Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3593/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən ünvan 1 ünvanındakı fərdi yaşayış evi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilərək, daşınmaz əmlakın üzərində hüquqlarının olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 254 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsində yerləşən torpaq sahəsindən arvadının adına, 0.03 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmiş və JN-10263H; KOD 00600066 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib edilərək verilmişdir. Həmin torpaqda fərdi yaşayış evi tikərək ailə-uşağı ilə orada yaşamış və halhazırda yaşayırlar, istifadələrindədir. 2000-ci ildən arvadı Cavabdeh ilə rəsmi nikahda olmadan ailə qurmuşlar. Qeyd olunan fərdi yaşayış evində 2005-ci il 19 yanvar tarixdə oğlu - X2, 2011-ci il 23 dekabr tarixdə qızı - X7 doğulmuşdur. 24 aprel 2012-ci il tarixdə isə rəsmi nikah bağlamışlar. 11 mart 2019-cu il tarixdə isə Cavabdeh onun məlumatı olmadan boşanma haqqında məhkəməyə müraciət etmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulan kimi Cavabdeh yaşadıqları ünvan 1 ünvanındakı fərdi yaşayış evinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cavabdehin adına olmasından istifadə edərək, ondan xəbərsiz öz adına çıxarış almışdır. Bununla da onun Azərbaycan Respublikasının qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Vətən Müharibəsi qazisidir. Cavabdeh 2017-ci ilə qədər heç bir yerdə işləməmiş, evdar qadın olmuşdur. Qeyd olunan fərdi yaşayış evinin həyətin və evin tikintisi, tam təmir işləri onun tərəfindən aparılmış, bütün mal və materialların pulu, ustaların zəhmət haqqı, evin və mətbəxin bütün avadanlıqları daxil olmaq şərtilə tərəfindən ödənilmişdir. Bu barədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 1-ci döngəsində yaşayan sakinlər öz imzalarıyla akt tərtib etmişlər.
3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini iddiaçı ilə nikaha girməmişdən əvvəl mülkiyyətində olan mənzili sataraq əldə etmişdir. Qeyd olunan faktla bağlı sübutlar iş materiallarına əlavə edilmişdir. Bundan sonra sözügedən fərdi yaşayış evinin tikintisini əvvəlki satdığı mənzilin pulundan qalan məbləğlə hissə-hisə inşa etdirmişdir. İddiaçının sözügedən fərdi yaşayış evinin tikintisinə xərc çəkməsi ilə bağlı iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Məhkəməyə gətirilmiş şahidlər isə iddiaçının özünü yaxın tanışları olmuşdur. Birinci instansiya məhkəməsində fərdi yaşayış evinin məhz iddiaçı tərəfindən inşa edilməsi ilə bağlı ifadəsi olmayıb. Yuxarıda qeyd etdiyi kimi, evin torpağına və tikintisinə çəkilən xərclər məhz onun tərəfindən aparılmışdır. İddiaçı ilə nikaha daxil olduqdan sonra evdə xırda təmir işləri görülməsində iddiaçının vəsaiti hesabına aparılmışdır. Ona görə də hesab edir ki, mülkiyyətində olan mənzilin ½ hissəsinin iddaçıya verilməsi barədə qəbul edilmiş qətnamə tam əsasız və qanunsuzdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh onu əzab əziyyətlə tikdiyi evindən məhrum etmək istəyir, cavabdeh qeyd edir ki, iddia tələbində göstərilən məbləğlərə onun sübutu yoxdur, hansı ki, iddia tələbində göstərilən məbləğləri və xüsusatların hamısını cavabdeh özü məhkəmədə çıxış edərək öz sözləri ilə təsdiq etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini cavabdeh iddiaçı ilə nikaha daxil olmamışdan öncə öz vəsaiti hesabına almış və həmin vəsait hesabına da evi inşa etmişdir. İddiaçı tərəfindən isə yalnız müəyyən təmir işlərinə vəsait xərclənmişdir və iddiaçı həmin vəsaiti tələb etmək hüququna malik olmuşdur. Hazırkı vəziyyətdə isə qeyd olunan evin tərəflər arasında 1/2 hissədə bölünməsi işin hallarına uyğun olmamışdır.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehlə 2000-ci ildən nikahları olmadan birgə təsərrüfat idarə etməklə yaşamışlar, nikahlarını isə 2012-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh 2017-ci ilə qədər heç bir yerdə işləməmiş, evdar qadın olmuşdur. Qeyd olunan fərdi yaşayış evinin həyətin abadlaşması və evin tikintisi, tam təmir işləri özü tərəfindən aparılmış, buna dair çoxlu sübutlar var, rayon məhkəməsi bunları araşdırmış, cavabdeh özü də bütün bunları etiraf etmişdir. Cavabdehin vəkilinin guya cavabdehin azərbaycan dilini yaxşı bilməməsi səbəbindən rayon məhkəməsində faktları etiraf etməsi barədə dedikləri tam əsassız və uydurmadır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sübutların tədqiqi:
8. Qaraçuxur bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, bu akta görə ünvan 3 ünvanında yaşayan Cavabdeh tərəfindən Qaraçuxur bələdiyyə orqanına xx.xx.2003-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Qaraçuxur bələdiyyə ərazisində 0.03 ha torpaq sahəsi satılması barədə xx.xx.2003-cü il tarixli, 254 nömrəli qərar qəbul edilmişdir. Bunub müqabilində Cavabdeh tərəfindən Suraxanı rayon BUSB bankının ********* saylı hesabına əvvəlcədən ******* (dörd milyon səkkiz yüz min) manat haqq ödənilmişdir. Bu akt Qaraçuxur bələdiyyə sədri X5, torpaq alan Cavabdeh və rayon torpaq şöbəsinin müdiri X3 iştirakı ilə xx.xx.2003-cü il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir.
9. Cavabdeh və X8 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə 899 saylı kitabın 135021-ci səhifədə 30/1038 saylı reyestrlə verilmiş qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllə, ev 31, mənzil 21-də yaşayış sahəsi 16.59 m2 olan bir otaqlı xüsusi mənzilini X1. Həmin evə görə satıcı alıcıdan 39200000 manat (otuz doqquz milyon manat) pul almışdır.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında, 0.03 ha xüsusi mülkiyyətdə ola torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 77 m2 olan mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
11. DTXK-nın Bakı şəhər Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş JN- 10263H, KOD 00600066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 254 saylı qərarı ilə satılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsində yerləşən 0.03 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmişdir.
12. Birinci instansiya məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X9 bildirmişdir ki, İddiaçıla Qarabağda döyüş yoldaşı olmuşdur. İlham ev tikməyə başlayanda evin mismarından damına kimi bütün materialları Qaraçuxur tikinti materialları mağazasından birlikdə almışlar. İlham bütün materialları alanda onunla məsləhətləşmiş, materialların qiymətlərinin aşağı salınmasında, eləcə də materialların Qaraçuxurda “Şərq” massivində boşaldılmasında şəxsən iştirak etmişdir. Tikintinin hansı ildən başlaması dəqiq yadından olmasa da, təxminən 2000-ci illərdən sonra olmuşdur. İlham həmişə bizneslə məşğul olmuş, pul qazanmışdır. Eyni zamanda, evin tikilməsi zamanı özünə məxsus bir neçə maşını da satmışdır.
13. Birinci instansiya məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X10 bildirmişdir ki, İlhamla 1987-ci ildən dostluq edir. İlham onun qardaşı ilə idmanla məşğul olmuş, onlar da bu vasitə ilə tanış olmuşlar. İlham ailəsi ilə 2000-ci ildə torpaq almışdır. O, ev tikintisi ustası olduğundan İlham ona yaxınlaşaraq ev tikmək istədiyini, ona usta lazım olduğunu demişdir. O da özü ilə birlikdə evdə işləmək üçün əvvəlcə zəngilanlı bir usta tapmış, daha sonra bir neçə usta da gətirmişdir. O özü şəxsən həmin evin döşəməsini vurmuşdur. Təxminən üç ay əvvəl isə həmin evdə hamam-tualet tikmişdir. İlham ona demişdir ki, evdə hamam-tualet tikmək lazımdır, lakin onun arvadı ilə ayrıldığını bilməmişdir. İlham hamam-tualet tikintisində fəhlə kimi işləmiş, tikintinin pulunu Mehriban xanımın kredit götürərək ödədiyini demişdir. Amma evin tikintisi vaxtı bütün pulu İlham vermişdir.
14. Birinci instansiya məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X11 bildirmişdir ki, İddiaçıla 2005-ci ildə evinin tikintisi ilə əlaqədar tanış olmuşdur. Belə ki, o həmin vaxtlar şəriki ilə birlikdə ev təmiri ilə məşğul olmuşdur. İlham 2005-ci ildə ev təmiri üçün o vaxtkı şərikinə yaxınlaşmış, bu vasitə ilə tanış olmuşlar. Evin təmiri ilə bağlı bütün işləri – tamet daşların qoyulması, “obrisovka”, “kabançik”, “obşivka” vurulması, evin divarlarına “emusiya” çəkilməsi kimi işləri görmüşdür. Onlar həm həyətdə işləmiş, həm də evin bütün iç təmir işlərini görmüş, evin damını da onlar vurmuşlar. Həmin vaxt onlara pulu İlham vermişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
16. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
17. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
18. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
19. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
20. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
21. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
22. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
23. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Tətbiq edilən prosessual hüquq normaları:
24. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddianın təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, rayon məhkəməsindəki araşdırmalarla müəyyən olunmuşdur ki, tərəflər 2000-ci ildən faktiki nikah münasibətlərində olmuş, 2012-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər, lakin tərəflər arasında olan nikah artıq pozulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Bundan sonra tərəflər birgə nikah dövründə həmin torpaq sahəsi üzərində fərdi yaşayış evini əsaslı şəkildə yenidən inşa etmişlər. Tərəflər arasında olan nikah pozulduqdan sonra isə həmin fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır.
39. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində fərdi yaşayış evinin məhz iddiaçı tərəfindən inşa edilməsi ilə bağlı ifadəsinin olmamasına və evin yerləşdiyi torpaq sahəsinin alınmasına, eləcə də evin tikintisinə çəkilən xərclərin məhz onun tərəfindən aparılmasına istinad etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
40. Cavabdehin şikayətinin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki,rayon məhkəməsində iddiaçı hazırda cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin cavabdehlə nikahda olduqları dövrdə, əsasən öz maddi vəsaiti hesabına tikildiyini iddia etmiş, cavabdeh isə işin bu halını mübahisələndirmədən qəbul etmiş, bununla da iddianın əsaslandığı faktı (evin iddiaçı tərəfindən tikilmiş olmasını) etiraf etmişdir.
41. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan etiraf etməsini işin müəyyən edilmiş halları kimi qiymətləndirməklə hesab edir ki, cavabdeh tərəf belə bir etirafının olmamasını bildirsə də, cavabdehin bu fakta dair bildirdikləri rayon məhkəməsinin məhkəmə iclas protokolunda əks olunmuş, bununla belə cavabdeh protokola hər hansı qeyd verməmişdir. Bundan başqa, cavabdehin etiraf etdiyi həmin hal rayon məhkəməsində tədqiq olunmuş digər sübutlarla da təsdiq olunmuşdur. Belə olan halda cavabdehin apellyasiya şikayətin həmin dəlilinin əsassız olduğu məlum olur.
42. Apellyasiya şikayətinə baxılması zamanı cavabdehin nümayəndəsi mahiyyət etibarı ilə iddiaçının mübahisələndirilən fərdi yaşayış evinin yenidən qurulmasında iştirakını mübahisələndirmədiklərini, sadəcə olaraq, həmin əmlaka münasibətdə payların 1/2 müəyyən olunmasının düzgün olmadığını xüsusi olaraq diqqətə çatdırmış, başqa sözlə, cavabdeh payların ½ olmasını ədalətli hesab etmir, payların fərqli müəyyən olunmasını istəyir.
43. Məhkəmə kollegiyası cavabdehin vəkilinin həmin mülahizələri ilə razılaşmır və hesab edir ki, hazırkı işin rayon məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları baxımından cavabdeh N.Rəcəbovanın mülkiyyəti kimi qeydə alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak hesab edilərək həmin əmlaka iddiaçının 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə rayon məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki belə qənaət işin müəyyən olunmuş hallarına, eləcə də Ailə Məcəlləsinin 35-ci (nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər) maddəsinin tələblərinə tam uyğun olmuşdur.
44. Digər tərəfdən qeyd edilməlidir ki, həmin əmlakın tərəflər arasında olan nikah pozulduqdan sonra cavabdehin adına dövlət qeydiyyatına alınması bu əmlakın tərəflərin birgə nikah dövründə əldə edilmiş olması faktını dəyişmir. Nəticə:
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin mübahisələndirilən hissədə ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov