Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3591/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(009)-674/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(009)-674/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasına görə). İddiaçı qərardaddan apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(009)-674/2022 saylı qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli, **********43 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21 may 2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmlakının üzərinə həbs məhkəmə qərarı ilə deyil, istintaq orqanı olan Daxili İşlər Nazirliyinin konkret halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21 may 2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulduğundan, iddiaçı cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Qanunvericiliyin mənasından da aydın olur ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın məhz (cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqanın müvafiq vəsatəti və təqdimatı əsasında əmlak üzərinə qoyulmuş) həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı həmçinin inzibati orqanın (DƏDRX) hərəktindən (qərarından) inzibati şikayətlə də inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçının ona məxsus olan əmlakın üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı hazırki vəziyyətdə istintaq orqanın hərəkətindən (qərarından) məhkəmə nəzarəti qaydasında məhkəməyə və ya inzibati orqanın hərəkətindən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı isə hazırki tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Qeyd edilməldiir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(009)-674/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(009)- 674/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3591/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3591/2022
26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver