Məhkəmə qərarları › İş №2(103)-3606/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3606/2024

27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3606/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilin altında yerləşən qarajın və qarajın giriş acarlarının X2 təhvil verilməsi, həmin qaraja giriş və cıxışla əlaqədar yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılaraq qarajla zirzəmi arasında olan divarın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərə məxsus nəqliyyat vasitəsinin və digər əşyaların cavabdehlər tərəfindən qarajdan çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilin altında yerləşən qarajın və qarajın giriş acarlarının X2 təhvil verilməsi həmin qaraja giriş və cıxışla əlaqədar yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılaraq qarajla zirzəmi arasında olan divarın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərə məxsus nəqliyyat vasitəsinin və digər əşyaların cavabdehlər tərəfindən qarajdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(004)- 579/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(004)-579/2024 qətnaməsindən apellyasiya şikayəti verərək, şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və üzrlü səbəblərdən buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qəraradad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, texniki problemlər səbəbindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülmüşdür Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2024 saylı 25 aprel 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsaslandırılmamışdır, formal mülahizəyə əsasən tərtib edilmişdir. Ərizədə şikayət müddətinin ötürülməsinin səbəbi qismində texniki problemlər olması göstərilsə də, həmin texniki problemlərin mahiyyətinin nə olması qeyd edilməmiş və buna dair minimal sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Borclunun öz prosessual hüquqlarından istifadə etməməsi nəticəsində hazırki ərizə üzrə prosessual müddətin bərpa olunması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla mülki prosessual münasibətlərdə qeyri-müəyyənliyə, mülki hüquq münasibətlərinin subyektlərinin hüquqlarının və qanuni maraqlarının pozulmasına, hüquqdan sui-istifadəyə səbəb ola bilər. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı əsaslandıran zaman Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə ifadəsini təhrif etmişdir. Belə ki, “işlərin çox olması, daha sonra isə bayram günlərinin olması səbəbindən elektron sistemə nəzarət edə bilməmiş, nəticədə hazırki problem yaranmışdır” ifadəsi qərardadda qeyd edilməklə, əsl həqiqətdə məhkəmə texniki problemin olmasını bir növ qəbul edir, lakin özünə məxsus tərzdə əsaslandırmağa çalışmışdır. Bütün işlərdə sənədlər elektron qaydada göndərildikdən sonra həmin sənədin gedib-getməməsi adətən yoxlanılmır. Belə yoxlamaq öhdəliyi də heç kimdə ola bilməz. Vəkil Nümayəndə məhkəmə işlərinin çoxluğunu o səbəblə məhkəmə zalında açıqlama vermişdir ki, hər bir iş üzrə sənədin gedibgetməməsini müəyyən etmək işlərin çoxluğu səbəbindən qeyri-mümkündür. Yəni apellyasiya şikayətinin getməyəcəyi barədə hər hansı bir ehtimal yox idi ki, elektron məhkəmə sistemində məhz e-2(004)-579/2024 saylı mülki iş nəzarətdə saxlanılsın. Bu gözlənilməyən baş verən bir xətadır! “nəzarət edə bilməmiş” kimi Nümayəndə ifadələri təhrif edilməklə, sanki, onun öz səhifəsində elektron məhkəmə sistemə nəzarət öhdəliyi və yaxud texniki xətaya görə hər hansı məsuliyyəti vardır. Bütün qeyd olunanlar ona dəlalət edir ki, Cavabdeh1 prosessual müddətlərin üzrlü səbəblərdən ötürülməsinə məhkəmə formal mülahizələrinə əsasən baxmış, nədənsə birtərəfli qaydada iddiaçının “həssas durumu” qərardadda qeyd edilməklə, cavabdehin həssas durumu çox kobud şəkildə pozulmuş, apellyasiya şikayəti vermək kimi prosessual hüququna maneə törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2024 saylı, 06 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(004)-579/2024 saylı qətnaməsi Cavabdeh1 nümayəndəsivəkili Nümayəndə (hansı ki, hazırki şikayətlə müaciət etmişdir) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə 14 fevral 2024-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə məhkəmə qətnaməsindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayətini qətnamə ona rəsmi təqdim olunduğu gündən iki aya yaxın müddət keçdikdən sonra 9 aprel 2024-cü il tarixdə elektron kabineti vasitəsilə vermişdir. Hansı ki, şikayət verdiyi qətnamə də həmin kabinetə yerləşdirilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, cavabdeh tərəf Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(004)- 579/2024 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırki işdə müəyyən edilməmişdir. Cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan cavabdeh tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2024 saylı 14 fevral 2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2024 saylı 25 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar