Məhkəmə qərarları › İş №2(103)-3589/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3589/2021

15.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3589/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, xx xxxxxx 2021-cu il tarixli qərardadından Cavabdeh tərəfındən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh qarşı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun tutulması, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin tam boş vəziyyətdə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X8 iddianı təmini tədbiri barədə ərizə ilə də məhkəməyə müraciət edərək cavabdehin və digər 3-cü şəxsin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanda yerləşən qeyri-yaşayış sahəsində (Ledi Sharm) fəaliyyətinin dayandırılması və qadağan edilməsi, bir il ərzində yaranmış icarə haqqı borcun tutulması gələcəkdə təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvandakı (Ledi Sharm) qeyri-yaşayış sahəsində yerləşən əmlakın üzərinə borcun məbləği həcmində (12x6000=72000 manat) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasına qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-678/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 saylı ünvanda yerləşən və icarədə olan qeyri-yaşayış sahəsində fəaliyyəti dayandırılmış və qadağan edilmiş, həmçinin icarə borcu kimi tələb olunan 72000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 saylı ünvanda yerləşən və icarədə olan qeyri-yaşayış sahəsində(Ledi Sharm) yerləşən əmlakın üzərində borc məbləği həcmində(72000 manat) həbs qoyulmuş və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılması qadağan edilmişdir. Qərardaddan Cavabdeh şikayət verərək ləğv edilməsi, qərardadla müəyyən edilmiş tədbirlər nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi və vurulmuş zərərin iddiaçı tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan bu müddəaları qərardadında formal olaraq sadalasa da həmin müddəaları nəzərə almamışdır. İddiaçı iddia ərizəsində yalnız bir cümlə ilə onun son bir il ərzində icarə haqqını ödəməməyini bildirir. Bu cümlədən başqa iddia ərizəsində, iddianın təmin təbdiri barədə ərizəsində hər hansı cümlə, ifadə yoxdur. Qeyd etdiyi faktla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ərizəyə əlavə etdiyi təklif də qurama sənəddir. Üzərində tarix yoxdur. Heç vaxt onlara təqdim olunmayıb. İcarə müqaviləsində icarə haqqı formal olaraq 6000 manat göstərilsədə hər ay nağd şəkildə 20000 manat icarə haqqı iddiaçıya ödənilib, indi ola bilər ki, pandemiya səbəbindən icarə haqqının ödənilməsində müəyyən gecikmələr olsun. Ancaq hesab edir ki, bu məhkəməyə əsas vermir ki, qəbul etdiyi qərardadla demək olar ki, iddia tələbini mahiyyəti üzrə həll etsin, onların qanuni münafelərini heçə saysın. Cünki, artıq fəaliyyəti dayandırılmış, istifadə etdikləri qeyri yaşayış sahəsindən işçilər və əmlakları çıxarılmış, külli miqdarda əmlakları üzərinə həbs qoyularaq mülkiyyətlərindən götürülmüşdür. Hazırki durumda həll edilməmiş qalmış icarə müqaviləsinin ləğv edilməsi barədə tələbdə artıq o qədərdə əhəmiyyət kəsb eləmir. Qeyd olunan mübahisə ilə bağlı oxşar mülki iş 2018-ci ildə məhkəmənin icraatında olub və məhkəməyə məlumdur ki, icarə obyektinə 200000 ABŞ dollarından çox təmir tikinti üçün vəsait sərf olunmuşdur. Məhkəmə heç olmasa bu faktı nəzərə alsaydı və bu cür əsassız qərar qəbul etməyəydi, qanunvericiliyin tələblərini pozmayaydı. Məhkəmə qeyd olunan əsassız qərarı ilə onların konstitusiyada təsbit olunmuş hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə qərardadanı əsaslandırmaq üçün istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilir ki, məhkəmə tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Hesab edir ki, məhkəmə bu mövqedən çıxış edərək elə bir iddianı təmin etmə tədbiri tətbiq edə bilərdi ki, icarəsində olan obyektin fəaliyyəti dayandırılmasın, əmlaklarını çıxarılması məcburiyyətində qalmasınlar. Məhkəmənin tətbiq etdiyi iddianı təmin etmə tədbiri onlara bu qədər ziyan vurulmasına gətirib çıxarmasın. Mümkün idi ki, icarəçinin icarə haqqı barədə iddia tələbi həcmində əmlaklarına həbs qoyulsun. Yoxsa, iddiaçının qanunsuz iddia tələbini demək olar ki, bir günün içində mahiyyəti üzrə həll etmək çox böyük haqsızlıq, ədalətsizlikdir, qanunverciliyin mahiyyətinə, təbiətinə ziddir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, xx xxxxxx 2021-cu il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsasdır. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin etmək barədə müəvəqqəti xarakter daşıyan qərardadı qəbul etməklə, əslində mahiyyət və məzmun etibarı ilə iddia tələbinin bir hissəsi üzrə qətnamə ilə həll edilməli olan məsələni həll etmişdir. Belə ki, iddianın məzmunundan aydın olur ki, tələb dörd hissədən ibarətdir. Qeyri-yaşayış sahəsinin boşaldılması və boş vəziyyətdə təhvil verilməsi hissəsi iddia tələbidir, fəaliyyətin dayandırılması və qadağan edilməsi isə təmin tədbiri olsa da mahiyyətcə boşaldılmanı və təhvil verməni təmin etmiş olur. Çünki, qeyri-yaşayış sahəsinda qanuni əsaslarla göstərilən fəaliyyət dayanırsa və bu qadağan olursa, onda cavabdehin həmin sahəni boşaltmaması üçün hansısa stimul qalmır, başqa sözlə orada hansısa mal və əşya saxlamaq da lüzumsuz olur. Birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsində cavabdehin fəaliyyətinin dayandırılmasının onun həmin qeyri-yaşayış sahəsindən çıxarılması anlamına gəlmədiyini və irəli sürülmüş tələblə eynilik təşkil etmədiyi göstərsə də sual oluna bilər ki, qeyri-yaşayış sahəsində cavabdehin fəaliyyəti dayandırılırsa onda cavabdeh həmin sahədə niyə qalmalıdır yaxud qalsa belə orada nə etməlidir və ya hansı iş görməlidir. Təbii ki, cavabdehin həmin obyektdə olmasının səbəbi onun ticarət fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət olmayandan sonra cavabdehin orada qalmasının yaxud çıxmasının heç bir əhəmiyyəti qalmır. Başqa sözlə icarə verən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olsa da icarə müqaviləsinin qüvvədə olduğu müddətdə icarəçinin hüquqları heç də onun hüquqlarından az əhəmiyyət kəsb etmir. Ona görə də bu cür tədbirlər iddianı təmin etmək üçün tədbirlər görmənin mahiyyətinə zidd sayılır. Çünki, təmin etmə tədbiri ilə, iddia tələbi fərqli nəticə yaradan prosessual məsələlər olduğundan onlara dair qəbul edilən məhkəmə aktları da fərqli olmalıdır. İkincisi, qeyri-yaşayış sahəsində fəaliyyətin dayandırılması və qadağan edilməsi ümumiyyətlə anlaşılan olmamaqla yanaşı, iddianın təmini tədbirinin məqsədi ilə də uzlaşmır. Çünki, bu tədbirin qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə görülməsi ağlabatan və inandırıcı deyildir. Birinci instansiya məhkəməsi bu cür iddianı təmini tədbirini tətbiq edərkən mövqeyni iddiaçının qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan məhkəmə mübahisəsinin müxtəlif səbəblərdən uzanacağı ilə əlaqədar icarə haqqının ödənilməməsi nəticəsində icarə borcunun artmasına səbəb olacağını, buna görə də bu tədbirin nəinki qətnamənin icrasının asanlaşdıracağını, eyni zamanda iddiçıya ziyan vurmanın qarşısını alacağına xidmət edəcəyi ilə əsaslandırmışdır. Bu qənaət həddindən artıq ziddiyyətlidir. Çünki, məhkəmə bir tərəfdən cavabdehin qeyri-yaşayış sahəsində fəaliyyətini dayandırır və ona bunu qadağan edir, digər tərəfdən isə bu tədbiri görmədiyi halda icarə haqqının ödənilməməsi nəticəsində icarə borcunun artacağını və iddiaçıya ziyan vurulacağını göstərir. Əslində isə, bu cür tədbir görüldüyü halda icarə haqqı tələb edilməsinin əsası zədələnir. Çünki, qeyri-yaşayış sahəsində fəaliyyət dayandırılırsa cavabdehdən məhkəmə mübahisəsinin getdiyi dövrdə icarə haqqı tələb edilməsinin hüquqi əsası aradan qalxmış olur. Məhz bu cür vəziyyətdə və hallarda iddiaçıya maddi ziyan dəyəcəyi qaçılmaz olur. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu cür tədbirlər görülmədiyi halda deyil, məhz görüldüyü halda qətnamənin gələcəkdə icrasının təmin edilməsinə hansı əngəllər yarana biləcəyini diqqətdən qaçırmışdır. Üçüncüsü, görülmüş iddianın təmini tədbirinin digər hissəsi olan icarə borcu kimi tələb olunan 72000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə qeyri-yaşayış sahəsində yerləşən əmlakın üzərində borc məbləği həcmində(72000 manat) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan edilməsi hissəsi də əsaslı olmamışdır. Düzdür, iddiaçı cavabdehdən ödənilməmiş icarə haqqını tələb edir və ilk baxışdan bu hissə əsaslı görünə bilər. Ancaq bu vəsait də həmin qeyri-yaşayış sahəsində olan malların satılmasından əldə edilir. İddiaçının nəticə etibarı ilə istəyi bu malların deyil, icarə haqqı olan 72000 manatın alınmasına nail olmaqdır. Ona görə də həmin malların qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan edilməsinin iddiaçı üçün hansı əhəmiyyəti olacağı da bəlli deyil. Eyni zamanda bu cür icra sənədinin icra olunmasında da problemlər və çətinliklər yaranır. Çünki, icra qaydasında bu malların satılıb pulunun iddiaçıya ödənilməsini təşkil və təmin etməkdənsə, bu malların cavabdeh tərəfindən satılması nəticəsində əldə edilmiş pul vəsaiti üzərinə həbs qoyulması tədbiri iddianın məzmununa görə daha mütənasib tədbir ola bilərdi. Dördüncüsü, qeyri-yaşayış sahəsində cavabdehin fəaliyyətinin dayandırılması və qadağan edilməsi həmin obyektdə çalışan işçilərin də iş yerini itirməsinə səbəb olmaqla yanaşı, vergi ödəyicisinin də vergi öhdəliklərinin yerinə yetirməsinə maneə yaratmaqla tərəflər arasında olan mülki mübahisədən başqa digər hüquq münasibətləri ilə bağlı ayrı-ayrı şəxslər arasında yeni məhkəmə mübahisələrinin yaranmasının əsasını qoymuş olur. Bu hal da birinci instansiya məhkəməsinin iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmədiyinə dəlalət edir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, xx xxxxxx 2021-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı X1 iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad, qətidir ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar