Məhkəmə qərarları › İş №2(103)-3582/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3582/2020

18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3582/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-252/2019 saylı, xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ilkin olaraq cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və xüsusi notarius X1 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək onun adından tərtib edilmiş və Bakı şəhər xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2012-ci il tarixli, 7E17/13923 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 100.LN.2005.191112.00002 saylı kredit və xx xxxxxx 2012-ci il tarixli, 100.CN.2005.**********2 saylı ipoteka müqavilələrinin onun razılığının olmaması və mülkiyyət hüquqlarının pozulması ilə bağlandığı üçün ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-252/2019 saylı, xx xxxxxxxx 2019ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməyərək iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 138 manatın İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Sadiq oğluna qarşı “xxxx” ASC tərəfindən vaxtilə iddia verilmiş və kredit müqaviləsi üzrə öhdəliyin təmini vasitəsi olan, hazırda yaşadıqları M.Əlizadə küçəsi 40 saylı evin hərracda satılması qətnamə ilə müəyyən edilmişdir. Formal olaraq cavabdeh qismində adı yazılsa da, o, həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Yalnız bu yaxınlarda bilmişdir ki, həyat yoldaşı, cavabdeh onun razılığı olmadan hazırda yaşadığı evi kredit müqaviləsi qarşılığında banka girov qoymuşdur. Girov predmeti olan 1 əmlak onun cavabdehlə birgə nikahları dövründə əldə edilmişdir və həmin evə onun da paylı mülkiyyəti var. Onun xəbəri olmadan evə dair bağlanmış hər hansı bir əqdi qanuni saymaq olmaz və buna dair müvafiq razılığı da olmalıdır. O isə belə bir razılıq verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, borcalan Cavabdeh2 ilə İddiaçı rəsmi nikahdadırlar. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 100.LN.2005.191112.00002 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 16% dərəcəsi ilə 700000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 100.CL. 191112.00002/a saylı ipoteka müqaviləsinə əsasən qeyd olunan kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Maqsud Əlizadə küçəsində mülkiyyətdə olan 0.02195 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 19130 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından “xxxx” ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış Cavabdeh2 ilə xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 100.CL.191112.00002/a saylı ipoteka müqaviləsinə və ona edilmiş bütün əlavələrə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Maqsud Əlizadə küçəsində mülkiyyətdə olan 0,02195 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 551,8 kv.m, o cümlədən yaşayəş sahəsi 100,8 kv.m olan fərdi yaşaış evinin ipotekaya qoyulmasına dair xx xxxxxx 2012-ci il tarixli razılıq ərizəsində “a.a.s.:” qrafasındakı “Тагиева Гумру Азим к” yazıları və “imza:” qrafasındakı imza; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 2012-ci ilə dair 7E-17 nörmrəli reyestr jurnalının 54-cü vərəqəsinin “13922” sırasında “İddiaçı” yazıları qarşısında “Notariat hərkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Тагиева” soyadı-TAĞİYEVA QUMRU ƏZİM qızı tərəfindən icra olunmuşdur. İddiaçı qeyd olunan ipoteka müqaviləsi imzalanarkən onun razılığının alınmadığını, razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını bildirsə də, Bakı şəhəri, Nəsimi rayonu, Maqsud Əlizadə küçəsində mülkiyyətdə olan 0,02195 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 551,8 kv.m, o cümlədən yaşayış sahəsi 100,8 kv.m olan fərdi yaşaış evinin ipotekaya qoyulmasına dair xx xxxxxx 2012-ci il tarixli razılıq ərizəsinin iddiaçı tərəfindən imzalandığı işdə olan ekspert rəyi, 53 saylı Notariat Kontorundan tələb olunan jurnaldakı imza ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 386.1, 390, 421.2-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəflər arasında imzalanmış mübahisələndirilən müqavilələrin ləğv edilməsini tələb etsə də, mübahisələndirilən müqavilələrin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı mübahisələndirilən müqavilələrin bağlanması zamanı onun razılıq ərizələrinin alınmadığını iddia tələbinin əsası kimi qeyd etsə də, bu, müqavilənin ləğvi üçün əsas kimi çıxış etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-252/2019 saylı, xx xxxxxxxx 2019ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar