Məhkəmə qərarları › İş №2(103)-3587/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3587/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3587/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2737/2024 nömrəli 07 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 030967 nömrəli vəsiqəyə əsasən İddiaçı müharibədə iştirak etmişdir.

2. X6655 nömrəli vəsiqəyə görə İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X4 X10 işlər üzrə müavinidir.

3. X2 Koordinasiya Mərkəzi tərəfindən verilmiş 74 nömrəli xx.xx.2023-cü il tarixli arayışa görə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Tərtər bölgəsində X1 X9 Dəstək Qrupunda iştirak etmişdir.

4. X3 02 saylı xx.xx.2022-ci il tarixli qərarına görə İddiaçı X13 (X5)-nin Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin Direktor müavini vəzifəsinə təyin edilmişdir.

5. 31-119 nömrəli arayışa görə İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Füzuli rayonunda xidməti ezamiyyətdə olmuşdur. xx.xx.1992-ci il tarixində tank mərmisinin partlayışı zamanı alın nahiyəsindən qəlpə yarası və baş beyin xəsarəti almışdır.

6. Cavabdeh MTK tərəfindən verilmiş arayışa görə ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli 2 girişli yaşayış binasında Əmək və Əhalinin Sosial MÜdafiəsi Nazirliyi tərəfindən verilən “376” saylı binanın 16-cı mərtəbəsində olan 2 otaqlı 86 saylı mənzilin sakini İddiaçı qonşuların aktına görə bu mənzildə həqiqətən yaşayır.

7. 7 saylı şəhər Poliklinikasında verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa görə İddiaçı gərginlik stenokardiyası,ürək çatışmazlığı, baş beyinin zədələnməsi, kəllə daxili travma, hipertoniya, şəkərli diabet, PTCA, beyin şişi xəstəliyindən əziyyət çəkir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin inşasını MTK həyata keçirdiyindən və mənzil qüsurlu olduğundan yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin təmirinin Cavabdeh MTK-ya həvalə edilməsi və mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi və dəqiqləşdirmə belə əsaslandırılmışdır ki, ona dövlət tərəfindən güzəştli mənzil verilmişdir, mənzilin iç hissəsi lazımı qədər tam təmir edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzil Cavabdeh MTK tərəfindən tikilmiş və istismara verilmişdir. Hazırda yaşadığı mənzilin divarlarında rütubətdən göbələk yaranmış, mənzilin giriş qapısının kənarları və pəncərələri rezinsiz olduğundan çöldə olan səs-küy və soyuq hava evə asanlıqla daxil olur, mənzilin döşəməsi isə beton örtük üstündə bir başa çəkilmişdir. Buna görə də ev daim rütubətli və soyuq olur. Dəfələrlə tərəfindən təmir edilməsinə baxmayaraq nəticə əldə edə bilməmişdir. Mənzilin inşasını MTK həyata keçirdiyindən və mənzil qüsurlu olduğundan yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin təmiri Cavabdeh MTK-ya həvalə edilməlidir.

10. Şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur. Akif müəllimin videoda göstərdiyi kimi onun mənzilin də problemləri vardır. Belə ki, onun mənzilinin də hamamı dağılmışdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciət etsə də, onlar buna əhəmiyyət verməmiş, məcbur olaraq hamamı özü təmir etmişdir. Akif müəllimin də mənzili eyni vəziyyətdədir. Bundan başqa mənzil onlar təhvil verən zaman onlar mənzili görməmiş və ilk olaraq mənzilin açarı ona təhvil verilmişdir. Mənzilə baxmağa icazələri olmamışdır. Prezident binanın 12 və 14cü mərtəbələrinə baş çəkdiyi üçün həmin mərtəbələr keyfiyyətli təmir edilmiş və qapısı dizaynlıdır, möhkəmdir. Onlar isə binanın 17-ci mərtəbəsində yaşayırlar. Bina dəniz səviyyəsindən hündür olduğundan hava küləkli olan vaxt mənzildə qalmaq mümkün deyildir. Hətta birdəfə külək olan zaman külək onun pişiyini də çölə fırlatmışdır. Hava küləkli olan zaman artıq mənzilin qapılarını əlləri ilə tuturlar ki, qapı aşmasın. Ümumiyyətlə küləkli havalarda evdə yaşamaq mümkün deyildir. Çünki külək pəncərəni açır. Beton örtüyünü üstünə lambir qoyulduğundan evin döşəməsi də soyuq olur. Mənzilin nasazlığına görə dəfələrlə müraciət etsələr də, onların sözünə heç kim qulaq asmamış, lakin söz komunnal xidmətlərə gəldikdə onlardan liftdən istifadə üçün ikiqat pul alırlar. Bina sürüşmə zonasındadır. Hətta o, binanın yanında şəhid ailələri və müharibə iştirakçıları üçün ikinci binanın inşa etmək istəyirlər.

11. Şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının tanışıdır. Akif müəllim ona hamamın uçduğunu deyəndə inanmamış, gəlib mənzilə baxış keçirəndən sonra o, da iddiaçı ilə birlikdə hamamın tavanın təmiri üçün tikinti materialları almış və hamamı təmir etmişdirlər. İddiaçının evində olan zaman uğultudan qalmaq olmur. O, da tikinti işləri üzrə baş revizor olmuşdur. İddiaçının mənzilinin halı ilə çox əsəbləşir, stress keçirir. İddiaçının əsəbləri gərgindir, övladı şəhid olmuşdur,beynində qəlpə yarası vardır. O, niyə belə şəraitdə yaşamalıdır. İddiaçı özündən çıxmasın deyə o, da onunla birlikdə xəstəxanada bir palatada yatmışdır. Evin döşəməsini də düzgün vurmayıblar. Belə ki, betonun üstünə nazik lambir vurulmuşdur.

12. Yerli müayinə aktından görünür ki, ünvan 3 ünvanında yerləşən 86 saylı mənzilin giriş, qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələr vardır, həmin ləkələrə toxunduqda isə divarın yaş olduğu müəyyən edilir, mənzilə quraşdırılan pəncərədən elə həmin mənzildə olarkən şiddətli külək səslərini eşidildiyi aşkar edilmişdir. Həmçinin pəncərələrin şüşələrində rütubətdən yaranmış buxar ləkələri aşkar edilmişdir. Qeyd edilən mənzilin giriş qapısı deformasiyaya uğramış, qapının kənarlarının rezinləri yoxdur və mənzildə olarkən belə qapıdan külək səslərinin və soyuğunun gəldiyi müəyyən edilmişdir. Qeyd edilən mənzilin döşəməsinə quraşdırılan laminantın altında beton örtük olduğu, həmçinin ünvana quraşdırılan pəncərələrin deformasiyaya uğradığı müəyyən edilmişdir.

13. Məhkəmə tərəfindən qeyd edilən mənzilə yerli müayinə keçirilən zaman iddiaçının yaşadığı mənzilin divarlarında göbələk olduğu, döşəmənin birbaşa beton örtüyün üzərinə vurulduğu, mənzilin giriş qapısı və pəncərələrində rezin olmadığı, səsin və soyuğunun evə asanlıqla daxil olduğu müəyyən edilmişdir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 mart 2024-cü il tarixli 2(011)-2737/2024 nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin yenidən təmirinin Cavabdeh MTK-ya həvalə edilməsi, İddiaçı vurulan mənəvi ziyanın əvəzi olaraq 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilin qüsurlu olması iddiaçını hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Bundan başqa məhkəmə tərəflər arasında müqavilənin olmaması səbəbindən iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya verilmiş, lakin mənzilin inşası Cavabdeh MTK tərəfindən həyata keçirilmişdir. Mənzilin keyfiyyətli inşası sifarişçinin kim olmasından asılı olmayaraq, podratçının vəzifəsi olduğundan, həmin mənzilə görə də cavabdehliyi MTK daşıyır. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bundan əvvəl müharibələrdə iştirak etdiyindən, onun döyüş meydanında ölümlə qarşı-qarşıya gəldiyindən və “Aprel döyüşləri”ndə yeganə oğlunu itirdiyindən, sağlamlığı pozulduğundan aldığı psixoloji travmalar, posttravmatik stress pozuntusunun olması, bundan əlavə mənzilin keyfiyyətsiz olması səbəbindən o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə hüququ var. Məhkəmə hesab etmişdir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Mülki Məcəllənin 6.2, 21.1, 21.2, 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə prosessual hüquq normalarını pozaraq cavabdehə lazımı qaydada məlumat verməmiş, məhkəmə iclaslarını çox qısa müddətdə, demək olar ki təxirə salmadan həyata keçirmiş, ünvana yerli baxış keçirilən zaman cavabdehin iştirakını təmin etməmiş, ona sübutların və vəsatətlərin təqdim edilməsinə şərait yaratmamış, nəticədə qanunazidd məhkəmə qətnaməsi qəbul etmişdir. Bundan əlavə məhkəmə cavabdehdən mənəvi ziyanla bağlı xərclərin tutulmasına münasibət bildirərkən ədalətli qərar qəbul etməmişdir. Əgər biz məhkəmənin qətnaməsinə nəzər yetirsək görərik ki, həmin hissəni ümumilikdə araşdırmamış, iddiaçının mənəvi zərərinin çəkməsini nədən ibarət olmasını müəyyən etməmiş, iddiaçı isə mənəvi ziyanla bağlı tələbini ümumilikdə iddia ərizəsində və dəqiqləşmədə barədə ərizədə əsaslandırmamışdır. Məhkəmə isə əsassız iddiaya münasibətdə iddia tələbi tam olaraq təmin etmişdir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdeh MTK-nın isə bu hüquq pozuntusunu edib-etməməsini araşdırmalı idi. İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, cavabdehlə hər hansı bir alqı-satqı müqaviləsi olmamış, bağlanmış alqı-satqı müqaviləsinin tərəfi isə olmamış, MTK tərəfindən hansı formada ona zərər vurulduğu və hansı əsaslara görə evini təmir etməli olduğunu sübut edə bilməmiş, məhkəmə isə qeyd olunan halları ümumilikdə qiymətləndirməmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən mənzili tam təmirli və istifadəyə yararlı aldığına dair “Hazır mənzillərin imtiyazlı şəxslərin istifadəsinə təhvil verilməsi”nə dair Aktı görməməzlikdən gəlmişdir. İddiaçının sübyektiv hüququ olsa belə o, iddia qaldırmaqda müddəti ötürmüşdür. Belə ki, mənzil ona təhvil verildiyi halda 1 il ərzində belə bir iddia qaldırmaq hüququ mövcud idi ki, həmin müddəti də ötürmüşdür. Yəni mənzil iddiaçıya təxminən 3 il əvvəl təhvil verilmişdir. Lakin məhkəmə proseslerindən cavabdehin məlumatı olmadığından müddətlə bağlı məsələyə münasibət bildirə bilməmiş, müddətin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmək hüququndan da məhrum edilmişdir. İddiaçıya mənzil püşk atma yolu ilə təhvil verilmiş və o, hər hansı bir etirazını bildirmədən təxminən 3 il əvvəl mənzili təhvil almışdır. Belə olan halda mənzilin təmir olunmaması səbəbi ilə sonradan iddiaçının mənəvi sarsıntı keçirməsi inandırıcı deyil. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə baxdıqda müəyyən edilər ki, sözügedən mənzil hələ 2020-ci ildə təxminən 4 il əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satılmış və həmin mənzili Nazirliyə təhvil vermişdir. Daha sonra yenə də iddiaçının təqdim etdiyi “Hazır mənzillərin imtiyazlı şəxslərin istifadəsinə təhvil verilməsinə dair” Akta baxdıqda təmir zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və invertarların təchizatında (mənzillər tam təmirli, mətbəx mebeli, hamam v ə qovşaqlar üçün santexnik cihazlarla, elektrin və ya qaz plitəsi) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmaması, vətəndaş ona təqdim olunmuş püşk atma yolu ilə seçdiyi mənzilin mərtəbəsindən, təmirindən və otaq sayından razı olmasını imzası ilə təqdiq etməsi göstərilmiş, həmin aktı iddiaçı imza etməklə mənzili təhvil almışdır. Lakin məhkəmə həmin halları ümumilikdə nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Kollegiya tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

22. İddiaçı və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

23. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

27. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

38. İddiaçı hər iki Qarabağ müharibəsinin iştirakçısı olmuş, iştirak etdiyi hərbi əməliyyatlarda aldığı xəsarətlər nəticəsində ona əlillik dərəcəsi müəyyən edilmişdir. Həmçinin iddiaçının oğlu “Aprel döyüşlərində” şəhid olmuşdur.

39. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvan 4 ünvanında yerləşən 86 saylı mənzili verilmişdir.

40. İddiaçı hazırki tələbində mənzilin lazimı qədər tam təmir edilmədiyini və qüsurlu olduğunu göstərərək, mənzilin təmirinin cavabdehə həvalə edilməsini və bununla bağlı keçirdiyi stress, iztirablara görə mənəvi ziyanın ödənilməsini tələb etmişdir.

41. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilmiş və həqiqətəndə müəyyən edilmişdir ki, mənzilin giriş, qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələr vardır, həmin ləkələrə toxunduqda isə divarın yaş olduğu müəyyən edilir, mənzilə quraşdırılan pəncərədən elə həmin mənzildə olarkən şiddətli külək səslərini eşidildiyi aşkar edilmişdir. Həmçinin pəncərələrin şüşələrində rütubətdən yaranmış buxar ləkələri aşkar edilmişdir. Qeyd edilən mənzilin giriş qapısı deformasiyaya uğramış, qapının kənarlarının rezinləri yoxdur və mənzildə olarkən belə qapıdan külək səslərinin və soyuğunun gəldiyi müəyyən edilmişdir. Qeyd edilən mənzilin döşəməsinə quraşdırılan laminantın altında beton örtük olduğu, həmçinin ünvana quraşdırılan pəncərələrin deformasiyaya uğradığı müəyyən edilmişdir. Mənzilin divarlarında göbələk olduğu, döşəmənin birbaşa beton örtüyün üzərinə vurulduğu, mənzilin giriş qapısı və pəncərələrində rezin olmadığı, səsin və soyuğunun evə asanlıqla daxil olduğu müəyyən edilmişdir.

42. Mübahisəli mənzil Cavabdeh MTK tərəfindən inşa edilmiş və təmiri həyata keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya verilmişdir.

43. Mənzilin qüsurlu olması mübahisəsizdir.

44. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, mənzilin keyfiyyətli inşası sifarişçinin kimliyindən asılı olmayaraq, podratçının vəzifəsi olduğundan, həmin mənzilə görə cavabdehliyi MTK daşıyır. Ona görə də iddiaçının haqlı tələbi təmin edilərək, mənzilin təmir edilməsi MTK-ya həvalə edilməlidir.

45. Eyni zamanda cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması, bu hərəkətlərin iddiaçı üçün mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması barədə nəticəyə gələrək, mənəvi zərərin əvəzi olaraq 5000 manat iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir.

46. İddia müddəti ilə bağlı isə qeyd olunmalıdır ki, MM-nin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, “binaya aid tələb”ə beş illik iddia müddəti nəzərdə tutulmuşdur ki, hazırki işdə də həmin müddət keçməmişdir, belə ki, mübahisəli mənzilin alqı-satqısı xx.xx.2020-ci il tarixdə bağlanmışdır.

47. Kollegiya xüsusi olaraq qeyd edir ki, podratın digər növlərindən fərqli olaraq, bina, tikili və qurğuların inşası, rekontsruksiyası və təmiri işlərinin keyfiyyətsiz görülməsi üzrə iddialara 5 illik iddia müddəti tətbiq olunur. Başqa sözlə, 5 illik iddia müddəti o vaxt tətbiq olunur ki, podratın obyektini bina, tikili və qurğuların inşası, rekonstruksiyası və ya təmiri təşkil edir. Qısaldılmış 1 illik iddia müddəti isə yalnız podrat müqaviləsi üzrə görülən işlər bina və qurğularla xarici bağlılıq təşkil etdiyi hallarda tətbiq olunur, məsələn, şüşələnmə, rəngsaz işləri və s. oxşar işlər.

48. Odur ki, iddia müddətinin tətbiqi üçün əsaslar müəyyən olunmur.

49. Kollegiya hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2737/2024 nömrəli iş üzrə 07 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar