Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3579/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 16 yanvar 2025-ci il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və iş üzrə üçüncü şəxs olan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.250 manat, mənəvi zərərin əvəzi olaraq 600 manat məbləğində pul vəsaitin cavabdeh Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, özünə məxsus avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisindən **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidmətinin əməkdaşı Emin Süleymanov tərəfindən saxlanılmışdır. Bundan sonra Emin Süleymanov bildirmişdir ki, iddiaçı “Yol hərəkəti qaydalarının” tələbini pozmuşdur. İddiaçı bununla razılaşmayaraq heç bir pozuntu etmədiyini bildirsə də, Emin Süleymanov xx.xx.2022-ci il tarixdə iddiaçının iştirakı olmadan və heç bir sübut, protokol olmadan iddiaçının barəsində “İnzibati tənbeh vermə haqqında qərar” qəbul etmiş və iddiaçını 60 manat məbləğində cərimə etmişdir. İddiaçı həmin qərardan narazı qalaraq qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının şikayətinə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçının şikayətinin qismən təmin edilməsini və inzibati işə yenidən baxılması üçün işin Bakı Dövlət Yol Polisi İdarəsinə göndərilməsini qərara almışdır. Bakı Dövlət Yol Polisi İdarəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən nöqsanlar aradan qaldırılmadan inzibati material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixdə qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında qərar” qəbul etmiş və iddiaçını cərimə etmişdir. İddiaçı bildirir ki, həmin “İnzibati tənbeh vermə haqqında qərar” qanunsuz və əsassızıdır. Çünki o, “Yol hərəkəti qaydalarını” pozmamışdır. Bundan başqa Bakı Dövlət Yol Polisi İdarəsi tərəfindən ona bildiriş göndərilərək, inzibati işə xx.xx.2023-cü il tarixdə baxılacağı barədə məlumat verilsə də, müəyyən edilmişdir ki, həmin iş üzrə artıq xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan da narazı qalaraq qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının şikayətinə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərarı” ləğv edərək iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının barəsində 2 dəfə qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərarlar” qanunsuz və əsassız olmuşlar. İddiaçı bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən inzibati xəta üzrə işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam, obyektiv və hərtərəfli araşdırmadan onun barəsində qərəzli olaraq inzibati tənbehin verilməsinə dair qərarlar qəbul edildiyindən iddiaçı həmin qərarları məhkəmədə ayrı-ayrı icraatlarda 2 dəfə mübahisələndirmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndələri həmin işlər üzrə məhkəmə baxışı iclaslarına gəlmədikləri üçün məhkəmə baxışı iclasları dəfələrlə təxirə salınmış və iddiaçı öz şəxsi işlərini atıb həmin iclaslara gedib-gəlmək məcburiyyətində qalmış, nəticədə ona həm maddi və həm də mənəvi zərər dəymişdir. Belə ki, bunlarla bağlı iddiaçı zaman-zaman öz işindən ayrılmış, sözügedən proseslərdə iştirak etmək üçün nəqliyyat, telefon, poçt və digər zəruri xərcləri ödəmişdir. İddiaçı tərəfindən yola çəkilmiş xərc cəmi 150 manat, işlədiyi usta işindən ayrılmağa görə itirdiyi qazanc cəmi 1.100 manat təşkil edir. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzi olaraq (150+1.100=) 1.250 manat məbləğində pul cavabdeh Maliyyə Nazirliyindən tutularaq ona ödənilməlidir. İddiaçı bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər də dəymişdir. Buna görə də o hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 600 manat məbləğində pul cavabdeh Maliyyə Nazirliyindən tutularaq ona ödənilməlidir. b) birinci instansiya məhkəməsində iş üzrə tərəflərin iştirakı və məhkəməyə verdikləri izahatlar barədə məlumat
4. İş üzrə iddiaçı işin baxılmasında iştirak edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi, iddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi, Rayon Məhkəməsi tərəfindən işin baxılmasına iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasları barədə lazımı qaydada xəbərdar edilsələr də iclaslarda iştirak etməmiş, iddiaya dair münasibətlərini yazılı qaydada təqdim etməmiş və bunların səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Buna görə də Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 72 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə bu gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə müəyyən edilmişdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin iddiaçının barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərarları” əsassız olmuşdur. İddiaçı həmin “İnzibati tənbeh vermə haqqında qərarlar” ilə razılaşmayaraq onları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində mübahisələndirmişdir. İddiaçı ona 1.250 manat məbləğındə maddi zərərin dəydiyini bildirsə də, müəyyən olunur ki, onun bu tələbi qismən əsaslıdır. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli “Ödəniş qəbzindən görünür ki, o, yalnız cərimənin ödənilməsi məqsədi ilə dövlət büdcəsinə 72 manat məbləğində ödəniş etmişdir. Maddi zərərin qalan hissəsini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin “600 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə Rayon Məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq 2 dəfə inzibati xəta haqqında qərarlar çıxarılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 600 manat məbləğində qiymətləndirilməsi mümkün deyil. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olmasını vurğulayaraq və iş üzrə bütün digər diqqətəlayiq halları (aparılmış icraatın xarakterini və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 300 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh Maliyyə Nazirliyi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı hər hansı bir qanunsuz hərəkət edilməmişdir. Buna görə də, Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş həmin iddia tələbi əsaslı hesab edilə bilməz. İddiaya cavab verməli olan şəxslər iddiaçıya qarşı qanunsuz hərəkətlər etmiş şəxslərdir. Maliyyə Nazirliyi bu iş üzrə cavabdeh qismində deyil, üçüncü şəxs qismində cəlb edilməli idi. Bundan başqa nəzərə alınmalıdır ki, Rayon Məhkəməsi iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 300 manat, maddi zərərə görə isə 72 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir.
10. İş üzrə üçüncü şəxs olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də həmin qətnamədən Məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi və ya məhkəmə aidiyyəti qaydalarına əməl edilməməsi əsası ilə (mübahisəyə ümumi məhkəmədə yox, inzibati məhkəmədə baxılmalı olması ilə bağlı) işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.
11. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyinin inzibati orqan olmasına və ona qarşı iddialara inzibati məhkəmələrdə baxılmalı olmasına və bununla bağlı vahid məhkəmə təcrübəsi yaranmasına baxmayaraq, Rayon Məhkəməsi əsassız olaraq iddianı icraata qəbul etmiş və ona baxmışdır. Rayon Məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalmasını təsdiq edən sübutların olmamasına əhəmiyyət verməmiş bu tələbi qismən də olsa təmin etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
12. İş üzrə cavabdeh Maliyyə Nazirli, üçüncü şəxslər olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Daxili İşlər Nazirliyi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
13. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat
14. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
15. Qətnamədən apellyasiya şikayəti vermiş apellyatorlar apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətlərin məzmunundan görünür ki, onlar iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmirlər.
16. Bunları və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
17. Apellyasiya baxışının həddini predmetini nəzərə alan Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, özünə məxsus avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisindən **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidmətinin əməkdaşı Emin Süleymanov tərəfindən saxlanılmışdır. Emin Süleymanov tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının iştirakı olmadan iddiaçının barəsində “İnzibati tənbeh vermə haqqında qərar” qəbul etmişdir. Həmin qərarla iddiaçıya cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 18.1. İddiaçı həmin qərardan narazı qalaraq qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının şikayətinə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçının şikayətinin qismən təmin edilməsini və inzibati işə yenidən baxılması üçün işin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməsini qərara almışdır. 18.2. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi inzibati material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixdə qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında qərar” qəbul etmiş və iddiaçını cərimə etmişdir. 18.3. İddiaçı həmin qərara da məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının şikayətinə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərarı” ləğv edərək iş üzrə icraata xitam vermişdir.
19. Göründüyü kimi iddiaçının barəsində 2 dəfə qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərarlar” qanunsuz və əsassız olmuşlar.
20. İşin bu halı tərəflər arasında mübahisə doğurmur. Çünki bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
22. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
23. Buna görə də müəyyən edilir ki, cavabdeh Maliyyə Nazirliyinin onun bu iş üzrə cavabdeh qismində cəlb olunmasının qanunsuz olması barədə dəlili əsassızdır. Maliyyə Nazirliyini hazırkı iddiaya cavab verməli şəxs kimi qəbul etməkdə Rayon Məhkəməsi haqlı olmuşdur.
24. Cavabdeh Maliyyə Nazirliyinin ikinci dəlili, eləcə də iş üzrə üçüncü şəxs olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birinci dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalmasını təsdiq edən sübutların olmamasına əhəmiyyət verməmiş bu tələbi qismən də olsa təmin etmişdir.
25. Məhkəmə hər iki apellyasiya şikayətində ifadə olunmuş bu dəlillə əlaqədar qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
26. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
28. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
29. Odur ki, yuxarıda qeyd olunanları, iş üzrə iddiaçının qanunsuzluğa məruz qalması və nəticədə mənəvi iztirab çəkməsi işin mübahisəsiz hal olmasını, bu səbəbdən mənəvi ziyanla bağlı sübutlara zərurət olmadığını, maddi ziyana dair sübutların olmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi maddi və mənəvi ziyanla bağlı düzgün nəticəyə gəlmişdir. Hər 2 apellyasiya şikayətinin müzakirə olunan bu dəlili əsassızdır.
30. İş üzrə üçüncü şəxs olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin digər dəlili ondan ibarətdir ki, iş üzrə cavabdeh olan Maliyyə Nazirliyi inzibati orqan olduğu üçün bu iddiaçıya inzibati məhkəmə tərəfindən baxılmalı idi. Lakin Rayon Məhkəməsi ona aid olmayan tələbə baxmışdır.
31. Bununla bağlı Məhkəmə bildirir ki, cavabdehin inzibati orqan olması işin inzibati məhkəmədə baxılması üçün kifayət etmir. Mübahisənin təbiətinin publik hüquq münasibətindən irəli gəlməsi həmin mübahisənin inzibati məhkəmədə baxılması üçün əsas şərtdir. Lakin tərəflər arasında olan hazırkı mübahisənin təbiəti mülki hüquq xarakterlidir. Odur ki, qəbul edilməlidir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müzakirə edilən bu dəlili əsaslı deyil. Rayon Məhkəməsi bu tələbi icraata qəbul edib. Baxmaqda haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər 2 apellyasiya şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Həmçinin iddianın qiymətinin 5.000 manatdan az olduğunu nəzərə alaraq və MPM-in 402.1-ci maddəsini rəhbər tutan Məhkəmə qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.