Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3572/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "İnteks” MMC-yə qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "İnteks” MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 25 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir.
2. X3 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir, İddiaçı2 onun keçmiş arvadı, digər İddiaçı1 isə onların oğludur.
3. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X3 və X5 arasında bağlanmış nikaha 25 dekabr 1985-ci il tarixdə xitam verilmişdir.
4. Cavabdeh MMC və İddiaçı1 arasında bağlanmış 17 may 2016-cı il tarixli razılaşmaya əsasən Şirkət Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-ci il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinin müvəqqəti yerləşdirilməsi üçün Sakinə mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada sakinin hal-hazırda yaşadığı otaqlı mənzilin yeni otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir.
5. Azərbaycan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1040 nömrəli arayışda göstərilmişdir ki, X6 daimi qeydiyyatda olduğu Horadiz şəhər, Azadlıq küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evi 2014-cü il tarixdə Dövlət tərəfindən tam bərpa olunmuşdur. Onunla birlikdə oğlu X13, oğlu X17 qeydiyyatdadırlar.
6. 141 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən vəkil bürosuna ünvanlanmış 18 nömrəli xx.xx.2021-ci il tarixli məktubda sorğuya cavab olaraq bildirilmişdir ki, Ş.Mirzəyev küçəsi ev 95, mənzil 5-6 (keçmiş Çernişevski küçəsi 95, mənzil 5-6) ünvanında qeydiyyatda olmuş X3 XDNST Trestindən verilmiş orderə əsasən 2 nəfər ailə üzvü ilə (özü və qızı) mənzilin sahibi olub. xx.xx.1991-ci il tarixdən qeydiyyatda olmuşdur. 18 may 1993-cü il tarixdə rəhmətə getmişdir. Həmin ünvanda oğlu İddiaçı1 xx.xx.1997-ci ildən qeydiyyatdadır. Əlavə olaraq 1993-cü ildə Füzuli rayonundan qaçqın düşmüş İbrahimov Xalidə 5 nəfər ailə üzvləri ilə birlikdə həmin mənzildə məskunlaşmışdır. Hazırda bina Cavabdeh MTK tərəfindən sökülmüşdür, 2016-cı il tarixdən.
7. Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən ƏMDX yanında DƏDRX-in 1 saylı Ərazi idarəsinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli 450 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev küçəsi, ev 95, m. 5-6-ya dair vərəsə İddiaçı1 ərizəsi qəbul edilmiş və vərəsə kimi tanınmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X4 cavabdehlər "xxxx"MMC və X10 qarşı mənzilin və sənədlərinin təhvil verilməsi, müqavilənin etibarsızlığı tələbinə dair iddiası rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-541/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfə onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsi-törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80.000 manat maddi ziyan, 1.000 manat mənəvi, tərəfindən ödənilmiş 330 manat dövlət rüsumu, vəkilə ödənilmiş 510 manat, 81.830 pulun onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum X2 mexanik işlədiyi “Xəzərneftsosialtikinti” Tresti tərəfindən xx.xx.1990-cı il tarixli order əsasında Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir. X3 09 iyun 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra mənzildə ailə üzvüləri kimi özləri yaşamışdır. Bütün kommunal xərcləri ödəmişlər. Cavabdeh şirkət Nizami rayon İcra hakimiyyətinin xx.xx.2016-cı il tarixli 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 3 ünvanda yeni bunanın tikintisi ilə bağlı sökülən binadan köçürülməyi ilə bağlı xx.xx.2016-cı ildə “Razılaşma” müqaviləsi bağlamışlar.xx.xx.2016-cı ildə bağlanmış “Razılaşma" müqaviləsinin 1-ci bəndinə əsasən cavabdeh “İnteks" MMC tikiləcək yeni binada Sakinin yaşadığı 2 otaqlı mənzilin yeni - 2 otaqlı təmirili və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. Həmin müqavilənin 6-cı bəndinə əsasən tikinti işləri “30" may 2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşdırılır. Bakı şəhəri, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin tərəfındın verilmiş yaşayış sahəsinə dair yazılı-mənzil qeydiyyat məlumatdan görünür ki, İddiaçı1 Çernişevski küçəsi 95 saylı evin 5-6 mənzilləri, ümumi sahəsi 34.6 kv metr sahəsinə 1.10.1997-ci ildən qeydiyyatdadır və yaşayır. Mənzlinin tikintisi başa çatmış, ona yeni tikilmiş hündür mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən 294 saylı mənzili göstərərək sökülmüş 5-6 saylı mənzillərinin əvəzində verildiyini bildirmişlər. Lakin, oğlu ilə müqavilə bağlamış Ceyhun Əliyev adlı şəxs bunun əvəzində ona 20.000 manat rüşvət verilməli olduğunu bildirmişdir. Bu pulu verməsə, mənzilləri qaynı arvadı X8 veriləcəyini bildirmişdir. Onun bu hərəkətlərindən “İnteks" MMC-nin rəhbəri kimi özünü təqdim edən Əhəd adlı şəxsə şikayət etməyinə baxmayaraq onun bu tələbinə haqq qazandırmışlar. Bir neçə gündən sonra mənzlinə təmirin edilməsi vəziyətinə baxmaq üçün gələndə mənzilin açarlarının dəyişdirildiyini və bağlı olduğunu görmüşdür. Cavabdeh MMC-nin rəhbərinə şikayət etmək üçün mərkəzi aparata getmişdir. Lakin, onu heç kim qəbul etməmişdir. Artıq hüquqlarının pozulmasını görüb dərhal Bakı şəhəri Nərimanov rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh MMC-nin adından X14 ilə X11 arasında bağlanmış 08 iyun 2016-cı ildə müqavilənin (məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) etibarsız hesab olunması, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 2458-ci məhəllədə yerləşən hündür mərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 saylı mənzilini və sənədlərinin təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olundu. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Lakin, həmin qətnamədə pozulmuş hüquqlarının əvəzində zərərə görə təzminat alınması hüququnun olması barədə xüsusi bənddə göstərilmişdir. Cavabdehin qəsdən etdiyi təqsirli hərəkətləri üzündən Bakı şəhərinin ən bahalı yerində—Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otaqlı mənzilindən məhrum edilmişdir. Həmin ərazidə 2 otaqlı mənzilin dəyəri təxminən 80.000 manatdır. Həmin dəyərdə əmlakından məhrum edilmişdir. Bu məbləğ cavabdehdən alınaraq ona verilməlidir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5977-9/6168 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 nömrəli mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsndə olan 294 nömrəli mənzili yaxın ərazilərdə analoji tam təmirli mənzillərin 1 kv.m. hazırki orta bazar qiymətlərinə uyğun dəyəri nəzərə almaqla, 34.6 kv.m olan mənzilin ümumi dəyəri təqribən 76812,0 manat və 34.6 kv.m mənzilə 20% əlavə olunmaqla, yəni ümumi sahəsi 41.5 kv.m. olan mənzilin ümumi dəyəri təqribən 92130,0 manat məbləğində müəyyən edilir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 fevral 2024-cü il tarixli 2(005)-33/2024 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 80.000 (səksən min) manat, mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 330 (üç yüz otuz) manat tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, Cavabdeh MMC-dən 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 mülkiyyəti kimi qeyd olunan Bakı şəhəri, ünvan 4 ünvanda 5/6 saylı 34.6 kv.m mənzilin yerləşdiyi bina sökülmüş, onun əvəzinə yeni çoxmərtəbəli bina tikilmişdir. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya sökülmüş mənzilin əvəzi kimi kompensasiya məbləği, habelə mənzil verilməmişdir. Nəticədə İddiaçı1 öz əmlakından məhrum olmaqla, ona maddi zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5977-9/6168 №-li rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsndə olan 294 nömrəli mənzili yaxın ərazilərdə analoji tam təmirli mənzillərin 1 kv.m hazırki orta bazar qiymətlərinə uyğun dəyəri nəzərə almaqla, 34.6 m2 mənzilə 20% əlavə olunmaqla, yəni ümumi sahəsi 41.5 kv.m. olan mənzilin ümumi dəyəri təqribən 92130,0 manat məbləğində müəyyən edilməsinə baxmayarag, iddiaçı 80.000 (səksən min) manat miqdarda pulun tutulması barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməlidir.
15. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliyini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun tutulması ağlabatan və ədalətli hesab etmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 560.1, 560.2, 1096.1, 1097.1, 1163, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 115, 124.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı2 və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
18. İddiaçı2 apellyasiya şikayətində qətnamənin təmin olunmamış hissədə ləğv edilərək, tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil edir.
19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə əlavə edilmiş sübutları, sənədləri tam və hərtərəfli araşdırmadan iş üçün əhəmiyyətli digər halları müəyyən etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Bununla yanaşı qeyd etdi ki, oğlu İlqarla onun arasında hər hansı anlaşılmazlıq yoxdur və qətnamə ilə 80000 manat maddi zərərin yalnız oğlunun xeyrinə tutulması onun mənafeyinə zidd deyil.
22. Digər iddiaçının vəkili İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
23. Cavabdeh tərəf ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini, belə ki, şirkətin nümayəndəsi hüquqşünas məzuniyyətdə olduğundan iştirakının mümkün olmadığını, ona görə də iclasın 20 iyul 2024-cü il tarixdən sonrakı təxirə salınmasını xahiş etmişdir. İşə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. X2 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir.
38. X3 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir, İddiaçı2 onun keçmiş arvadı, digər İddiaçı1 isə onların oğludur. X3 və X5 arasında bağlanmış nikaha 25 dekabr 1985-ci il tarixdə xitam verilmişdir. Sökülmüş ev (Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev küçəsi, ev 95, m. 5-6) vərəsəlik hüququna əsasən İddiaçı1 məxsus olmuşdur.
39. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 541/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur: - Bakı şəhəri, ünvan 4 ünvanda 5/6 saylı 34.6 kv.m mənzil İddiaçı1 məxsus olmuşdur; - Cavabdeh MMC tərəfindən həmin ünvanda yerləşən bina sökülərək yerində yeni çoxmənzilli bina inşa edilmişdir. -həmin evdə müvəqqəti olaraq məcburi köçkün kimi X.İbrahimova yaşayır; - Yeni mənzilin verilməsi ilə bağlı iddiaçı tərəf ilə cavabdeh MMC arasında danışıqlar aparılmışdır; - İddiaçı ilə MMC arasında iddiaçıya məxsus mənzilin sökülməsi ilə əlaqədar aylıq 300 manat məbləğində kirayə haqqının X.İbrahimovaya təhvil verilməsi barədə razılıq əldə olunuşdur; - İlkin mərhələdə mənzil və açarları iddiaçı tərəfə təhvil verilmişdir. -İddiaçı tərəfin dəfələrlə ona ayrılmış binanın 16-cı mərtəbəsindəki 294 saylı mənzilə baxması; - Sonuncu dəfə mənzilə baxarkən açarların dəyişdirilməsinin müəyyən edilməsi; - Bununla bağlı cavabdehlə danışıqlar aparılarkən mənzilin ona verilməsi üçün ondan 20000 manat tələb edilmişdir; - Cavabdeh MMC ilə X.İbrahimovanın arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır; - X.İbrahimova ilə müqavilə bağlanmasına baxmayaraq ona da mənzil verilməmişdir.
40. Qətnaməyə əsasən iddiaçı tərəfə onlara məxsus mənzilin Cavabdeh MMC tərəfindən sökülməsi - törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
41. Göründüyü kimi, qüvvədə olan qətnamə ilə sökülmüş mənzilin İddiaçı1 məxsus olması müəyyən edilmişdir.
42. Beləliklə, İddiaçı1 vərəsəlik hüququ əsasında məxsus olan ev cavabdeh tərəfindən sökülmüş, lakin sonuncuya sökülmüş mənzilin əvəzi kimi kompensasiya məbləği, habelə mənzil verilməmişdir.
43. Buna görə də İddiaçı1 hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
44. Mənzilin dəyəri ilə bağlı isə məhkəmə haqlı olaraq iddia tələbi həcmində 80000 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
45. Hazırki iş üzrə İddiaçı2 da iddiaçı qismində çıxış edərək, tələb edilən pul məbləğinin İddiaçı1 ilə bərabər ona münasibətdə də tutulmasını tələb etsə də, işin müəyyən edilmiş hallarına görə sonuncu ilə mərhum X3 ilə arasında bağlanmış nikah xx.xx.1985-ci il tarixdə pozulmuşdur və sökülmüş ev vərəsəlik hüququna əsasən İddiaçı1 məxsus olmuşdur. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, İddiaçı2 hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır və bu səbəbdən iddia ona dair hissədə (pul məbləğinin digər iddiaçı ilə yanaşı ona verilməsi) təmin edilə bilməz.
46. İddiaçı2 iddianın mənəvi zərər hissədə tam təmin olunmalı olması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, əvvəla mənəvi zərər hissəsində məhkəmənin gəldiyi nəticə ədalətli və ağlabatandır. Digər tərəfdən isə İddiaçı2 hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığı kimi, qətnamə ilə iddianın təmin olunmayan hissəsini mübahisələndirmək hüququ da yoxdur.
47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətləri əsassızdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.