Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3594/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mülki iş üzrə (açar sözlər: icraata xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2771/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğluna ayrılmış sosial müavinətin, 4283,37 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğlu onun nəvəsidir. Onun valideynləri Cavabdeh3 Allahverdi oğlu, X2r. Valideynlər arasında rəsmi nikah Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş nəvəsi xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğlu anasının himayəsinə verilmişdir. Qızı Ş.R.Əliverdiyeva 3 il bundan öncə dünyasını dəyişmişdir. Həmin vaxtda da nəvəsi Əli onun himayəsində qalmışdır. Uşaq anadan olduqdan bu günədək atası onunla maraqlanmamış və demək olar ki, 14 ildir ki, uşaq atasını görmür və tanımır. Bundan sonra tərəfindən Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, nəvəsi xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğlunun onun – nənəsi İddiaçı himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi iə iddia tələbi təmin edilmişdir. Bundan sonra tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-ə müraciət edilərək, ailə başçısının itirilməsi ilə əlaqədar nəvəsi xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğluna ödənilən sosial müavinətin ona verilməsi xahiş edilmişdir. DSMF ünvanladığı məktubla bildirmişdir ki, həmin müavinət xx.xx.2021-ci il tarixdən proaktiv qaydada təyin ediliş və ödənişlər xx.xx.2025-ci il tarixədək Cavabdeh3 ödənilmişdir. Bundan sonra tərəfindən ABB ASC-yə müraciət edilmiş və müraciətin nəticəsinə bank tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi olaraq bildirilmişdir ki, 4283,37 manat vəsait Cavabdeh3 hesabına köçürülmüşdür. Belə ki, Cavabdeh3 saxta yollarla hər kəsi aldatmış, azyaşlı və valideynsiz böyüyən Əliverdizadə Məhəmmədəli Əli oğluna çatacaq pul vəsaitini əsassız olaraq mənimsəmişdir. Uşaq anadan olduğu tarixdən bu günədək onun himayəsindədir və atasını tanımır. Yenidən tərəfindən cavabdeh "xxxx" ASC-yə müraciət edilərək müavinətin Cavabdeh3 deyil ona ödənilməsi xahiş edilmiş, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Daha sonra iddiaçı cavabdeh "xxxx" ASC-nin əsl cavabdehlə əvəz olunması barədə ərizə verərək, cavabdehin Cavabdeh1 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi onların hazırki iş üzrə cavabdeh olmadıqlarını, pensiyanı onların müyyən etmədiyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatının, onun yerli orqanlarının və tabeliyində olan müəssisələri üçün xidmətlərin göstərilməsinə dair aralarında bağlanmış satınalma müqaviləsinə əsasən pensiya məbləğlərinin ayrı-ayrı şəxslərin hesablarına köçürülməsini icra etdiklərini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2771/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh3 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilmiş, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2771/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilərək işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğluna ayrılmış sosial müavinətin, 4283,37 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 2771/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Aşağıda göstərilən əsas və səbəblərə görə Yasamal Rayon Məhkəməsinin 2(004)- 2771/2025 saylı xx.xx.2025- ci il tarixli qərardadı ləğv edilməli iş məhkəmə icraatına qəbul edilərək mübahisə aiddiyatı üzrə araşdırılmalıdır. Məhkəmə tərəfindən iş üzrə icraata xitam verərkən aşağıdakı hallar nəzərə alınmamışdır: 1. İddiaçı iddia tələbi cavabdehlər "xxxx" ASC və Cavabdeh3 müştərək qaydada pulun tutulması ilə bağlı tələb olmuşdur. 2. Belə ki, iddiaçı cavabdehlərdən Azərbaycan Beynəlxalq Bankına müraciət edərək, ailə başçısın itiriməsi ilə əlaqədar nəvəsi xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğluna ödənilən sosial müavinətin onun hesabına ödənilməsini xahiş etmişdir. Bank isə öz növbəsində bundan imtina edərək pul vəsaitlərinin digər cavabdehin hesabına köçürüldüyünü qeyd etmişdir. İddiaçı pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş etmişdir. Mahiyyət etibarı ilə iddiaçı MM-nin 386.1. maddəsini rəhbər tutmuşdur. 3. Məhkəmə isə hüquqi mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə mübahisə inzibati məhkəməyə aiddir. Qeyd etmək zərurəti vardır ki, DSMF-nun xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, nəvəsi Məhəmmədəli Əliverdizadənin üzərinə qəyyum təyin olunması ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli sərəncamından sonra ailə başçısını itirməyə görə sosial müavinət onun adına rəsmiləşdirilmişdir. 4. Tərəfindən ABB ASC-yə müraciət edilmiş və müraciətinin nəticəsinə bank tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi olaraq bildirilmişdir ki, 4283.37 manat vəsait Cavabdeh3 hesabına köçürülmüşdür. 5. Belə ki, Cavabdeh3 saxta yollarla hər kəsi aldatmış, azyaşlı və valideyinsiz böyüyən Əliverdizadə Məhəmmədəli Əli oğluna çatacaq pul vəsaitini əsassız olaraq mənimsəmişdir. 6. Uşaq anadan olduğu tarixdən bu günədək onun himayəsindədir və atasını tanımır. 7. Yenidən tərəfindən cavabdeh ABB ASC-yə müraciət edilərək müavinətin Cavabdeh3 deyil ona ödənilməsi xahiş edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2771/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 2771/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 44 nömrəli sərəncamına əsasən, xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğluna, mülkiyyətlərinə hüququ olmadan, nənəsi İddiaçı himayədar təyin edilmişdir. Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, M.Əliverdizadəyə xx.xx.2021-ci il tarixindən proaktiv qaydada təyin edilmiş ailə başçısını itirməyə görə sosil müavinətin ödənişi xx.xx.2025-ci il tarixinədək Cavabdeh3 ödənilmişdir. Mülki işdən müəyyən olunur ki, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli Əli oğluna sosial müavinət olaraq ayrılan 4283,37 manatın cavabdehlərdən müştərək qaydada tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, araşdrıma zamanı iddiaçı cavabdeh "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz etmiş, bundan sonra birinci instansiya məhkəməsi mülki iş üzrə icraata iddiaçının bütün tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması səbəbindən xitam vermişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının tələblərindən biri də himayəsində olan nəvəsi Əliverdizadə Məhəmmədəli Əli oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada xx.xx.2021-ci il tarixindən təyin edilmiş ailə başçısını itirməyə görə Cavabdeh3 xx.xx.2025-ci il tarixədək ödənilmiş sosial müavinətin cavabdehdən onun xeyrinə tutulmasından ibarətdir. Lakin birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verərkən iddiaçının mülki mühakimə icraatı qaydasında baxılmalı olan “Cavabdeh3 qarşı pul tələbi” ilə bağlı iddiası üzrə də icraata xitam vermişdir. Məhkəmə kollegiyası, istinad olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, iddia tələbləri üzrə icraata xitam verilməsi məsələsini təkrar araşdırarkən birinci instansiya məhkəməsi iddiaçının bütün tələbləri üzrə mülki işin icraatına xitam verilməsinin mümkün olub-olmamasına hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanları nəzərə almaqla qiymət verməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2771/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3594/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3594/2025
05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver