Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3583/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli 2(005)-2711/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən mənzilə dair verilmiş 01 nömrəli 07 may 2018-ci il tarixli protokolun, 029/18 nömrəli, 07 may 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması və bunlara əsasən verilmiş 21.05.2018ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında nikah bağlanmış və nikah 05 dekabr 2009-cu il tarixdə qeydə alınmışdır. Nikahdan təqribən bir il əvvəl, 2008-ci ildə atası Rasim Ağakişiyev ‘'Cavabdeh2” MTK-dan ünvan 1 ünvanında yerləşən mənzili onun adına almışdır. Mənzil alındıqdan sonra ev təmir edilərək 2009-cu ildə toy olduqdan sonra həmin mənzilə köçmüşlər. Mənzil alınan vaxtdan bütün kommunal ödənişlər onun adına olmuş, eyni zamanda “xxxx” QSC, Telefon Qovşağı, “Azərişıq”, “xxxx” ilə müqavilələr onunla bağlanmışdır. 2018-ci ildə işlə bağlı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmiş, getməmişdən əvvəl cavabdehə 19 aprel 2018-ci il tarixdə etibarnamə vermişdir. Cavabdeh bu etibarnamədən sui-istifadə edərək, atasının aldığı və mübahisə predmeti olan mənzili onun adına deyil öz adına rəsmiləşdirmişdir. Hazırda münasibətləri pozulub, cavabdeh nikahın pozulması barədə məhkəməyə ərizə verib, o, təzəlikcə bilmişdir ki, yaşadığı evə dair cavabdeh adına çıxarış alıb. Onun razılığı olmadan qanunsuz olaraq digər Cavabdeh2 MTK bil-bilə ki, bu mənzili onun atası alıb və onun adına müqavilə və maliyyə arayış imzalanıb, Cavabdeh1 adına saxta protokol və maliyyə arayışı tərtib edərək, həmin sənədlər əsasında cavabdehin adına çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli 2(005)- 2711/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. MTK-nın “xxxx” ASC-yə təqdim etdiyi dislokasiya cədvəlində mənzilin qarşısında onun adı qeyd edilmişdir, demək ki, həmin mənzil 2008-ci ildən onun adına olmuşdur, eyni hallar digər kommunal xidmətlərə də aiddir. 2018-ci il tarixli protokoldan çıxarışdan görünür ki, cavabdeh müraciət edərək, kooperativə üzv qəbul edilməsini xahiş etmiş, necə ola bilər ki, 2009-cu ildən ailə qurub mənzildə 2018-ci ilədək müqavilə bağlamadan, ödəniş etmədən, kooperativ üzvlüyünə qəbul edilmədən yaşasınlar. Tək protokoldan çıxarışın mövcudluğu əmlakın özəlləşdirilməsi üçün çıxarış verilməsinə əsas ola bilməz. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyanın əvvəlki iclasında iştirak edən iddiaçı göstərmişdir ki, evi 2009-cu ilin aprel-may aylarında almış, həmin ilin dekabr ayında cavabdeh ilə nikaha daxil olmuşdur. MTK ilə müqaviləni özü bağlamışdır, lakin müqavilənin nə əsli, nə də surəti onda yoxdur. Cavabdeh1 isə apelyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. 25 aprel 2012-ci il tarixli istehlakçı arasında qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanmışdır. İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış ərizənin surətindən görünür ki, 19.04.2018ci il tarixdə ünvan 3tariat ofisində Cavabdeh1 reyesterdə 7E/18980 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Etibarnamənin qüvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsi qeyd edilmişdir. Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətin 2 saylı Rabitə Xidmətləri Mərkəzinin 14.08.2020-ci il tarixli 26-MŞŞ4/1358 saylı arayışdan görünür ki, ünvan 4 ünvanda İddiaçı adına ***-**-** saylı telefon nömrəsi 24.05.2010-cu il tarixdən 02.05.2016cı il tarixədək qeydiyyatda olub və 02.05.2016-cı il tarixdə ***-**-** saylı telefon İddiaçı adından çıxarıldığı qeyd edilmişdir. 13.10.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil üzrə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alıq-satqısı barədə “xxxx” İB ilə məişət qaz qurğusu istifadəçisi İddiaçı arasında müqavilə bağlandığı qeyd edilmişdir. 12.10.2020-ci il tarixli 03/01-7/6/14717 nömrəli məktubdan görünür ki, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4A saylı yaşayış binasının mənzillərinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair abonent kodları MTK-nın “xxxx ASC-yə təqdim etdiyi dislokasiya cədvəlinə və abonentlərin şəxsiyyət vəsiqələrinə əsasən açılmışdır. Sözügedən yaşayış binasının 106 saylı mənzilinin **********060 saylı abonent kodu təqdim edilən sənədlərə istinadən 21.07.2016-cı tarixində İddiaçı adına sənədləşdirilmişdir. 29.09.2020-ci il tarixli 01/01-3/01-506 nömrəli sorğuya cavab məktubundan görünür ki, “xxxx” ASC su təchizatı və çirkab sularının axıdılması xidmətlərinə görə İddiaçı ilə 21 iyul 2016-cı il tarixində 33378461 saylı müqavilə bağlanmışdır. Cavabdeh1 20 avqust 2020-ci il tarixində “ASAN Komunal” Mərkəzinə müraciət edərək su təchizatı xidmətlərinə görə müqaviləni öz adına dəyişdirmişdir. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 07 may 2018-ci il tarixli, 01 nömrəli protokolunun çıxarışından görünür ki, Cavabdeh1 MTK-ya ərizə ilə müraciət edərək onun kooperativə üzv qəbul edilməsinin xahiş etmiş və MTK-ya üzv qəbul edilərək və ona MTKnın Həsənoğlu küçəsi ev 4A kooperativ yaşayış binasında giriş 2 mərtəbə 6 yaşayış sahəsi 48.2 kv olan ümumi sahəsi 100.4 kv.m olan 2 otaqlı 106 saylı mənzilil verilərək çıxarışa 1 nəfər ailə tərkibində daxil edilmişdir. Cavabdeh2 MTK tərəfindən 07.05.2018-ci il tarixli, 029/18 nömrəli maliyyə arayışının surətindən görünür ki, payçı Cavabdeh1 tərəfindən tam ödəniş edilmişdir. MTKyə borcu olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 21 may 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 07.07.2020-ci il tarixli **********36 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanı Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 07 may 2018-ci il tarixli protokolundan çıxarışa, 029/18 nömrəli, 07 may 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 adına 21.05.2018ci il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətdə olduğu qeyd edilmişdir. İddiaçı hazırda həmin maliyyə arayışının, protokoldan çıxarışın etibarsız hesab edilməsini və çıxarışın ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddiaçının mənzilin adına alınmasını sübut edə, bununla da tələbini əsaslandıra bilməməsi nəticəsinə gələrək, iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslıdır. İddiaçı mənzilin 2008-ci ildə atası tərəfindən onun adına alındığını, cavabdehin ona verdiyi etibarnamədən istifadə edərək, sonradan mənzili onun xəbəri olmadan öz adına rəsmişləşdirdiyini və çıxarış aldığını iddia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, Kollegiya qeyd edir ki, iddiaçı qeyd etdiyi tələbinin əsasını təşkil edən halları sübutetmə yükünü daşıyır, lakin, iddiaçı iddia etdiyi halları əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Müqavilənin onun adına bağlanıldığını qeyd etsə də, həmin müqaviləni birinci instansiya məhkəməsində təqdim etməmiş, apelyasiya baxışı zamanı isə müqavilənin nə əslinin, nə də surətinin onda olmadığını bildirmişdir. Mübahisəli mənzilə dair ilkin alqı-satqı müqaviləsinin kiminlə bağlanılması, iddiaçı və ya cavabdeh ilə belə bir müqavilənin bağlanıb-bağlanılmaması kimi halların araşdırılması məqsədi ilə Cavabdeh2 MTK-ya sorğu göndərilmiş, MTK-nın sorğuya cavab məktubunda göstərilmişdir ki, sözügedən mənzilin alqı-satqısına dair ilkin müqavilə Cavabdeh2 MMC (hazırki Cavabdeh2 MTK) ilə X1 arasında 30.06.2009-cu il tarixdə bağlanmış, MTK tərəfindən verilmiş 30.06.2009-cu il tarixli 171 nömrəli maliyyə arayışına əsasən mənzilin pay dəyəri payçı X1 tərəfindən tam şəkildə ödənilmişdir. Lakin 2018-ci ildə Cavabdeh1 tərəfindən MTK-ya ərizə ünvanlanmış və soyadının dəyişdirildiyinə görə müqavilənin və maliyyə arayışının dəyişdirilməsi və yenidən tərtib edilməsi xahiş edilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş 30.06.2009-cu il tarixli 394 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X1 Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından mübahisəli mənzil almışdır. 30.06.2009-cu il tarixli 171 nömrəli maliyyə arayışının təsdiq olunmuş surətindən isə görünür ki, mənzilin pay dəyəri payçı X1 tərəfindən tam şəkildə ödənilmişdir. 01.05.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə MTK-ya müraciət edərək, MTK ilə bağladığı 30.06.2009-cu il tarixli müqaviləni, ər soyadına keçdiyi üçün Ağakişiyeva soyadı ilə yenidən yazmağı və ünvana çıxarış alınması üçün ona sənəd verilməsini xahiş etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair ilkin müqavilə 2009-ci il tarixdə cavabdehlə bağlanılmış, dəyəri tam ödənilməklə bu barədə maliyyə arayışı verilmişdir. Həmçinin yenidən rəsmiləşdirmə zamanı iddiaçının cavabdehə verdyi etibarnamədən istifadə olunması müəyyən olunmur. Qeyd olunanlara əsasən iddiaçının mənzilin 2008-ci ildə onun adına alınması, müqavilənin onunla bağlanılması barədə dəlilləri təkzib olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3583/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3583/2021
21.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver