Məhkəmə qərarları › İş №2(103)-3606/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3606/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3606/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh, tərcüməçi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(004)- 2403/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 260 manatın, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 25000 manatın və vurulmuş 15000 manat mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Ulyanov Aleksandr ilə 2016-cı ildən ünvan 1 ünvanlı binada qonşu kimi yaşayır. Göstərilən binanın birinci mərtəbəsində 3-cü mənzildə o, mənzilinin üstündə ikinci mərtəbədə isə cavabdeh yaşayır. 2020-ci ilin yanvar ayından başlayaraq, cavabdeh istifadə etdiyi suların tullantısını onun mənzilinə yönəldir. Bir neçə dəfə cavabdehə qonşu kimi, mənzilindən çirkab sularının onun mənzilinə axması barədə müraciət etmiş, cavabdeh bilirəm deyərək qapını üzünə bağlamışdır. Cavabdehin saymamazlığı nəticəsində mənzilinin sanitar qovşağında tavan, qazla işləyən su qızdıran cihaz və sanitar qovşağında işləyən elektrik hava təmizləyicisi sıradan çıxmışdır. Yataq otağında isə divar bütöv nəm olmuş, iyrənc rütubət iyi gəlməyə başlamış, divarın səthi pozulmuş və divar kağızları qopmuşdur. xx.xx.2020-ci il tarixdə tavan qismən uçulub yerə düşmüşdür. Bundan əlavə, cavabdehin yaşadığı mənzildən, vaxtaşırı olaraq, üstlərinə qarışqalar və digər həşəratlar gəlirlər. İsti suya həmişə ehtiyacı olduğu üçün su qızdıran cihaz alıb, usta çağırıb, quraşdırmış, buna çəkdiyi xərc cəmi 160 manat olmuşdur. Bundan əlavə, cavabdehin günahı ucbatından, indi sanitar qovşağının tavanında, yataq otağının divarında və digər yerlərdə təmirə ehtiyac var. Cavabdeh hələ də ona maddi və mənəvi ziyanlar vurmağı davam etdirir. Bu işlərə bildiyinə görə 20000- 25000 manatdan çox xərci çıxacaq. Eyni zamanda evdə gündə bir neçə dəfə planlaşdırılmamış sanitar-təmizlik işləri aparası olur. Üstlərinə tualet tullantıları tökülür deyəndə cavabdehin sakitcə yoluna davam etməsi açıq-aşkar təxribat xarakteri daşıyır, onun və ailəsinin ünvanına kobud təhqirdir. Bu mənəvi ziyanı 15000 manat qiymətləndirir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyan olaraq, 1844 (bir min səkkiz yüz qırx dörd) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədən xəbəri olmayıb, bildiriş almamışdır. Məhkəmənin qətnamədə istinad etdiyi Yasamal Rayon 42 saylı MKlSnin aktı ilə əlaqədar göstərir ki, MKİS-dən onun mənzilinə heç bir baxış keçirilməyib, aktda göstərilən onun L.Şixəliyevin tavanını suya qərq edərək, ona ziyan vurmağı tamamilə yalandır. Belə ki, hələ 2020-ci ilin mart ayında L.Şixəliyev ona mənzilinə su axması barədə məlumat verəndə ona bildirib ki, hara su axmasını göstərsin və həmin yeri təmir etsin. O, bundan imtina etdikdən sonra öz mənzilində hamam otağına baxıb, yuxarıda göstərdiyi kimi orada su sızması güman edilən kəməri bağlamışdır. Qətnamədə məhkəmənin istinad etdiyi ekspertiza rəyinə gəldikdə isə ekspert hadisə yerinə, yəni onun mənzilinə baxış keçirməyib, suyun konkret olaraq haradan sızmasını müəyyən etməyib, sadəcə olaraq 42 saylı MKİS-nin saxta aktına istinad edərək, göstərib ki, “42 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq”. Əgər ekspert 42 saylı MKİS-in aktı əsasında rəy yazırsa, onda məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi nəyə lazımdır. Beləliklə, məlum olur ki, L.Şixəliyevin şikayəti üzrə məhkəmə baxışı formal xarakter daşıyır, heç bir araşdırma aparılmayıb və onun iştirakı məhkəmədə təmin olunmadan əsassız qətnamə çıxarılmışdır. Onun mənzili bir otaqlıdır. İddiaçının yaşadığı mənzil də bir otaqlıdır. Yuxarıda göstərdiyi kimi sonradan bir otaqlı mənzilin yanında alt-üst iki otaq da tikdirmişdir. Bu tamamilə qanunsuzdur. Qəzalı vəziyyətdə olan binanın yükünü ağırlaşdırmış və onun uçma ehtimalını tezləşdirmişdir. Şıxəliyevin məhkəməyə mənzilin onun mülkiyyətində olması və əlavə tikintilər barədə hansı sənəd təqdim etməsini bilmir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olmamışdır. Hesab edir ki, ən azından əlavə tikililər barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsində iddiaçının mülkiyyətində hər hansı bir mənzilin və ya onun hər hansı bir hissəsinin olması barədə heç bir məlumat yoxdur. Əgər ziyan dəyən mənzil iddiaçının mülkiyyətində deyildirsə, onun məndən ziyan tələb etmək hüququ da yoxdur. Ekspert rəy verərkən 42 saylı MKİS-in işçilərinin xx xxxx 2020-ci il tarixli aktına istinad etmişdir. Həmin aktda isə vurulan ziyanın məbləği barədə heç nə yoxdur. Məhkəmənin qətnaməsindən görünür ki, iddiaçı Şıxəliyev sonradan iddianın məbləğini 5 dəfə artıraraq 25000 manata çatdırmışdır. Halbuki həmin 1 otaqlı mənzilin dəyəri 25000 manat təşkil etmir. Mənzil tamamilə sıradan çıxarılsaydı belə 1 otaqlı mənzilə dəyən ziyan 25000 manat təşkil etməzdi. Buradan da görünür ki, iddiaçı qərəzlilik edərək ondan böyük məbləğdə pul qoparmağa çalışır. 15000 manat məbləğində mənəvi ziyanla əlaqədar olaraq məhkəmənin gəldiyi nəticə ilə razıdır və onu mübahisələndirmir. Hesab edir ki, məhkəmənin ondan ziyanın alınıb iddiaçıya verilməsinə dair qətnaməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı özü də tələb etdiyi məbləğin qanunsuz olduğunu bildiyi üçün 25000 manatlıq iddianın, 15000 manatlıq mənəvi ziyanın və 200 manatlıq ziyanın rədd edilərək 1844 manat məbləğində təmin olunması ilə razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Dilarə Əliyeva küçəsi, 115 saylı evin 3 saylı mənzili İddiaçı, Bakı şəhəri, Yasamal rayonu Dilarə Əliyeva küçəsi, 115 saylı evin 21 saylı mənzili isə Cavabdeh mülkiyyətlərindədir. Yasamal rayon 42 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Yasamal rayonu, Dilarə Əliyeva küçəsi, 115 saylı evin 3 saylı mənzilinə üst mərtəbədəki Cavabdeh məxsus mənzildən su axması nəticəsində iddiaçıya ziyan vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1428 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu Dilarə Əliyeva küçəsi, 115 saylı evin 3 saylı mənzilinin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 42 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 19,03.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, ünvan 3 evin 3 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus mənzildən suyun sızması müəyyən olunur. ünvan 3 ünvanda yerləşən 3 saylı mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1844 manat məbləğində olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 1844 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunduğundan iddianın qismən təmin edilməsi barədə məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 2403/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar