Məhkəmə qərarları › İş №2(103)-3586/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3586/2021

12.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3586/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi İsmayıl Yediyarovun və Cavabdeh2 vəkili və nümayəndəsi Rübayıl Səfərovun iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 MMC-yə qarşı “mülkiyyətdə olan daşınmaz əmlakların sökülməsinə görə kompensasiya ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizədə xahiş olunub ki, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 №-li binanın və Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 №-li binanın yerləşdiyi yerdə tikilməkdə olan binanın üzərinə həbs qoyulmaqla həmin binada yerləşən, həmçinin tikilməkdə olan yaşayış və qeyri-yaşayış sahələrinin satışı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 MMC-yə və qeyrilərinə qadağan edilsin. Həmin ərizə xx.xx.2020-ci il tarixli qərardadla rədd olunub. Cavabdeh2 şikayət verərək xahiş edib ki, qərardad ləğv olunsun. Şikayət rədd olunmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. Qarşılıqlı iddiada kompensasiya (pul) tələb olunur. Ona görə də iddianı təmin etmə tədbiri o halda tətbiq oluna bilər ki, bu tədbir görülməyəci təqdirdə İddiaçı1 MMC-nin maliyyə vəziyyəti pulun tutulması barədə qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edəcək. Lakin bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əsassızdır, birinci instansiya məhkəməsi düzgün olaraq həmin ərizəni rədd edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar