Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3593/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələb”nə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-282/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər nikahlarını xx xxxxxxx 1997-ci il tarixdə rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 1997-ci il tarixdə Şəfiqə, xx xxxxxxxx 1998-ci il tarixdə Nəzrin və xx xxxxxxxx 2000-ci il tarixdə Kamran adlı üç uşaqları doğulmuşdur. Tərəflər birgə nikahda olduqları müddətdə Bakı şəhəri, Nərimanov rayonu, "xxxx" MTK tərəfindən 4-cü tikinti meydançasında inşa edilmiş 4-cü blok, 10-cu mərtəbə, 135,3 kv.metrdən ibarət 3 otaqlı 220 saylı mənzil əldə edilmiş və iddiaçının adına sənədləşdirilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. 2016- cı ildə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində İddiaçı qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair" iddia qaldırmışdır. Həmin işə baxılarkən qarşılıqlı razılaşmaya əsasən xx.xx.2017-ci il tarixdə 9 saylı Notariat Kontorunda saziş bağlanmış və iddiaçı tərəfindən cavabdehə sazişin şərtlərinə uyğun olaraq 100.000 manat məbləğində pul verilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi təsdiq edildikdən iddiaçı artıq məsələnin həll edildiyini düşünmüş və mənzilin tam şəkildə ona qaldığına arxayın olaraq 2017-ci ili fevral ayının əvvəlində mənzili təmir etmək qərarına gəlmişdir. Belə ki, mənzi alınarkən tam təmirsiz vəziyyətdə olmuşdur. Mənzilin təmir edilməsi ilə bağlı iddiaçı tikinti işləri ilə məşğul olan “Hikmət- 2000 MMC-yə müraciət etmiş, xx.xx.2017-ci il tarixdə mənzilin əsaslı təmir edilməsi məqsədi ilə müqavilə tərtib edilmiş, lakin MMC tərəfindən mənzilin təmirinə xərclənəcək ümumi vəsait 52.090.50 manat təklif edildiyindən iddiaçı müqavilənin bağlanmasından imtina etmişdir. Belə ki, o, mənzilin ondan ucuz qiymətə təmir edəcəyini fikirləşmişdir. İddiaçı 2017-ci ilin fevral ayının əvvələrindən mənzili təmir etdirməyə başlamlş, təmir işləri 3 aya yaxın davam etmiş və mənzilin tam şəkildə təmir edilməsinə, materialların alınmasına, usta pulu və s. xərclərlə bağlı iddiaçı tərəfindən 40.000 manat vəsait sərf edilmişdir. Mənzilin iddiaçı tərəfindən 2017-ci ilin fevral ayının əvvəllərindən başlayaraq üç ay ərzində təmir etməyi barədə qonşular və binanın komendantı tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir. İddiaçı tərəfindən təmir işləri başa çatdırıldıqdan sonra cavabdeh xx xxx 2017-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından şikayət vermiş, qərardad ləğv edilərək icraaat təzələnərək işə baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017- ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X3 İddiaçı və qeyrisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsi qismən təmin edilmiş, "xxxx” MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu , 4-cü tikinti meydançasında inşa edilmiş 4-cü blok, 10-cu mərtəbə, 135,3 kv.m. ibarət 3 otaqlı 220 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, qalan 1/2 hissəsinə pay hüququ müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin 1/2 hissəsinə cavabdehin pay hüququ müəyyən edilmiş və iddiaçı hesab edir ki, cavabdeh məqsədli şəkildə təmir bitdikdən sonra qərardaddan şikayət vermiş və icraatn təzələnməsinə nail olmuşdur. Halbuki iddiaçı əvvəlcədən bunu bilmiş olsaydı təbii ki, mənzili təmir etməz və bu qədər maddi ziyana məruz qalmazdı. Binəqədi Rayon Məhkəməsinin 2(001)-282/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 9798 manat pulun və ödənilmiş dövlət rüsumunun 7,35 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun 21,43 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə təmir işlərinin nə vaxt aparılmasını müəyyən etməmişdir. Bu barədə ekspert qarşısında sual qoyulsa da, keçirilən ekspertiza zamanı təmir işlərinin nə vaxt həyata keçirildiyi müəyyənləşdirilməmişdir. Beləliklə də iddiaçının təmir işlərini nikah pozulandan sonra, yaxud nikah pozulmazdan əvvəl həyata keçirdiyi sübut olunmamışdır. Belə olduğu halda həmin təmirə xərclənən pulun ümumi birgə əmlak olub-olmaması məsələsi də aydınlaşdırılmamış qalır. Bu məsələ işin aydınlaşdırılmalı olan zəruri tərəfidir. Çünki təmir işləri nikah pozulana qədər həyata keçirilibsə, o halda iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. İşə baxan məhkəmənin yol verdiyi digər pozuntu tərəflər arasındakı nikahın nə zaman pozulmasını aydınlaşdırmamasıdır. Çünki tərəflər arasında nikah xx xxxx 2017ci ildə pozulmuşdur. İddiaçı isə təmir işlərinə 2017-ci iln fevral ayında başladığını, təmir işlərinin təxminən 3 ay davam etdiyini bildirir. İddiaçının dedikləri, təqdim etdiyi müqavilə və sənədlər təmir işlərinin nikah pozulana qədər başa çatdığını göstərir.. üu_isə. o. deməkdir ki, təmirə xərclənən pullar da tərəflərin ümumi birgə əmlakdır. Məhkərfıə isə bu məqama diqqət yetirməmişdir. İşə baxan məhkəmə iddia tələbini əsaslandırarkən Mülki Məcəllənin 1091-ci maddəsinə (Əsassız varlanma) istinad etmişdir. Məhkəmə hesab edirsə ki, bu əassız varlanmadır, o halda Mülki Məcəllənin 1095-ci maddəsinə istinad edərək müddətin keçməsinə görə tələbin qüvvədən düşdüyünü müəyyən etməli idi. Çünki əsassız varlanma obyektini geri qaytarmaq tələbi ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı bildirir ki, təmir işlərini 2017-ci ilin fevral-may aylarında həyata keçirib. Bu barədə iddia isə məhkəməyə xx xxxx 2019-cu ildə, yəni iki il keçdikdən sonra verilmişdir. Beləliklə də, iddiaçının əsassız varlanma obyektini geri qaytarmaq tələbi məhkəməyə ərizə veriləndə artıq qüvvədən düşmüşdü. Məhkəmə işin bu hallarına da düzgün hüquqi qiymət verməmişdir. Odur ki, məhkəmənin qəbul etdiyi qətnamə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun işin hallarını və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələblərini nəzərə almaqla, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin qismən təmin edilən hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətidə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddia tələbinin təmin olunan hissədə mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli barışıq sazişindən görünür ki, həmin saziş X7 ilə İddiaçı arasında bağlanmış və onlar aşağıdakı şərtlərlə razılığa gəlmişlər: İddiaçı X5 100.000 manat pul verilməsini, X7 isə öz növbəsində birgə nikah dövründə əldə olunmuş əmlaklardan, yəni ünvan 1 mənzil 272 ünvanda yerləşən mənzilin ½ hissəsindən, ünvan 2 bağ evinin ½ hissəsindən və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kv.m. olan üç otaqlı 220 saylı mənzildən ½ hissəsindən bərabər paylarla bölünməsi iddiasından imtina edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MTK-nın xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1950-ci məhəllə, Faiq Yusifov küçəsi, 2A ünvanında yerləşən “xxxx” MTK-nın payçısı İddiaçı borcunu tam ödədiyinə görə, ona təmirə başlamağa icazə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, birtərəfli olaraq icraçı “xxxx” MMC-nin direktoru tərəfindən imzalanmış və şirkətin möhürü ilə möhürlənmiş müqavilədən görünür ki, həmin müqavilənin İddiaçı ilə “xxxx” MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, 4cü tikinti meydançasında “xxxx” MTK tərəfindən inşa edilmiş İV giriş, 10-cu mərtəbə, ümumi sahəsi 135,3 kv.m. olan 3 otaqlı 220 saylı mənzilin təmir edilməsinə dair bağlanması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, qonşular X6, X4, X1, X2 və binanın komendantı X11 tərəfindən aktlaşdırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kv.m. olan üç otaqlı 220 saylı mənzilinin sahibi İddiaçı həmin mənzili 2017-ci ilin fevral ayının əvvəllərindən təmir etməyə başlamış və təmir işləri 3 aya yaxın davam etmişdir. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə “Azəriqaz” İB ilə İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 2A ünvanında yerləşən mənzilə dair bağlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il, 2(103)-12305/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi “xxxx” MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında inşa edilmiş 4- cü blok, 10-cu mərtəbə, 135,3 kv.metrdən ibarət üç otaqlı 220 saylı mənzilin ½ hissəsinə X3, qalan ½ hissəsinə isə İddiaçı pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 19712 saylı ekpert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxx” MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 220 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 19596 manat məbləğində müəyyən olunmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kv.m. olan üç otaqlı 220 saylı mənzil İddiaçı tərəfindən satın alındığı zaman tam təmirsiz vəziyyətdə olmuş və sonradan əsaslı təmir edilmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə, sözügedən mənzildə müxtəlif növ tikinti-təmir və yenidənqurma işlərinin yerinə yetirildiyi və bu işlərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19596 manat olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə isə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təmir edilmiş mənzilin 1/2 hissəsinin mülkiyyətçisinin İddiaçı olmasını nəzərə alaraq təmirə xərclənmiş pul vəsaitinin yarısını cavabdehdən tutmaqda düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh X7 mənzilin barışıq sazişi bağlanandan sonra İddiaçı tərəfindən deyil, tərəflərin birgə nikahda olduqları dövrdə təmin edilməsini bildirdiyi halda, bunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. Bununla belə cavabdeh bu halı sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Kollegiya xüsusilə onu vurğulayır ki, Cavabdeh İddiaçı qarşı əmlak bölgüsünə dair iddia tələbi ilə 2016-cı il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alındıqda, onun mənzilin birgə təsərrüfat apardıqları dövrdə təmir edilməsi dəlili inandırıcı deyildir. İddiaçınnın hazırki iddia tələbi üzrə iddia müddətinin ötürməsi barədə cavabdehin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin hallarından aydın olur ki, X7 2016-cı ildə məhkəməyə əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəndən sonra, tərəflər arasında xx.xx.2017-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Sonradan cavabdeh xx xxx 2017-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından şikayət vermiş, qərardad ləğv edilərək icraaat təzələnərək işə baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017- ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X3 İddiaçı və qeyrisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Göründüyü kimi iddiaçı xx xxxxxxxx 2017-ci il tarixli qətnamə qəbul edildikdən sonra hüququnun pozulduğunu bilmiş, xx xxxx 2019-cu il tarixdə isə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, onun müddətin ötürmüş olmasından bəhs edilə bilməz. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-282/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3593/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3593/2021
17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver