Məhkəmə qərarları › İş №2(103)-3579/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3579/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3579/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(006)-1322/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(101)-1669/2021 nömrəli hökmü ləğv edilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmişdir. 2.İddiaçı qanunsuz həbsdə saxlanımasına görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 40 000 manat, mənəvi ziyana görə 100000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saat 17:45 dəqiqədə ünvan 1 ünvanında yerləşən “İstanbul Gold” hotelində olarkən Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulub saxlanılaraq DİN BNMİ-nə gətirilmiş, işgəncə və hədə-qorxu təsiri altında külli miqdarda narkotik maddə əldə edib daşıması haqda ifadə verməyə məcbur edilməklə CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində tutulmuş, həmin maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(101)-1669/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum İddiaçı müdafiəçisi İ.Babayev tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkum edilmiş İddiaçımüdafiəçisi Babayev İsmayıl Seyfəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilmiş və cinayət işi üzrə yeni hökm çıxarılaraq, İddiaçı CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanması, İddiaçı cəza çəkərkən narkomaniyadan məcburi müalicə edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktiki qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Babayev İsmayıl Seyfəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Nümayəndə Çərkəz oğlu kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı əməlində cinayət tərkibi olmadığından bəraət verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı müdafiəçisi Babayev İsmayıl Seyfəddin oğlunun kassasiya şikayəti və müdafiəçisi Nümayəndə Çərkəz oğlunun kassasiya şikayətinə əlavəsi qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmü ləğv edilərək, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(101)- 1669/2021 nömrəli hökmü ləğv edilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli 1(103)- 1313/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Peyman Süleymanov xx.xx.2021-ci il tarixdə saat 17:45 dəqiqədə ünvan 1 ünvanında yerləşən “İstanbul Gold” hotelinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq AR DİN BNMİ-yə gətirilmiş, onun CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində tutulması qərara alınmış və o, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdə saat 17:45 dəqiqədən tutulmuş hesab edilmişdir. 19 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 29 mart 2023-cü ildə bəraət alaraq həbsdən azad edilənə kimi 1 il 11 ay 26 gün müddətində azadlıq hüququ məhdudlaşdırılmış, əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü ilə İddiaçı bəraət verilib azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş kassasiya protestinə 02 noyabr 2023-cü il tarixdə baxılanadək keçən müddət ərzində də o, gərginlik və qorxu içərisində olmuş, yenidən həbs olunmaq xofu ilə yaşamış, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona bərpaolunmaz maddi və mənəvi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etməkhüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı məhkum olunduğu cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla yaxşı qazanc əldə etmiş, orta aylıq qazancı 1500-1600 manat olmuş, həbsdə saxlanıldığı 23 ay 26 gün ərzində 40.000 manata yaxın qazancından məhrum olmuşdur. Bundan başqa o, qanunsuz şəkildə tutularaq həbs edildikdən indiyə kimi müdafiə hüququnun təmin olunması üçün 2500 manat pul ödəmişdir. Göstərilən müddət ərzində İddiaçı işini, gəlirini, işgüzar əlaqələrini itirmişdir. Ailədə əsas qazanc gətirən şəxs olduğu üçün 4 nəfərdən ibarət ailəsi çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. Əldən çıxmış qazancı ilə birlikdə çəkdiyi xərcləri 42.500 manat olmuşdur. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nəticəsində həyatının 1 il 11 ay 26 gününü dəmir barmaqlıqlar arasında keçirməsi onun cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə, işgüzar əlaqələrini itirilməsinə səbəb olmuş, bütün bunlar İddiaçı mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. 5.Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. 6.Etiraz onunla əsaslandırılmışdır ki, Etiraz onunla əsaslandırılmışıdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etsədə, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №- li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097 -ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən kompensasiya ödənilməsini tələb edir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 aprel 2024-cü il tarixli, 2(006)-1322/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Nail Abbasov) iddia tələbi qismən təmin edilərək, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 8.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1669/2021 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. 9.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1669/2021 saylı hökmü ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsi hökm edilmişdir. 10.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1810/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. 11.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-522/2023 saylı hökmü ilə İddiaçı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1669/2021 saylı hökmü ləğv edilmiş, İddiaçı CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilməklə ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. 12.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1937/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli 1(103)-522/2023 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. 13.Məhkəməmüəyyən etmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-522/2023 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. 14.Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 15.Məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. 16.Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (01 il 11 ay 10 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 17.Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). 18.Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 24000 manat məbləğində müəyyən olunmalıdır. 19.İddia tələbinin “taksi fəaliyyəti ilə məşğul olmaqla yaxşı qazanc əldə etməsi, orta aylıq qazancının 1500-1600 manat olması” ilə bağlı məhkəmə hesab etmişdir ki, qanunsuz olaraq həbsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. 20.Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3 və 9-cü; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci;Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1, 14.2, 217.4 və 216- 220-ci maddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni qaydada əsaslandırılmış və əsas məzmunu ondan ibarətdir ki, Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassızdır. Eyni zamanda hesab edir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 24.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 3-cü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdeh, 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 25.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 26.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 27.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 28.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 29.Maddə 5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 30.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 31.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 32.Maddə 12.Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri həcmində qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası apellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(006)-1322/2024 saylı qətnaməsimübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 38.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (01 il 11 ay 10 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar onda inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər yaratmaqla nəticədə iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, o, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 39.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının 01 il 11 ay 10 gün müddətində qanunsuz azadlıqdan məhrum edilməsi bununla da cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 40.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 42.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 43.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsigöstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir.Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntununxarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq,narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, AvropaMəhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames vəVebster Birləşmiş Krallığa qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvizərər ödənilməsi qərarına gəlmişdir. 44.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə PraktikiQaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyikompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyəkompensasiyasının təmin olunmasına yönəlib. 45.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 46.Kollegiya cavabdeh tərəfin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 47.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 48.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 49.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 50.Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir. 51.Məhkəmə kollegiyası həmçinin apellyatorun kompensasiya məbləğinin hesablanması zamanı Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin nəzərə alınması barədə dəlilini də əsassız hesab edərək qeyd edir ki, Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. 52.Göründüyü kimi qeyd olunan norma cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş, cinayət mühakimə icraatı qaydasında həll edilən məsələni tənzimləməklə hazırki mülki iddia və iddianın əsasında duran fakitki hallarla əlaqəsi yoxdur. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(006)-1322/2024 saylı qətnaməsi mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar