Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3588/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası; İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: “qonşuluq hüququ, qonşu təsirinə dözmək vəzifəsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı yaşadığı 22 saylı özbaşına tikili və Cavabdeh yaşadığı 22B saylı özbaşına tikili bir-birindən hasarla ayrılmışdır. Cavabdeh yataq otağının pəncərəsi İddiaçı istifadə etdiyi həyətyanı torpaq sahəsinə açılır. Eləcə də, həyətləri ayıran hasarda İddiaçı həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda Cavabdeh dəhlizinin divarı rolunu oynayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən onun Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanında yerləşən həyətinə qanunsuz açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və pəncərənin yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İlkin iddia onunla əsaslandırılmışdır ki, 40 ildən çoxdur ailə üzvləri ilə birlikdə hazırkı evdə qeydiyyatda olmaqla yaşayır. Qonşuluqda yaşayan cavabdeh 2021-ci ilin əvvəllərində qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində 2 pəncərə dəliyi açaraq plastik pəncərə qoymuş, sonradan onun tələblərinə baxmayaraq, pəncərələri sökməkdən imtina etmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan pəncərələr yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. xx.xx.2011-ci il tarixli, 19 saylı MİS-in Ö.F.Nemanzadə küçəsi ö/t 22-nin faktiki cizgi planına əsasən həmin yerdə pəncərə mövcud olmamışdır.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddianın rədd edilməsi, iddiaçı tərəfindən onun yataq otağına bitişik vəziyyətdə inşa edilmiş yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin və dəhlizin nəfəsliyinin qarşısında yığılmış olduğu qum kisələrinin və digər əşyaların yığılması, onun yataq otağının və dəhlizinin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla iddiaçının hesabına divar çəkilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərmiş olduğu guya 40 ildən çox həmin ünvanda yaşaması həqiqətə uyğun deyil, belə ki, İddiaçı 1975-ci ildə Tovuz rayonu, Ağdam kəndində anadan olmuş və ata-anası ilə həmin kənddə yaşamışdır. İddiaçı həmin kənddə yaşayaraq Ağdam kənd orta məktəbini bitirmiş, bundan sonra hərbi qulluqda olmuş, hərbi qulluqdan sonra yenə həmin kəndə qayıdaraq bir müddət orada yaşamış, sonra işləmək üçün bir neçə illik Rusiya Federasiyasına getmiş və oradan qardaşı İntiqam Həsənov 2005-ci ildə Tovuz rayonunda öldükdən sonra qayıdaraq evlənib ailəsi ilə hal-hazırda yaşadığı evə köçmüşdür. İddiaçı hal-hazırda yaşadığı evə köçənədək həmin evdə onun atası X3 qanuni nikahda olan arvadı X4 yaşamışdır. Lakin onların uşaqları olmadığından, Əşrəf Həsənov münaqişələr yaradaraq Bəsti Həsənovanı evdən qovmaq istəmişdir. Onların aralarında baş verən münaqişələr nəticəsində Bəsti Həsənova hüquq mühafizə orqanlarına şikayət etmiş və nəticədə Əşrəf Həsənov 1971- 1972-ci illərdə Bakı şəhəri 26 Bakı komissarları rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Əşrəf Həsənov azadlıqdan məhrum edildikdən sonra ikinci arvadı Tovuz rayonu Ağdam kəndinə köçmüşdür. Əşrəf Həsənov azadlığa buraxıldıqdan sonra Tovuz rayonu, Ağdam kəndinə ikinci arvadının yanına getmiş və orada İddiaçı anası ilə yaşamışdır. Əşrəf Həsənov Bakı şəhərindən köçdükdən sonra İddiaçı həmin ünvana ailəsi ilə köçənədək həmin evdə Bəsti Həsənova tək yaşamışdır. İddiaçı ailəsi ilə hal-hazırda yaşadığı evə köçdükdən sonra həmin evin onun evi tərəfində X4 2015-ci ildə ölənə kimi, əks tərəfdə isə İddiaçı ailəsi ilə yaşamışlar. Beləliklə də, İddiaçı yaşadığı ünvanda iddia ərizəsində göstərdiyi kimi 40 ildən çox yaşamamışdır. O, həmin ünvanda cəmi 16-17 ildir ki, yaşayır və iddiasının səbəbi atasının azadlıqdan məhrum edilməsidir. İddiaçı iddia ərizəsində göstərmiş olduğu iki pəncərələrin guya 2021-ci ilin əvvəllərində hasarına gecə vaxtı qoyulması barədə vermiş olduğu məlumat da həqiqətə uyğun deyildir, belə ki, həmin pəncərələrdən biri onun yataq otağındadır və İddiaçı hasarında deyildir. Həmin yataq otağı 1952-1953-cü illərdə X3 evinə bitişik halda onun atası X1 tərəfindən tikilib. Bu otaq tikilərkən otağın 2 pəncərəsi olmuşdur və qabağı boşluq olub. Sonralar qonşusu X5 otağın qabağındakı ərazini çəpərə alaraq öz həyətyanı sahəsi etmişdir. 1992-1993-cü illərdə onun atası Hüseynov Hüseynqulu həmin yataq otağının 2 pəncərələrini çıxardaraq, əvəzinə hündürlüyü 140 sm, eni 200 sm olan bir taxta pəncərə qoymuşdur. 2015-ci ildə Bəsti Həsənova öldükdən və onun yaşadığı ev hissəsi İddiaçı tərəfindən ələ keçirildikdən sonra, İddiaçı ondan tələb etdi ki, yataq otağının pəncərəsinin şüşələrini dəyişdirsin ki, pəncərədən onun həyəti görünməsin. O, bir qonşu kimi 2017-ci ilin oktyabr ayında həmin taxta pəncərəni eyni ölçüləri olan plastik pəncərə ilə dəyişdi və pəncərənin şüşələrini görünməyən (matovıy) şüşə qoydurdu (taxta pəncərənin fotoşəklini təqdim etdiyi diskə köçürtmüşdür). Onun yataq otağının sağ və arxa tərəfində evlər, sol tərəfində isə onun qonaq otağı yerləşir və buna görə də, onun həmin yataq otağına təbii işıq həmin pəncərədən düşür, otağın havasını dəyişmək ancaq həmin pəncərə vasitəsi ilə mümkündür (videogörüntü təqdim olunmuş diskdə vardır). İddiaçı iddia ərizəsində göstərmiş olduğu həyətinin hasarında olan 2-ci pəncərə hasarda yox, onun evinin dəhliz divarında yerləşir, hündürlüyü 63 sm, eni 146 sm olan nəfəslikdir. Həmin nəfəslik döşəmədən 185 sm hündürlükdə yerləşir, nəfəslikdən İddiaçı həyəti görünmür və nəfəsliyin qarşısında ağac bitir. Dəhlizə də təbii işıq ancaq həmin nəfəslikdən düşür (təqdim olunmuş diskdə görüntülər mövcuddur). Həmin nəfəslik 1988-1989-cu illərdə Bəsti Həsənovanın razılığı ilə atası Hüseynov Hüseynqulu tərəfindən quraşdırılmışdır. Həmin vaxt İddiaçı Tovuz rayonunda orta məktəb şagirdi olmuşdur. Yataq otağının pəncərəsinin 2017-ci ildə plastik pəncərə ilə əvəzlənməsi, dəhlizdə olan nəfəsliyin 1988-1989-cu illərdə quraşdırılması həm də pəncərə və nəfəslik ətrafında olan suvağın nümunələri götürülərək İddiaçı hesabına ekspertizaya təqdim olunaraq rəy alınmaqla təsdiq oluna bilər. Beləliklə də, onun yataq otağının pəncərəsinin şüşələri görünməyən (matovıy) şüşəlidir, dəhlizdə olan nəfəslik insan boyundan hündürdə yerləşir və bunların hər ikisindən İddiaçı həyətyanı sahəsi görünmür, həmçinin onların bağlanması sanitar yaşayış normalarına ziddir. Buna görə də, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində göstərilmiş iddiası əsassızdır. Təqdim olunmuş videodiskdən göründüyü kimi, İddiaçı onun yataq otağına bitişik olaraq yardımçı tikili tikmişdir. Bundan başqa, İddiaçı tərəfindən onun yataq otağının divarına söykək vəziyyətdə pəncərənin altında kisələrdə qum saxlanılır. Habelə dəhlizin nəfəsliyinin altında da İddiaçı özünə məxsus əşyaları saxlayır. Bunların nəticəsində həmin qum və əşyalar yağış vaxtı islanır və onun otağına və dəhlizinə rütubət keçir. Həmçinin o, yataq otağının pəncərəsi və dəhliz otağının nəfəslik olan divarlarının vaxtlı-vaxtında təmiri ilə məşğul ola bilmir, çünki həmin divarların yanına onun giriş-çıxışı yoxdur. Divarların vaxtlı-vaxtında təmiri ilə məşğul olmaq üçün ona tikinti-texniki qaydalara müvafiq olaraq divarlar boyu ən azından 2 metr məsafə lazımdır. Lakin həmin məsafə dəfələrlə müraciət edilməsinə baxmayaraq İddiaçı tərəfindən ona təqdim olunmur və “mənim həyətimdə başqa adamın bir işi yoxdur” deyilir. Buna görə də, İddiaçı onun yataq otağının divarına bitişik olan yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin qarşısında olan qum kisələri və dəhlizin nəfəsliyinin altında olan əşyaların götürülməsi, onun yataq otağının və dəhlizin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla İddiaçı hesabına divar çəkilməsinə ehtiyac vardır.
6. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçının yaşadığı ümumi istifadədə olan həyətə tərəf açılmış pəncərə və nəfəsliyin (cavabdehin dəhlizindəki) bağlanması nəticəsində yaşayış otağının və dəhliz tikilisinə günəş işığının və hava axınının daxil olmasına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən pəncərə və nəfəsliyin iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıb-yaratmaması, tikililərin inşa olunma müddətinin müəyyən edilməsi barədə suallar cavablandırılmamışdır.
7. Məhkəmə tərəfindən mübahisəli ünvanlara keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı 22 saylı özbaşına tikili və cavabdehin yaşadığı 22B saylı özbaşına tikili bir-birindən hasarla ayrılmışdır. Cavabdehin yataq otağının pəncərəsi iddiaçının həyətyanı torpaq sahəsinə açılır və həmin pəncərənin şüşələri qeyri şəffafdır, belə ki, otaqdan baxdıqda həyət görünmür. Həmin otaqda başqa pəncərə yoxdur. Həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. İddiaçı 2020-ci ildə cavabdehin pəncərəsinin yanında öz evinə bitişik yardımçı tikili inşa edib.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddia tələbində bağlanılması tələb edilən pəncərə cavabdehin yaşadığı evin yataq otağına hava, işıq və günəş şüasının daxil olması üçün yeganə yerdir. Digər tərəfdən, keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, həmin pəncərənin şüşələri qeyri şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Eləcə də, cavabdehin dəhliz divarında iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə açılmış nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.4, 164.1, 165.1, 170.2-cı maddələrinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3282/2023 saylı, 25 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın “nəfəsliyin sökülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia bu hissədə təmin edilmiş, Cavabdeh istifadəsində olan ünvan 3 ünvanı üzrə yerləşən evdən İddiaçı istifadəsində olan Ö. F. Nemanzadə küçəsi, ö/t 22 ünvanı üzrə yerləşən həyətinə açılan nəfəsliyin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Həmin tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olması və cavabdehin yaşadığı evin pəncərələrinin qonşu sahənin tərəfinə - iddiaçının həyətinə açıldığı işin mübahisələndirilməyən halıdır. Qeyd edilən bu halın iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyani sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Lakin hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir. Məhkəməyə təqdim edilmiş ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, layihədə (plan sxemdə) nəzərdə tutulan pəncərənin bağlanması iddiaçının yaşayış otağı kimi istifadə etdiyi sahənin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərəcək. Bu da cavabdehin hüquqlarının həddən artıq məhrumiyyətə məruz qalmasına və beləliklə də iddiaçının hüququnu qorumaq üçün seçdiyi üsulun pozuntunun xarakterinə uyğun gəlməməsinə dəlalət edir. Belə ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Beləliklə birinci instansiya məhkəməsinin pəncərənin sökülməsi hissəsi ilə əlaqədar gəldiyi qənaət düzgün olmuşdur. Cavabdehin yaşadığı evdən iddiaçının yaşadığı evin həyətinə açılan nəfəslik ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən nəfəsliyin açılması layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağlanılmasının texniki cəhətdən mümkün olduğu və nəfəsliyin bağlandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi müəyyən edilir. Mübahisələndirilən nəfəslik iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətinə açıldığından, nəfəsliyin açılması müvafiq layihədə nəzərdə tutulmadığından, mövcudluğu da özü-özlüyündə iddiaçının yaşayış sahəsindən istədiyi kimi istifadəsinə maneə olduğundan, habelə nəfəsliyin bağlanmasının dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyindən mübahisələndirilən nəfəslik cavabdehin hesabına sökülməli və əvvəlki vəziyyətə qaytarılmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, Mülki Məcəllənin 5.3, 170.1, 170.2, 171.1, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin “Cavabdeh istifadəsində olan ünvan 4 ünvanı üzrə yerləşən evdən İddiaçı istifadəsində olan Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanı üzrə yerləşən həyətinə açılan nəfəsliyin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-924/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər – Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), Zəki Babayev və Əhməd Nurməmmədov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3282/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmuş hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.). Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunun mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. Beləliklə, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər. Baxılan iş üzrə (kassasiya baxışının predmetinə aid olan hissədə) iddiaçı cavabdehin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin (nəfəsliyin) bağlanmasını tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə (nəfəslik) yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi nəfəsliyin sökülməsi hissəsində mövqeyini mübahisələndirilən nəfəsliyin layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağlanılmasının texniki cəhətdən mümkün olduğu və nəfəsliyin bağlandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi ilə əsaslandırmışdır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin nəfəsliyin açılmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan fərqlənən hər hansı hal müəyyən etmədən və bununla bağlı gəldiyi nəticəni mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmadan, belə qənaətə gəlmişdir ki, nəfəsliyin mövcudluğu özüözlüyündə iddiaçının yaşayış sahəsindən istədiyi kimi istifadəsinə mane olur. Mülki prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin aktının ləğv edildiyi və yeni qərar qəbul edildiyi məhkəmə aktında da işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu işdə olan mümkün, aidiyyəti və mötəbər sübutlarla əsaslandırılmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddələrinin tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
18. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş və şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydaya zidd olaraq insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədi ilə pəncərə boşluqları və digər boşluqlar aça bilməz. Göründüyü kimi məhkəmə bu maddənin tələbinə lazımı diqqət yetirməmişdir. Qanunvericiliyin tələblərinə əsasən pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunmuşdur. Ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin quraşdırılması nəticəsində onun hüququ cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, cavabdehin qanunsuz inşa etdiyi pəncərənin onun öz hesabına bağlanmasını tələb etmək qərarına gəlmişdir. Belə olan halda açıq şəkildə görünür ki, qanunsuz olaraq həmin pəncərələr sonradan açılmışdır. Bu da onun və ailəsinin şəxsi həyatına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. Belə ki, cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həmdə tikintitexniki normalara ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun həyəti istiqamətində pəncərələr qoyulduğundan, onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. Məhkəmə iş materiallarında olan hallara əsaslanmayaraq əsassız olaraq iddianı rədd edərək bu hal nəzərə alınmamışdır.
b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
19. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdilər və məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən, yəni hazırki apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə ilkin iddianın təmin edilməsi üçün əsas ola bilməz.
24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
26. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini hər iki iddia təmin edilməsə də qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməyən, hazırki apellyasiya icraatının predmeti olan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
27. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə hazırki apellyasiya icraatının predmeti olan hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
28. Əvvəla, hazırki apellyasiya icraatının predmeti olan mübahisələndirilən hissədə ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından həmin hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
29. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə apellyasiya icraatının predmeti olan mübahisələndirilən hissədə ilkin iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından haqlı sayılmır.
30. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
31. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni ilkin iddianın qismən təmin edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
32. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.
33. Demək ki, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
34. Hazırki apellyasiya icraatının predmetinə görə İddiaçı qarşı tərəfin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin (nəfəsliyin) bağlanmasını tələb edir və cavabdeh tərəfindən quraşdırılmış pəncərə (nəfəslik) yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaratdığını, bu cür pəncərələrin açılmasının həm əxlaq normalarına, həm də tikinti-texniki normalara zidd hesab edir. Qarşı tərəf isə bu iddiaya münasibətini qarşılıqlı iddiada da göstərmişdir.
35. Həqiqətən də işdən müəyyən edilir ki, həyətləri ayıran hasarda İddiaçı həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda qarşı tərəfin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə İddiaçı həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.Buna görə də nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin nəfəsliyin açılmasının onun hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır. Lakin bu cür hallar olmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
36. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.