Məhkəmə qərarları › İş №2(103)-361/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-361/2025

04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-361/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(007)-810/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC tərəfindən 29 dekabr 2023-cü il tarixdə verilmiş İddiaçı məxsus ödəniş kartı üzrə 01 may 2023 – 01 iyun 2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, 10 may 2023-cü il tarixdə İddiaçı bank hesabından 20000 manat məbləğində pul vəsaiti çıxarılmışdır.

2. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh2 məxsus ******************** nömrəli hesab üzrə 08 may 2023 – 10 may 2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, 10 may 2023-cü il tarixində Cavabdeh2 bank hesabına İddiaçı hesabından 20000 manat pul daxil olmuş və həmin pul vəsaitindən 3900 manat məbləği həmin tarixdə "xxxx" ASCdə olan 409858******6929 nömrəli hesaba, 16000 manat məbləği Cavabdeh1 məxsus olan hesaba köçürülmüşdür.

3. "xxxx" ASC tərəfindən 01 sentyabr 2023-cü il tarixdə verilmiş Cavabdeh1 məxsus 01 may 2023 – 01 sentyabr 2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 bank hesabında 10 may 2023-cü il tarixdə 16000 manat pul vəsaiti daxil olmuşdur.

4. Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Taleh Baxişev tərəfindən qəbul edilmiş 30 iyul 2023-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanılması, icraata götürülməsi və istintaqın aparılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.

5. 27 avqust 2023-cü il və 10 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şahidin Dindirilməsi Protokolunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Taleh Baxişevin icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir.

6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 5(011)-768/2023 saylı 17 oktyabr 2023-cü il tarixli “bank məlumatlarının götürülməsi barədə” qərarından görünür ki, Xətai rayon prokurorunun Cavabdeh1 məxsus "xxxx" ASC-də kartında olan pul vəsaitinin zərərçəkmiş şəxs İddiaçı məxsus karta qaytarılması barədə təqdimatı təmin edilməmişdir.

7. Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Taleh Baxişev tərəfindən qəbul edilmiş 01 oktyabr 2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3- 1 və 177.2.4-cü maddələri ilə cinayət törətmiş şəxs müəyyən edilən vaxta qədər ********* nörəli cinayət işi üzrə icraat dayandırılmışdır.

8. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 25 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, 416974******0452 nömrəli plastik kart məlumatları əsasında digər plastik karta köçürülmüş 20000 manat vəsaitlə bağlı banka daxil olmuş müraciət ilə bağlı 2175 manat vəsaitin geri qaytarılması mümkün olmuşdur.

9. "xxxx" KB ASC tərəfindən məhkəməyə verilmiş 01 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 409858******6929 nömrəli kart üzrə kartın açılma tarixindən bugünədək həyata keçirilən əməliyyatlar barəsində məlumatlar disk daşıyıcıda məhkəməyə təqdim edilmişdir.

10. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 02 may 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin hadisədən əvvəl sonuncu dəfə 04 may 2023-cü il tarixdə saat 17:59 radələrində (cihaz modeli: TCL5002H), Cavabdeh1 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin sonuncu dəfə 14 oktyabr 2022-ci il tarixdə saat 17:12 radələrində (cihaz modeli: Xiaomi M2101K7AG) olduğu müəyyən edilmiş və Cavabdeh2 istifadəsində olan 4169 73** **** 8763 nömrəli, Cavabdeh1 istifadəsində olan 4169 73** **** 2477 nömrəli plastik kartlarla bağlı “SMS xəbərdarlıq” xidmətinə qoşulma olmamış, lakin “3D təhlükəsizlik kodunun göndərilməsi” xidməti aktiv olmuşdur.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə sənədlərə əlavə edilmiş Cavabdeh2 ilə Kristina adlı şəxs arasında olan telefon yazışmaları mülki iş materiallarına əlavə edilmişdir.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə sənədlərə əlavə edilmiş Cavabdeh1 telefon yazışmaları və qəbzlərin surətləri mülki iş materiallarına əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən "xxxx" ASC tərəfindən bloklanmış, Cavabdeh1 məxsus "xxxx" ASC-nin 4169 7388 3299 2477 saylı kartında olan 5000 manat pulun tam həcmdə İddiaçı məxsus "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı kartına qaytarılması, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı kartından oğurlanılan 16000 manat pulun, hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosuna ödənilən 1670 manat pulun, etibarnamə üçün ödənilən 17 manat 25 qəpik pulun və məhkəməyə ödənilən 150 manat dövlət rüsumunun, cəmi isə 17837 manat 45 qəpik pulun şərikli olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun "xxxx" ASC-də 20000 manat pulu var idi və bu barədə ona bank tərəfindən 4169 7414 0239 0452 saylı hesab kartı verilmişdi. 10 may 2023-cü il tarixdə ona zəng edərək özünü “Forex” şirkətinin nümayəndəsi kimi təqdim edən şəxslər “Forex”ə yatırmış olduğu depoziti geri qaytarmaq üçün ondan hesab kartını istəmişlər və o da aldanıb vermişdir. Sonra həmin naməlum şəxslər ona məxsus olan və məlumatlarını verdiyi "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı hesab kartından, kartda olan 20000 manat pulunu oğurladıqlarını aşkar etmişdir. O, bu barədə "xxxx" ASC-yə və 26 may 2023-cü il tarixdə şikayət ərizəsilə Bakı Şəhəri, Xətai RPİ-nin 35-ci PŞ-nə müraciət etmişdir və 30 iyul 2023-cü il tarixdə Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən AR CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrilə cinayət işi başlanaraq istintaq aparılmağa başlanılmışdır. İstintaqla tam sübut olunmuşdur ki, "xxxx" ASC-nin ona məxsus 4169 7144 0239 0452 saylı hesab kartında olan 20000 manat pulunu 10 may 2023-cü il tarixdə Cavabdeh2, öz adına olan "xxxx" ASC-nin 416973 + + + + + + 8763 saylı hesab kartındakı ******************** saylı hesabına yatırmış və izi itirmək məqsədilə elə həmin tarixdə və gündə də həmin puldan 3900 manatını "xxxx" ASC-nin naməlum şəxsin adına olan 409858 + + + + + +6929 saylı hesab kartına yatırmışdır. Bundan sonra 10 may 2023-cü il tarixdə, onun kartından oğurlayıb öz kartındakı hesabına keçirdiyi 20000 manatdan qalan 16000 manat pulunu vətəndaş Cavabdeh1 məxsus "xxxx" ASCnin 4169 7388 3299 2477 saylı kartına göndərmişdir. Hazırda Cavabdeh1 məxsus "xxxx" ASC-nin 4169 7388 3299 2477 saylı kartı bloklanılmaqla həmin vəsaitin kartda qalan 5000 manat hissəsinin istifadəsinə "xxxx" ASC tərəfindən məhdudiyyət qoyulmuşdur. "xxxx" ASC həmin hissəni də ona qaytarmır. Bu məqsədlə o, Xətai RPİ-nin İstintaq Şöbəsinə müraciət etmişdir. Xətai RPİ-nin müstəntiqi vəsatətlə və Xətai rayon Prokuroru təqdimatla Xətai rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 məxsus "xxxx" ASCnin 4169 7388 3299 2477 saylı kartında olan pul vəsaitinin zərərçəkmiş şəxs kimi ona məxsus "xxxx" ASC-nin 4169 7414 0239 0452 saylı kartına qaytarılmasını xahiş etdilər. Lakin Xətai rayon Məhkəməsi 17 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-də pul vəsaitinin zərərçəkmiş şəxsin kartına qaytarılması nəzərdə tutulmadığına görə Xətai rayon prokurorunun bank əməliyyatının keçirilməsi barədə təqdimatını təmin etməmişdir. Buna görədə, mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqi yardım üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosuna 1670 manat, dövlət rüsumu üçün 150 manat və etibarnamənin verilməsi üçün 17 manat 25 qəpik pul ödəmişdir. İddiaçı tərəfindən həmin puldan 2175 manatı məbləğin “Kapital Bank’' ASC-dən almış olduğu müəyyən olunmuşdur.

15. Cavabdeh2 İddiaçı ona qarşı olan iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia ərizəsinin onda olan nüsxəsi solğun yazıldığından onun pul oğurlamaq epizodunu yenidən oxuyandan sonra onu dəhşət bürüdüyünü, həmin epizodu təsdiq edən sənədlər varsa, məhkəməyə təqdim edilməsini, yoxdursa, bu fakt üzrə iddiaçıya qarşı iddia açmağa məcbur olduğunu, bu həm ona, həm də "xxxx"a, "xxxx"a təhqir olduğunu, bütün bu yazılanların iddiaçı tərəfindən təhqir, böhtan olduğunu, iddia ərizəsinə qəti etiraz edəcəyini, təsdiq edən sənət varsa təqdim olunmasını xahiş etmişdir.

16. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin may ayının ortalarında telefonuna zəng edən adam özünü P2P saytının təhlükəsizlik departamentinin rəhbəri kimi təqdim edərək ondan soruşmuşdur ki, itirilmiş pullarını geri almısmızmı? Demişdir ki yox, dedi indi sizinlə əlaqə yaradarlar. Kristina adlı qadın pulun qaytarılması üçün kartın təhlükəsiz şəklini çəkib onlara göndərilməsini xahiş etmişdir. Bildirmişdir ki, onlar 25 min dollar maliyyə departamentinə təqdim etmişlər, növbəlik əsasında ona göndəriləcək. Pulu alana qədər gündəlik olaraq azda olsa yardım ediləcəklər. Ertəsi gündən başlayaraq az miqdarda göndərməyə başlamışdılar. 5,7 manat bir dəfə 47, 50 manat, bütünlükdə 150 manata qədər göndərmişdilər. Bir həftədən sonra mobil telefonuna Kapital Bankın əməkdaşı zəng edərək məlumat vermişdir ki, blok edilmiş karta 20.000 manat oturdulub, bir saatdan sonra Ayaz adlı digər şəxsin adına 16.000 manat oturdulub. 20.000 manatın oğurluq olması haqqında məlumat daxil olub araşdırılması üçün görüşmək lazımdır. Ertəsi gün baş ofisdə görüşdülər. Nəticədə qeyd olundu ki, pul oğurluqdur, sahibinə qaytarılmalıdır. Sabahı gün sayta zəng etdi, etirazını bildirdi ki, nəyə görə oğurluq pul göndərmisiniz?! Cavab verdilər ki, onlar oğru deyildirlər, rəsmi olaraq P2P saytının əməkdaşlarıdırlar. Pulu göndərmişlər, insanlar onların həm dostları, həm də partnyorlarıdırlar. Qaytarmaq üçün narahat olmayın, o onların işidir. Bir neçə gündən sonra saytdan zəng vurdular və bildirdilər ki, saytın rəhəri ürək tutmasından rəhmətə getmiş, 3 aylıq qız körpəsi yetim qalmışdır. Xətai polis idarəsindən zəng edərək idarəyə dəvət etmişlər. İzahat və whatsapp yazışmalarını müstəntiqə vermişdir, orada qalmışdır. Bununla da saytla əlaqəsi kəsilmişdir. Nə daxil olan pulu, nə kartı görmüşdür. Filialda kartları ləğv etmişlər, yeni kart verilmişdir. 17.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(007)- 810/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

18. Qətnamə onunla əsaslandırılmışdır ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan “pul” tələbini ona məxsus olan kart hesabından 20000 manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən oğurlanması, onun kart hesabından onun iradəsinə zidd olaraq çıxarılması əsası ilə irəli sürmüşdür. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-də olan **********390452 saylı kart hesabından 10 may 2023-cü il tarixdə 20000 manat məbləğində pul vəsaiti naməlum şəxslər tərəfindən müxtəlif kart hesablarına köçürülmüş və nəticədə iddiaçıya 20000 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. İddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kart hesabından 20000 manat məbləğində pul vəsaiti Cavabdeh2 kart hesabına köçürülmüş, daha sonra elə həmin gün həmin pul vəsaitindən 16000 manat Cavabdeh1 kart hesabına, 3900 manat məbləğində pul vəsaiti isə ad, soyadı məhkəmə araşdırılması nəticəsində müəyyən edilmiş X6 adlı şəxsin kart hesabına köçürülmüşdür. İddiaçı həmin pul vəsaitinin cavabdehlər tərəfindən onun kart hesabından öz kart hesablarına köçürülməklə ona 20000 manat məbləğində zərərin vurulmasını iddia edərək həmin pul vəsaitinin cavabdehlər tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçıya baş vermiş hadisə nəticəsində əmlakından məhrum olması ilə zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt-zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi şərti də mövcud olmalıdır. Hüquqazidd əməl dedikdə, mülki hüquq normalarını pozan əməl başa düşülür. Bu əməl müəyyən hərəkət və ya hərəkətsizlikdə özünü nümayiş edə bilər. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçıya məxsus olan kart hesabından 20000 manat məbləğində pul vəsaitinin onun iradəsinə zidd olaraq, yəni onun razılığı olmadan başqa kart hesabına köçürüldüyü müəyyən ediliyindən mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt olan törədilmiş əməlin hüquqazidd olması şərti mövcud olmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Forex” adlanan təşkilata onun kart məlumatlarının verilməsindən sonra heç bir əsas olmadan onun kart hesabından 20000 manat məbləğində pul vəsaiti digər kart hesablarına köçürülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hüquqazidd əməlin törədilməsində iddiaçının özünün də təqsirli hərəkətləri olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, hadisə baş verən zaman o artıq 3 ay olardı ki “Forex” adlanan təşkilatla əməkdaşlıq edərək pul vəsaiti qoymuşdir. O qeyd etmişdir ki, “Forex”ə necə pul köçürməli olduğunu bilməmişdir. Onlar özləri ona köçürməni necə etməli olduğunu ona demişlər. O qeyd etmişdir ki, o Forexdə pul itirdiyi və onunla əlaqə saxlayan şəxslər onun itirdiyi pulu ona qaytaracaqlarını bildirdikləri üçün o, kartın üzərinə olan 16 rəqəmi vermiş və ondan sonra onun kartından 20000 manat məbləğində pul vəsaiti çəkilmişdir. İddiaçının kartından çəkilən 20000 manat məbləğində pul vəsaiti ilk öncə Cavabdeh2 kart hesabına köçürülmüşdür. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, həmin tarixdə onun birbank mobil tətbiqi yalnız öz istifadəsində olmamış, başqa şəxsin istifadəsində də olmuşdur. Bu, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş materialları (yazışmalar, Kapital Bank” ASC tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli məktub) və həmçinin mütəxəssis X1 izahatına əsasən müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin hadisədən əvvəl sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17:59 radələrində (cihaz modeli: TCL5002H), Cavabdeh1 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17:12 radələrində (cihaz modeli: Xiaomi M2101K7AG) olduğu müəyyən edilmiş və Cavabdeh2 istifadəsində olan 4169 73** **** 8763 nömrəli, Cavabdeh1 istifadəsində olan 4169 73** **** 2477 nömrəli plastik kartlarla bağlı “SMS xəbərdarlıq” xidmətinə qoşulma olmamış, lakin “3D təhlükəsizlik kodunun göndərilməsi” xidməti aktiv olmuşdur. X5 məhkəmə iclasında verdiyi izahatında (xx.xx.2024) bildirmişdir ki, Cavabdeh2 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin hadisədən əvvəl sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17:59 radələrində olması onu ifadə edir ki, dələduz tərəfindən cihaz dəyişikliyi olan şəxsin məlumatları ələ keçirilmişdir. O qeyd etmişdi ki, dələduzlar pulu ölkə xaricinə çıxarmaq üçün şəxsləri aldadaraq inandırırlar ki, onlar şəbəkənin işçiləridirlər, onlara müəyyən məbləğdə qonorar verəcəklər. Bunun səbəbi isə odur ki, "xxxx" tərəfindən istifadəçiləri qorumaq üçün karantin müddəti tətbiq edilir ki, məsələn cihaz dəyişikliyi olduqda onlar pul köçürmələri edə bilməsinlər. Bu müddət isə 3 gündür. Bu müddət ərzində dələduzlar şəxsləri onların şəbəkənin işçisi olduğuna inandırırlar ki, həmin pul vəsaitini karantin müddəti bitdikdən sonra köçürə bilsinlər. Karantin müddəti bitdikdən sonra isə onlar həmin pul vəsaitini başqa hesablara köçürürlər. Həmçinin Xətai rayon Polis idarəsində istintaq edilmiş cinayət işi üzrə iş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, Cavabdeh2 tətbiqindən həmçinin başqa şəxs istifadə etmişdir, həmçinin cavabdeh onun kart hesabına daxil olmuş 20000 manat məbləğində pul vəsaitinin necə daxil olmasından, oğurluq pul vəsaiti olmasından məlumatlı olmamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi 20000 manat pul vəsaitinin 16 000 manat məbləği elə həmin gün xx.xx.2024-cü il tarixdə Cavabdeh2 kart hesabından Cavabdeh1 kart hesabına köçürülmüşdür. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, həmin pul vəsaiti Cavabdeh1 kart hesabından da başqa kart hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı qeyd edilən pul vəsaitinin Cavabdeh1 kart hesabından digər kart hesabına cavabdeh tərəfindən və ya kənar şəxslər tərəfindən köçürülməsi sübuta yetirilməsə də, "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilənlər (Cavabdeh1 istifadəsində olan “Birbank” tətbiqində cihaz dəyişikliyinin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17:12 radələrində (cihaz modeli: Xiaomi M2101K7AG) olduğu müəyyən edilmiş) ilə X5in məhkəmə iclasında verdiyi izahat əlaqəli şəkilə şərh edilməklə qeyd etmək olar ki, mobil tətbiq cavabdehin öz istifadəsində olmuşdur. Lakin müəyyən edilmiş hal isə ondan ibarətdir ki, həmin pul vəsaiti onun kart hesabından köçürülmüşdür. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, o sayta investisiya qoymuşdur. O, məsələn, 200 manat qoyurdu sonra həmin pul vəsaiti ona 250 manat olaraq geri qayıdırdı. Saytdan ona 5126 manat pul gəlməli idi. Onlar zəng vurub demişlər ki, ona 16000 manat pul gələcək, həmin vəsaitin 5126 manatı onundur, qalan məbləği isə onların dedikləri karta göndərməlidir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilsə də, onun hüququnun cavabdehlərin hərəkətləri nəticəsində, onların təqsiri nəticəsində pozulduğu sübuta yetirilməmişdir. Yəni iddiaçının kart hesabında pul vəsaitinin onlar tərəfindən çəkilməsi, istifadə edilməsi, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması, iddiaçının kart hesabından pul vəsaitinin çəkilməsində onların təqsiri sübuta yetirilə bilməmişdir. İddiaçı onun kart hesabından pul vəsaitinin cavabdehlər tərəfindən çıxarılmasını iddia etsə də, bunu təsdiq edəcək sübutlar məhkəməyə tədqim edilməmişdir. 72. Məhkəmə iddiaçının izahatına (kartdan pul vəsaitlərinin cavabdehlər tərəfindən çıxarılması) münasibətdə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, mülki məsuliyyətin yaranması üçün zərərin məhz cavabdehin hərəkətləri nəticəsində vurulduğu, onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqə olduğu sübut edilməlidir. Məhkəmə araşdırılması nəticəsində iddiaçının kart hesabından pul vəsaitinin cavabdehlərin hüquqazidd, təqsirli hərəkətləri nəticəsində çıxarılmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Xətai RPİnin istintaq şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə başlanmış cinayət işi üzrə icraat cinayət törətmiş şəxs müəyyən edilmədiyindən cinayət törətmiş şəxs müəyyən edilənə qədər dayandırılmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan da görünür ki, bu hüquqazidd əməli törədən şəxslər istintaqa da məlum olmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən, iş üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hala dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin oluna bilməz.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Şikayətin dəlillərinə görə, Cavabdeh1 ziddiyyətli izahatlar vermişdir. O, gah göstərmişdir ki, iddaiçı İddiaçı hesab kartından onun kartına oğurluq yolu ilə keçirilmiş vəsait “SOCAR” şirkətindən, gah da sayta qoymuş olduğu investisiyadan divident kimi onun kartına yatırılmışdır. Cavabdeh2 isə, iddiaçı M. Şabanovun kartından pulun onun kartına “Forex” şirkətindən yatırıldığını iddia etmişdir. Məhkəmə isə onların izahatlarında bu göstərdiklərinin sübutunu nə tələb etməmiş, nə də özü əldə etməmişdir. Məhkəmə belə bir xüsusata da diqqət yetirməmiş və nəzərə almamışdır ki, İddiaçı hesab kartından xx.xx.2023-cü il tarixdə 20000 manat pulun cavabdehlərin kartına yatırılana qədər, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesab kartlarında bir qəpik belə pul vəsaiti olmamışdır. İş materiallarına əlavə olunmuş telefon danışıqlarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların kartina keçirilmiş 20000 manat pulun cinayət yolu ilə keçirilmiş oğurluq pul olduğunu bilmişlər. Hətta, onlar öz cinayətlərinin izini itirmək məqsədilə həmin oğurluq puldan öz tanışları (bəlkə də banda həmkarları, kolleqaları) X3 məxsus "xxxx" ASC-nin vermiş olduğu plastik karta da 3900 manat pul keçirmişlər. K.Quliyeva da öz növbəsində cavabdehlərin kartına pul köçürmüşdür. Lakin məhkəmə bu xüsusatlara diqqət yetirməmiş, Quliyeva Kəmalənin şəxsiyyətini və cavabdehlərlə əlaqələrini, iddiaçıya məxsus oğurlanmış pula münasibətini müəyyənləşdirməmiş və qiymət verməmişdir. Məhkəmə, "xxxx" ASC-nin mütəxəssisi Süleymanov Nəsibi dindirmiş və o öz izahatında göstərmişdir ki, ya Cavabdeh2, ya da Cavabdeh1, ya da onların şərikləri İstifadəsində olan “Birbank” tətbiqində cihaz (aqreqat) dəyişikliyi etmisdir. Cihaz dəyişikliyinin olması onu göstərir ki, onlar bu işdə mütəşəkkil dəstədirlər və bu səbəkənin fəaliyyəti nəticəsində onlar hər gün öz paylarını alırlar və oğradıqlarını da bölüşürlər. Onların yazışmaları da bunu sübut edir. Bu dəstədəkilərin saynı ancaq istintaq müəyyən edə bilər. Aqreqat dəyiçikliyi Şakirin məhkəməyə ifadəsində və “Kapital Bank“ ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda öz təsdiqini tapır. Lakin məhkəmə mütəxəssisin və "xxxx" ASC-nin məktubunu özünə sərf eləyən mövqedən nəzərə almışdır. Tam tərsinə. məhkəmə öz qətnaməsində heç bir əsası olmadan göstərmişdir ki, iddiaçı öz iddiasını təsdiq edən sübutlar gətirməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bilərəkdən və qəsdən hesab kartından 20000 manat pulumu oğurlayaraq öz kartlarına keçirmiş və mənimsəmişlər. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən, ”Kapital Bank” ASC-nin cihaz dəyişikliyinə dair məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunu, bankın mütəxəssisi Süleymanov Nəsibin izahatını araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən X4 şahid qismində dindirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı , məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh (onun nümayəndəsi) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır

26. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 3- 16-16/2-5/290/2025 saylı ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar AR X9 Bank tərəfindən daxil olmuş 24 iyun 2025-ci il tarixli rəylə cavablandıırlmışdır. Həmin rəydə qeyd olunur ki, Kapital Bankın sistemindən əldə edilən məlumatlara əsasən, 10 may tarixinə aid əməliyyatlar aşağıda qeyd edilmişdir: (Şəkil 2 və Şəkil 3) 10 may 2023 17:08 tarixində 100 AZN məbləğində vəsait 416973******4956 nömrəli kartdan mədaxil edilmişdir. 10 may 2023 17:08 tarixində 416973******4956 nömrəli kartdan əvvəlki mədaxil əməliyyatına görə, 1 AZN xidmət haqqı məxaric edilmişdir. 10 may 2023 00:00 tarixində 141,07 EUR məbləğində vəsait EASYCRYPT04U.COM üzrə məxaric edilmişdir. 10 may 2023 00:00 tarixində 26,91 AZN məbləğində vəsait EASYCRYPT04U.COM üzrə məxaric edilmişdir (Ödəmə mənbəyindən vergi). Əlavə olaraq qeyd edək ki, 4169 7414 0239 0452 nömrəli kart üzrə 8 may 2023-cü il 19:39 tarixində 20 000 (AZN) məbləğində pul vəsaiti Cavabdeh2 məxsus 416973****8763 kartına köçürülmüşdür (avtorizasiya sorğusunun tarixi). 10 may tarixində Kapital Bankın sistemində həmin əməliyyatın klirinq faylı üzrə hesablaşması təmin edilmişdir. (Şəkil 3). 10 may 2023-cü il tarixdə İddiaçı məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 4169 7414 0239 0452 nömrəli kartından Cavabdeh2 məxsus karta hansı məbləğlərdə pul vəsaiti köçürülmüşdür? Kapital Bankın sistemindən əldə etdiyimiz məlumatlara əsasən, 4169 7414 0239 0452 nömrəli kartdan Cavabdeh2 məxsus karta 10 may 2023 tarixində pul vəsaiti köçürülməmişdir. Lakin, 8 may 2023-cü il tarixində 20000 (AZN) məbləğində pul vəsaiti 416973****8763 kartına köçürülmüşdür (avtorizasiya sorğusunun tarixi). 10 may tarixində isə Kapital Bankın sistemində həmin əməliyyatın klirinq faylı üzrə hesablaşması təmin edilmişdir (Şəkil 2 və Şəkil 3). 3. Cavabdeh2 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kartı ilə 10 may 2023-cü il tarixdə hansı əməliyyatlar aparılmışdır? Kapital Bankın sistemindən əldə etdiyimiz məlumatlara əsasən, Cavabdeh2 məxsus 416973****8763 nömrəli kartı ilə 10 may 2023-cü il tarixində aşağıda qeyd edilən əməliyyatlar aparılmışdır (Şəkil 5 və Şəkil 6): 10 may 2023 tarixində 20 AZN məbləğində vəsait 412720******2869 nömrəli karta məxaric edilmişdir. Lakin, 8 may 2023-cü il tarixində 416973****8763 nömrəli kartı ilə aşağıda qeyd edilən əməliyyatlar həyata keçirilmişdir: 08 may 2023 15:02 tarixində 90 AZN məbləğində vəsait 523915******4054 nömrəli kartdan mədaxil edilmişdir. 08 may 2023 19:39 tarixində 20000 AZN məbləğində vəsait 416974******0452 nömrəli kartdan mədaxil edilmişdir. 08 may 2023 19:08 tarixində 20 AZN məbləğində vəsait 412720*******2869 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 17:53 tarixində 110 AZN məbləğində vəsait 416973******6840 nömrəli kartdan mədaxil edilmişdir. 08 may 2023 19:44 tarixində 3900 AZN məbləğində vəsait 409858******6929 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 19:48 tarixində 16000 AZN məbləğində vəsait 416973******2477 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 19:49 tarixində 300 AZN məbləğində vəsait 416973******9079 nömrəli karta məxaric edilmişdir. 4. Cavabdeh1 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kartı ilə 10 may 2023-cü il tarixdə hansı əməliyyatlar aparılmışdır? Kapital Bankın sistemindən əldə etdiyimiz məlumatlara əsasən, Cavabdeh1 məxsus 4169 73****** 2477 nömrəli kart ilə 10 may 2023 tarixində pul vəsaiti köçürülməmişdir. Lakin, 8 may 2023-cü il tarixində aşağıda qeyd edilən əməliyyatlar həyata keçirilmişdir (Şəkil 7 və Şəkil 8): 08 may 2023 15:00 tarixində 4300 AZN məbləğində vəsait 523915******4054 nömrəli kartdan mədaxil edilmişdir. 08 may 2023 15:10 tarixində 4000 AZN məbləğində vəsait 524375******9932 nömrəli karta məxaric edilmişdir . 08 may 2023 17:50 tarixində 2 750 AZN məbləğində vəsait 416973******6840 nömrəli kartdan mədaxil edilmişdir. 08 may 2023 19:48 tarixində 16000 AZN məbləğində vəsait 416973******8763 nömrəli kartdan mədaxil edilmişdir. 08 may 2023 20:31 tarixində 2700 AZN məbləğində vəsait 416973******1667 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 21:03 tarixində 15 600 AZN məbləğində vəsait 416973******1667 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 21:10 tarixində 100 AZN məbləğində vəsait 540408******5602 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 21:38 tarixində 100 AZN məbləğində vəsait 540408******5602 nömrəli kartdan mədaxil edilmişdir 5. X3 məxsus "xxxx" KB ASC-nin 409858******6929 nömrəli kartı üzrə 10 may 2023-cü il tarixdə hansı əməliyyatlar aparılmışdır? Unibankın sistemindən əldə etdiyimiz məlumatlara əsasən, 409858******6929 nömrəli kartı üzrə 10 may 2023-cü il tarixdə hər-hansı köçürmə/ödəniş əməlliyyatı aparılmamışdır Lakin, 8 may 2023-cü il tarixində aşağıda qeyd edilən əməliyyatlar baş vermişmişdir: (Şəkil 5, Şəkil 6 və Şəkil 10). 08 may 2023 15:56:28 tarixində 3950 AZN məbləğində vəsait 524375******9932 nömrəli kartdan mədaxil edilmişdir. 08 may 2023 16:18:23 tarixində 1980 USD məbləğində vəsait KİPR-ə aid hesaba məxaric edilmişdir. Unibank əməkdaşı tərəfindən verilən məlumata əsasən, əməliyyat kartdan karta köçürmə kimi deyil, karta mədaxil (top-up) əməliyyatı kimi əks olunduğundan qarşı tərəfin PAN (kart nömrəsi) məlumatları əks olunmur. 08 may 2023 16:59:15 tarixində 150 AZN məbləğində vəsait 416973******2501 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 9:03:37 tarixində 5 AZN məbləğində vəsait 516970******5212 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 19:06:15 tarixində 2,93 AZN məbləğində vəsait 416973******9721 nömrəli karta məxaric edilmişdir. 08 may 2023 19:18:38 tarixində 15 AZN məbləğində vəsait mədaxil edilmişdir. Unibank əməkdaşı tərəfindən verilən məlumata əsasən, əməliyyat kartdan karta köçürmə kimi deyil, karta mədaxil (top-up) əməliyyatı kimi əks olunduğundan qarşı tərəf PAN məlumatları əks olunmur. 08 may 2023 19:44:32 tarixində 3 900 AZN məbləğində vəsait Cavabdeh2 məxsus 416973****8763 nömrəli kartdan mədaxil edilmişdir (Şəkil 5, Şəkil 6 və Şəkil 10). 08 may 2023 19:51:04 tarixində 80 AZN məbləğində vəsait mədaxil edilmişdir. Unibank əməkdaşı tərəfindən verilən məlumata əsasən, əməliyyat kartdan karta köçürmə kimi deyil, karta mədaxil (top-up) əməliyyatı kimi əks olunduğundan qarşı tərəfin PAN (kart nömrəsi) məlumatları əks olunmur. 08 may 2023 19:56:53 tarixində 2060 USD məbləğində vəsait Kipr Respublikasına aid hesaba məxaric edilmişdir. Unibank əməkdaşı tərəfindən verilən məlumata əsasən, əməliyyat kartdan karta köçürmə kimi deyil, karta mədaxil (top-up) əməliyyatı kimi əks olunduğundan qarşı tərəf PAN (kart nömrəsi) məlumatları əks olunmur. 08 may 2023 20:02:35 tarixində 49,69 AZN məbləğində vəsait 516970******5212 nömrəli karta məxaric edilmişdir

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayəti ilə iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

31. Birinci instansiya məhkəməsi iddianın rədd olunması ilə bağlı qənaəti onunla əsaslandırır ki, iddiaçıya məxsus olan kart hesabından 20000 manat məbləğində pul vəsaitinin onun iradəsinə zidd olaraq, yəni onun razılığı olmadan başqa kart hesabına köçürüldüyü müəyyən ediliyindən mülki hüquqi məsuliyyətin yaranması üçün şərt olan törədilmiş əməlin hüquqazidd olması şərti mövcud olmuşdur. İddiaçı Forexdə pul itirdiyi və onunla əlaqə saxlayan şəxslər onun itirdiyi pulu ona qaytaracaqlarını bildirdikləri üçün o, kartın üzərinə olan 16 rəqəmi vermiş və ondan sonra onun kartından 20000 manat məbləğində pul vəsaiti çəkilmişdir. 20000 manat pul vəsaitinin 16000 manat Cavabdeh2 kart hesabından Cavabdeh1 kart hesabına, sonuncunun kart hesabından da başqa kart hesabına köçürülmüşdür. Yəni, iddiaçının hüquqlarının pozulduğu müəyyən edilsə də, onun hüququnun cavabdehlərin hərəkətləri nəticəsində, onların təqsiri nəticəsində pozulduğu sübuta yetirilməmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış qiymətləndirmə ilə razılaşır. Həmçinin apellyasiya instansiyasında işə baxılarkən işin hallarının apellyasiya şikayətinin dəlilləri baxımından araşdırılması üçün ekspertiza da təyin olunmuşdur. Ekspert rəyinə əsasən də müəyyən olunmuşdur ki, pul vəsaiti cavabdehlərə məxsus kartlara, sonradan da digər kartlara köçürülmüşdür və onlar tərəfindən təqsirli olaraq hər hansı bir hərəkətə yol verilərək delikt törədilməsi və gəlir əldə etməsi, varlanması halları da mövcud deyildir. Bir xüsusatı da qeyd etmək lazımdır ki, bu fakt üzrə başlanmış cinayət işi üzrə cavabdehlərin ifadələri alınsa da, icraat məhz əməli törətmiş şəxs müəyyən olunmadığına görə dayandırılmışdır.

33. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil etmişdir ki, cavabdehlərə məxsus kartdan Quliyeva Kəmalə adlı şəxsə məxsus karta pul köçürülməsi təsdiqini tapsa da, həmin şəxs dindirilməmiş, cavabdehlərlə əlaqəsinin olması müəyyən olunmamışdır.

34. Bu xususatla bağlı ilkin olaraq onu qeyd etmək lazımdır ki, X3 qarşı hər hansı tələb irəli sürülməmişdir, buna baxmayaraq apellyasiya instansiyası mərhələsində X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunsa da məhkəmə iclasında iştirak etmədiyindən izahatının alınaraq qiymətləndirilməsi mümkün olmamışdır.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(007)-810/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(007)-810/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar