Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3594/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Zülfüqar oğlunun və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra şöbəsinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və X9 və X7 X29 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-3594/2023 (Açar sözlər: əmlakın həbsdən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı1 nümayəndə-vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu, X9, X7 X29) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı «əmlakın həbsdən azad edilməsi və icra sənədinin icra edilməməli hesab olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 05 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ evi X2 cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1621 nömrəli bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 və İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu, X9, X7 X29) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 (1261) saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evinin həbsdən azad olunması və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 (1261) saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evinin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Mhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, İddiaçı2 və İddiaçı1 02 dekabr 1997-ci ildən rəsmi nikahdadırlar. 08 aprel 2010- cu il tarixli, MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı1 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.14 ha sahəsi olan bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evi İddiaçı1 və İddiaçı2 birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan iddiaçıların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2007-ci il tarixli, 076 saylı Sərəncamından Çıxarışa əsasən Novxanı kənd sakini X11 adından İddiaçı1 adına keçirilmişdir. İddiaçılar birgə nikah dövründə əldə edilmiş vəsaitlərini toplayaraq həmin sahəni yaxşılaşdırmış, o cümlədən bağ evinin inşa edilməsi və təmiri üçün xeyli vəsait sərf etmişlər. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(102)-1446/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 (1261) saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evi üzərində birgə mülkiyyətçilər İddiaçı2 ¾ və İddiaçı1 ¼ hissədə payları müəyyən edilmişdir. 18 iyul 2022-ci ildə İddiaçı1 adına göndərilmiş Nəsimi Rayon İcra Şöbəsinin 07 iyul 2022-ci il tarixli məktubunda Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında yerləşən 0.14 ha torpaq sahəsində yerləşən torpaq sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu, X7 X20 05 iyul 2022-ci il tarixli məktubunda əmlakın təhvil-təslim edilməsi vaxtının 11 avqust 2022-ci il, saat 11:00-da təyin edildiyi göstərilərək 10 avqust 2022-ci ildə evin boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Halbuki, məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün nə İddiaçı1 ilə, nə də İddiaçı2 ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə İddiaçı1 qardaşı X9 Azərbaycan Respublikasının CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.14 ha ölçüdə 1621 (1261) saylı bağ sahəsi və orada olan 169.1 kv.m bağ evinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən iddiaçılara məxsus əmlakın xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-40 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X12 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə təmin edilməmişdir. İddiaçı1 mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə Ali Məhkəmənin 20 may 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X9 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarından X9 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmişdir. İddiaçı1 və İddiaçı2 məxsus əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda iddiaçılar həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişlər. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququndan da məhrum edilmişlər. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. İddiaçılar əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına cəlb edilməmiş, onların izahatları alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Habelə, bağ sahəsinin satılması ilə bağlı hərracın keçirilməsi və onun nəticəsi barədə də iddiaçılara heç bir məlumat verilməmiş, qəflətən bildiriş göndərilərək əmlakın boşaldılması tələb edilmişdir. Qanuni mülkiyyətçi olan iddiaçılar cinayət törətməmiş, əmlakı cinayət yolu ilə əldə etməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə ünvan 3 ünvanda yerləşən bağ sahəsinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaka münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir.
4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu iddia ərizəsinə etiraz bildirərək belə əsaslandırmışdır ki, Baş Prokurorluğun “X22”na əsasən Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin vəzifələrinə cinayət yolu ilə əldə olunan əmlakın aşkar edilməsi, izlənməsi, qiymətləndirilməsi, üzərinə həbs qoyulması, xüsusi müsadirənin təmin edilməsi, üzərinə həbs qoyulmuş əmlakların əsassız olaraq qaytarılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi, eləcə də əmlakın həbsdən azad edilməsi ilə bağlı işlərə məhkəmələrdə baxılmasında prokurorluğun iştirakını təmin etmək daxildir. Baş Prokurorluqda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş X13, həmin idarənin rəis müavini vəzifəsində işləmiş X9 və qeyriləri barədə istintaqı aparılmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmü ilə təqsirləndirilən şəxs Fizuli Əliyevə məxsus digər əmlaklarla bərabər, ibtidai istintaq dövründə üzərinə həbs qoyulmuş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evinə də xüsusi müsadirə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(103)-01 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)- 2/2021 nömrəli qərarları ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla əlaqədar, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin bağ evinin qiymətləndirilməsi təmin edilmiş və xüsusi müsadirəsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “X7” X29inə müraciət olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evinin üzərindən həbsin götürülməsi və icra sənədinin icra edilməməli olması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırki mülki işdə Baş Prokurorluq iş üzrə mənafelərinə toxunan şəxs hesab edilir. Belə ki, mübahisələndirilən əmlak üzərinə həbsin qoyulması məhz Baş Prokurorluq tərəfindən icraatında istintaq olunan cinayət işi üzrə verilmiş vəsatət və təqdimat əsasında təmin edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, cinayət işi 2014-2015-ci illərdə başlanılıb. Cinayət hadisəsi 2012-ci ildən sonrakı dövrdə baş verib. Təqdim etdikləri çıxarışda mülkiyyət hüququ DKRX-2010-cu ildə qeydiyyatdan keçdiyi göstərilir. Amma əslində mülkiyyət alğı-satqı müqaviləsi əsasında əldə olunub. Həmin mübahisəli torpaq sahəsi Abşeron RİH-nin 12 avqust 1992-ci il tarixli sərəncamı ilə X14 verilib. “Torpaq İslahatları haqqında” Qanunda göstərilir ki, icra hakimiyyətləri tərəfindən sərəncamla vətəndaşlara ayrılmış torpaq sahələri onların mülkiyyəti hesab olunur. X3 bu torpaq sahəsindən İddiaçı1 xeyrinə imtina edib. 2007-ci ildə Abşeron RİH sərəncamı ilə İddiaçı1 adına keçirilmişdir. Bundan başqa bələdiyyənin də qərarı vardır. Torpaq sahəsinin dəyəri olaraq İddiaçı1 3000 manat məbləğində vəsaiti bələdiyyənin hesabına köçürmüşdür. Burda açıq-aşkar görünür ki, torpaq sahəsi cinayət hadisəsindən xeyli-5 il əvvəl əldə olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddiaçılar ər-arvaddır. 1997-ci ildə nikaha daxil olublar. Mübahisələndirilən torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 2010-cu il tarixli çıxarışla İddiaçı1 məxsusdur. Burda müsadirə olunub. Müsadirəyə səbəb isə İddiaçı1 qardaşının Bakı Hərbi Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasıdır. Ona “məxsus” bir sıra mülklər də dəqiqləşdirilmə aparılmadan müsadirə olunmuşdur. Həmin mülklərin kimin istifadəsində olması barədə nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı heç bir dəqiqləşdirilmə aparılmamışdır. Onların içərisində halhazırda mübahisə edilən Novxanı kəndi, Bağlar massivində yerləşən 1621 (1261) saylı bağ sahəsi də vardır. Burda əsas məsələ əmlakın nə vaxt əldə edilməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsinin 2022-ci ilin fevral ayının qərarında göstərilir ki, CM-nin 99-1.1- ci maddəsinə əsasən müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakı cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri nəzərə alınmaqla həyata keçirilir. Burda qeyd olunmalı əsas məqam cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş əmlakla bağlıdır. Şəxsə ittiham 2015-ci ildə elan edilib, əmlak isə 2007-ci ildə əldə edilib. Konstitusiya Məhkəməsi deyir ki, cinayət törədilməsindən əvvəl alınmış əmlakın hansı yolla, necə, nə vaxt və kimlər tərəfindən əldə olunması araşdırılmalıdır. Çıxarış 2010-cu il tarixlidir, lakin Abşeron RİHB-nın 2007-ci il tarixli, 076 saylı sərəncamı var. Həmin sərəncamdan çıxarış var. Çıxarışa əsasən Abşeron RİHB 12 avqust 1992-ci il tarixli 373 saylı sərəncamına əsasən Novxanı kənd sakini X11 (torpaq sahəsinin ilk sahibi) adına verilmiş 1000 kv.m 1621 (1261) saylı bağ sahəsi 2007-ci ildə ailə üzvlərinin razılığı ilə İddiaçı1 verilmişdir. İttiham isə 2012-ci ildən sonra verilib. Konstitusiya Məhkəməsinin Plenum Qərarını əsas götürüb iddia tələbinin təmin edilməsini xahiş etmişdir
7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X15 etiraz ərizəsini müdafiə edərək bildirmişdir ki, bu əmlak istintaq zamanı cinayət yolu ilə əldə olunduğu üçün müsadirə olunmayıb, dəyərə görə müsadirə olunub. Bunlar Cinayət Məcəlləsinin 99-2-ci maddəsində göstərilib. İttiham aktında da dəyərə görə müsadirə qeyd olunur, bu cinayət işinə 3 instansiyada baxılıb. Hər 3 instansiyada siyahıya daxil olan əmlaklardan bəziləri siyahıdan çıxarılıb, amma bu əmlaka toxunulmayıb. Məhkəmə qərarları tam qanunidir, qüvvədədir. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının CPM-nin 248.1.1, 248.3, 253, 299.3.2-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
11. İddiaçılar apellyasiya şikayətlərini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişlər ki, məhkəmə iddianın təmin olunmaması qənaətinə gələrkən iddiaçı tərəfindən təqdim edilmiş sübutlar qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr əsasında qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndə-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X15 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
17. Maddə 60, 4-cü hissə. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
18. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.
19. Maddə 99-2. Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
20. Maddə 12.3 Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.
21. Maddə 248.1.1 Əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir.
22. Maddə 248.2 Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.
23. Maddə 248.3 Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur.
24. Maddə 253. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.
25. Maddə 299.3.2. Məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarında olan V ЖГ 305969 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X16 arasında nikah xx.xx.1997-ci il tarixdə bağlanmış və 285 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.
35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən bağ evi xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə tam şəkildə İddiaçı1 adına qeydiyyata alınmışdır.
36. Bank BTB-nin 20 iyun 2019-cu il tarixli, İH-2019/3130 saylı məktubuna əsasən ünvan 4 nömrəli bağ evi 02 iyun 2010-cu il tarixli, 238/ZB saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir və hal-hazırda da ipoteka ilə yüklüdür.
37. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 1-1(103)-40 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən maraqlı şəxs qismində apellyasiya şikayəti vermiş İddiaçı1 və digərləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin icraata qəbulundan imtina edilmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3398/2021 saylı qərarına əsasən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 467/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
39. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1446/2021 saylı qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evinə İddiaçı2 ¾ və cavabdeh İddiaçı1 ¼ hissədə payları müəyyən edilmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1621 nömrəli bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
41. Nəsimi Rayon İcra Şöbəsinin 07 iyul 2022-ci il tarixli məktubundan görünür ki, əmlakın təhvil-təslim edilməsi vaxtının 11 avqust 2022-ci il, saat 11:00-da təyin edildiyi göstərilərək 10 avqust 2022-ci ildə evin boşaldılaraq təhvil verilməsi tələb edilmişdir.
42. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun 25 oktyabr 2016-cı il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası CMnin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur.
43. Abşeron rayon X8 30 aprel 2007-ci il tarixli, 06 saylı iclasının qərarının çıxarışından görünür ki, İddiaçı1 bələdiyyənin inzibati ərazisi olan bağlar massivində bağ evi tikmək üçün 0.04 ha torpaq sahəsi satılmışdır.
44. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2007-ci il tarixli, 076 saylı Sərəncamından Çıxarışdan görünür ki, Novxanı bağları ərazisindəki 1000 kvm-lik , 1621 saylı bağ sahəsi Novxanı kənd sakini X11 adından İddiaçı1 adına keçirilmişdir.
45. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. .... Cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür.
46. Qanunverciliyin qeyd olunan normalarının məzmunundan aydın olur ki, əmlak üzərinə həbs qoyulmasını şərtləndirən əsaslara əmlakın cinayət yolu ilə əldə olunması və ya əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə olunması daxildir. Hətta qanunverici təqsirləndirilən şəxsə deyil, başqa şəxsə məxsus olan əmlakın təqsirləndirilən şəxsin törətdiyi cinayət yolu ilə əldə olunan əmlak hesabına əldə edildiyinin sübut olunduğu təqdirdə, həmin əmlak üzərinə həbs qoyularaq, xüsusi müsadirə qaydasında məcburi və əvəzsiz qaydada dövlət nəfinə alınmasını mümkün hesab etmişdir. Qeyd olunan halın kifayət qədər sübutlarla təsdiqiləndiyi halda əmlakın ümumi birgə və ya paylı mülkiyyətdə olması da onun üzərinə həbs qoyulmasını istisna etmir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan məhkəmə aktlarından göründüyü kimi həbsdən azad edilməsi xahiş olunan əmlak faktiki olaraq təqsirləndirilən şəxs X5 məxsusluğu cinayət işində müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə artıq qiymət verilərək, üzərinə həbs qoyulmuş əmlakların bəzilərinin üzərindən həbs götürülsə də, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1621 (1261) nömrəli bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
48. Bunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçıların tələbinə preyudisiyaya dair müddəalar nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.
49. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
50. Preyudisiya hüquqi müəyyənlik prinsipini təmin edən vasitələrdən biri olmaqla, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur.
51. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında təsbit edilmişdir ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar.....Cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində preyudisial xarakter daşıyır.
52. İddia ərizəsindən görünür ki, iddiaçılar tələbin faktik əsası kimi, onların birgə mülkiyyətində olan və qanuni üsullarla əldə etdikləri əmlakın X2 cinayət işi üzrə cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş hesab edilərək üzərinə qanunsuz olaraq həbs qoyulduğunu bildirirlər.
53. Təqsirləndirilən şəxs X2 cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçının nümayəndəvəkilinin izahatından məlum olmuşdur ki, İddiaçı1 həmin cinayət işi üzrə şahid qismində dindirilmiş, cinayət işi üzrə icraatda iştirak etmişdir. Qeyd olunan hökmlə iddiaçıların hazırda mübahisələndirdiyi əmlakın təqsirləndirilən şəxs X5 faktiki olaraq məxsusluğu müəyyən edilmiş və sonda dəyərə görə müsadirə olunmuş və hökm qanuni qüvvəyə minmişdir. Həmçinin, qanunvericiliyin yuxarıda sadalanan normalarından aydın olur ki, ümumi mülkiyyətdə olan əmlak olsa belə, onun cinayət yolu ilə əldə edildiyi sübut olunduqda üzərinə həbs qoyularaq, xüsusi müsadirə qaydasında dövlət nəfinə alınması mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı Hərbi Məhkəməsinin qeyd edilən hökmü iddiaçılara münasibətdə onların hazırda mübahisələndirdiyi məsələdə preyudisial əhəmiyyət kəsb etməlidir.
54. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki, “.. cinayət yolu ilə əldə edilməsinə kifayət qədər sübutlar toplanılmış əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna rəğmən icra edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi” Qaydasının 1.2-ci bəndinə görə, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əmlak (qanuni sahibinə qaytarılmalı olan əmlak istisna olmaqla) üzərində dövlətin mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır. Həmin Qaydanın xüsusi müsadirə edilmiş əmlakın aidiyyəti üzrə təhvil verilməsi, istifadəsi və satışını tənzimləyən 3-cü bəndi ilə bəzi əşyaların aidiyyəti üzrə müvafiq dövlət orqanları və təşkilatlarına (məsələn, pul vəsaitlərinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X1 Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına, mobil telefon nömrələrinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə) təhvil verilməli olduğu təsbit edilmişdir. Xüsusi müsadirə edilmiş əmlakın satışının isə Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirildiyi müəyyən olunmuşdur. Odur ki, müəyyən əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamə hər hansı dövlət idarə və təşkilatının və ya təsisçisi dövlət və ya dövlət idarəsi olan, yaxud təşkilatı olan hüquqi şəxslərin mənafelərinə toxunarsa, həmin subyektlər (məsələn, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və s.) müstəqil qaydada məhkəmə aktını mübahisələndirə bilərlər”.
56. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova