Məhkəmə qərarları › İş №2(103)-3587/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3587/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3587/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qərardadından iş üzrə Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin əvəzinə 20% əlavə sahə ilə birlikdə yeni qeyri-yaşayış sahəsinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması və kirayə haqqının ödənilməsi tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdiir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK (bundan sonra-cavabdeh) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri” Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dövlət reyesterindən çıxarışın və əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanda inşa edilmiş binanın qeyriyaşayış sahələrinin yerləşdiyi hissədə 52,32 kv.m-dən az olmayan sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadəküçəsi, 42/9 ünvanda inşa edilmiş binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsində 52,32 kv.m-dən az olmayan sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi və digər əməliyyatların aparılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh MTK tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “qeyriyaşayış sahəsinin əvəzinə 20% əlavə sahə ilə birlikdə yeni qeyri-yaşayış sahəsinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmədiyi halda, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanda inşa edilmiş binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsində 52,32 kv.m-dən az olmayan sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilmiş, lakin cavabdehin həmin qərardadan məlumatı olmamışdır. İddia təmin edilmədiyi halda, iddianın təmin tədbirinin seçilməsi qanunsuzdur. Məhkəmə tərəfindən qərardad qəbul edilərkən göstərilən prosessual hüquq normalarının tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə öz qərardadında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanda inşa edilmiş binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsində 52,32 kv.m-dən az olmayan sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi, digər əməliyyatların aparılması cavabdehə qadağan edilmişdir. Halbuki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən. İddiaçı mülkiyyətində olan 45,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə görə ödənilməli olan, 6 (altı) ay üçün ümumi məbləği 1200 (bir min iki yüz) manat təşkil edən kirayə haqqı məbləğinin Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, İddiaçı mülkiyyətində olan 45,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada qeyri-yaşayış sənədi ilə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində rədd edilmişdir. Bu baxımdan iddiaçının ərizəsi əsasında iddianın təmini tədbiri barədə barəsində şikayət etdiyi qərardadın çıxarılması obyektiv gerçəkiyi əks etdirmir və qanunvericiliyin tələbinə ziddir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X5 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 157-ci və 158-ci maddələrinin məzmununa görə, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından, həmçinin məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş müvəqqəti xarakter daşıyan prosessual tədbirdir. Qanunun mənasına görə iddanın təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılana qədər qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Özünün mahiyyəti etibarı ilə iddianı təmin etmə tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün, həmin tədbiri tətbiq edərkən, məhkəmə belə mövqedən çıxış edir ki, tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Buna görə də, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İddianın təmin tədbiri ilə gələcəkdə qəbul ediləcək qətnamənin icrası arasında əlaqə olmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə cavabdeh “xxxx” MTK-dan 1600 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Hazırki halda, iddiaçının iddia tələbi qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə minməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar