Məhkəmə qərarları › İş №2(103)-3607/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3607/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3607/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e2(006)-3357/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(101)246/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin 28 aprel 2020-ci il tarixdən hesablanması qərara alınmışdır.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 1(105)-301/2021 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1732/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetməməsi əsası ilə bəraət verilmişdir.

5. İddiaçı hüquqi yardıma görə 3 saylı Vəkil Bürosunun hesabına cəmi 1.015 manat məbləğində pul ödəmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi ilə əlaqədar 01 noyabr 2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat).

7. Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğdə Prezident təqaüdünü 31 oktyabr 2021-ci il tarixinə qədər almışdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə 01 iyun 2018-ci il tarixindən (01 iyun 2015-ci il tarixindən hesablanmaqla) əmək pensiyası təyin edilmiş, Əlillik dərəcəsinin müddətinin 2 oktyabr 2021 -ci il tarixdən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 01 noyabr 2021 -ci il tarixindən dayandırılmış, 4 oktyabr 2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlillik təyin olunması ilə əlaqədar həmin tarixdən əlilliyə görə əmək pensiyası 325,05 manat məbləğdə bərpa edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı ödənilən əmək pensiyası həmin tarixdən 357,56 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 410,12 manata artırılaraq ödənilir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində bəraət hökmü çıxarıldığından cinayət məsuliyyətinə qanunsuz cəlb edilərək tutulmaqla qətimkan tədbiri kimi, habelə qeyriqanuni məhkumluq və həbs cəzası nəticəsində 2 il müddətində həbsdə saxlandığına görə keçirdiyi stress və əzab-əziyyətlər səbəbindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən iddiaçıya dəymiş mənəvi ziyan kimi 100000 manat, məhkəmə xərcləri və məsrəflərinə görə isə cəmi 3000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 28 aprel 2020-ci il saat 14 radələrində yaşadığı Sumqayıt şəhəri 10-cu mikrorayon ev 55-də yerləşən 48 nömrəli mənzilə sanki basqın etmiş polis əməkdaşları tərəfindən təxminən bir saat ərzində ağır fiziki və psixi təzyiqlərə məruz qalıb, sonra da qanunsuz olaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Burada saatlarla fasiləsiz olaraq psixi təzyiqlərə məruz qaldığından, həm də təhqiqatçı tərəfindən ona məhz Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağı bildirilməklə faktiki olaraq aldanıldığından, həmçinin onunla birlikdə yaşayan xəstə qardaşının toxunulmazlığını təmin etməkdən ötrü əlacsız qalıb səhnələşdirilmiş, saxta şəxsi axtarış və götürmədə dəfələrlə iştirak etmək məcburiyyətində qalmış, bununla da, elə həmin gün saat 19:03-də Sumqayıt şəhəri, “Qarabağ” kinoteatrının arxasında videoçəkiliş aparılmaqla süni şəkildə tərəfindən cinayət törədilməsi görüntüsü, yəni cinayətin imitasiyası təşkil olunmuş və nəticədə iddiaçı guya cinayət başında yaxalanmışdır. Belə ki, polis əməkdaşlarının iddiaçının cibinə qoyduqları, lakin ona aidiyyəti olmayan narkotik vasitə heroin, guya ona məxsus satış məqsədi ilə əldə etdiyi narkotik vasitə kimi götürülərək sənədləşdirilmişdir. İddiaçının faktiki olaraq tutulduqdan sonra müdafiə hüquqları kobud şəkildə pozulub, hüquq və vəzifələri izah edilməmiş, dırnaqarası istintaq hərəkəti iddiaçıya formal olaraq kağız üzərində təyin olunmuş müdafiəçinin iştirakı olmadan belə, keçirilməklə keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmiş, habelə eynəksiz olduğundan təqdim olunmuş sənədləri, o cümlədən ifadələrinin yazıldığı protokolları belə, oxumadan imza etməli olmuşdur. Bundan başqa, saxlandıqdan sonra iddiaçıya müdafiəçi təyin, sonra təqdim edilməli, məhz müdafiəçinin iştirakı ilə ətrafında istintaq hərəkətləri keçirilməli olduğu halda, iddiaçı faktiki olaraq şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı və məhkəmənin qərarı olmadan, habelə şübhəli şəxs qismində tutma protokolu tərtib olunmadan belə, barəsində qanunsuz və əsassız olaraq küçədə şəxsi axtarış və götürmə aparılmışdır. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirildikdə məlum olmuşdur ki, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yox, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Bununla bağlı iddiaçının etraz və iradlarına baxmayaraq, məhkəmə tərəfindən barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və onu Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına göndərmişlər. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində aparılmış ibtidai araşdırma yekunlaşdıqdan sonra onu məhkəmə məsuliyyətinə vermişlər və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 aprel 2020-ci il tarixindən hesablanması hökm edilmişdir. Həmin hökmdən müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 1(105)-301/2021 nömrəli qərarı ilə təmin edilməyərək, onun Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməyinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda, iddiaçı barəsində çıxarılmış hökm artıq qanuni qüvvəyə mindiyindən təyin edilmiş cəzanın çəkilməsi üçün Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. Həmin hökmdən müdafiəçi Vəkil kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 1(102)- 1732/2021 nömrəli qərarı ilə həmin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(105)-165/2022 nömrəli hökmü ilə müdafiəçi Vəkil apellyasiya şikayəti təmin edilərək, iddiaçının Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(101)-246/2021 nömrəli hökmü ləğv edilməklə ona təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Eyni zamanda, iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından həbsdən azad olunmuşdur. Həmin hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Bu hökmə, habelə Azərbaycan Respublikası CPM-in 62.1-ci maddəsinə uyğun olaraq iddiaçıya izah edilmişdir ki, barəsində bəraət hökmü çıxarıldığından pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, iddiaçının simasında – orta-ixtisas təhsilli, əvvəllər pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin könüllü iştirakçısı olaraq dəfələrlə ağır yaralanıb kontuziya almış, 2-ci dərəcəli əlil – iddiaçıya məlum olmayan səbəblərdən, ola bilsin ki, kiminsə sifarişi ilə, buna heç bir qanuni əsas olmadan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əvvəlcə qanunsuz olaraq psixi və fiziki təzyiqlərə məruz qalmış, sonra da heç bir aidiyyəti olmayan ağır cinayətə görə məsuliyyətə cəlb olunaraq 2 il insanın ən ali arzusu, ən ülvi istəklərindən olan azadlıqdan məhrum olmaqla Sumqayıt ŞPİ-nin X2, 3 saylı İstintaq Təcridxanasında və 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 03 oktyabr 2016-cı il tarixli, xxxxxxx0003 nömrəli məlumatına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin fəal iştirakçılarından olub həmin döyüşlərdə yaralanaraq kontuziya аldığından Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) ona ikinci dərəcəli əlillik qrupu verməklə yanaşı, baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin əzilməsindən sonrakı vəziyyət, postravmatik ensefalopatiya tez-tez baş verən veqeto-damar paroksizmləri ilə dəqiqləşdirilməmiş nevrotik pozuntular, astenonevrotik sindrom, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensortipli itirilməsi, sol tərəfin postravmatik koxliar nevrit, postkontuzion sindrom, psixotik epizodlarla gedən baş beynin travmatik xəstəliyi, kəskin təzahür edən asteno-nevrotik sindrom diaqnozu qoymuşdur. İddiaçının cəzaçəkmə yerlərində olduğu bütün müddət ərzində onda olan xəstəliklər proqressivləşərək son həddə kəskinləşmiş, həmçinin dəfələrlə müxtəlif başqa xəstəliklərə də yoluxaraq səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, həmin dövrdə digər xəstəliklərlə yanaşı “Sətəlcəm” də keçirmiş və bunun nəticəsində diş əti yığıldığından, demək olar – bütün dişlərini itirmişdir. Hazırda sadəcə olaraq həyat fəaliyyətini davam etdirmək üçün qida qəbul etməkdə böyük çətinliklər çəkir. Hələ 27 noyabr 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixdək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar müayinə keçərkən məlum olmuşdur ki, onda olan xəstəliklərin ağırlaşması ilə yanaşı ”Xroniki C viruslu hepatit”, “Xroniki bronxit” və digər xəstəliklər də müəyyən edilir. Artıq bəraət alıb azadlığa qovuşduqdan sonra isə yaşayış yeri üzrə poliklinikada müayinə olunarkən qeyd edilən faktlar bir daha təsdini tapmaqla, səhhətinin son dərəcə ağır durumda olduğunu göstərmişdir. Bundan başqa, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerlərində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və elə həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Bununla da artıq 9 aydır ki, dolanmaq üçün yeganə pul vəsaitini ala bilmir. Hazırda əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız 01 iyul 2022-ci il tarixindən sonra mümkün olacaqdır. Hələ bu azmışkən, qanunvericiliyin tələblərinə uyğun olaraq, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək üçün tələb olunan sənədləri toplayaraq müvafiq dövlət qurumuna müraciət etməyinə baxmayaraq, qanunsuz və əsassız olaraq həmin müavinətin verilməsindən də imtina edilmişdir. Bununla da, iddiaçının cəzaçəkmə yerlərində qanunsuz və əsassız olduğu 2 il ərzində nəinki səhhətində həyatına birbaşa təhlükə törədən problemlər yaranmış, həm də bu hazırda son dərəcə acınacaqlı maddi duruma səbəb olmuşdur. Başqa sözlə, iddiaçı cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuza xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmış və hazırda müalicəyə kəskin ehtiyacı vardır. Həmçinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 2 il həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməyi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, stresslər, əzab və əziyyətlər yaşamağına bilavasitə qaçılmaz səbəb olmuşdur. Odur ki, hətta intihar etmək belə, bir neçə dəfə xəyalından keçmişdir. Bu hərəkətlər iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçının həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olmağı mübahisəsizdir. Hazırda iddiaçı barəsində cinayət təqibi üzrə icraat qurtardığından cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e-2(006)- 3357/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24000 manat məbləğdə mənəvi zərərin, 7405,2 manat məbləğdə maddi zərərin, 1015 manat məbləğdə hüquqi yardımın əvəzi olmaqla, cəmi 32420,2 manat məbləğdə pul ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(105)-165/2022 nömrəli hökmü ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyan kimi 100000 manat pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halına görə iddiaçı 24 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. İddiaçı 24 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması baxımından hər ay üçün 1000 manat olmaqla, 24 ay üçün 24000 manat məbləğində müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi 7405,20 manat məbləğdə maddi ziyanın ödənilməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerlərində olduğundan həmin komissiyadan keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və elə həmin vaxtdan da iddiaçı həm əlilliyə görə hərbi pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi ilə əlaqədar 01 noyabr 2021-ci il tarixdən dayandırılmışdır. Pensiya ödənişi 472,80 manat olmuşdur. Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğdə Prezident təqaüdünü 31 oktyabr 2021-ci il tarixə qədər almışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində ikinci dərəcəli müharibə əlilliyinə görə hər ay 822,80 manat (350+472,80) olmaqla, 9 ay ərzində cəmi 7405,20 manat (822,80 x 9) məbləğdə Prezident təqaüdü və pensiyasından məhrum olunduğu üçün həmin məbləğ də cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi iddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 3000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də hüquqi xidmət xərclərinin əvəzi 1015 manat məbləğdə müəyyən edilməli və həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4, Mülki Məcəllənin 21, 23, 1101.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya münasibətdə cavabdeh heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. Birinci instansiya məhkəməsi dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Cavabdehin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassız, ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(103)-7039/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1467/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(103)-7039/2022 nömrəli qətnaməsi qismən – 7405,20 manat maddi zərərə aid iddianın təmin edilən hissəsində ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

19. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “ -45. Maddi zərərə gəldikdə, işdən görünür ki, iddiaçının maddi zərəri iki ünsürdən ibarətdir: 3000 manat məhkəmə xərcləri və məsrəfləri (hüquqi xidmət xərcləri); 7405,20 manat məbləğində Prezident təqaüdü və pensiyadan məhrum olduğu əmək haqqı. - 46. İddiaçının məhkəmə xərcləri və məsrəfləri barədə tələbi üzrə gəlinən nəticə də işin halları baxımından düzgün olmuşdur. Belə ki, iddiaçı həmin hissədə 3000 manat zərər tələb etsə də, məhkəmələr Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinadən həmin tələbin real olaraq təsdiqini tapan məbləğdə təmin edilməsini mümkün sayaraq, yalnız sübut olunan hüquqi xidmət xərclərinin əvəzi kimi 1015 manat məbləğində pulun tutulmasını qət etmişlər. - 47. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, maddi zərərin ikinci ünsürü olan iddiaçının 7405,20 manat məbləğində Prezident təqaüdü və pensiyadan məhrum olduğu əmək haqqı hissəsi ilə bağlı iddia tələbinin təmin edilən hissəsində qətnamə əsaslı deyil. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini onunla əsaslandırıb ki, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacaqdır. - 48. Maddi zərərin ikinci ünsürü ilə bağlı iddia tələbini təmin edən məhkəmələr həmin dövr üçün iddiaçıya əlillik dərəcəsi verilib-verilməməsinə aydınlıq gətirməyiblər. İddiaçı özü əlillyinin yenidən qiymətləndirilməsinin 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacağını bildirib. - 49. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.1-ci maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. - 50. Göründüyü kimi, qanunvericilik şəxsin əlil sayılmasını müvafiq qiymətləndirmə keçirilməklə qərar əsasında müəyyən edilməsini nəzərdə tutur. - 51. Məhkəmələr işdə olan arayışlara (i.v. 122, 163) istinad etsələr də, həmin arayışlarda əks edilən məlumatlara, ümumiyyətlə, qiymət verməyiblər. - 52. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi ilə əlaqədar 01 noyabr 2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat). Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğdə Prezident təqaüdünü 31 oktyabr 2021-ci il tarixə qədər almışdır. - 53. Hər iki arayışda iddiaçının İİ dərəcə əlilliyə görə müvafiq təminat almasına istinad edilib, üstəlik, əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi göstərilib. - 54. Buna görə də iddiaçının təkrar qiymətləndirmə keçmədən ona əlilliyinin etibarlılıq müddəti ötdükdən sonrakı dövr üçün də əlilliyə görə pul təminatının tutulması düzgün sayıla bilməz. - 55. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsinin 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacağını bildirsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi həmin dövrdən sonra iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi üçün müvafiq orqana müraciət edib-etməməsi, edibsə, ona yenidən əlillik dərəcəsi təyin edilib-edilməməsinə aydınlıq gətirməmişdir. Halbuki, iddiaçının həmin tələbi məhz bu halın (iddiaçıya növbəti yoxlama zamanı da əlilliyin təyin edilməsi) müəyyən edil-edilməməsindən asılı olaraq həll edilməli idi. - 57. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının əlilliklə bağlı aldığı pensiya məbləği barədə təqdim etdiyi sübutu qanununvericiliyə uyğun qiymət vermədən yalnız ona istinad etməklə həmin hissədə iddianı təmin etmiş, apellyasiya məhkəməsi də işin yuxarıda qeyd edilən halına qiymət verməyib qətnaməni həmin hissədə dəyişdirmədən saxlamaqla eyni səhvi təkrarlamışdır.”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətinin dəlilləri qərarın 15-ci bəndində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

26. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0.2. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.639.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs malikdir; Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir; Maddə 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir; Maddə 63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

27. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunu: Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir.

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirilsə də, Ali Məhkəmənin 03 aprel 2023-cü il tarixli, 2(102)-1467/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi 7405,20 manat maddi zərərə aid iddianın təmin edilən hissəsində ləğv edilib, yeni baxışa göndərildiyindən, qətnamənin qalan hisssədə qanuni qüvvəsini aldığından, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız maddi zərərin ödənilməsi hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərərin ödənilməsi ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir.

33. Belə ki, işdən görünür ki, iddiaçının tələb etdiyi maddi zərər iki hissədən ibarətdir: 3000 manat məhkəmə xərcləri və məsrəfləri olmaqla hüquqi xidmət xərcləri; 7405,20 manat məbləğdə prezident təqaüdü və pensiyadan məhrum olduğu əmək haqqı. Hazırkı apellyasiya baxışının predmetini isə yalnız iddiaçının məhrum olduğu 7405,20 manat məbləğdə prezident təqaüdü və pensiya təşkil edir.

34. Birinci instansiya məhkəməsi və əvvəlki apellyasiya icraatında iddianın zərərin məbləği ilə bağlı nəticəyə gələrkən ona əsaslanmışdır ki, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacaqdır. İddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində İİ dərəcəli müharibə əlilliyinə görə hər ay 822,8 manat (350+472,8) olmaqla, 9 ay ərzində cəmi (822,8 x 9=) 7.405,20 manat məbləğində Prezident təqaüdü və pensiyasından məhrum olmuşdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası bu əsaslandırma ilə ona görə razılaşmamışdır ki, iddiaçı özü əlillyinin yenidən qiymətləndirilməsinin 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacağını bildirib, qanunvericilik şəxsin əlil sayılmasını müvafiq qiymətləndirmə keçirilməklə qərar əsasında müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi ilə əlaqədar 01 noyabr 2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat). Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğdə Prezident təqaüdünü 31 oktyabr 2021-ci il tarixə qədər almışdır. Hər iki arayışda iddiaçının İİ dərəcə əlilliyə görə müvafiq təminat almasına istinad edilib, üstəlik, əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi göstərilib. Buna görə də iddiaçının təkrar qiymətləndirmə keçmədən ona əlilliyinin etibarlılıq müddəti ötdükdən sonrakı dövr üçün də əlilliyə görə pul təminatının tutulması düzgün sayıla bilməz. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsinin 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacağını bildirsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi həmin dövrdən sonra iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi üçün müvafiq orqana müraciət edib-etməməsi, edibsə, ona yenidən əlillik dərəcəsi təyin edilib-edilməməsinə aydınlıq gətirməmişdir. Halbuki, iddiaçının həmin tələbi məhz bu halın (iddiaçıya növbəti yoxlama zamanı da əlilliyin təyin edilməsi) müəyyən edil-edilməməsindən asılı olaraq həll edilməli idi.

36. Hazırkı mərhələdə işə baxılarkən təqdim olunmuş, yuxarıda qeyd edilən sübutlara əsasən müəyyən edilmişdir ki, əvvəllər əlillik 2-ci qrup olsa da, iddiaçıya 14 oktyabr 2022-ci il tarixdən 3-cü dərəcə əlillik təyin olunmuş, həmin tarixdən əliliiyə görə əmək pensiyası 325,05 manat məbləğində bərpa olunmuşdur. Həmçinin, prezident təqaüdünün məbləği də əlillik dərəcəsinə uyğun olaraq azadlılmaqla 330 manat təşkil etmişdir.

37. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, maddi zərərin məbləği müəyyən olunarkən iddiaçıya yeni təyin olunmuş əlillik dərəcəsinə uyğun təyin olunmuş müavinatların məbləğləri əsas götürülməklə, maddi zərərin məbləği (325,05+330=655,05 x 9 ay = 5895,45) 5895,45 manat müəyyən edilməlidir.

38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin 7405,20 manat maddi zərərə aid iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmamışdır, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e-2(006)- 3357/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e-2(006)- 3357/2022 nömrəli maddi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilsin. Dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi qismində 5895,45 manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar