzdək qəsəbəsində olan daş karxanasına gedərkən, Abbas ona özünün karxanasının yanında boş karxana sahəsi olduğunu deyərək, bu sahəni şərikli alıb işlətməyi təklif etmişdir. O, karxana işindən başı çıxmadığını deyib, razılıq verməsə də, sonradan torpağın alınması üçün pulun yarısını Abbas verməsi, sənədlərin alınmasını özü həll edəcəyi, karxananı isə Abbas işlətməsi şərti ilə razılaşmışlar. Beləliklə, 2020-ci ilun mart ayında Abbas Nahidin vasitəsi ilə ona karxananın torpağının sənədini düzəltməsi məqsədi ilə 12.000 manat pul göndərmişdir. Bundan təxminən 2-3 gün sonra Abbas ona pula ehtiyacı olduğundan karxana işindən imtina etdiyini deyərək, pulunu geri istəmişdir. O da həmin pulun 9000 manatını özünün yaşadığı Mehdiabad qəsəbəsində yerləşən evinin qarısında Nahidin yanında, 3000 manatı 2-3 gün sonra Nahidin iştirakı ilə Abbasın özünün yaşadığı Mərkəzi Poçtun yaxınlığında olan evinin qarşısında qaytarmışdır. Bundan başqa, o, Nahid və Abbas hər zaman bir yerdə olanda Abbas özünə bağ evi almaq istədiyini demiş, buna görə növbəti görüşlərinin birində o, Abbasa özünün Fatmayı qəsəbəsində Nahidə pay verdiyi 25 sot torpaq sahəsinin yanından ona da 15-20 sot torpaq sahəsi pay verəcəyini bildirəndən bir neçə gün sonra, Abbas və Nahidlə bilrikdə Fatmayi qəəbəsinə gəlib torpaq sahələrinə baxmışlar. Bu zaman o, Abbasa pay verdiyi topaq sahəsinin sənədlərini yaxın gələcəkdə hazırlayacağını desə də, Abbas sənədlərə ehtiyacı olmadığını deyib, özünün vəsaiti ilə torpaq sahələrinin ikisini mişar daşından ümumi hasarladacağını deyərək, 15 gün ərzində 40 sot torpaq sahəsini hasara almışdır. Beləliklə də, 25 sot torpaq sahəsini Abbasa pay verərək ondan pul almamış, buna baxmayaraq, Abbas ondan bu torpaq sahəsinin sənədlərini istəməyə başlamışdır. Halbuki o, torpağı Abbasa pay verəndə torpağın sənədlərinin hazır olmadığını, gələcəkdə əldə olunacağını bildirmişdir. Bundan sonra Abbas ondan inciyərək, Nahidin vasitəsi ilə ona verdiyi 10000 manat borcunu tələb etmişdir. Həmin pulun da 4000 manatını qardaşı Röyala vermiş, qalan 6000 manatın əvəzinə isə o, Abşeron rayonu Mehdiabad qəsəbəsində çıxarışla tanışı Ələkbər İbişovun adına olan torpaq sahəsini Abbasın oğlunun adına rəsmiləşdirməklə qaytarmışdır. Bundan başqa Pirşağı qəsəbəsində olan özünün adına müvafiq müqavilə ilə icarəyə götürdüyü 85 sot torpaq sahəsini Abbasa göstərib demişdir ki, yerin çıxarışını almaq üçün ilk öncə pul xərcləmək lazımdır. Abbas onunla razılaşıb əvvəlcə ona 6000 manat pulu borc olaraq vermiş, lakin o, həmin pulu Abbasa qaytarmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 62980 manat pulun və ödənilmiş 278,94 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin əvvəllərində Nahid adlı tanışı ona Sabunçu rayonu Pirşağı qəsəbəsində 1.2 ha torpaq sahəsi göstərərək, sahibi Cavabdeh2lə tanış etmiş, sonra o, Nahid və Nofəl Pirşağıda görüşərkən sonuncu bu torpağın hansı hissəsini istəsə, Arif adlı tanışı vasitəsi ilə Nahidin adına sənədləşdirəcəyini vəd etmiş, o da inanaraq 20 sot almaq istədiyini bildirdikdə, Nofəl ondan torpaq sahəsinin kadastrını, həm də sotunu dəqiqləşdirmək məqsədi ilə ilkin olaraq 1000 manat pul almışdır. Bir neçə gündən sonra Nofəl, Arif adlı həmkarlar ittifaqının müdirinə ilkin sənədləşməyə başlaması üçün verəcəyi adı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində ondan 6000 manat pul almış, 2020-cı ilin martın 4-də sənəd hazır olacağını vəd etmişdir. Bundan əlavə, təxminən, 2020-ci ilin fevral ayının əvvəllərində, Nofəl onu özünün böyük fermasına aparmış, orada ona 3 ha ölçüdə ayrıca torpaq sahəsi olduğunu bildirib, telefonundakı torpaq sənədlərinin fotoşəkillərini ona göstərərək, bu sənədlərin həmin torpağa və başqa torpaqlarına aid olduğu sənədləri də özəlləşməyə təqdim etdiyini bildirmiş və ondan 10.000 manat pul istəmişdir ki, bu torpağı özəlləşdirsin, sonra o bu torpaq sahəsinin istədiyi qədərinin 1 sotunun qiyməti 1500 manatdan ödəyərək ala və bu zaman əvvəl verdiyi 10.000 manat da ilkin ödəniş kimi nəzərə alınar. O da razılaşaraq, 2020-ci il fevral ayında Mehdiabad qəsəbəsində Nofələ 10000 manat vermiş, həmin ilin may ayına kimi gözləmiş, lakin Nofəl ona torpaq sahəsinə görə heç bir sənəd verməmişdir. 2020-ci ilin fevral ayının sonlarında o, Pirşağıda yerləşən torpaq sahəsinin sənədinin hazır olması ilə bağlı vaxtın azalmasına 6-7 gün qalmış sənədi çıxarmaq üçün Nofələ 10000 manat vermiş, 3 gündən sonra isə Nofəl Pirşağıdakı torpağın çəkilişində bir az problem yarandığını bildirərək, yenidən çəkiliş aparılması üçün ondan 500 manat pul almış və mart ayının 4-də torpağın sənədini təqdim edəcəyini vəd etmişdir. Lakin həmin vaxtdan xeyli vaxt keçsə də, Nofəlin sənəd gətirmədiyini görüb sənədi tələb etməyə başlamış, növbəti dəfə görüşərkən, Nofəl ona bir torpaq sənədi göstərmiş və bir daha söz vermişdir ki, ona göstərdiyi Pirşağıdakı torpaq sahəsinin sənədini tezliklə bu sənəd kimi hazırladıb verəcəkdir. Belə ki, o, Nofələ Pirşağı qəsəbəsində olan 87 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün ilk öncə 6000 manatı 2020-ci ilin fevral ayında Nahidin iştirakı ilə Nofəlin yaşadığı Mehdiabad qəsəbəsində vermişdir. Bundan başqa, həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün əlavə olaraq 500 və 1300 manatı isə 2020-ci ilin mart ayında yenə də Nofəlin evində vermişdir. Bundan başqa, o, Nofələ Nahidin iştiakı ilə Fatmayı kəndində olan 50 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün ilk olaraq 10000 manatı 2020-ci ilin fevral ayında Nofəlin yaşadığı evdə vermişdir. Bundan başqa, Nahid, Nofəl və o bir yerdə olan zaman Nofəl və Nahid daş karxanası açıb işlətmək fikirləri olduqlarını deyib birlikdə torpaq sahəsi almağı təklif edərək ondan 20.000 manat pul istəmişlər. O özünün Abşeron rayonunda Güzdək qəsəbəsində daş karxanası olduğunu deyərək, əvvəlcə bu təklifi rədd etsə də, onlar müxtəlif vədlər verərək onu razı salmış və Nofələ 20000 manat deyil, 12000 manat verərək qalanını karxananın torpağının sənədləri hazır olduqdan sonra verəcəyini bildirmişdir. Bundan başqa, Nofəl ondan daş karxanasının yerini ölçmək adı ilə ilk dəfə 2600 manat pul almışdır. Nofəl bu pulları 2020-ci ilin Novruz Bayramından sonra aprelin 7-si ya 8-i almışdı, Güzdək bələdiyyəsinin sədri Həsən müəllim ona zəng edib dedi ki, bunlar deyəsən dələduzdurlar. O, nəyə görə belə düşündüyünü ondan soruşduqda, dedi ki, Nofəl onun yanına gəlib ona 1000 manat pul təklif etmişdir kı, Abbas müəllimə denən ölçüb biçmişik, narahat olma yer sənindi. Əlavə elədi ki, o da onu çox istəyir və o işə getməz. Bildirmək istəyir ki, əvvəlcə Xəzər Rayon Polis İdarəsinə müraciət etdi. 13 dekabr 2021-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, Cavabdeh2 2019-cu ilin ortalarından 2020-ci ilin sonlannadək olan müddət ərzində İddiaçı Abşeron rayonu Fatmayı qəsəbəsinin ərazisində Bələdiyyə mülkiyyətinə məxsus 0.051 ha və Bakı şəhəri, Sabunçu rayonun Pirşağı qəsəbəsinin ərazisində 0,085 ha ölçüdə torpaq sahələrinin özünə məxsus olduğu barədə yalan məlmat verməklə bu torpaq sahələrini onun adına sənədləşdirəcəyini, Bakı şəhəri Abşeron rayonu Daş Güzdək qəsəbəsinin ərazisindən 0.015 ha torpaq sahəsində özü ilə müştərək şəkildə işlədəcəkləri karxananı quraşdıracağını vəd edərək ondan ümumilikdə 34500 manat nağd pulunu almış, etdiyi vədlərinə inandırmaqda davam edib, İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsindəki həmin torpaq sahəsində 60000 manat dəyərində tikinti-quraşdırma işlərini aparmağa sövq elməklə əhatə olunan vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 94.500 manat dəyərində külli miqdarda əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirərək dələduzluq etmişdir. 20 aprel 2022-ci il tarixdə Xəzər rayon prokurorunun müavini ədliyyə müşaviri Zaur Ağakişiyev cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bildirir ki, Bakı səhəri, Abşeron ravonu, Fatmayı qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən torpaq sahəsinin hasarlanması üçün və 2 fərqli yarımtikilinin tikilməsi üçün xərclənən vəsait: bünövrənin qazılması 620 manat, armatur 4320 manat, beton 10350 manat, betonlama işləri 4030 manat, mişar daşı 17550 manat, sement 2450 manat, qum 1800 manat, hörgü işləri (2 daş) 10540 manat, hörgü işləri (1 daş) 420 manat, qapı 400 manat, əlavə və digər xərcləri nəzərə almaqla ümumilikdə 62980 manat təşkil edir və cavabdehlər bu məbləği ona ödəməlidirlər.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-804/2023) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 40510 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 2019-cu ilin ortalarından 2020-ci ilin sonlarınadək olan müddət ərzində İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsinin ərazisində Bələdiyyə mülkiyyətinə məxsus 0,051 ha torpaq sahələrinin özünə məxsus olduğu barədə yalan məlumat verməklə bu torpaq sahələrini onun adına sənədləşdirəcəyini vəd edərək, İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsindəki həmin torpaq sahəsində tikinti-quraşdırma işlərini aparmağa sövq etmişdir. Bundan sonra, həmin yerə gələn yerli icra hakimiyyətinin və əmlak komitəsinin nümayəndələri iddiaçı tərəfindən aparılan tikintilərin qanunsuz olduğunu bildirmişlər. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq 40510 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olduğu qənaətinə gəlmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın ona qarşı təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Abbas Ballı oğlundan heç bir məbləğdə pul almamışdır. Ona heç bir borcu yoxdur. Məhkəmə isə heç bir araşdırma aparmadan, məhkəmə baxışı iclasında iştirakını təmin etmədən, cavabdehləri dinləmədən, yalnız bir məhkəmə baxışı keçirməklə belə bir əsassız qətnamə qəbul etmişdir. Həmin məhkəmə baxışı zamanı vəkil kimi işə yeni qoşulduğundan iş ilə tanış olmalı idi, buna görə də məhkəmə iclasını təxirə salınmasını xahiş etdi. Növbəti məhkəmə iclasında isə nümayəndəsi və vəkili olduğu digər şəxsin başqa məhkəmədə əvvəlcədən təyin edilmiş məhkəmə iclasına çağrıldığından məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, teztələsik qətnamə elan olunmuşdur. Halbuki, məhkəmə digər cavabdehlərin iştirakının təmin olunacağını, işin hərtərəfli, obyektiv araşdırılacağını bildirmiş, iddiaya qarşı etirazı təqdim etməyi təklif etmişdir. Lakin, məhkəmə cavabdehlərin iştirakı olmadan ekspertiza təyin etmişdir. O məhkəmə prosesləri zamanı barəsində həbs qəti imkan tədbiri seçildiyindən vəkil ilə müqavilə bağlayana qədər məhkəmə proseslərində iştirak edə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli qərarı
14. məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən yalnız ona aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı da yalnız ona qarşı tələbin təmin olunmuş hissəsində yoxlanılır.
17. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirməmiş, digər cavabdehlər isə apellyasiya şikayəti verməmişlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
19. Bakı şəhəri Xəzər rayon prokurorunun müavini Zaur Ağakişiyevin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin icraatına xitam verilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməklə, onun iş üzrə mülki iddiaçı kimi tanınaraq Cavabdeh2 qarşı iddiasının təmin olunması məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.
20. Sözügedən qərarla müəyyən edilmişdir ki, Cavabdeh2 2019-cu ilin ortalarından 2020-ci ilin sonlarınadək olan müddət ərzində İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsinin ərazisində Bələdiyyə mülkiyyətinə məxsus 0,051 ha torpaq sahələrinin özünə məxsus olduğu barədə yalan məlmat verməklə bu torpaq sahələrini onun adına sənədləşdirəcəyini vəd edərək, İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsindəki həmin torpaq sahəsində tikinti-quraşdırma işlərini aparmağa sövq etmişdir.
21. İddiaçıya dəymiş ziyanın məbləğinin hesablanması üçün məhkəmə-tikinti ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/5251 nömrəli, xx.xx.2023cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Fatmayı qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən torpaq sahəsinin hasarlanması və 2 fərqli yarımtikilinin tikilməsi üçün xərclənən vəsaitin mövcud orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 40510 manat təşkil edir.
22. Kollegiya birinci instansiya məhkəməsinin 40510 manat məbləğin müştərək qaydada Cavabdeh2 tutulması barədə mövqeyi ilə razılaşır.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıdan borc almadığını bildirsə də, bu, Bakı şəhəri Xəzər rayon prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarında özünün izahatı (ifadəsi) və şahid Cavabdeh1 ifadəsi ilə təkzib olunur.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsi ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili 15 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclası 04 dekabr 2023-cü il tarixə təxirə salınmış, Cavabdeh2 nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz təqdim etmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmiş, bunu səhhəti ilə əlaqələndirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Nümayəndə ərizəyə məhkəmə iclasında iştirak etməməsinin səbəbinin üzrlü olduğunu təsdiq edən sübutlar əlavə etməmiş, iş üzrə kifayət qədər müddət ərzində araşdırma aparılmış, yekun məhkəmə aktı çıxarılmışdır.
25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 qarşı tələbin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.