Məhkəmə qərarları › İş №2(103)-3611/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3611/2021

02.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3611/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh X3 Xidmətinin nümayəndəsi Ramin Rəhimlinin və cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Ərəstun İskəndərovun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə qarşı “bədbəxt hadisənin tədqiqat aktının və onun əsasında tərtib edilmiş İZ formalı aktın ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçının atası X4 “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyib. O, 02.09.2018-ci il tarixdə, saat 12:15-də əmək vəzifələrinin icrası zamanı bədbəxt hadisə nəticəsində ölüb. X3 Xidmətinin 04.09.2018-ci il tarixli, 105-T №-li əmri ilə təyin edilmiş tərkibdə Komissiya 04.09.2018-ci il tarixdən 28.09.2018-ci il tarixədək bədbəxt hadisənin təhqiqatını aparmış və “Bədbəxt hadisənin təhqiqat aktı”nı tərtib etmişdir (cild 1, iş v. 109). Həmin aktda əks olunmuş rəyə görə Komissiya bədbəxt hadisənin baş verməsində iddiaçının atasının cavabdehliyini müəyyən etmişdir. Bu akta əsasən “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2018 №-li, İZ formalı akt tərtib edilmişdir (cild 1, iş v. 113) Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, “Bədbəxt hadisənin təhqiqat aktı” və onun əsasında tərtib olunmuş “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2018 №-li, İZ formalı akt ləğv edilsin İddiaçı tələbini belə əsaslandırıb ki, atasının ölümü ilə nəticələnmiş bədbəxt hadisənin guya istehsalat xarakterli olduğu müəyyən edilib, lakin hesab edir ki, bu belə deyil. İşəgötürən öz məsuliyyətini onun atasının üstünə atmaq məqsədi güdür. Ona görə də iş üzrə təkrar araşdırma aparılmalı və atasının peşəkar neftçi adına atılan ləkə götürülməlidir. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh X3 Xidmətinin nümayəndəsi Ramin Rəhimli və cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Ərəstun İskəndərov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin hadisə ilə bağlı “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi X1 barəsində cinayət işi başlanmış, o, Xəzər Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan “ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq” cinayətinin törədilməsində təqsirli bilinərək məhkum olunub. Bu hökm Bakı Apellyasiya Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarı ilə cəzaya aid hissədə dəyişdirilib (cild 1, iş v. 231). Hökmlə müəyyən olunub ki, həmin şəxsin işə vicdansız və laqeyd münasibəti və öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində 02.09.2018-ci il tarixdə H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Buzovna sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin parçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan Əsəd Əliyevin (iddiaçının atasının) təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmışdır. Həmin vaxt düzləndirici sıçrayışla quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırpmışdır. Bunun nəticəsində isə Əsəd Əliyevə həyat üçün təhlükəli olan ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və ölümlə birbaşa səbəbli əlaqəli olan, kəskin qanitirmə ilə müşayiət olunan boyun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilibcırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli, yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, habelə sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirilmiş, o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Göründüyü kimi, hökmlə müəyyən edilib ki, “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi Əliqismət Nağıyev həmin İdarədə quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyən Əsəd Əliyevin (iddiaçının atasının) təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət etməyib. Bu isə həm də onu təsdiq edir ki, iddiaçının atası təhlükəsizlik texnikası qaydalarını pozub. Başqa sözlə, əgər iddiaçının atası təhlükəsizlik texnikası qaydasını pozmasayıdı onun rəisi təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət etmədiyinə görə məhkum olunmazdı. İddiaçının mübahisələndirdiyi “Bədbəxt hadisənin təhqiqat aktı”nın 4-cü bəndində bədbəxt hadisənin səbəbinin təhlükəsizlik texnikası qaydalarına iddiaçının atası tərəfindən əməl edilməməsi göstərilib. Həmin hökm qanuni qüvvəyə minib. Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli, 27 №-li qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar