Məhkəmə qərarları › İş №2(103)-3591/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3591/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3591/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Cavabdeh2nə qarşı “sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(009)- 709/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 28.01.2021-ci il tarixli, M-37/2-003/2 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat pul tutulması, Bakı şəhər Cavabdeh2 razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə barəsində tədbir görülməsinə dair şifahi xəbərdarlığının Azərbaycan Respublikası Konstitusiyasının 49 və 71-ci maddələrinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsinin həmin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(009)-709/2021 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(009)-709/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən, Bakı Şəhər İcra Hakimiyyəti inzibati orqandır. Bakı Şəhər İcra Hakimiyyəti inzibati orqan olduğundan, hazırkı mübahisə cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(009)-709/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(009)-709/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar